Bu gün Xalq şairi Xəlil Rzanın doğum gündür. Kulis.az bu münasibətlə “Günün şeiri” layihəsindən şairin cənub mövzusunda yazdığı “O sahildə, bu sahildə” şeirini təqdim edir.
Gürşad tökdü, tufan oldu,
Araz daşdı, ümman oldu.
Qayaları al qan oldu,
O sahildə, bu sahildə.
Ölkə yandı, vətən yandı,
Qızıl pul tək xırdalandı.
Dövlət getdi, var talandı,
O sahildə, bu sahildə.
"Şəbi-hicran yanar canım,
Tökər qan çeşmi-giryanım,
Oyadar xəlqi əfqanım"
O sahildə, bu sahildə.
Bir-birindən cida düşdük,
Diri gözlü oda düşdük.
Biz yadlara neyləmişdik?!
O sahildə, bu sahildə!
Ürək dustaq, Vətən məhbəs,
Hanı Babək, Cavanşir bəs?
Həyat bu cür qala bilməz
O sahildə, bu sahildə!
Nə həsrət, nə hicran olsun,
Vahid Azərbaycan olsun!
Qoy birləşsin, bir can olsun
O sahil də, bu sahil də!