Kulis.az yeni “Misra qılıncı” layihəsindən şair Kəmaləddin Qədimlə müsahibəni təqdim edir.
- Necəsiz?
- Yaxşıyam, şükür Allaha.
- İşləriniz necə gedir?
- Pis deyil, gedir yavaş-yavaş.
- Harda işləyirsiniz?
- İki ildən artıqdır ki, Sədərək Ticarət Mərkəzində mətbuat xidmətinin rəhbəriyəm.
- Çax-çux olur?
- Namaz qılan adamam və həmişə də halal zəhmətimlə dolanmışam.
- İşiniz asan olmaz... Reket jurnalistlər o tərəflərə də fırlanır yəqin ki...
- Özüm qələm adamıyam deyə belə adamlar gələndə bir az narahat oluram. Gələn adamın keçirdiyi həyəcanı, daxili hissləri mən də yaşayıram. Mən onu hamıdan daha çox başa düşürəm. İldə bir dəfə çıxan qəzetlərdən gəlirlər. O günü bir qadın gəlmişdi, böyük hörmət və ehtiramla yanaşdım, sonra öyrəndim ki, bu heç jurnalist deyilmiş. Dedim, yazıların-filan var? Gördüm heç bunun kompüterin varlığından xəbəri yoxdur.
Gəlirlər də, yola verdiyimiz də olur, dəstək verdiyimiz də...
- Təxminən nə qədər verirsiniz onlara?
- Əşi, elə kütləvi deyil bu hal. Olanda beşdən-üçdən verib yola salırıq da, böyük məbləğ olmur.
- Deyəsən sizə ilk uğurlu yolu Bəxtiyar Vahabzadə yazıb.
- Elədir. O vaxt rayonda tarix müəllimi işləyirdim. 1985-ci il idi, səhv etmirəmsə... Hələ kitabım çıxmamışdı. Müəllim yoldaşım şeirlərimi məndən zorla alıb Bəxtiyar Vahabzadənin evinə göndərdi. Düzü, ümidsiz idim. Məni uzun müddət çap etməyiblər. Hər dəfə Bakıya gələndə Nəriman Həsənzadə deyirdi ki, narahat olma, yığılıb, mətbəədədir, gözüm yolda qalırdı, ancaq çap olunmurdu. Buna görə inamım itmişdi. Bəxtiyar Vahabzadə müəllim yoldaşıma iki məktub göndərdi. O məktubları indi də saxlayıram. Yazdığı uğurlu yol “Bakı” qəzetində dərc edilmişdi. Bəxtiyar müəllim həmin vaxtlar Füzulidən olan şair Vahid Əlifoğluna uğurlu yol yazmışdı. Onun da çox yaxşı şeirləri vardı. Sonralar Bəxtiyar müəllim televiziya, radio verilişlərində vurğulayırdı ki, Naxçıvanın ucqar kəndində Kamaləddin adında gənc şair yaşayır, istedadlıdır, ona dayaq olmaq gərəkdir. Məhz bundan sonra mənim kitabım plana düşdü və çox asan çap olundu. Bu, mənim üçün gözlənilməz idi, çünki müəllifləri illərlə gecikdirirdilər.
Mən bu günə qədər də abır və həya ilə çap olunmuşam. Harasa sürtülüb, dürtülüb təpilmək mənlik deyil. İndinin özündə də “Azərbaycan”, “Ulduz” jurnallarına, “525-ci qəzet”ə ildə bir dəfə yeni şeirlərimi göndərirəm. Həmişə də yaxşı reaksiya olur. Məsələn, ötən il “Ulduz” jurnalında şeirlərim çap olunanda Musa Yaqub Qulu Ağsəsə zəng edib nömrəmi almış, sonra mənə zəng eləmişdi. Təşəkkürünü bildirdi. Bu, mənim üçün ən böyük qiymətdir. Özü də Musa Yaqubla cəmi bir-iki dəfə görüşmüşük. Heç məni tanımır.
- Dayandur Sevgin demiş, Facebookda ən məşhur iki şairdən biri sizsiniz. Xanım pərəstişkarlarınız çox olar. Baxma, inboxa yazarlar...
- Facebookda xanımlar çoxdur, onların da ən çox bəyəndikləri sevgi şeirləridir. Məni Facebookun qəhrəmanlarından sayırlar. Demək olar ki, hər gün təzə şeirlər paylaşıram. Facebook yaradıcılığıma müsbət təsir göstərdi. Facebook çıxandan sonra ardıcıl iki kitabım çap olundu. Kitablardan biri sırf sevgi şeirlərdir. Mənim yazdığım şeirlərdə qadınlar özünü görür və mənə çoxlu oxucu məktubları gəlir. Deyirlər, elə bil o şeiri mənə yazmısan.
- Sevgi etirafı edənlər olur?
- Olur. İstəyirəm sizə maraqlı bir şey danışım. “Allahı sevsəydin” kitabım üç ay ərzində ərsəyə gəlib. Bu kitabda üç ay ərzində yazdığım şeirləri toplamışam. O sevgi şeirlərinin ünvanı bir idi. Uzun illər ibadətlə məşğul olmuşam, bu gün də namaz qılıram. Namaz qılmamışdan qabaq, günlərin bir günü rayondakı aynabəndli evimizdə bir topa işıq gördüm. Qapıdan çıxırdı işıq. Mənə sanki deyirdilər, o işığın dalınca get. Bunu kənddəki dindarlara danışdım, dedilər, heç kimə danışma bu barədə. İllər keçdi, Facebookda bir xanımla tanış olduq. Görüşəndə həmin işığı o xanımın gözlərində gördüm. İstər-istəməz gözlərimdən yaş axdı. O xanımla fiziki mənada, sevgi nöqteyi-nəzərindən aramızda heç nə olmayıb. Amma bütün o şeirlər həmin xanıma yazılıb. Bu, aramızda ilahi bir şey, Allahın lütfü idi. Sonra o xanımı tədbirlərdə də görəndə kövrəlirdim. O xanım mənim münasibətimi sevgi hissləri kimi qəbul elədi. Amma özünə bir neçə dəfə yazdım ki, burada fiziki yox, ruhani bir şey var. Xanımın da ailəsi-uşağı var, mənim də... Kitabın təqdimatında da çıxış elədi, amma heç kim bilmədi ki, bu həmin xanımdır. Şeirlər onun simasında yenə davam edir.
- Neçə kitabınız çıxıb?
- Səkkiz.
- Kitablarınız haqqında məqaləyə rast gəlməmişəm...
- Mənim yaradıcılığıma indiyədək lazımi diqqət yönəlməyib. Vaqif Yusifli kitablarım haqqında iki-üç yazı yazıb. Hesab edirəm ki, kifayət qədər təbliğ olunmamışam. Dövr təbliğatla ciddi şəkildə məşğul olmağı tələb edir. Elə bu müsahibələrin özü. İki-üçüncü müsahibəmdir bu... Düzdür, tanınıram, qəbul olunuram, amma özümü qane eləmir. Elə imzalar var ki, gözümüzə soxurlar. Sevilən şairlərimiz var, bitib-tükənib oturublar. Son zamanlar onların bir səhifə yazısı da çap olunmayıb.
- Niyə ad çəkmirsiz? Kimdən qorxursunuz?
- Mənim heç kimdən qorxub-çəkinəcəyim yoxdur. Həqiqət budur ki, o şairlərin imzaları görünmür. Görünür, tükənib oturublar. Mən kifayət qədər yazıram, amma təbliğatım getmir. Ola bilsin, burda abır-həyam da öz sözünü deyir, amma abır-həyanın da bir həddi olmalıdır.
- Bəlkə tənqidçilərə görüm-baxım eləmək lazımdır?
- Bu, mənim əxlaqıma sığan məsələ deyil. Mən belə şeyə əxlaqsızlıq kimi baxıram. Mən belə söhbətləri daha çox televiziyalar haqqında eşitmişəm ki, efirə çıxmaq üçün hörmət eləmək lazımdır. İndi əslində tərifçilər var, tənqidçilər yoxdur. Bu gün mən bir dənə normal tənqidçi görmürəm ki, oturub bir əsəri yüksək səviyyədə, sağlam tənqid etsin. Anarın “Göz muncuğu” əsərinin mürəkkəbi qurumamış 50 adam başladı yazı yazmağa. Müəyyən adamları atıb-tutub göyə qaldırırlar.
Bu kimdi təriflər yağır başına,
Alın tərifləri çaxın başına.
Belə qaldırmazlar dağın başına,
Belə gəzdirməzlər göynən adamı...
Adamları bu qədər göyə qaldırmaq olmaz da... Müəyyən imzaları gözümüzə soxublar. Üç-beş dənə şeirinin üstündə neçə illərdir oturan şairlər var. Onlardan yazırlar, amma mənim adımı çəkən yoxdur. Sovet dövründə heç olmasa ədəbiyyatda haqq-ədalət vardı. Çap olunmayanların çoxu doğru çap olunmurdu.
- Amma bayaq dediniz Sovet dövründə sizi də çap etmirdilər.
- Biz Sovet dövründə, şükür Allaha ki, həmişə seçilmişik. Öz gücümüzə harasa gəlib çıxmışıq.
- Ramiz Rövşənə, Vaqif Bayatlıya da şair deyirik, sizə də. Özünüzü narahat hiss etmirsiniz ki?
- Mənim narahatlığım elə bundandır. Mən onların adını çəkmək istəmirdim, amma siz çəkdiniz. Elə bu insanları nəzərdə tuturdum. Onlardan yazırlar, məndən yox. Ramiz Rövşən, Vaqif Bayatlı, Zakir Fəxri, Rüstəm Behrudi bir müsahibənin üstündə oturublar. Sevirəm onları, istəyirəm son zamanlar yazdıqları bir səhifə şeirlərini oxuyum, amma yoxdur, görmürəm. Bizim tənqidçilər də elə onları atıb-tutublar. Niyə, onlardan başqa şair yoxdur? Niyə Böyükxan Pərviz heç kimin yadına düşmür? Çox gözəl şair idi. Bu günlərdə rəhmətə gedən Dərviş Cavanşir çox gözəl şair idi, amma heç kim diqqət yetirmirdi. Halbuki Cavanşirin yazdıqları Ramiz Rövşənin yazdıqlarından kəm deyildi. Belə şeyləri görürəm, günahı özümdə axtarıram, deyirəm yəqin özüm nəsə eləməliyəm.
- Ümumiyyətlə, şeir yazmaqda məqsədiniz nədir?
- Sənin sualın ona bənzəyir ki, dindar adamdan soruşursan: sən niyə namaz qılırsan? Şeiri namaza yaxın bir şey hesab edirəm. Yazmaq daxili tələbatdır.
- “Hüseyn Cavid” ədəbi məclisi yaratmısınız. Yaxşı iş görmüsünüz təbii ki... Hüseyn Cavid ustaddır. Ədəbi məclisə məhz Hüseyn Cavidin adını verməyiniz nəylə bağlıdır?
- Dövlət səviyyəsində Cavidlə bağlı ciddi işlər görülsə də yaradıcı təşkilatlar passivdir. Ədəbi məclis məhz bu tələbatdan yaranıb. Çalışırıq ki, Cavid yaddan çıxmasın. Ədəbi məclisdə unudulan başqa şairləri də yada salacağıq. Məclis yarananda buna don geydirdilər. Təsis edəndə məclisdə naxçıvanlılar üstünlük təşkil edirdi. Ona görə sosial şəbəkələrdə don geyindirməyə çalışdılar, ancaq elə deyil. İlk tədbirimizdə də göründü ki, auditoriyada kimlər vardı. Növbəti görüşümüz Musa Yaqubla olacaq. Hüseyn Cavid bizim korifeylərimizdən biridir, belə qəbul edilməməlidir.
- Müsahibəyə başlamamışdan qabaq dediniz ki, şəxsi həyatınızla bağlı ağrılarınız var və bu ağrılardan da danışmaq istəyirsiz...
- Mən Bakıya gəlməyimi taleyimin ağrılı bir dövrü hesab edirəm. Bura gəlməzdim. Mədəniyyət şöbəsinin rəhbəri idim. Məni qəribə bir əmrlə işdən uzaqlaşdırdılar. Yazmışdılar ki, Kəmaləddin Qədim məzuniyyətə çıxmış və bir daha geri qayıtmamışdır. Sonra evimi əlimdən aldılar. Məhkəmə torpağın şəhadətnaməsini bizim iştirakımız olmadan ləğv etmişdi. Mən əslində ora qeydiyyatdayam, amma evim əlimdən alınıb. Belə çıxır ki, əslində havada qeydiyyatdayam. Faciədir mənim üçün, dədə-baba torpağımın əlimdən alınması. Biz o torpaqları qorumaq üçün hər şeyimizi vermişik, mən orda döyüşlərin təşkilatçılarından olmuşam. Amma bizi orda yaşamağa qoymadılar, evimizi dağıtdılar, əlyazmalarımı ağlaya-ağlaya otun-ələfin içindən yığıb gətirmişəm.
Bu gün məni narahat edən məsələlərdən biri də budur ki, Naxçıvanda, tutaq ki, ata ölür, övladları Bakıda yaşadığına görə, onu gətirib burda basdırırlar. Artıq burda bizim qəbiristanlığımız yaranıb. Mənə görə, bu, çox böyük faciədir. Bunları düşünəndə yazı, kitab da gözümə gəlmir. Beş dənə adam bura gəlməsin deyə ölünü bura gətirirlər.
- Həyatdan nə istəyirsiz?
- Həyatdan niyə bir şey istəyim? Həyat nədir ki. Tanrıdan nəsə istəyə bilərəm. Həyat mənim üçün ünvan deyil. Yaradandan isə çox şey istəyirəm. Amma ən çox istədiyim imanlı, abırlı, əxlaqlı qalmaqdır.