Bu gün Bakı slavyan Universitetində tanınmış publisist Rövşən Ağayevin “Uzaq və yaxın Polşa” (“Далекая и близкая Польша”) kitabının təqdimatı keçirildi.
Təqdimatda universitetin rəhbərliyi, professor-müəllim heyəti və tələbələrlə yanaşı, alimlər, ictimai-siyasi xadimlər iştirak edirdi.
Tədbiri giriş sözü ilə Bakı Slavyan Universitetinin rektoru, professor Nurlana Əliyeva açdı. Nurlana xanım “Uzaq və yaxın Polşa” kitabının Azərbaycanla Polşa arasındakı dostluq və qardaşlıq əlaqələrinə dəyərli bir töhfə olduğunu bildirdi. Çıxışının davamında xalqlarımız arasındakı münasibətlərin tarixinə də işıq tutan hörmətli rektor Rövşən Ağayevin kitabında Polşa-Azərbaycan dostluğunun tərənnümünü də xüsusi qeyd etdi: “Sövet dönəmində biz birbaşa əlaqə saxlaya bilməsək də, Azərbaycan həmişə Polşanı öz yaxın müttəfiqi bilib. Bakı Slavyan Universitetində Polşa Tədris-Mədəniyyət Mərkəzi fəaliyyət göstərir, Varşavada Azərbaycan mərkəzi gənclərə Azərbaycan dilini və ədəbiyyatını öyrədir. Polşa Slavyan ölkələri içərisində bizə ən yaxın olan ölkədir. Bizim universitetdə polyak dili sahəsində oxuyan 48 tələbə var. Bu kitabda da bizim Polşa ilə tarixi dostluğumuz təsvir olunub. Rövşən bəyin kitabı Azərbaycan Polşa münasibətləri baxımından çox diqqətəlayiq hadisədir. Mən düşünürəm ki, ölkələrin yaxınlığı məsafələrlə ölçülə bilməz. Uzaq ölkələr var ki, onlar bir-birinə doğmadırlar, yaxındırlar. Bu kitabdan da göründüyü kimi, bizim Polşa ilə dostluğumuz XV əsrə gedib çıxır. Polyaklar sürgün olunanda Azərbaycana sığınmışdılar. Bizim mental dəyərlərimizi qəbul etmişdilər. 1991-ci ildə Azərbaycan müstəqillik qazananda da ona dəstək olan ilk ölkələrdən biri Polşa olmuşdur”.
Nurlana Əliyeva daha sonra XIX əsrdə və XX əsrin əvvəllərində Azərbaycanın Polşa ilə siyasi, iqtisadi, hərbi və s. sahədə əlaqələrinin qurulmasında ayrı-ayrı şəxslərin mühüm rol oynadığını bildirdi. O, bu sırada Abbasqulu ağa Bakıxanovun, İsmayıl bəy Qutqaşınlının, Yusif Vəzir Çəmənzəminlinin adlarını çəkdi. Rektor bu əsərin Azərbaycan gənclərinin Polşanı tanımasında və sevməsində önəmli rol oynayacağını vurğuladı və çıxışını sona çatdırdı. Daha sonra tədbirdə iştirak edən qonaqları təqdim etdi və onlara çıxış üçün söz verdi.
İlk çıxışçı “İrşad” İslam Araşdırmaları Mərkəzinin direktoru, fəlsəfə elmləri doktoru Rafiq Əliyev Polşa-Azərbaycan münasibətlərini xristian-islam müstəvisində şərh etdi. Polyakların həmişə Azərbaycana öz doğma vətənləri kimi yanaşdıqlarını diqqətə çatdırdı: “Mən bu kitab haqqında rəy də yazmışdım. Rəy “525-ci qəzet”də işıq üzü gördü. Polşa-Azərbaycan münasibətləri uzun tarixə dayanır. Bu baxımından Rövşən bəyin kitabı bizim üçün əhəmiyyətli rol oynayır.”
Rafiq müəllim daha sonra “Uzaq və yaxın Polşa” kitabı haqqında fikirlərini bölüşdü: “Rövşən bəyin kitabı bədii formatda yazılıb. Polşa-Azərbaycan münasibətlərini ədəbiyyat nöqteyi-nəzərindən qələmə alınmasına görə bu kitabı ilk hesab etmək olar. Bu günə qədər bədii dildə Polşa-Azərbaycan münasibətləri yazılmamışdır. Kitabda iki adamın söhbəti, dialoqu fonunda iki xalqın necə bir-birinə yaxın olduğu təsvir olunub. Mən istəyərdim ki, əsər polyak dilinə də çevrilsin.”
Növbəti çıxışçı Bakı Slavyan Universitetinin elmi işlər üzrə prorektoru professor Rafiq Novruzov kitabın bədii-estetik tərəfindən söhbət açdı: “Siz əsərin adına fikir verin: “Uzaq və yaxın Polşa”. Bizim Polşa ilə uzaqlığımızın coğrafi amili var. Ancaq aramızdakı mənəvi uzaqlıq o qədər də böyük deyil. Bizim yaxınlığımızın səbəbi sevgidir. Bu sənədli-bədii povest dialoq üzərində cərəyan edir. İki gəncin söhbəti. Polyak qızına aşiq olmuş azərbaycanlı, təzadlar, fərqliliklər və doğmalıqlar. Amma məhəbbət iki xalqı birləşdirir. Məhəbbət üçün heç bir məsafə yoxdur. Rövşən müəllim uzaqlığı və yaxınlığı göstərmək üçün povestdə məhəbbət macərasını da əlavə edib”.
Daha sonra Rafiq Novruzov kitabın tarixi faktlara əsaslandığını, Polşa şair, yazıçılarının Azərbaycana sürgün olunması barədə danışdı: “Onlar Azərbaycana sürgün olundular. Axundovla tanış oldular, Bakıxanovla tanış oldular. Tanınmış polyak yazıçı və şairləri öz əsərlərində Azərbaycanla bağlı maraqlı faktları yazdılar. Bu ölkəyə bağlılıqlarını dilə gətirdilər. Adam Mkeviç adlı tanınmış polyaş şairi var. O, Mirzə Cəfər Topçubaşovla tanış olmuşdu. “Krım sonetləri” əsərini oxuyandan sonra Topçubaşov fars dilində o əsərə ön söz yazmışdı. Və Adam demişdi ki, mənim əsərimi ən çox Topçubaşov başa düşüb. Bu da bir naxış. Bu kitabda bu cür naxışlar çoxdur və bədii, estetik gözəlliklə təsvir olunub. Yaxud Rəsulzadəni götürək. O da Polşada olub, orda çıxışları var. Rəsulzadənin Polşada etdikləri, gördüyü işlər haqqında əlimizdə tarixi sənədlər var. Yaxud Səməd bəy Mehmandarov, İsmayıl bəy Qutqaşınlı. Onlar Varşavada tanınmış insanlar idi. Bu kitab tək iki gəncin sevgisi ilə bitmir. Bu sevgi hər yerə yayılıb. Və sizə deyim ki, bədiiliklə sənədləri birləşdirmək böyük istedad tələb edir. Rövşən Ağayev bu kitabda iki gəncin dialoqu əsasında xalqlar arasındakı tarixi sevgiyə körpü salır”.
Növbəti çıxışçı Şuşa Rayon İcra Hakimiyyətinin başçısı, Dağlıq Qarabağ Bölgəsinin Azərbaycanlı İcması İctimai Birliyinin sədri Bayram Səfərov da kitab haqda təəssüratlarını bölüşdü: “Rövşən bəylə dostluğumuzun tarixi uzundur, amma ədib olduğunu bu kitabdan sonra bildim. Rövşən Ağayev Əhməd Ağyevin nəslindəndir. Onun kökləri qədimdir. Mən bu kitabı oxuduqca hər sətirdə öz-özlüyümdə Rövşən bəyə təşəkkürü bildirdim. Burda Şuşa haqqında maraqlı epizodlarla qarşılaşdım. Bu məni çox qürurlandırdı”.
Polşadan gələn Slavyan dili və filologiyası kafedrasının müəllimi Pavel Ferenc növbəti çıxışçı idi və o, bu kitabın ərsəyə gəlməsinə görə müəllifə təşəkkürlərini bildirdi: “Mən polyak dilini sevdirmək üçün çox düşünürdüm. Rövşən bəyin kitabında bu sualıma cavabı tapdım. Azərbaycanla Polşa arasındakı yaxınlığın qədim olduğunu gördüm. Kitabda polyak qızı ilə Azərbaycan oğlanının məhəbbəti mənə maraqlı gəldi”.
Beynəlxalq Münasibətlər və Regionşünaslıq fakültəsinin IV kurs tələbəsi Samirə Dostiyeva da kitab haqqında öz fikirlərini bildirdi, Polşanı çox sevdiyini dedi, oranın mədəniyyətini yüksək qiymətləndirdi. Kitabın çox maraqlı olduğunu bildirən tələbə Polşa haqqında da öz təəssüratlarını bölüşdü.
Azərbaycan Respublikası Müəllif Hüquqları Agentliyinin şöbə müdiri Natiq İsayev də digər çıxışçılar kimi kitabın Polşa-Azərbaycan münasibətləri baxımından əhəmiyyətli olmasını qeyd etdi və bildirdi ki, bu əsər gənclərin Polşanı tanıması və sevməsi üçün vasitə olacaq.
Sonuncu çıxışçı Milli Məclisin deputatı Novruz Aslanov oldu. Millət vəkili çıxışında iki ölkənin də 90-cı illərdə ağır günlər yaşadığını, daha sonra dirçəlib inkişaf etdiyini dilə gətirdi. Kitabın bədii və estetik tərəflərin söhbət açdı.
Sonda müəllif Rövşən Ağayev çıxışçılara, tədbirdə iştirak edənlərə təşəkkürünü bildirdi, daha sonra kitabın yazılma tarixçəsindən danışdı: “Mənə sual verirlər ki, Polşa ilə niyə bu qədər maraqlanırsan. Bunun bir neçə səbəbi var. Mən Neft Akademiyasında oxuyanda bizlə bərabər bir polyak oxuyurdu. Mən tez-tez onunla ünsiyyətdə olurdum. Sonra iki dəfə Polşada oldum və bizim bir-birimizə nə qədər doğma olduğumuzu gördüm. Bu əsəri yazmağım da qəzetdə oxuduğum bir xəbərə görə oldu. Xəbərdə bir azərbaycanlının Polşada bir qadınla tanış olması, daha sonra orda onunla evlənməsindən söhbət açılırdı. Sonra Polşa məhkəməsi həmin Azərbaycanlını həbs edir və onun taleyi daha sonra həbsxanada keçir. Bunu oxuyandan sonra mən kitabı yazmağı düşündüm. Hesab edirəm ki, bu bədii-sənədli povest Polşa-Azərbaycan münasibətlərinin tarixini öyrənmək baxımından qiymətlidir.”