Görkəmli şairdən ŞOK İTTİHAMLAR

Görkəmli şairdən <span style="color:red;">ŞOK İTTİHAMLAR
27 avqust 2014
# 08:30

Kulis.az görkəmli şair İsa İsmayılzadənin indiyədək heç bir yerdə dərc olunmamış xatirələrini dərc edir. Xatirələri redaksiyamıza tanınmış yazıçı-tərcüməçi Nəriman Əbdülrəhmanlı təqdim edib.

“Anarın, Əkrəmin, Famil Mehdinin dönüklüyü...”-Məşhur şairin xatirələri

1 Fevral – 1989

Səhər «Kommunist» mətbəəsinə getdim, 3-cü nömrəmiz üçün yazdığım «Oyan, torpağım, oyan» məqaləsini (heyf, nə qədər təkid elədisə, imza qoymağa Yusif razılıq vermədi, «qoy redaksiya adından getsin» - dedi) texredaktorumuz Tofiq Mahmudova çatdırdım. Sonra redaksiyaya getməliyəm (4-cü nömrənin yazılarını mətbəəyə göndərməliyik).

Saat 12-də İncəsənət İnstitutunun rektoru Teymurçin Əfəndiyevlə görüşməliyik (Fərhadın işi ilə bağlı).

Dediyim vaxtda, yağışlı bir gündə İncəsənət İnstitutuna, rektorun yanına gedirik.

Teymurçin bizi hörmətlə qarşılayır. Söz verir ki, Fərhad (Heydərov), mənim bacanağım, Tallin Dövlət İncəsənət İnstitutunu bitirib gələndən sonra ona kömək eləyəcək, bəlkə də bura laborant götürəcək. Görək… Sonra Fərhad Tallində, azərbaycanlıların yaratdığı «Ocaq» cəmiyyətindən danışır, emblemini göstərir. Teymurçin deyir ki, İnstitutun müəllimlərindən kimsə satqınlıq eləyib. Donos yazıb ki, buranın tələbələri, müəllimləri nümayiş vaxtı çox fəal olublar, nümayişçilərə hətta pul yığılıb verilib. Komissiya (hərbi!) yoxlayıb, sübut olunmayıb. bu da bizim ali məktəb müəllimimizin «ləyaqəti!». Adam onun yerinə xəcalət çəkir.

Bir də dedi ki, nümayiş günlərində tez-tez MK-ya baş çəkən meydanda görünən (rəyasət heyətində!), iki «cəbhəyə» işləyən ziyalılarımızı çox görüb… Heyf, o böyük, gözəl xalq hərəkatının satqın liderləri də oldu. Xalq bundan sonra ziyalılarımıza necə inanacaq? Aydın Məmmədov vəzifə tutmaq üçün (onu Tərcümə və Ədəbi Əlaqələr Mərkəzinə direktor qoydular) «bacardığını» elədi. Vəzirova ona bir görüşdə deyib ki, «вы нам хорошо помогли» (!). bu vəzifə veriləndə Aydın bir xahişini də bildirib: «Я энергичный человек, разрешите мне воити одновременно и работу зам главного редактора журнала «Советская тюркология» (на пол ставку)». Deyəsən, razılıq verilib.

Meydanda tribunadan qışqıran, artistlik eləyən bəzi artistlərə (Mikayıl Mirzəyev, Nurəddin Mehdixanlı…), şairlərə də ənam olaraq gözəl bir binada – 14-cü aşırım (Pereval) küçəsində ev verildi.

Bizim dostumuz, həqiqi vətənpərvərimiz Sabir Rüstəmxanlı özünü ləyaqətlə aparanlardan biri idi. Amma o da Cəmil Əlibəyova həsr olunmuş verilişi aparmaq üçün məmnuniyyətlə razı olmuşdu. Elə sözü (verilişdə) bu oldu: uşaqlıqdan əsərlərini sevə-sevə oxuduğumuz Cəmil Əlibəyov… Saxla burda, Sabir! Yaraşmaz sənə! Bu, özünü qorumaq yolu deyil, özünü gözdən salmaq yoludur!

Fevralın 3-

Jurnalımızın müəllifi Şərif Sultanovla görüşürük. Sonra Kamal Talıbzadə redaksiyaya gəlir (1-ci nömrədə onun Əhməd Ağaoğlu (Əhməd bəy Ağayev) haqda geniş məqaləsi, bir də Ağaoğlunun öz məqaləsi verilir).

Fevralın 4-ü yadımda qaldı:

Ömrümdə birinci dəfə (yaşım az qala əlliyə çatsa da) elçiliyə getdim. Əvvəlcə Camal müəllimə (Mustafayevə) zəng vurduq, o, Gürcüstana, yas yerinə gedəsi oldu. Dostum, xeyir işlərin yaraşığı Fərman Kərimzadəyə zəng vurdum-həvəslə razılıq verdi…

Axşam saat 6-da görüşməyə vədələşdik. Sən demə, o gündüzdən iki qonaqlıqda-rəssam dostumuz Məmməd Şirzadovun yanında və polkovnik Həmid Cəfərovun görüşündə olub… Kefi kök, Damağı çağ idi…

…Dostum, gözəl cavan şairimiz Telman Nəzərli axır ki, 32 yaşımda evlənmək fikrinə düşdü. Onun elçiliyinə gedirik.

Atası Əyyub kişi, böyük qardaşı bizi gözləyir…

Elçilik çox yaxşı keçdi. Qız evi gözəl süfrə açmışdı. Qızın anasının xalası oğlu, Azərb. EA-nın vitse-prezidenti Orxan Ələkbərov da gəlmişdi. Elmimizin dərdlərindən, geriliyimizin səbəblərindən xeyli danışırıq. Səbəblər çoxdur: yaşlı nəslin istedadlı cavanlara qayğı göstərməməsi; elmin ideala çevrilməməsi; yaşayış vasitəsi olması; Moskvada, bəzi elmi dairələrdə bizə soyuq münasibət göstərilməsi və s…

Maşın tutub Fərmanı evlərinə ötürürəm. Şoferimiz cavan rus oğlan (sonra bilindi) bizim dildə təmiz danışır. Fərman elə hey deyir ki, yox, sən rus deyilsən… mən də deyirəm ki, buna sevinmək lazımdır: kaş bütün Bakıda yaşayan qeyri millətlər bizim dili beləcə biləydilər… Eh, niyə «qeyri millətlər», kaş elə özümüzün vəzifəpərəstlərimiz!... Dilimizə yuxarıdan baxan yalançı aristokratlarımız (Fikrət Sadıq yaxşı deyir: atistokratlarımız!)!...

Fevralın 6-da

Jurnalist Nəriman Əbdülrəhmanlıyla görüşdüm. dedim ki, «Sovet Gürcüstan»ına müsahibə verməliyəm…

Fevralın 9-da

Saat 3-də MK-da Həsən Həsənovun yanında oldum. Ev məsələsi ilə bağlı Baksovetin sədri Qaraqaşlıya zəng vurdu, tapmadı. sonra başqa dərdlərimizdən danışdım: Tbilisidə M.F.Axundovun ev muzeyini ləğv eləyiblər, onu gürcü-Azərbaycan dostluq evinə çevirirlər… Niyə belə bir evi Axundovun yaşadığı mənzil hesabına təsis eləyirlər? Qaxda gürcü kilsəsi tikiləcək, razılığı alınıb. yarım milyondan çox azərbaycanlının yaşadığı Gürcüstanda, bir dənə də olsun, məscid yoxdur, amma Qaxda üç balaca gürcü kəndindən (hələ onların gürcülüyü sual altındadır) ötrü kilsə tikirlər. belə ədalətsizlik olarmı? Kimdir günahkar? Yenə biz! özümüz!

Bu gün saat 1-də poeziya şurasının iclası oldu. İstedadlı cavan şairlərdən Telman Nəzərli (zəmanət verənlərdən biri mənəm), Sahib Axundov (ilk şerlərinin «Ədəbiyyat və incəsənət» qəzetində 70-ci illərdə çap olunmasına kömək eləmişəm), Avdı Qoşqarın (gözəl şairdir) və Həsən Meracın İttifaqa üzv olmasına səs veririk.

Bu qeydləri yaza-yaza saata baxıram: gecə saat birin yarısıdır. birdən… pəncərənin o üzündə, küçəmizdə tank uğultusu eşidirəm. axır aylar bu uğultulara elə alışmışam ki…

Saat 2-də İttifaqda daha bir yığıncaq – cənublu qardaşlarımız, Təbrizdən gəlmiş Mənuçövr Əzizi və Məhəmməd Əmiri ilə görüş. Görüşü giriş sözü ilə Balaş Azəroğlu açdı. Sonra söz Mənuçöhrə verildi. o, dedi ki, «Vətən» cəmiyyəti xəttilə gəlmişik. Amma mən bunu yuxuda görsəm də inanmazdım… 52 yaşım var, ərdəbilliyəm, 27 il əvvəl Təbrizə köçmüşük. Ömrümün 20 ilini Təbrizdə Azərbaycan radiosunda keçirmişəm, həm diktor, həm də rejissor kimi. o taylı, bu taylı şerimizi yaymışam - 7 kaset vasitəsilə. buna görə 4 ay doqquz gün həbsdə yatmışam. İran inqilabından sonra (respublika yaranandan sonra) yenə başlamışam. İslam respublikası da məni həbs elədi, işdən də çıxardılar. 5-6 il əvvəl musiqi alətlərimizi yığıb od vurdular, yandırdılar. 9 musiqi alətimiz haqda şeir yazdım. kasetdə 4 ay əvvəl Bakıya göndərmişəm, «Vətən» cəmiyyətinə, amma hələ çatmayıb.

Çox təəssüf ki, ikinci qonağa, cavan oğlana söz veriləndə mən Natəvan klubundan qalxası oldum: saat 3-də məni H.Həsənov gözləyirdi…

Fevralın 10-da

Elçin yeni romanını – «Ölüm hökmünü» (24 çap vərəqi həcmində) mənə göndərdi. Oxumağa başladım. Çox gözəl gedir.

Axşam «Bakı-İcevan» qatarı ilə Qazağa yola düşürəm – Əziz dostum İsrail Mustafayevin ilinə… Onun əmisi oğlu Arif Mustafayevlə bir yerdə gedirik. Səhər tezdən çatırıq. Sulu qar yağır. Taksiyə minirik. Əvvəl Qazağa, onun qaynanasıgilə qonaq gedirik. cəfərliyə, İsrailgilin kəndinə yola düşürük. dünən səhər, ayın 10-da İsmayıl Şıxlı məni çox axtarır ki, bir yerdə - Qabil, o, bir də mən onun maşını ilə gedək. telefonumuz işləmədiyindən məni tapmırlar… bu da İsrailin mərmər baş daşı… hər üzündə bir şəkli-torpaqdan mərmərə dönüb… heyf, bir nəfər belə iş yoldaşını-İnstitut (APİ) müəllimini görmürəm. Kimdən utanacaqlar axı, İsraillə üz-üzə gəlməyəcəklər…

Yaxşı ki, Qabil müəllim zarafatından qalmır… Axşam həmin qatarla qayıdırıq.

Fevralın 11-

Axır ki, Həsən Həsənov Qaraqaşlı ilə danışa bildi. Amma necə danışdı! Mən də iş yerimdə telefona qulaq asırdım (onlar «hökumət» telefonu ilə danışırdılar). həsən müəllim mənim «ev almağım» haqda bildiyini ona deyəndə Qaraqaşlı təəccübləndi – guya Anar bu haqda ona heç nə deməyib, heç nə xahiş eləməyib. Halbuki, Anar öz kabinetindən, mənim yanımda ona zəng vurmuşdu. Qaraqaşlı iki ayağını bir başmağa dirəyib dedi ki, yox, mənə heç nə deməyib… Bu da başıma gələn ikinci oyun! (Birincisi–Guya Baksovetin qərarı ilə ev «verilməsi» xəbəri, təbriklər və s.).

Sonra Qaraqaşlı dedi ki, iki yazıçı evi boşalır – Elçinə, Maqsud İbrahimbəyova MK-nın yeni yaşayış binasında mənzil verilir. Elçinin H.Hacıyev küçəsindəki evi İsi Məlikzadəyə verildi (S.Sərxanlı bunu bilən kimi bir üzü Moskvaya, bir üzü Baksovetə, biri MK-ya, biri də Yazıçılar İttifaqına göndərilməklə şikayət teleqrammı vurdu, mən də bunun üstündə Səyavuşa narazılığımı bildirdim). Məlum oldu ki, Maqsudun evi kooperativ imiş – guya Qaraqaşlı bunu da bilmirmiş!

Fevralın 13-

Nəriman Əbdülrəhmanlıyla redaksiyamızda yenə görüşürük. müsahibəyə cavablarımı oxuyub bəyənir. Amma mən yaman nigaranam. Bilmirəm ordakı fikirlər çoxmu, azmı ixtisar olunacaq.

Çalışdım ki, Gürcüstan azərbaycanlılarının qayğılarından, ehtiyaclarından, orda yaşayan cavan, istedadlı yazıçıların vəziyyətindən geniş söhbət açam… Deyəsən, yaxşı alınıb, amma görək necə çap olunacaq.

Fevralın 17-də

Elçinin romanını oxuyub qurtarıram. çox xoşuma gəldi. Repressiya illərinin faciəsi, durğunluq illərinin mənəvi ağrıları yaxşı verilib. gözlənilməz psixoloji dönümlər, bir sıra obrazlar məni yaxşı mənada heyrətləndirdi. zəng vurub təbrik elədim. sevindi dedi ki, respublikada zövqünə inandığım, 5 adam varsa, biri də sənsən. İstərdim ön söz yazasan… Dedim ki, əgər kitabın redaktoru mən olacağamsa, onda öz söz yazmaq olmaz. söhbətimiz belə qurtardı. Əsər haqda iradlarımı özü ilə görüşəndə deyəcəyəm, odur ki, telefonla bu barədə danışmağa dəyməzdi.

Bu gün Anarın qayınanasının yeddisinə yığışıb gedirik. Qəbir üstünə baş çəkirik (Abbas, S.Azəri, Adil Hacıyev və mən).

…Səhər «Kommunist» nəşriyyatına dəydim. «Ulduz» jurnalında (2-ci nömrə) çap olunan şerlərimin korrekturasını oxudum. «Kürsülər yenə də düzlükdən deyir» (30-cu illərin depressiya qurbanlarına həsr olunub). şerimin Qlavlitdə ilişəcəyəindən qorxurdum, şükür, yaxşı keçib.

…O şer yox, bizim jurnalımızın 1-ci nömrəsi bir həftədir ki, Qlavlitə görə ilişib qalıb. C.Əliyarovun Dağlıq Qarabağla bağlı (xarici jurnal səhifələrində verilmiş materiallara cavab) yazısı Qlavlit rəhbərliyinin xoşuna gəlməyib, daha doğrusu, kiminsə xoşuna gəlməyəcəyindən ehtiyat edirlər. MK-dan hələ ki, cavab yoxdur. Görək nə olacaq.

19 fevral

Gecə saat 130… televizorda qadınların mini-futbol üzrə (!) Ümumittifaq turnirinin final oyununu verirlər. Deyəsən, qadınlar kişiləri bütün sahələrdə sıxışdırmaq istəyirlər.

Axşamdan Moskva proqrammı ilə Y.Yevtuşenkonun poeziya axşamını verdilər. İlahi, şeri necə oxuyarlar, şerlə necə yaşayarlar! Heç bir bədii qiraət bu şairlə Şer oxumaq yarışına girişə bilməz. Yenə də fikirləşirəm: Yevtuşenkoda şairlikmi güclüdür, artistlikmi? Məncə artistlik… Çox sevdiyim, amma vaxtilə əlləşib tərcümə eləyə bilmədiyim (formasına görə) «Два города» şerini oxuyarkən, Salona, camaatın arasına düşdü, son dərəcə gözəl alındı. qibtə eləyirəm: niyə biz belə oxuya bilmirik?...

Fevralın 20-

Universitetin professoru, vətəndaş qeyrətli alimimiz Süleyman Əliyarovla redaksiyada görüşdük. O da çox nigarandır: 10 gündür ki, jurnalımızın birinci nömrəsinin çapı dayandırılıb – Qlavlit icazə vermir. S.Əliyarovun məqaləsinə görə… Bizim düşmənlərimiz indi də xarici mətbuat səhifələrindən bizə böhtanlar yağdırır, dünya ictimaiyyətini aldadır, bizi pis vəziyyətdə qoyurlar. (Dağlıq Qarabağla bağlı) Bu məsələlər S.Əliyarovun məqaləsində çox əsaslı şəkildə qoyulub. süleyman müəllimin xahişilə Yusifə (Səmədoğlu) zəng vururam. Vədələşib Yazıçılar İttifaqında, Əkrəmin (Əylislinin) yanında görüşürük. yusif ideologiya üzrə MK-nın katibi R.Zeynalovla çox sərt danışıb, icazə verilməsə, SSRİ Qlavlitinin rəisi Boldırevə teleqram vuracağını bildirib. O, da deyib ki, etiraz eləmirəm, qoy Xeyrulla Əliyev oxusun. Materialı X.Əliyevə çatdırarıq. Yağışlı, tutqun bir gündə hamımızın qanı qaralıb. Süleyman müəllimin yanındaca, Əkrəmin kabinetindən Yusif Xeyrulla müəllimlə danışır:

-Nə olur-olsun, çap eləmək fikrindəyəm, bir addım da geri döndü yoxdur. Əgər geri çəkilsək, hər şey qurtarır, Qlavlit bizi işləməyə qoymayacaq.

Süleyman müəllim öz maşınında məni evimizə çatdırır. Yolboyu Yusifin bir vətəndaş kimi, ziyalı kimi hərəkətini dönə-dönə alqışlayır.

Bir əhvalat danışır:

-1987-ci ilin noyabrında, hələ «Qarabağ problemi» gizli həll olunmaqda ikən, Kamran Bağırov (MK-nın I katibi) Bəxtiyar Vahabzadəni öz yanına çağırır və deyir ki, Dağlıq Qarabağ əldən getmək üzrədir, mənim gücüm çatmır, nə bacarırsınız-eləyin…

Bir gün sonra bir dəstə ziyalı bir yerə yığışdıq, plan tökdük. Bir neçə material hazırladıq, mənimki bəyənildi. Göndərdik Moskvaya… Bunun sədasını Yusif müəllim eşitdi; dedi ki, o materialı bizə çatdır. Mən də çatdırdım. Beləcə, onun əsasında sizin jurnalın 1988-ci il fevral nömrəsində Bəxtiyar müəllim və mənim imzamla o material çap olundu (Tofiq Rüstəmovun tərcüməsində)

… Mən Yusif müəllimə o vaxtdan heyran qalmışam. Bu, belə də olmalı idi…

21 fevral

bu gün xoş xəbər eşitdik: Xeyrulla müəllim İntiqama (Qasımzadəyə) zəng vurub deyib ki, o materialın çapına icazə veririk, yaxşıdır. İntiqam cavabında deyir:

- Xeyrulla müəllim, Qarabağ məsələsində bütün mətbuat orqanlarımız susdurulub, təkcə biz qalmışıq. çox sağ olun ki, bizə dayaq olursunuz.

X.Əliyev (zarafatla):

- Deyəsən, axırda jurnal məni bada verəcək, - deyir…

Dünən Qlavlitin nümayəndəsi demişdi ki, II nömrəmizdəki məqalə də («İvane Cavaxişvilinin arxivi»ndən yazısında erməni ekstremistlərinin Gürcüstan, o cümlədən Borçalı torpaqlarına «yiyə durmaq ehtirasından, bu yolda müxtəlif avantüralara əl atmasından danışılır. Materiala «Lideraduruli Sapartvelo» («Ədəbi Gürcüstan») qəzetindən Dilarə Əliyeva tərcümə eləyib, ön söz yazıb redaksiyaya təqdim etmişdi. Eşq olsun bu qeyrətli qadına!). MK-da oxunacaq. Xeyrulla müəllim telefonda (Yusif və mən) dilə tutduq: bu yazı tərcümədi, bizə dəxli yoxdu (dəxli çox olsa da!), gürcülər çap eləyiblər…

O da razılıq verdi:

- Çap eləyin, halalınız olsun! Beləliklə, bir gündə iki nömrənin taleyi həll olundu, özü də bizim xeyrimizə! Bir-birimizi təbrik elədik, sevindik doyunca…

Bu yazıların (ikisi də bir-birindən qalmazdı) necə səs salacağını indidən görürəm. Qeyrətli ziyalılarımız «Azərbaycan» kimi jurnalımız olmasaydı, axırımız nə olardı, ilahi…

Ələkbər gəlib çıxdı. Əhvalatı ona danışdım, sevindi. Cəld götürüb «İvane Cavaxişvilinin arxivindən yazısını (Qlavlit variantı stolun üstə idi) oxudu, çox xoşuna gəldi.

Xeyrulla müəllimə zəng vurub təşəkkür elədim.

Sonra Qlavlitin nümayəndəsi Rafiq İmanova zəng vurdum, dedim ki, çapına razılıq verildi. Çox təəccübləndi, deyəsən, tutuldu.

- Hə olar… göndərin, möhür vuraq…

Küçəyə çıxdım, mənə elə gəlirdi ki, hamı məni təbrik eləməlidir, göz aydınlığı verməlidir…

Ev məsələsi ilə bağlı Həsən həsənovla danışdım, o da telefonu götürüb Baksovetin birinci müavini Semyonovla danışdı.

Semyonov dedi ki, biz Anara söz-möz verməmişik…

Pərt olsam da, bu gün gözəl gündür!

24 Fevral 1989

Yox, deyəsən biz deyən olmadı: bu gün Qlavlitin nümayəndəsi Rafiq İmanov zəng vurub dedi ki, rəisimiz İldırımzadə Moskvadan gələn kimi jurnalımızın ikinci-fevral nömrəsindəki materialı oxudu («İvane Cavaxişvilinin arxivindən») və qəti etirazını bildirdi; MK katibi R.Zeynalov yazını oxuyub razılıq verməyinizə çap eləmək olmaz… Yenə ilişdik. Ümumittifaq mətbuatında bir-birindən sərt (elə bil bəhsəbəhsdi!) yazılır çıxır, baxa-baxa qalırsan, bizdə isə… Adını çəkdiyim yazı Gürcüstanda («Lideradurum Sapartvelo» qəzetində çıxıb) Qlavlitdən keçib, burda isə «asanca» ilişir.

Yusifə (S.) zəng vurub xəbər verdim, o da pərt oldu, həm də qəzəbləndi.

25 fevral – 1989

Qonşum, yaxın dostum Xasayla maşına əyləşib Yazıçılar İttifaqının Dərnəgüldə (küçəsinin adını bilmirəm, tikdirdiyi yeni binaya baxmağa getdik, mərtəbələri gəzdik, heç cür bir fikrə gələ bilmirəm-axı, üç otaqlı mənzillə mənim yaram sağalmır…

Şəhərə çıxmaq istəyirəm; bağdan ötrü bəzi şeylər almalıyam. Yolda, «Elmlər Akademiyası» metrosunun qabağında cavan şair («cavan» deyəndə, yaşı 30-u keçib, «uzunömürlülər ölkəsində» - Azərbaycanda az qala 50 yaşına çatana kimi «cavan» damğası üstümüzdən əskik olmur) Lətif Ənnağıyevə rast gəldim. Piyada yola düşdük. Əzizbəyovun heykəlinə sarı (nərimanov prospekti ilə). Elə yoldaca mənə, dayanmadan təzə şerimi oxumağa başladı; mən belə «hoqqalara» alışmamışam, yoldan ötənlərdən utana-utana (onun əvəzinə!) qulaq asıram. Şeri atüstü hiss eləmək çətin olsa da, aydın oldu ki, Lətif ağrısı olan şairdir. İllərlə sıxıntı içində yaşaya-yaşaya (bu yaşda hələ nə evi var, nə evlənə bilir, nə şəhərə qeydiyyatı var, özü də işləmir), sıxıla-sıxıla hisslərinə-duyğularına bir ağrı-acı çöküb ki, gəl görəsən! Mənim aləmimdə əsil sənət ağrıdan yaranır, sevincdən, xoşbəxtlikdən, toxluqdan, harınlıqdan – yox!.. ona ürək-dirək verirəm; deyirəm ki, hamımız sən keçən yolu keçmişik, mən də 34 yaşına kimi ev ala bilməmişəm, 32 yaşımda evlənmişəm. Sonra onu danlayıram ki, niyə «Sovet Gürcüstan»ında redaktorla, işçilərlə yola getmədin ki, axırı belə oldu?

O da mənə beləcə bir sual verir:

- Bəs niyə siz 25 il bundan qabaq, səhv eləmədinsə, 1963-cü ildən 64-cü ilədək orada güclə qala bildiniz?

- Çünki mənə iş vermədilər, ştatsız işləyirdim mən orda…

- Bax, inanın ki, yenə də sizin orda qoyub gəldiyiniz atmosfer qalır! Heç nə dəyişməyib-təkcə bəzi işçilər dəyişib!

Mən məəttəl qaldım; doğrudan da, o vaxt orda nadanlıq, qaraguruh hökm sürürdü, mən hər təzə şerimi oxuyub bəzən bir səhifəsinə 7-8, 10 sual işarəsi qoyurdular. O vaxt qərara aldım ki, orda qalıb işləyə bilmərəm. Hə yaxşı ki, mənə ştat vermədilər, yoxsa ilişə bilərəm. Elə ona görə də qardaşlarımı, ata-anamı aldatdım ki, mən Bakıya aspiranturada oxumağa gedirəm, alim olacağam. İnandılar, mənə icazə verdilər…

Sonra Arif Mustafazadənin, gözəl şair son vaxta kimi qəzetin redaksiyasında korrektor işləyən Eyvaz Əlləzoğlunun taleyi yadıma düşdü. Onları da yola vermədilər. Görünür, o redaksiyada istedadlı adama yer yoxdu. Düzdür, Lətif bəzən özünü uşaq kimi aparıb, «letuçkalarda» ağzına gələni danışıb, amma, bununla belə…

Doğmaca qəzetimizdən bizi beləcə küsdürürlər.

Fevralın 22-

Elçinlə vədələşib «vətən» cəmiyyətində, onun kabinetində görüşdük. Az qala 600 səhifənin yeni romanını («Ölüm hökmü») oxuyub qurtarmışdım, Elçin fikrimi bilmək, qeydlərimi eşitmək istəyirdi.

Roman yazılışına görə xoşuma gəldi; 30-cu illərlə – repressiya dövrü ilə son illəri – 70-ci illəri paralel andırması, iki dövrü paralellərlə bir-birinə ustalıqla bağlaması yaxşıdır.

Faciəli, dövrün, zamanın məşəqqətlərindən doğan ağrılı-acılı səhifələr bir-birini əvəz edir.

İradlarımı bildirdim: roman uzanıb; Brejnevin Bakıya gəlişi, qarşılanması daha gözəl yazıla bilərdi; bəzən publisistika üstələyir, məlumatçılıq həddən artıq çox görünür (göstərmək əvəzinə sadalamaq); bəzi səhifələri bütövlükdə götürmək də olardı (əsəri jurnalda çap eləmək üçün deyirəm bunu); ciddi dil qüsurları var (onları səhifə-səhifə göstərmişdim)…

Elçin qeydlərlə müəyyən dərəcədə razılaşdı; «baxaram, fikirləşərəm» dedi, amma ixtisarı eləməyi qəti yaxın qoymadı…

Mənə kitaba («Yazıçı»da və «Azərnəşr»də, eyni ildə kütləvi tirajla buraxılacaq; «Azərkitab» və «Kəndkitab» hərəsi 50 min tiraj verib) ön söz yazmağı təklif elədi. Razılıq verdim.

Fevralın 28-

Bütün nömrəni İntiqamla bir yerdə gözdən keçirdik.

Bir neçə gün bundan əvvəl, mən işdə olmayanda redaktorun yanına Sabirabaddan bir qız gəlir, şerlərini oxuyur. Sonra Yusif o şerləri mənə verdi. Mənim də çox xoşuma gəldi. Rayonda yaşayan bu arıq, cələfsiz qızın (sonra bildim) ürəyində necə sarsıntılar var, bu dünya bu cavan ürəyi niyə belə daşa döndərib, ilahi!

Bir də cavanlardan (onun yaşı 35-i keçib) Şaiq Vəlinin şerləri çox xoşuma gəldi. Nömrənin ən yaxşı şerləri bu cavanlarındı!

Bir də, cavan alim, şair Məhərrəm Qasımovun Dağıstan, daha doğrusu, Dərbənd azərbaycanlılarının vəziyyəti, tarixi abidələrimizin faciəsi ilə bağlı yazdığı publisistik qeydlər, Dərbənddən toplanan folklor materialları yəqin ki, oxucuların da xoşuna gələcək.

Şəhərdə son iki gündə (fevralın 27 və 28-də) patrulların, əsgərlərin (özü də əli avtomatlı!), tankların sayı xeyli artıb (Sumqayıt hadisələrinin ildönümünə görə).

# 5453 dəfə oxunub

Oxşar xəbərlər

Avtobusdakı dayının ağ corabları - Ulucay Akif

Avtobusdakı dayının ağ corabları - Ulucay Akif

14:36 24 aprel 2024
Necə yazmaq lazımdır?

Necə yazmaq lazımdır?

12:00 22 aprel 2024
Şəms Təbrizini kim öldürdü? - Bir qeybin anatomiyası

Şəms Təbrizini kim öldürdü? - Bir qeybin anatomiyası

12:00 19 aprel 2024
Adamın buna kitab deməyə dili gəlmir...

Adamın buna kitab deməyə dili gəlmir...

12:30 15 aprel 2024
Onlar üçün müqəddəs heç nə yoxdur...

Onlar üçün müqəddəs heç nə yoxdur...

17:00 10 aprel 2024
Bu mətnin niyə qələmə alındığını başa düşmədim

Bu mətnin niyə qələmə alındığını başa düşmədim

14:28 10 aprel 2024
# # #