Sənət dostları Ələddin Abbasovu andılar: “O, sənətin cəngavəri idi”

Sənət dostları Ələddin Abbasovu andılar:  “O, sənətin cəngavəri idi”
14 iyul 2014
# 12:49

Kulis.Az sənət adamlarının mərhum Ələddin Abbasov haqqında xatirələrini təqdim edir.

Zemfira Sadıqova (aktrisa, “Dəli Kür” filmində Mələk rolunun ifaçısı)

“ ...Xəbərim yox idi, onun vəfatını sizdən eşitdim... (susur). Deməli “Dəli Kür”dən bir mən qaldım, bir də Fikrət Əliyev...

Ələddin yadımda yalnız çəkilişlərdən qalıb. Bilirsiniz, çox ciddi adam idi, məsuliyyətli idi. Amma onda həm də qəribə bir utancaqlıq var idi. Filmdə bir yer var idi-Cahandar ağa Mələyə hədiyyələr gətirirdi, Mələk isə onu minnətdarlıqla qucaqlayıb öpməli idi. Mən Ələddinə sarı əyiləndə o qeyri-ixtiyari diskindi. Sonra o yeri filmdən çıxardılar. Şitliyi sevmirdi, onda əsl Azərbaycan kişisinə xas xüsusiyyətlər var idi, bu baxımdan onu obrazına, Cahandar ağaya oxşatmaq olardı...”

Fikrət Əliyev (rejissor, “Dəli Kür” filmində Şamxal rolunun ifaçısı)

“Mən Ələddin müəllimlə iki filmdə çəkilmişəm: “Dəli Kür” və “Torpaq, Od, Səma, Dəniz” filmlərində. Ələddin Abbasov haqqında sidq-ürəklə danışa biləcəyim üç-dörd adamdan biridir. Biz “Dəli Kür” filmini Moskvada təqdim edəndə ora dörd nəfər getmişdi: Həsən Seyidbəyli, Ceyhun Mirzəyev, Leyla Bədirbəyli və mən. O təqdimatda filmi o qədər alqışladılar ki. Heyf, özü orada yox idi ki, görsün. Hamı bizdən Ələddini soruşurdu. Deyirdilər ki, o aktyoru haradan tapmısınız?”

Çox mülayim insan idi, bir adamla işi olmazdı. Çəkilişlərdə də kaprizini, deyinməyini görən olmazdı. Əsl sənətkar idi. Ruhu şad olsun!”

Hüseyn Mehdiyev (“Özgə vaxt”, “Məkanın melodiyası” filmlərinin rejissoru)

“Ələddin Abbasov çox unikal aktyor idi. İstedadı, peşəkarlığı ilə yanaşı həssaslığı var idi, yəni o, oynadığı obrazları hissiyyatla qəbul edə bilirdi. Elə aktyorlar var ki, obrazı haqqında danışırsan, müzakirə edirsən, obrazın az qala həyatını ona danışırsan, amma oynayanda hiss edirsən ki, aktyor obrazı daxilən hiss etmir. Amma Ələddin Abbasov obrazı hiss edirdi. Ən önəmlisi odur ki, Ələddin müəllim Cahandar ağa kimi obrazın stereotipi çərçivəsində qalmaq istəmədi.

Mən “Özgə vaxt”a onu dəvət edəndə qorxdum ki, Cahandar ağa obrazını yaradan aktyor belə fərqli roldan imtina edər. Ələddin müəllimsə o saat dəvəti qəbul edib, razılıq verdi.

O bu stereotipdən uzaqlaşmağı özü istədi və çox ustalıqla da obrazı yarada bildi. Göstərdi ki, o yalnız bir birtipli obrazlar yarada bilən aktyor deyil, çox dərin, çox cəhətli obraz yarada bilir. Əsl aktyor elə belə də olmalıdır. O əsl peşəkar idi. Ələddinin təbiətinin əsas cəhəti elə bu universallıqda idi, geniş amplitudası olan dərin insan idi.

Bilirsiniz, elə aktyor olur ki, baxırsan, çox dərin, fəlsəfi görünüşü var, ifadəlidir. Amma danışdıranda görürsən ki, içi boş adamdır. Belə aktyorlar professional elementlərdən ibarət obrazlar yaradır. Amma, Ələddin müəllim, daxildən hiss edib oynayırdı.

Çəkiliş meydanında çoxlu işçilərdən ibarət heyət aktyor üçün çalışır. Ələddin müəllimi o heyət Ələddin Abbasov kimi yox, insan kimi sevirdi. O insanlara münasibətdə çox diqqətli idi.

Mən çox aktyor görmüşəm, Ələddin müəllim kimi intizamlı, diqqətli, məsuliyyətli aktyor nadirdir. Nə baş verir versin, o lazım olan anda kameranın qarşısında o saat dəyişə bilirdi. Mən Ələddin Abbasovdan “kapriz” deyilən şey görmədim, halbuki o belə “kapriz”ə ixtiyarı olan adam idi. Amma o həmişə özünü sadə aparırdı...

Biz çox istedadlı sənətkarı və çox gözəl bir insanı itirmişik”.

Ayan Mirqasımova (aktrisa, “Özgə vaxt”, “Məkanın melodiyası” filmlərində çəkilib):

“Ələddin Abbasov Azərbaycan kinosunda ilk növbədə mərdliyin rəmzi idi. Bu nə onun aktyorluq peşəkarlığından, nə də ekran ifadə vasitələrindən irəli gəlmir. Bu, həqiqətin özüdür. O sənətin cəngavəri idi. Həm insanlar qarşısında, həm də təklikdə. Digər tərəfdən də onu yaxından tanıyanlar nə qədər istiqanlı və insanpərvər olduğunu yaxşı bilir. Tale mənə Ələddin ustadla iki filmdə tərəf-müqabili olmaq şərəfini verib. Mən onun məsləkdaşlaına, insanlara qarşı nə qədər alicənablıq və hörmət göstərdiyini gördüm. Mehriban dost, parlaq insan, gözəl azərbaycanlı...

Aramızda qəribə bir hissiyyat, bağ var idi. Bir dəfə söhbət edəndə məlum oldu ki, biz ikimiz də eyni gündə - 5 mayda doğulmuşuq. Bilmirəm, bəlkə də bundan irəli gəlirdi ki, bir birimizi anlayır və hiss edirdik.

“Özgə vaxt” və “Məkanın melodiyası” filmlərində o, atanı oynayırdı. Mən onun atalıq sevgisini həqiqətən də hiss edirdim.

Ələddin Abbasovun dahiyanə aktyor idi. Çəkilişdə o əla tərəf-müqabili idisə, fasilədə o yaxşı insan, əsl centlmen idi. Xaraktercə istiqanlı, səmimi idi. Müşahidə etməyi sevirdi. Müşahidə edəndə uşaq kimi sadəlövh idi, təbiətə heyran ola bilirdi. Təbii insan idi.

O, aktyor kimi olduqca mürəkkəb aktyor idi, insan kimi isə sadə və səmimi idi. O, əsl kino ulduzu idi, amma həyatda bunu hiss etmirdi və hiss etdirmirdi. O, dünyada ulduz xəstəliyinə tutulmamışdı, tutula da bilməzdi. Bilirsiniz, Ələddin Abbasov yaxşı mənada sadə insan idi, şöhrət marağında deyildi.”

# 4346 dəfə oxunub

Müəllifin son yazıları

# # #