Vaqif Mustafayev: Hər yer çəkiliş, hər gün film

Vaqif Mustafayev: Hər yer çəkiliş, hər gün film
28 avqust 2014
# 15:37

Bu gün Azərbaycanın Xalq Artisti, kinorejissor Vaqif Mustafayevin 61 yaşı tamam olur. Kulis.Az bu münasibətlə Vaqif Mustafayevi təbrik edir.

“Bədii həqiqət həqiqətdən də artıqdır”

Ernest Heminquey

Filmə baxanda adətən özümüzü qəhrəmanların yerinə qoyuruq. Xüsusən o qəhrəman doğrudan da qəhrəmanlıq edirsə. Amma məsələn kiminsə özünü Vaqif Mustafayevin qəhrəmanlarına oxşatmaq istəməsinə inanmaq çətindir. Heç kim personaj olmaq istəməz. Düzdür, ola bilər ki, ekran qarşısındakı tamaşaçı elə filmdəki personajın eynisi olsun, amma onun o personaja ideal kimi baxması absurddur. Absurddur, dedim, istisna deyil. Ola bilər ki, biri o filmdə sevdiyi birinə yaxın olmaq üçün hətta onun yanında tüpürcək qabı gəzdirmək istəsin, ya da sadəcə bu adamların yanında, bu dünyanın içində olmaq üçün hər rola razı olsun. Bu sevgidir, yoxsa patologiyadır, ayırd etmək artıq psixoloqların işidir. Bəlkə rejissor Vaqif Mustafayevin kino sevgisi də patoloji hal alıb. Onu yaxından tanımadan bunu bilmək olmaz. Amma filmlərində get-gedə artan oyun hərisliyi duyulur. “Yaramaz”dan başlayaraq kiçik bir nəzər salaq.

Öncəgörmə

"Yaramaz" sanki Mustafayevin çəkəcəklərinə girişdir, yaşadığımız cəmiyyət və fərd barədə dəhşətli proqnozlar verən annotasiyadır. "Yaramaz" sosial fəlakət qorxusudur. Bundan sonra "arsızca" absurd komediyalar ("Fransız", "Hər şey yaxşılığa doğru", "Milli bomba") gələcək. Necə deyərlər, islanmışın yağışdan nə qorxusu?

“Yaramaz”ın qəhrəmanı Hətəm sadədil birisidir. Film onun cəmiyyətdə qazandığı mənəvi deqradasiya prosesini təsvir edir. Sadəlövhlüyü ucbatından Hətəm töhmətlər qazanır, cəmiyyətdə artıq normallaşmış hər cür alçaqlıq və əxlaqsızlıq onun dəyərlərini tərksilah edir. Hər tərəfdə alver gedir, oğurluq edilir, sövdələşmə aparılır. İş icraçısı (Muxtar Maniyev) yeni tikilən evin materiallarını satır, nazirin sürücüsü (Mənsur Məmmədov) şəxsi işi üçün onun adından istifadə edir. Hətəm get-gedə bütün bunları norma kimi qəbul edir. Və çox qısa müddət ərzində ağlasığmaz müvəffəqiyyətlər qazanır. O, fəhləlikdən suvenir fabrikinin direktoru vəzifəsinədək yüksəlir. Eyni zamanda "işgüzar" adamlara xas olan keyfiyyətlərə yiyələnir. Yalançılıq, amansızlıq, satqınlıq onun iliyinə işləyir. Əgər əvvəl timsah dərisindən olan pulqabını görəndə timsahlara yazığı gəlirdisə, varlanandan sonra sevdiyi qadını zorlayacaq qədər amansızlaşır. Hətəm dünyanın sahibi olur. Ancaq onun dünyası pisliklər dünyasıdır. Hətəmin fabrikinin suvenirləri də dünyasını dəyişib...

Amma axı məsələ Hətəmdə deyil. Cəmiyyət elə qurulub ki, sistem pislərin ixtiyarındadır. Bu cəmiyyəti quranlarsa Maşallah kimi başını saxlamaq istəyənlərdir. Əlbəttə, əvvəlcə Hətəmə pis olur. Amma filmin kulminasiya nöqtələrindən biri olan Qəzənfərlə görüş epizodunda artıq o yolu qəti olaraq seçir, bu oyuna getmək zorunda qalır, əclaflığını boynuna alır: Qəzənfərin qabağında qarnı tullana-tullana rəqs edir və qışqırır "Mən yaramazam...mən yaramazam". Qəzənfərsə (Həsən Turabov) sakitcə əclaflıq hakimiyyətinin təntənəsindən zövq alır. Turabovun oyun manevrləri olduqca təsirlidi. Əvvəlcə o, əl çala-çala Hətəmə ritm tutur: "Rəqs elə və qışqır: "Mən yaramazam". Hətəm öz şəxsiyyətini, təmizliyinin son qırıntılarını tapdaya-tapdaya onun gözündən düşür, daha doğrusu, maraqsızlaşır -Adam artıq bunu etdi. Onda Qəzənfər sakitcə ona baxır və deyir "Sən, sabah mənə zəng vur". Bu epizod filmin kulminasiya anı olmaqla, faciənin pik məqamıdır. Yaşamaq həm də sosial qorxulardan adlamaqdır. Bu xofun içində avtoritar cəmiyyətə ikrah var.

“Nakəs” - xilas konsepsiyası

"Nakəs"in qəhrəmanı prinsipsiz, əqidəsiz adamdır. O, öz kimliyini əvəz etdiyi çoxlarının arasında itirib. Bu çoxlarını birləşdirən bir cəhət var: xilas etmək. O, incidilənlərə tərəfkeşlik edir. Deyilənə görə, "Nakəs" ümumbəşəri bir əhvalatdır.

“Fransız” - İmtina

Sanki xilas konsepsiyasının iflasından sonra yaşanan haldır imtina. "Fransız" filminin qəhrəmanı milli kimliyindən imtina edir. Heç nə onu milliyyətinə dönməyə məcbur edə bilmir: nə meyxana, nə saz, nə siyasi çıxışlar, nə də gözlənilən toy. Əksinə, bunlar onu daha uzaq olmağa, daha qətiyyətlə imtina etməyə vadar edə biləcək məqamlardır. Bu məqamları rejissor sonra ("Yerlə göy arasında" filmində) "milli psixologiyamızın dərinlikləri" adı ilə ironik, acı istehzalı bir fəxrlə xarici turistə təqdim edəcək. "Fransız"ın qəhrəmanı isə xarici turist (yəqin ki, o, min dəfə buna təəssüflənir) deyil, özümüzünküdür. Amma fransızca danışır, qətiyyətlə milliyyətindən imtina edir. Onda Fərmanın qəhrəmanını vacib bir adət özünə qayıtmağa məcbur edir. Buna bizlərdə "sünnət" deyirlər. El arasında müsəlmanın ağlı və sünnət mövzusunda bir atalar sözü yada düşür. Filmdəsə bu atalar sözü xatırlanmır. Sadəcə bir kəlmə ilə bütün bu həngaməyə bəraət, üzrxahlıq və irad bildirilir: "Millətimə qurban olum, ay ana! Amma nə olar, siz də millət olun da..."

"Hər şey yaxşılığa doğru"- heç nə yaxşı olmayacaq

Bunu təsəlli də hesab etmək olar, nikbinlik də. Hər şeydən çox bu filmdə sevgi var - İnsana sevgi. Təxminən belə bir mesaj ötürür: "Siz beləsiniz. Amma nə etməli, sizi sizdən imtina edə bilməyəcək qədər sevirəm".

Ortada yenə milli kimlik məsələsi var. Bu dəfə bu adam ölüdür. Film boyu onunla nə edəcəklərini bilmirlər. Hərçənd bu da absurddur. Ölünün milliyyəti olurmu?

"Milli bomba" - başımıza düşsün bizim…

Ölkələrin bir-birini kütləvi qırğın silahı ilə hədələdiyi, tərksilah olmağı hiyləgərcəsinə tələb etdiyi bir zamanda biz "Milli bomba"mızı təqdim edirik. öz başımıza salmaq üçün. "Milli bomba"nın müəllifi də özümüzük. Necə ki, Vaqif Mustafayevin çəkdiklərinə Azərbaycanda yaşayan hər kəsin müəlliflik haqqı çatır. "Milli bomba"da da, ondan sonra çəkilən "Yerlə göy arasında" filmində də rejissor kameranı mentalitetimizin, milli psixologiyamızın ən incə məqamlarına çevirir. Bu bacarığına görə Vaqif Mustafayevə "dahi montajçı" da demək olar.

Yoxlama (gülümsəyin, cənablar!)

“Yoxlama”nın qəhrəmanı vergi müfəttişidir. Əjdər Həmidovun canlandırdığı bu müfəttiş qanunsuzluqlar aşkarlayır və rüşvət və korrupsiya sisteminə, vergidən yayınmalara, yeyintilərə qarşı inadla mübarizə aparır. Amma Mustafayevin təqdim etdiyi bu müfəttiş daha çox antiqəhrəmandır. O, Əjdər Həmidovun saçlarını narıncı rəngə boyayıb (bəlkə işarə vurur ki, o qırmızı saçları ona hansısa qeyri millətdən olan əcdadından miras götürüb yəni, təmiz azərbaycanlı belə maksimalistcə düzgün ola bilməz?), onun hərəkətlərinə, danışığına olduqca cansıxıcı ahəng verib, onu bacardıqca əbləh təqdim edib. Bunlar nə deyir? Bəlkə o, “Düz düzdə qalır” atalar sözünün üstündən yox, altından qırmızı xətt çəkir? Bəlkə də əksinədir, düzgün adam bizə əbləh kimi görünür? Gəlib bir yerə çıxırıq – tamam, biz qəhrəman istəyirik, amma “Biz qəhrəmandan nə istəyirik? Onun qəhrəmanı qadınla yataqda vətən sevgisindən danışır” bu epizodla rejissor qəhrəman streotiplərinə ironiya edir. Film ətrafında polemikalarda da əsas qaranlıq bu yer idi:

Vaqif Mustafayev düzgünlük uğrunda mübarizə aparan qəhrəmana ironiya edir, yoxsa düzgün qəhrəman streotipinə?

# 5865 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #