Şahbaz Xuduoğlunun çaya saatla buraxılan fəhlələri – REPORTAJ

Şahbaz Xuduoğlunun çaya saatla buraxılan fəhlələri – <span style="color:red;">REPORTAJ
5 dekabr 2014
# 09:30

Gözəl günlər idi, çocuqlar!

Səhərdən axşamacan, axşamacan da yox e, gecəyəcən yorulmadan işləyirdik. Pulsuz-parasız, cibində siçan oynayan dostlar dirəşək qəzet çıxarırdılar.

Tələbə olsam da işləyirdim, tələbə üçün normal maaş alırdım və çox yorulurdum. Buna baxmayaraq, bazar günləri də kasıb dostlara qəzet çıxarmaqda kömək edirdim. Ağzımıza, ağlımıza gələni yazır, ciddi iş gördüyümüzü düşünürdük. İddiamız yerə-göyə sığmırdı, mətbuat, insanlar üçün faydalı nəsə etdiyimizi fikirləşirdik. Gündüz “pryannik”, dönər, axşamlar kolbasa-çörək yeyirdik.

Yazılar plyonkaya çıxarılıb, mətbəəyə göndəriləndə sevincimizin həddi-hüdudu olmurdu. Hərdən işlərimizi o qədər gec yekunlaşdırırdıq ki, mətbəəyə kollektiv şəkildə gedirdik. Kollektiv şəkildə deyəndə bir az yekə çıxır, çünki kollektiv uzağı 3-4 nəfərdən ibarət olurdu.

Və qəzetin çap mərhələsi... Bu, mənim üçün ən maraqlı mərhələ idi. Dayanmadan işləyən böyük çap aparatı, keyfiyyətsiz, yararsız çıxan ilk qəzetlər, balaca stol, balaca stullar, yorğun işçilərin gecənin bir aləmi domino oynaması...

Mətbəə mənə həmişə sirli təsir bağışlayıb.

Çapdan sonra evə dağılışmağa imkan olmurdu. Stulları birləşdirib yatmağı o günlərdə öyrənmişdim, sonralar əsgərlikdə işimə çox yaradı.

Qapının ağzı “vozvrat”la dolanda xeyli kədərlənirdik...

Hə, bütün bunlar gəncliyin şirin xatirəsi kimi yaddaşımdadır.

Bunun nəyi gözəl və şirinmiş? Tapana bir yağlı “beş”...

O vaxtlar qəzetlərin əksəriyyəti “Qanun” nəşriyyatında vurulurdu. Pulu olan da, olmayan da bura üz tuturdu. Bəzi qəzetlər “Qanun”a olan borcunu indinin özündə də ödəməyiblər.

Hazırda vəziyyət fərqlidir...

“Qanun” nəşriyyatının direktoru Şahbaz Xuduoğluna deyəndə ki, sizin mətbəədən reportaj hazırlamaq istəyirik, cavabı belə oldu:

“Səhər saat 11-də gəlin, işin ən qızğın vaxtında...”

Doğrusu təəccübləndim, axı bir vaxtlar “Qanun”nun mətbəəsində işin ən qızğın vaxtı gecə saat 12-dən sonra olurdu.

Mətbəənin direktoru Ənvər İsmayılov Şahbaz Xuduoğlunun tələbə yoldaşıdır. İncəsənət Universitetində bir yerdə oxuyublar. Vallah, mən də Ənvər müəllimin yalançısıyam. Yazı-pozu əhlinin bir çoxu kimi mən də Şahbaz müəllimin İncəsənət Universitetində təhsil aldığını bilmirdim.

Ənvər müəllim mətbəə işi ilə 1992-ci ildən məşğuldur. 1996-cı ildən isə Şahbaz bəylə işləyir. O, bizi həvəslə mətbəəyə dəvət edir, arakəsməylə ayrılan otaqları, aparatları göstərir. Kitabı necə çap olunur? Otaqları gəzə-gəzə, aparatları göstərə-göstərə izah edir. Düzü bu izahlardan çox az şey yadımda qaldı. 5-6 mərhələdə həyata keçirilən çap işini bütün detalları ilə yazmağa cəhd eləsən “Məsumiyyət muzeyi” həcmində kitab alınar.

Amma ümumi şəkildə bəzi şeyləri qeyd edək.

Kitab mətbəədə iki cür çap olunur. Ya ofset üsulu ilə, ya da formadan. Redaktə, korrektə prosesi bitikdən sonra kitab dizayn olunur. Məsul şəxs dizayn olunmuş, səhifələnmiş elektron məhsulu plyonkaya çap edir. Redaktor plyonkanı gözdən keçirdikdən sonra, mətbəəyə, forma hazırlanan sexə təhvil verir. Rəngli kitablar rəng ayırmaya gedir. Dazakl adlanan lövhə düzəldilir və ploynka həmin lövhəyə köçürülür. Sonra lövhədən kağıza vurulur, formata uyğun kəsilir. Hər listdə 16 səhifə olur. Kitabın içi xüsusi şəkildə hazırlanır və düzəndə səhifələr ardıcıl alınır. Sonra düzülür və tikilir. Tikildikdən sonra yapışqanla cildləmə və kəsilmə prosesi başlayır. Ardınca isə qurutma...

Bilməm, anlata bildimmi?

Ənvər müəllim söhbətində o məqamı da mütləq qeyd edir ki, indi bu aparatların daha müasirləri də var. Həqiqətən bu aparatlar yorğun və kədərli görünür. Bir vaxtlar qılıncının dalı da, qabağı da kəsən, indi isə hay-hayı gedib vay-vayı qalan qocalara bənzəyirlər.

Aparatlardan biri xüsusilə diqqətçəkəndir. Qəlib yuyan aparat o qədər köhnədir ki, elə bil əl əməyi dövründən qalıb.

Söhbəti bu mətbəədə qəzet çapının dayandırılmasına gətirirəm. Ənvər müəllim deyir, qəzetlərlə işləmək həm yorucu, həm də qazancsızdır.

Ən məşhur qəzetlərin belə nəşriyyata xeyli borcu varmış. Şahbaz bəy görüb ki, borc-filan qaytaran olmayacaq, pulları onlara halal edib. Ümumiyyətlə, vəziyyət elə alınıb ki, qəzetlər yavaş-yavaş bu nəşriyyatdan uzaqlaşıblar. Amma qəzet çap edən aparat ağzıgünə qalmayıb, nadir hallarda da olsa qəzet çap etmək üçün müraciət edənlər tapılır. Ənvər müəllim deyir, ötən illərdən fərqli olaraq indi gecə növbəsi yoxdur. Bu da onların kitab çapı ilə bağlı işini xeyli rahatlaşdırır.

Hazırda 1000 tirajlı qəzetlərin çapı orta hesabla 90 manatdır.

Bu yerdə bir müşahidəmi bölüşüm. Günorta çapa gedən qəzetlərin böyük əksəriyyəti reket qəzetlər olur. Çünki normal qəzetlər günün bütün xəbərləri çapa getsin deyə gecə çap olunur.

Müdirlə söhbət etdik, bu öz yerində. Ancaq işçilərlə danışmaq faktiki olaraq mümkün deyil. Hamı aparatın, yəni işinin başındadır, vərəqlər, üzlüklər ora-bura uçuşur. Maşınların səsindən qulaq tutulmasa da, hər halda hay-küy çoxdur. Buna baxmayaraq, bizim gəldiyimizi görə, bizə tərəf gülümsəyə bildilər.

Belə başa düşdüm ki, burda iş rejimi həddindən artıq ciddidir. Hətta çay içmək vaxtının belə müəyyən saatlarda olması, bu barədə xəbərdarlığın divara yapışdırılması çox şeydən xəbər verir. Şəxsən mən Şahbaz bəyi daha sərbəst adam hesab edirdim. Ancaq bəlkə də mətbəə işində qaydalar belə sərt olmalıdır.

Mətbəədə işləyənlərin də öz faciəsi var. Hər gün səhərdən axşamacan eyni işi görürlər. Fərqliliyə yer yoxdur. Hər şeyi çap maşını diktə edir. Bu mənada əslində mətbəə işçiləri azərbaycanlıların ümumiləşmiş obrazıdır.

Belə... Hər şey elektronlaşır... Qəzetlər yoxa çıxır. İnsanlar yavaş-yavaş elektron kitablara üstünlük verir. İllər sonra çap məhsulu olan kitablar da yoxa çıxar bəlkə də. Və bir gün bəlkə də mətbəələrə ehtiyac qalmadı, sirli-sehrli bir aləm də yoxa çıxdı.

Kədərləndim. Sən Allah, ordan damar bir mahnı qoy...

# 2215 dəfə oxunub

Müəllifin son yazıları

# # #