Ayıb hansıdır: məktəbli yaşda abort, yoxsa zorla ərə verilmə?

Ayıb hansıdır: məktəbli yaşda abort, yoxsa zorla ərə verilmə?
13 mart 2018
# 09:00

Aliyə yazır...

Son 3-4 ildə abort etdirən məktəblilərin sayı 1200-ü keçib.

Mətbuatın gündəmində olan bu xəbər orta statistik oxucunun beynində “qız uşağı, abort, məktəb, əxlaqsızlıq” kimi lağımlara düşür. Hələ bu oxucunun “oxutmuram əl çəkin!” kimi genetik yaddaşı varsa, lap dərinə düşür.

Halbuki məsələ belə deyil.

Sakitləşib bu bir cümləlik xəbərdə öz payımızı axtarmalıyıq. Məsələn, azyaşlı halda evləndirilən uşağın toyunda iştirak edəndə, “Biologiya” dərsliyində cinsi inkişaf, cinsi əlaqə kimi mövzuların üstündən keçəndə və ya onu sərbəst oxu kimi verəndə, kitabda, dəftərdə, hər yerdə bu mövzunun yükünü qadının çiyinlərinə qoyanda, qadın məsləhətxanaları olduğu halda kişilər üçün hansısa konsultasiya və ya maarifləndirici mərkəzlərin olmamasını təbii qəbul edəndə, hətta bir bədii əsər yazanda belə bu statistikada iştirak etmədikmi?

Cinsi münasibətlər mədəniyyəti, hamiləlikdən qorunma etikası kimi məsələlər haqda, bu məsələdə kişinin də məsuliyyətli olması haqqında ümumiyyətlə bir dərslikdə, bir kitabda belə danışılmır. Qadını tanımaq yalnız onun bədənini tanımaq deyil, onun problemlərini, onun yaşadıqlarını bölüşməkdir.

Bəzən Nobel mükafatlı yazıçılar belə bunu bacarmırsa, deməli, öyrətmək lazımdır.

Rus yazıçısı Buninin “Kənd” povestində unutmadığım bir epizod var. Qəhrəmanlardan biri Deniska fahişələrin aclıq çəkdiyini danışır və deyir: “Onlar elə ac idilər ki, aldıqları çörəyi kişinin altındaca çeynəyib udurdular”.

İllər sonra tibb jurnalından oxuduğum bir məlumat Deniskanın təəssüratını yadıma saldı: sən demə, cinsi əlaqə zamanı çörək çeynəməklə hamiləlikdən qorunmaq mümkün imiş. Bu zaman həzm sistemi işləyir və orqanizm özünün mayalanma funksiyasını “unudurmuş”. Deniska bunu düşünə bilməzdi. Bunin də çox güman ki, bu haqda düşünməmişdi.

Ümumiyyətlə, nə qədər kişi bu haqda düşünür? Bu münasibətləri yükünün qadınla birgə bölüşmək ağlına gəlirmi?

Necə olur ki, ölkədə yalnız qadın məsləhətxanaları var? Onlar da qadına yalnız abort və qorunmaqda yardım göstərir, hər hansı psixoloji dəstəkdən, maariflənmədən söhbət getmir.

Kişi abortun qadına psixoloji, fiziki müdaxilə olmasını düşünürmü, tərəf kimi münasibətlərin ağırlığını qadının tək daşımasına görə narahat olurmu?

Bunu kitabdan oxumayıbsa, məktəbdə keçməyiblərsə, ətrafda görməyibsə haradan biləcək? Bilməyəcək və təbii qəbul edəcək. Beləcə qadınla kişi bir-birini tanımadan bir yerdə yaşayacaq, oğul uşaq, nəvə-nəticə sahibi olacaq, tanış olmadan bir yastıqda qocalacaqlar. Ya da heç yaşaya bilməyəcək, ən aid məişət səbəblərindən bir-birini baltalayıb öldürəcək, kriminal verilişlərdə TV-dən müsahibə verəcək, həbsxanada həmcinsləri ilə cəza çəkəcək, bir-birinə göstərib güldükləri, utandıqları “ayıb mövzu”nun bədəlini ödədiklərini belə bilməyəcəklər.

“3-4 ildə 1200 məktəbli abort etdirib” xəbəri çox ciddi problemlərdən xəbər verir.

Yaxşı ki, abort xəbərində məktəb sözü var. Məktəb elmi yanaşma kimi bir rakurs qoyur. Bu rakursdan şagirdi cəmiyyətdə tabu olan hər mövzuda maarifləndirmək olar. Cinsi münasibətlər mədəniyyəti mövzusunda da. Halbuki, müəllimli-şagirdli bəzən bu səhifənin üstündən ayıb bir mövzu kimi adlayırlar. İndi məlumat bolluğu olan internet var, amma məlumat insanı maarifləndirmir.

Daha bir problem də bundadır, internetdə məlumat boldur, amma bu çətin dönəmi adlamaq üçün bir yol göstərilmir. Valideynin qoyduğu model çox sərtdir, qapalıdır. başqası yoxdur. “Məktəblinin dostu” yoxdur. Valideynlər övladını şəxsiyyət olaraq tanımaq istəmir.

Yetkinlik yaşına çatmamış bir insana öz bədəninə sahib çıxmağı öyrətməkdə hər birimiz borcluyuq. Ən adi məsələdən başlayaraq. Məsələn, tualetin yolunu kimsədən utanmadan soruşmaq məsələsi. Sadəcə utanmadan “Tualet haradadır?” deyə soruşmağı öyrətməklə.

Bədənindən utanmamağı öyrətməklə.

Qızlara da, oğlanlara da cinsi münasibətlərdə məsuliyyətli tərəf olduğunu öyrətməklə.

Ən əsası və ən vacibi ayıbın əslində nə olduğunu öyrətmək. Çünki ayıb kateqoriyasını dəyişmək asan olmur, böyüyəndə belə ordan nəyisə çıxarıb yerinə başqa bir şeyi yazmaq bəzən heç mümkün də olmur.

Ayıb olsun! Amma abort edən məktəbliyə yox, onu yaşca böyük oğluna arvad edən valideynə, ərə verən ata-anaya, məsuliyyətsiz davranıb abortadək sürükləyən partnyora, “ayıb mövzu”nun üstündən keçən müəlliməyə, cinsi münasibətlər haqda danışmağı ayıb sayanlara, hamiləlik məsələsində qadının yerinə qərar verənlərə olsun.

Durduğu yerdə qadına “Qızın var da. İkincini yoxlat, oğlan olsa saxlayarsan. Allaha şükür, aparat var da indi” deyən böyüklərə olsun.

Qorunmağı ayıb bilib, həyat yoldaşını aborta göndərənlərə olsun.

Həyat yoldaşının adını deyəndə üzr istəyənlərə olsun bir də.

Qadını insan kimi yox, çılpaq bədən kimi görənlərə də.

Oğluna qadına münasibətdə ağa kimi davranmağı öyrədən analara da.

Bir predmet, obyekt, ya mövzu özlüyündə ayıb ola bilməz, ayıb əməldədir. Kaş ki, bunu dərk etsək...

# 1486 dəfə oxunub

Müəllifin son yazıları

# # #