Əməkdar artist Abbas Qəhrəmanov: “Aktyorlar pul dalınca qaçır, daim içirlər...”

Əməkdar artist Abbas Qəhrəmanov: “Aktyorlar pul dalınca qaçır, daim içirlər...”
30 may 2014
# 15:08

Kulis.az Akademik Mili Dram Teatrının aktyoru, əməkdar artist Abbas Qəhrəmanovla müsahibəni təqdim edir.

- Teatrdakı yaradıcı atmosferdən narazısınız. Nədən?

- Hələ bax görək ümumiyyətlə yaradıcılıq sözü var? Axı indi əsas olan qazanc götürmək, öz işini görmək, maraqlarımı ödəmək, və fanat görünməmək, müasir görünməkdir. Bu da təbiidir elə. Ölü olan bir şeydən hamı qazanc götürmək, bacardıqca çox qoparmaq istəyir. Heç kim bu ölü şeyə vaxt sərf etmək istəmir. Bəlkə məndə bu proses üçün nəsə yoxdur. Bəlkə mən bu sənətə çox ciddi yanaşmışam, vurğunluqla yanaşmışam. Bəlkə başqa sahələrdə özümü daha çox təsdiq edərdim, özümə gün ağlayardım... Nə bilim...

- Ötən dəfə teatrla bağlı geniş müzakirədə teatrda struktur dəyişikliyi ilə bağlı təkliflərinizin olduğunu demişdiniz. Bu təkliflər nədən ibarətdir?

- Mənim fikrimcə, hər tamaşadan aktyorlara qonorar verilməlidir. Bunu bir az başqa cür başa düşürlər. Müdiriyyət deyir ki, necə yəni aktyora pul verilsin?

- Amma tamaşa gəlir gətirmirsə, aktyorlara necə pul versinlər?

- Tamaşa gəlir gətirmirsə, onu niyə hazırlayırlar axı? Tamaşa tamaşaçı gətirmirsə, onu qurmaq lazım deyil. Tamaşaçı yoxdursa, deməli nəsə problem var. Gərək rejissor, dramaturq, aktyor bir nöqtəyə vursun, eyni məsələ barədə düşünsün ki, tamaşaçı da gəlsin. Sistem qəbul olunmalıdır, ona rahatlıqla razılıq verilməlidir.

Yoxsa qorxmaq ki, bu kreslo əlimdən çıxar və ya teatr senzuradan çıxar... Bilirsiniz məsələ çox sadədir: rejissorun qonorar haqqı var, dramaturqun qonorar haqqı var, bəstəkarın da var, amma tamaşanın ən əsas komponenti olan aktyorun qonorar haqqı yoxdur. Aktyor maaşa bağlıdır. Bir də kənardan verilən məmur mükafatları. Onlar da ki, sənin yaradıcılığından yox, özünü aparmağından, konyukturadan asılıdır. Amma aktyor başa düşsə ki, həyatını teatrla qura bilər, o canı ilə, qanı ilə teatra bağlı olar. Bilirəm ki, bu sistemi qurmaq çətindir. Amma lazımdı, həm də bunu çoxdan etmək lazım idi. Mən iyirmi ilə yaxındır deyirəm, amma mənim səsimə səs verən yoxdur. Bəyəm teatr tək mənə lazımdır? Bu xalqa teatr lazım deyil?

Gürcülər o sistemi 2000-ci illərdə yaratdılar. Halbuki, mən ondan da əvvəl demişdim. İndi Gürcüstanın aktyorları normal qonorar alır. Bizə yaraşmaz ki, bu boyda dövlətin aktyoru belə məvacib alsın. Mən bilirəm, maaşı qaldırmaq çətindir, sadəcə aktyora pul qazanmağa şərait yaratsınlar.

- Mən biləni, teatr həm də təsərrüfat hesablı müəssisədir. Yəni, planı ödəyərsə, əlavə qazanc da əldə edə bilər.

- Plan nədi axı, bu, bəyəm katorqa işidir, ya nə? Biz indi nə ondanıq, nə bundan.

- Teatrın kənarda qalmış, rol ala bilməyən aktyorları tamaşaların keyfiyyətindən narazılıq edirlər. Sizcə, əvvəl keyfiyyət daha yaxşı idi?

- Nisbətən. Amma düzünə qalsa, 90-cı illərdən belə səviyyədədir. Köhnə dövrü qılınclamaq lazım deyil. Hamımız eyni şərtlərlə yaşayırıq. İki yüz, üç yüz manatla həyatı qura bilməzsən. Onları qınamaq olmaz. Heç direktoru da. İndi şərait dəyişib, dövr dəyişib, amma biz hələ də sovetin qanunları ilə teatrı idarə edirik. Siz soruşursunuz ki, əvvəl necə idi? Mənsə deyirəm ki, əvvəl necə idisə, indi də elədir. Ola bilər, yaxşı tamaşa da qoyulub, pisi də var. Amma ümumən eyni vəziyyətdir. 70-ci ildən SSRİ-də inflyasiya gedəndən teatrlar bu vəziyyətdədir. Aktyorlar ordan-burdan pul qazanmaqla məşğul idi. İndi də elə. Bu dilənçiliyi qurtarmaq lazımdı. İmkan versinlər teatr özü qazansın.

Sovet zamanında, kağız üzərində hər şey ideal idi, amma realda başqa idi. Peşəkarlıq var idi, uğurlar var idi, amma üç tamaşadan sonra hamısı yoxa çıxırdı. Aktyorlar daim içirdi, ona görə ki, daim yorğun, əzilmiş idilər, pul dalınca qaçırdılar. Teatrda sadəcə formalaşırdılar, sonra başlayırdılar qazanc axtarmağa. O zaman bilet ucuz idi. Amma bu heç düz deyil. “Dəli yığıncağı” tamaşasını aktyor iki manata oynaya bilməz. Bütün bunlar öz fəsadlarını sonralar verdi - 70-ci illərdən sonra hər şey başladı tənəzzül etməyə. Hamı başladı altdan-altdan alver eləməyə. Hamı oldu bandit, alverçi. İqtisadiyyat da başladı altdan-altdan çökməyə. Rasim Balayev “Nəsimi” filminə görə 2 min manat almışdı. O vaxt 2 min manata 2 dənə kurtka almaq olardı, vəssalam. Amma film nə qədər satıldı, göstərildi...

Tutalım ki, sovet vaxtı rejissor və dramaturq dövlətin təbliğat maşını idi, aktyor da ifadə edirdi. Yəni maddi cəhətdən onun dalında durmuşdu, qadağalar da qoyurdu, amma pis-yaxşı saxlayırdı da. İndi o sistem dağıldı, təbliğat da dağıldı. Teatr özünü peşəkarlığı ilə saxlamalıdır da.

- Siz istəyirsiniz ki, aktyoru da yaradıcı şəxs kimi görsünlər.

- Ay sağ ol.

- Yəni, rejissora olduğu kimi ona da qonorar versinlər. Axı nəticədə rejissorlar da aşağı-yuxarı eyni məbləği alır?

- Rejissorlarda guya vəziyyət necədir ki? Üç aya da hazırlasa, on aya da hazırlasa bir tamaşaya 2 min manat qonorar verirlər. O da görür vəziyyət pisdi, 2 aya hazırlayır, gedir. İki aya hazırlanan tamaşa nə olacaq? Amma prodüserlə işləsək, nəticə əldə edə bilərik. Keyfiyyət də olar, gəlir də. Yoxsa indi yaradıcılıqla məşğul deyilik, təsərrüfatı yola veririk.

- Dediniz ki, indiki teatr idarəetmə sistemi maddi cəhətdən teatrı iflic edir, yaradıcı cəhətdən zərbə vurur, bəs mənəvi cəhətdən nə kimi mənfi təsirləri olur?

- Ən böyüyü elə mənəvi zərbədir.

- Teatrda neçə tamaşada oynayırsız?

- Heç birində. “Gəncə qapıları”nda üç ayda bir dəfə oynayıram. Satılmır da bilet... Bir də serialdayam, Osman Albayrakın “Oğurlanmış arzular” serialında. Bir də inşallah Cavid Təvəkkülün serialı olmalıdır.

- Akademik Milli Dram Teatrının adı tez-tez qalmaqallı xəbərlərlə hallanır. Gah ad məsələsində, gah mükafat məsələsində... Bəs əslində nəyin davasıdır?

- Bu sistemlə belə də olmalıdır da. İntriqa da olacaq, inciklik də. Çünki seçim tamaşaçıdan yox, məmurdan gəlir. Aktyor dolanmaq üçün ora-bura qaçır. Aktyora qonorar verilməlidir. Kənardan da mükafat verərlər, sağ olsunlar, verməzlər, yenə sağ olsunlar. Sistem dəyişməsə düzəlməsi mümkün deyil. Məmurdan asılı sistem dəyişməlidir. Burada şəxsiyyət məsələsi vəziyyəti dəyişə bilməz, kimsə yaxşı direktordu, ya yaxşı nazirdi, o biri pul payladı, əliaçıqdı, bu biri belədi... yox.

Xırda-para uğurlar var, amma ümumi canlanma, ümumi proses yoxdur. Gerçək maraq və stimul olmalıdır. Yoxsa bu nədi? Aktyor deyir maaşımı alıram, oynayır, yola verir, gedir, tamaşaçıya hardansa bilet verirlər, gəlir baxır-baxmır, çıxır gedir, rejissor da qoyur tamaşanı, alır pulunu, çıxır gedir. İndi axı əvvəlki dünya deyil, kapitalist dünyadır. Biz tamaşaçıya işləməliyik, tamaşaçı da bizə. Daha doğrusu, struktur dəyişsə teatrın keyfiyyətə işləməkdə marağı olacaq. Az işləsə az qazanacaq, çox işləsə çox qazanacaq, işləməsə quru maaşa göz dikəcək. Ya da tədbir görüləcək. Kim işləmirsə, onun yerinə işləyəni gətirsinlər. Yoxsa bu nədi, yerləri tutublar, hamı da gözləyir ayın axırı olsun, maaşın alıb çıxsın getsin işinə.

Mən bu sözlərimlə ola bilər kimisə narahat edirəm. Amma bəs teatr heç kimi narahat etmir? Keyfiyyətdən danışanda deməsinlər ki, aktyor yoxdu, rejissor yoxdu, tamaşaçı yoxdu. Çünki, var! Sadəcə onları işlədə bilmirsiniz. Mənim dediyim sistem işləsə aktyorlar teatra öz işi kimi yanaşıb, özlərini tamamən ona həsr edəcəklər, çünki stimul olacaq. Amma indiki halda teatrdakı iş stimul deyil, iş deyil, “qaloçka” qoymaqdır.

- Təqaüdə düşdünüzmü?

- Yox. Olmadı. Bilirsiniz, bu təqaüd özü də yanlışdır e. Yəni o vaxt yaxşı olardı ki, mən 2 min, 3 min qonorar alardım, 10 min də təqaüd verərdilər ki, fəxrimizsən, sənətkarsan... 500 manat almaq çox yaxşıdır, amma bu da heyətin 20 faizinə verilir. Halbuki, hamının ehtiyacı var.

- Təqaüdü hansı prinsiplərlə verirlər?

- Obyektivlik yoxdur. Kimdən istəyirsiniz soruşun. Düzgün bölünmür. Ümumiyyətlə, bəlli deyil bu təqaüd nəyə görə verilir. Təqaüdün kimə verilməyini tamaşaçı müəyyən etməlidi. Ona görə də dəyərləndirsin dövlət. Məncə milli teatra belə dəyər verməyinə dəyər.

- Siz deyirdiniz ki Akademik Milli Dram Teatrı fenomenal şəxsiyyətlərin olduğu teatr olmalıdır. Bu gün o şəxsiyyətlər varmı teatrda?

- Əlbəttə var. Onunun adını rahat çəkərəm. Amma onlar hərəkət etməyən gəmidə oturublar. Nə edə bilərlər? Potensial var. Amma işləmir. Proses yoxdur deyə o aktyorların da inkişafı görünmür. Yəni, bu, rəhbərlikdən asılı deyil. Yaxşı rəhbərdi, işləyir, çalışır, amma struktur elədi ki, gəmi hərəkət etmir. Mən düşüm bu yaşımda kabinetləri gəzim, struktur təklif edim, ya kinoya çəkilim? Kim fikirləşməlidir, onlar da fikirləşsin də onları.

Mənim istədiyimi təhsil sistemində kurrikulum vasitəsilə ediblər- şagirdlər aktiv şəkildə dərs prosesinə qoşulur. Beyinlərini inkişaf etdirirlər. Amma bizim indiki strukturla aktyorların öz beyinlərini inkişaf etməsi mümkün deyil.

Ölkə rəhbəri deyir ki, teatrda prodüser işləməlidir. Bəs hanı? Niyə o yoxdur? Nə qədər bunu demək olar?

Teatra da, kinoya da dövlət dəstəyi olmalıdır. Fransada, İngiltərədə belədir, dövlətin dəstəyi də var, amma dövlət yaradıcı adama qazancını artırmağa imkan da yaradır.

- Məsələ bu qədər sadədirsə, sizcə niyə onu tətbiq etmirlər?

- Çünki maraqları başqadır. Öz maraqları var. Mən başqa heç nə anlamıram. Məni düz başa düşsünlər. Mənim kiminləsə qərəzim yoxdur. Teatr onu öz maraqlarına qurban verənləri heç vaxt bağışlamır. Açıb tarixə baxsınlar. 20 ildir mən deyirəm, deyirlər düz deyirsən, amma ortada bir şey yoxdur. Məni tamaşadan kənara atırlar-əcəb edirlər, bu strukturda edə bilərlər. Kim xoşlarına gəlir onu qaldırırlar. Bu sistemdə onu edə bilərlər. Amma hər şey tamaşaçı seçimindən asılı olsa, mənim əlimdən öpərdilər. Onda sənətkarın dəyəri olar. Yoxsa kimi istəsən batıra bilərlər. Məmur sistemidir də. Dövlətdən pul da alınır, amma ortada tamaşa yoxdur. Hər dəfə iclasda məlum olur ki, 50 faiz satış yoxdur. Yoxdursa niyə tamaşa qoyurlar? Tamaşaçı yoxdursa niyə tamaşa qoyurlar? Dövlətin əleyhinə işləyirsiniz? Tamaşa qoyub biletin qiymətini təyin edin, gəlmirsə tamaşaçı, yığışdırın başqası gəlib hazırlasın. Axır biri çıxacaq, tamaşaçı da gələcək onun tamaşasına.

- Teatr dövlətin nəzarətində olduqca məmurdan asılı sistem olacaq...

- Bu teatr Azərbaycan xalqının teatrıdı. Hamının da borcudur ki, teatrın optimal işləməsi üçün yolları tapaq. Dövlət dəstək göstərir, sənətkarları qoruyur. Amma imkan da yaratmaq lazımdır ki, sənətkarlıqları ilə gəlir əldə edib yaşasınlar.

Bir də teatrdan qorxmaq lazım deyil. Teatr bədii şəkildə öz işini görəcək. Özünə hörmət edən teatr o səviyyəyə enməz. Böyük amallardan, psixoloji durumlardan, ruhdan danışan teatr belə aşağı söhbətlərə enməz ki, ona senzura nəsə desin.

- “Topal Teymur” tamaşasında Teymur rolundan uzaqlaşdırıldınız...

- Əvvəldən rejissorla anlaşılmazlıq yarandı. Mən dedim ki, əsəri düz açmırsınız. Məndən xoşları gəlmədi təbii. Və məni sərt şəkildə uzaqlaşdırdılar. Onlar düz yanaşırlar. “Topal Teymur” tarixi dram deyil. Hüseyn Cavid onu elə yazmayıb. Orada əsas konflikt Olyaya görədir. Teymurləng Olyaya vurulur. Orada konflikt iki türk dövlətinin konflikti deyil və Teymurləng Bəyazidlə vuruşduğuna görə deyil, Olyaya görə ora getdiyinə görə səhv edib. O, əslində Olyanı gəzdirməyə aparır.

Hamıdan gizli olsun deyə. Hər şey bəhanədir. Mən bunları dedim. Heç qulaq asmaq istəmədilər. Rejissor göstərmək istəyir ki, guya Teymurləng sonda müsəlman dövlətlə vuruşduğuna görə peşman olur filan. Əslində belə deyil, Teymurləng anlayır ki, Olya onların ikisini də aldadıb. Türklər qadına görə səhvlər edib. Cavidi də yandıran bu olub. Bu, tarixi dram deyil. Teymura insan kimi, şəxsiyyət kimi yanaşmaq lazımdır. Sərkərdənin səhvi baha başa gəlir. Bu Teymurləngi aşağılamır, əksinə böyüdür.

- Kimi oynamaq istəyərdiniz?

- Teatrda struktur dəyişməsə mənim arzularım gerçəkləşən deyil. Teatrın damını divarını təmir ediblər, çox gözəl. Amma içini də dəyişmək lazımdı. Mən seriallarda filanla özümü təmin edirəm. Amma teatr məni rahat qoymur. Çünki teatr mənim evimdi.

# 4901 dəfə oxunub

Müəllifin son yazıları

# # #