Qaçqın uşağın arzuları

Qaçqın uşağın arzuları
17 iyul 2014
# 12:36

Kulis.Az Günay Ardanın şeirlərini təqdim edir.

Şizofrenikin yay əhvalı

Dünyanın adam tamarzısı olan vaxtları idi,

Yer üzü bircə yağışı tanıyırdı

Hər gün yağış yağırdı yer üzünə-

Eyni intonasiyada, eyni miqdarda, bərabər sayda...

Bircə qum dənəsinə də haqsızlıq etmədən...

Hər gün yağış yağırdı

Damlalar yerə - yeganə məqsədə tez çatmaq üçün

Bir-birinin başından basmırdı, yolunu kəsmirdi.

Səsli və ya səssiz, gur, aramsız, yağış yağırdı...

Nə bombalar var idi, nə güllə səsləri,

Torpaq hələ qan dadmamışdı...

İnsan yox idi,

Yer özünü qanın, çirkabın,

göz yaşlarının gəlişinə hazırlayırdı.

Bircə yağış var idi...

Bakı –gözəl şəhər...

Bomboz, küləkli Bakı kəndi

Arxasına baxmadan uzaqlaşan qadın.

Arxa fonda körpə ağı deyir verilməyən tale payına

O qədər bəxtsizdi ki, onu ifraz edən qadın

Ona ad belə verməyib.

Qadın arxasına baxmadan gedir.

Fonda 105 saylı uşaq evi

405 saylı daun qapısına sürüyür.

Daunun böyük başı çiyninə çökür...

Bomboz, küləkli Bakı şəhəri

Qadın göz yaşları yuyur uzaqlaşan kişi ləpirlərini.

Fonda Təzə Pir məscidindən caz üstündə mərsiyyə eşidilir:

“Ananın xəstə doğduğu balasını atdığı şəhərdə

Sevgilidən vəfa uman yetim vay....”

Daş bizim başımıza...

İyirmi ildir nəm divarlar

Yayın boğanağını,

Qışın alaçarpasını,

Bakının küləyini

Tozunu, pasını, yasını

Tutub saxlayır ovuc içi kimi...

Nəm yataqxana divarları

Cücərdə bilmir qaçqın uşağının arzularını

İyirmi ildir, qaçqın ata

Hər gecə nəm divar qoxusunu ciyərinə çəkir

Yumur gözlərini-

“Çatırıq, lap az qalıb

Deyəsən, yağış yağır biz tərəflərə”

Nəm iyini düzlərə yağan yağış bilir.

İyirmi ildir, qaçqın ana

Ağrı çəkir ümumi mətbəxdə,

Kədər doğur hər gecə süfrəsinə

Ərəbin yardım düyüsü,

Farsın yardım xurması.

Efirdə xəbərlərdi:

Yenə dağılır ərəb dünyası...

Yaxşı bəhanə də var sakitləşməyə-

Dünyanın bütün qaçqınlarının gözündən

Yaş yox, daş sallanır.

Bu daşlar yığılıb ev olmur ki, olmur.

Daş bizim başımıza...

# 1683 dəfə oxunub

Oxşar xəbərlər

Avtobusdakı dayının ağ corabları - Ulucay Akif

Avtobusdakı dayının ağ corabları - Ulucay Akif

14:36 24 aprel 2024
"Bu, əsl yazıçılara xas spesifik ustalıqdır" - Hekayə müzakirəsi

"Bu, əsl yazıçılara xas spesifik ustalıqdır" - Hekayə müzakirəsi

12:00 24 aprel 2024
Necə yazmaq lazımdır?

Necə yazmaq lazımdır?

12:00 22 aprel 2024
Şəms Təbrizini kim öldürdü? - Bir qeybin anatomiyası

Şəms Təbrizini kim öldürdü? - Bir qeybin anatomiyası

12:00 19 aprel 2024
Adamın buna kitab deməyə dili gəlmir...

Adamın buna kitab deməyə dili gəlmir...

12:30 15 aprel 2024
Onlar üçün müqəddəs heç nə yoxdur...

Onlar üçün müqəddəs heç nə yoxdur...

17:00 10 aprel 2024
#
#
# # #