Çiçək üçün erotik şeir yazan qəzəlxan

Çiçək üçün erotik şeir yazan qəzəlxan
22 noyabr 2013
# 09:00

“Qaz idarəsinin əvvəlki rəisi şeiri, qəzəli başa düşən adam idi. İndiki rəis isə bir az cavandır. Belə şeylərə çox əhəmiyyət vermir. Yaxşı olar ki, siz onun telefonunu tapıb onunla danışasınız. Bilsinlər ki, belə bir insan, qəzəlxan var da”.

Keçən yazımızda ondan danışacağımız barədə anons vermişdik. Mövlan Şahid qaz idarəsində işləməsini söyləyəndən, qazı yandırandan sonra söhbətini yuxarıdakı fikirlərlə davam etdirir.

Qaz idarəsi rəisinin ona münasibətindən danışan qəzəlxan deyir ki, insana verilən dəyər ona olan münasibətdir: “İnsanın insana qarşı olan münasibəti onun kimliyindən və əks tərəfin də kimliyindən bəllidir. Üzr istəyirəm bu ifadəyə görə, şair olan, o həyatı dərk edən insan sənə müraciət edə, qayğı göstərə bilər. O aləmdən xəbəri olmayan adam sənə necə müraciət edə və yaxud hörmət edə bilər?”

Həmsöhbətimizin sözlərinə görə, 1965-ci ildə Xaçmaz rayonunun Mürşüdoba kəndində, fəhlə ailəsində anadan olub. Orta təhsillidir. Əsgərliyini Rusiyanın Vladivostok şəhərində çəkib. Qayıdıb gələndən sonra Ceyranbatan qəsəbəsində qaynaqçı sənətinə yiyələnib. Bundan sonra müxtəlif təşkilatlarda işləyib. Hazırda Xaçmaz Qaz İstismar İdarəsində qaynaqçı işləyir.

Qəzəl yazmağa başlamağının maraqlı tarixçəsi var: “1992-ci ildə qardaşım Zəngilanın Seyidlər kəndində yaralanmışdı. Dörd-beş ay onun yanında qaldım. Bundan başqa 7-8 yaralıya da baxırdım, onlardan dünyasını dəyişənlər də var, Allah axirət halallıqlarını versin. Noyabr ayında qardaşım sağaldı gəldi. Gecə saat 3-4 olardı, yerimdən durdum, gördüm tamam başqa aləmdəyəm. Bir stəkan çay süzdüm, gördüm nəsə yazıram. Yazdım və yoldaşımı yuxudan oyatdım ki, belə bir şey yazmışam. Sonra ağladım. Arvadım dedi, a kişi, sənə nolub?

Qəzəl yazmağım belə başladı. Birinci dinləyicim həyat yoldaşımdır. Artıq onu ədəbiyyatçı eləmişəm, birinci misradan nə demək istədiyimi tutur. Bəyənməsə onun fikri ilə razılaşıram. Amma yazıları cırıb-atmıram, saxlayıram. Fəlsəfi və elmi surələrlə yazdığım qəzəllərim var. Mümkün deyil ki, gecə saat ikidə-üçdə gələn beyti geri qaytarım. Şeir yazmaq mənim əlimdə su içmək kimi bir şeydir. Üzr istəyirəm, istəyirsiz bu dəqiqə sizin yanınızda 6-7 bənd şeir yazım. Mən mütləq qəzəl yazmalıyam kimi bir şey düşünə bilmirəm. Sərbəst şeirlər də yazıram. Hərdən toylarda da qəzəl deyirəm”.

Mövlan Şahid 1994-cü ildə qəzəllərini şair Şahmar Əkbərzadəyə təqdim edib: “Şahmar Əkbərzadənin qəbulunda oldum. Onun yanında başqa adamlar da vardı. Mənə çoxlu suallar verdilər. Lap axırda dedilər ki, ədəbiyyatda olan 29 hərfin hər birinin mənasını deyə bilərsənmi? Tutuldum. Az sonra sanki ilahidən bir vəhy gəldi, qürur hissi məni bürüdü. Dedim, mənə 5-10 dəqiqə icazə verin, balkona çıxım. Onda siqaret çəkirdim, bir siqaret çəkib qayıtdım, qardaşım da yanımda idi. Dedim, icazə verin deyim. Dedilər, de. Yarıya qədər dedim, təəccübləndilər. Dedilər, qalanını da de. Onda gördüm ki, Şahmar Əkbərzadə stolun altında nəyisə “kulçat” elədi. Onda saxladım, dedim demirəm daha. Soruşdular ki, niyə demirsən? Dedim, yazdıqlarımı tam dərk eləməmişəm axı. Sonralar yazdıqlarımı, sözlərin mənasını öyrənib gördüm ki, təhlükəli deyil, demək olarmış”.

Qəzəlxanın ən çox bəyəndiyi şairlər Füzuli, Nəsimidir: “Ancaq onların konkret hansı qəzəlini bəyəndiyimi deyə bilməyəcəyəm. Əzbər yadımda saxlaya bilmirəm, deyə bilmərəm. Nəsimini oxuyanda dəyişirəm, Nəsimiləşirəm. Yazılarımda da görürsünüz ki, hürufilik var. Məni hürufi saymaq olar”.

Mövlan Şahid deyir ki, qəzəl yazandan sonra danışığında dəyişiklik olub: “İstər-istəməz saitləri uzadıram. Bu yola girəndən dilim artıq sınıb. Görürsən yeyib-içirik, birdən təbi gəlir, başlayıram qəzəli bədahətən deməyə. Uşaqlar deyirlər ki, Mövlan bir dayan da. Amma dayanmaq olmur. Deyirəm və əhval-ruhiyyəni tamam dəyişirəm. Qəzəllərimi məclislərdə oxumaq üçün heç kimə verməmişəm. Belə bir imkanım yoxdur”.

O, 2010-cu ildə Buzovnada qəzəl festivalında iştirak edib: “Buzovnalı Hacı Arif bəyan elədi ki, Buzovnada qəzəlxanlarla görüş keçiriləcək, kim istəyirsə gəlsin. Durub getdim Buzovnaya. İlqar Fəhmi və Hacı Ariflə gözəl söhbətimiz oldu. Mən gördüm ki, Hacı Arifin mənə olan münasibəti tamam dəyişdi”.

Mövlan Şahin ərəb-fars dilinə çox müraciət etmir: “Sözü nəinki dərk etmək, görmək lazımdır. Bir gözəl qəzəlim var:

Söz canlı libasdır, onu tək toyda geyərlər,

Şahlar libası tək onu tac-taxtda geyərlər.

Sözə ən yüksək qiymət qəzəldədir”.

Onun erotik şeirləri də var. Bu barədə özündən soruşanda nədənsə özünü gülməkdən saxlaya bilmir. Bizə “Nə gözəl mövzuya toxundunuz” deyir. Baba olsa da bu yaşda erotik qəzəllər yazmağı problem hesab etmir. Həyat yoldaşının onun erotik qəzəllər yazmasından xəbəri yoxdur. Deyir, xəbəri olsa da problem olmaz: “Bu boyda dəftərin içinə bir dənə erotik qəzəl düşməsin?”

Bizə belə qəzəllərindən birini oxuyur, qəzəldə şeiri həsr elədiyi xanımın adını da çəkir: Çiçək.

“Qəzəl yazanlar dindar olur adətən. Sizin dinə münasibətiniz necədir?” sualına cavabı isə belə olur: “Müqəddəs kitablar insanları dinə yox, insanlığa çağırır. İnsanlıq aləmində din münasibəti olmamalıdır. İlahi “Quran”ı tək müsəlmanlar üçün yox, bəşəriyyət üçün göndərib. Müqəddəs kitabları düzgün tətbiq etsəydilər, insanlara çatdırsaydılar, and verirəm Allaha ki, bu gün bu müharibələr, qırğınlar olmazdı. Bütün dünyada gedən müharibələr dini müharibələrdir”.

Quranda şairlər haqqında olan məşhur ayəni - “Şairlərin arxasınca gedənlər yolunu azanlardır” - onun nəzərinə çatdırırıq. Şair isə iddia edir ki, Quranda belə şey ola bilməz: “Şairlər heç vaxt insanları əyri yola cəlb eləməzlər”.

İçkiyə münasibəti isə bu cürdür: “Hərdən araq içirəm. Müsəlman kimi doğulmuşuq da. Haram bilirsən nədir? Həyatda haram əyri danışmaq, düzgün baxmamaq, nəyisə artıq qəbul etməkdir.

Əstəğfurullah, mənim hələ yadıma gəlmir ki, içkili, hallanmış halda qəzəl yazım. Allaha and olsun ki, siqareti bu gün başladım çəkməyə. Bir az damaqlarımda nasazlıq var, ona görə əsəbilik çoxdur. Mən siqareti beş aydır ki, atmışdım.

Hər bir insanın həyata baxış mövqeyi var. Əliağa Vahid içib yazıb, bu, insan kimi onun öz mövqeyidir. Ancaq mən onun içməyinə doğru baxmıram. Onun xarakterini qəbul etmirəm. Ancaq şair kimi Əliağa Vahidə səcdə edirəm. Nə bilirik ki, bəlkə ondan əvvəlki şairlərimiz Vahiddən də betər olublar”.

Bütün bunlar bir yana... Ürəkağrıdıcı məqam o oldu ki, Mövlan Şahid qaz idarəsi rəisi ilə qəzəl barəsində danışacağımıza, onu tapşıracağımıza inandı.

# 6418 dəfə oxunub

Müəllifin son yazıları

# # #