“50 manat verdilər ki, postmodernizmdən danışmayım” MÜSAHİBƏ

“50 manat verdilər ki, postmodernizmdən danışmayım”  MÜSAHİBƏ
2 iyun 2014
# 08:00

“Açıq söhbət”in budəfəki qonağı “Gənc Ədiblər məktəbi”nin və AYB-nin parlaq üzvü, ədəbi mühitdə kifayət qədər tanınan şair Qılman İmandır.

Onunla söhbətimiz küləkli-günəşli bir yaz gününə təsadüf etdi. Təxminən gül gülü çağırırdı, bülbül bülbülü...


- Salam Qılman, necəsən?

- Çox sağ ol, yaxşı.

- Gəl belə danışaq, “stalova-stalova, literatura-literatura”. Yəni, kafelərdə oturub yeyib-içə bilərik, amma ədəbiyyat söhbəti başqa söhbətdi, gəl açıq danışaq...

- Mən həmişə açıq danışmışam, necə istəyirsən elə olsun.

- Rəşad Məcidin sənə nə pisliyi keçib?

- Rəşad müəllimin mənə heç bir pisliyi keçməyib, əksinə məni həmişə qabağa çəkib, çap eləyib.

- Bəs sən niyə o kişini peşman eləyirsən? O qədər əziyyəti olub üstünüzdə.

- Nə biabır eləməyi? Mən həmişə Rəşad Məcidin adını hörmətlə çəkmişəm.

- Sorğuda demisən ki, təqaüdü almağım mənim ədəbiyyat adamı olmağımı təsdiqlədi. 15 ildi şeir yazırsan hələ də bilmirsən sən ədəbiyyat adamısan, ya yox? Rəşad Məcidi özünə şahid niyə gətirirsən?


- Mən onu demək istəmişəm ki, təqaüd almağım mənim boynuma məsuliyyət qoydu, sözün yaxşı mənasında boynuma minnət qoydu, daha da həvəsləndirdi ki, yaz-yarat...

- Məncə Rəşad müəllim onu oxuyub ciddi təəssüf hissi keçirdib, (sağ əlimi sağ üzümə vurub deyirəm) bax bu ölsün...

- Yox, orda pis heç nə yoxdu, sən necə fikirləşirsən öz işindi. Mən demişəm mənə köməyi çox oldu təqaüdün.

- Qılman, çox sevincəksən, şair bu qədər sevincək olmaz. Necə bu qədər xoşbəxt ola bilirsən?

- Mən səmimi demişəm nə demişəmsə. Rəşad müəllim də sağ olsun etimad göstərib məni AYB-yə üzv elədi, təqaüd verdi. Hamısından razıyam.

- Niyə görünmürsən, Qılman?

- Mən çox görünməyin tərəfdarı deyiləm. O qədər yaxşı imzalar var, çox çap olunur deyə onları oxumuram. Ramiz Rövşənin bir yaxşı sözü var, deyir şairi axtararlar, şair gərək uzaqda olsun. Çox görünməkdən, çox çap olunmaqdan xoşum gəlmir.

- Guya çox çap olunsan görünərsən?

- Necə? Başa düşmədim...

- Yəni, çox çap olunsan görünərsən?

- Hə-hə, bəli, görünərəm.

- Özünü harda görürsən?

- Mən özümü kifayət qədər istedadlı adam hesab eləyirəm. Yazılarımın doğurduğu sensasiya, şeirlərimə olan maraq. Hamısı bunu mənə sübut eləyir. Mən hətta müsabiqələrə yazı göndərməyi özümə yaraşdırmıram, açıq deyirəm.

- Sənin əmin də şairdi, eləmi?

- Əmim Sərraf Şüriyyə, atam Aqil İman, babam Həsən Xəyal... Yəni, bizdə bir az gen məsələsidi, şairlik gendən gəlir.

- Özünü romanda sınamaq istəmisən?

- Düzü, yuxuyla bağlı bir roman yazmaq istəyirəm çoxdandı, hələ başlamamışam.

- Zalım, yuxuyla bağlı sən nə yazacaqsan? Bəs hekayə necə?

- Tələbə vaxtı birini yazmışdım, hekayə demək olmazdı, macəraçılıq idi, elə-belə, atdım getdi...

- Sazın hanı bəs?

- Mənim sazım yoxdu, amma, saz çalmağı bacarıram.

- Qılman, sazla ədəbiyyata iddialı olmaq olur?

- İddiaya mən yaxşı baxmıram. Amma, istedadım varsa demək ki, yazmaq istəyirəm. Hər şeydən əlavə mən özüm üçün yazıram. Ədəbiyyat mənim içimin mənəvi bir tələbatıdı...

- Əsəd Cahangir səni çox istəyir?

- Bəli, çox istəyir.

- Anarla görüşmüsən?

- Şəxsən görüşməmişəm, amma, “Gənc Ədiblər məktəbi” layihəsi çərçivəsində görüşmüşük.

- Fikrət Qocayla necə?

- Onunla da orda görüşmüşəm.

- Ramiz Rövşənlə araq içmisən?

- Yox, Ramiz Rövşənlə araq içməmişəm. Ancaq, Vaqif Bayatlıyla söhbət eləmişəm.

- Bəs Vaqif Səmədoğluyla da içməmisən?

- Fərid Hüseynin toyunda içmişəm...

- Sən niyə evlənmirsən? Azərbaycan qadını səni də başa düşmür?

- Yox, başa düşür, hazırlaşıram.

- Sevgilinlə pop-korn yemisən?

- Yox, yeməmişəm.

- Səncə şair necə sevməlidi?

- Vallah sevginin bir forması yoxdu axı, sevmək necə olursa bax elə də sevməlidi.

- Təkliyin neçə nəfərlikdi, Qılman?

- Mənim təkliyim ode... Sayı-sanbalı yoxdu. Çox böyükdü mənim təkliyim.

- Bə niyə o təkliyi yaza bilmirsən?

- Əslində yazıram, üzə çıxartmıram. Nə vaxtsa bir-bir üzə çıxardacam.

- Yaxşı, gəl belə danışaq, gənc dostlara münasibətin necədi? Anar Amin niyə həmişə sənlə zarafatlaşır?

- Mənimlə nəinki Anar Amin, heç kim zarafat eləyə bilməz, mən o şəraiti yaratmamışam.

- Ədəbi mühitdə belə bir fikir formalaşıb ki, guya sənin uğursuzluğunun kökündə fiziki köklüyün durur...

- Mən o qədər də kök deyiləm axı, onu kim deyib bilmirəm niyə elə deyib.

- Səncə kök şairlər uğurlu olur, yoxsa arıq şairlər?

- Məncə istedadın kökü-arığı olmur. Ramiz Rövşən də böyük şairdi, Vaqif Bayatlı da. İstedadlı adam nə kökəlir, nə də arıqlayır.

- Toylara gedirsən tamada kimi?

- Yox, yox, getməmişəm heç vaxt.

- “Zapadlo”su yoxdu ki. Nolar ki, getmək olar də. Yazıçılar Birliyindəki gənclər nə işlə məşğuldular? Barmaq qatlayası kim var orda, təsadüfən bilmirsən?

- Vallah, mən ordakı gəncləri yaxşı tanımıram. Emin Pirini, Ramil Əhmədi, Elmin Nurini bir az tanıyıram.

- Yəni, bunlar barmaq qatlayasıdı?

- Yəqin ki, ümidverici gənclərdi də hər halda...

- Qılman, böyüyüb-böyüyüb kim olmaq istəyirsən?

- Uşaqlıqda Zəlimxan Yaquba oxşamaq istədim, bir az keçdi Ramiz Rövşənə, bir az sonra Vaqif Bayatlıya... Amma, indi qətiyyən heç kəsə oxşamaq istəmirəm, qətiyyən.

- Yadıma düşür, bir dəfə RTV-də dostumuz Sərdar Aminin verilişində postmodernizm haqqında danışmışdın. Mən də zəng eləyib demişdim “Qılman, qadan alım, sənə hər ay 50 manat pul verəcəm, bir də postmodernizm haqqında danışma” (gülüb şənlənirik) Yadındadı o söhbət? 20 manat beh də vermişdim deyəsən...

- Yadımdadı, amma, dediyinin hamısını vermədin, vermədiyinə görə yenə də danışacam (yenə də gülüb şənlənirik)

- Yekə oğlansan, postmodernizm hara, sən hara? Get aşıq ədəbiyyatından danış dənə...

- Mən başa düşmürəm e, bu aşıq şeirini elə deyirsiz guya əksik bir şeydi (özündən çıxır). Mən on birlik hecada şeirlər yazıram, Ramiz də yazır, Salam da yazır. İndi bunlar aşıq şeirləridi? (hirsli görünür).

- Qılman, başına dönüm, aşıq şeirilə bala başı saxlamaq olar?

- Olar, niyə olmur ki? Elə Azərbaycanda ən çox tanınan, sevilənlər aşıqlardı!

- Azərbaycanda aşıqların çox sevilməyi, tanınmağı azərbaycanlıların başının cıqqılılığıdı, aşıqların yaratdığı ədəbiyyatın böyüklüyü deyil...

- Yox, aşıq şeiri elə aşıq şeiridi, bunun o yan, bu yanı yoxdu!

- Son dövr çap olunan romanlardan hansıları oxumusan?

- Son dövr gənclərin romanlarından heç birini oxumamışam.

- Bəs səninlə bayaqdan müsahibə alıram, mənim də romanımı oxumamısan?

- Yox, oxumamışam.

- Bəs məndən nə oxumusan?

- Şeirlərini oxumuşam, çox sevmişəm. Xüsusən son şeirlərin əladı.

- Sonra kimləri xoşlayırsan?

- Fərid Hüseyn, Cavid Zeynallı, Elşad Ərşadoğlu, Anar Amin. Anar Amin doğurdan da çox istedadlıdı. Sadəcə mütaliəsi zəifdi, bir az da xarakterindəki sürüşkənlik mane olur ona. İnsafən gənclər arasında ən istedadlısı odu.

- Bəs o qədər yazan-yuzanlar vardı, necə oldular? O oturub-durduğun adamların adını niyə çəkmirsən?

- Niyə ki? Sən sual versən danışaram. Məsələn, Vüsal Nuru çox məhsuldar yazardı...

- A qadam, məhsuldar inək olur e, yazıçı, şair məhsuldar olmur!

- Yox də, indi sizin prinsiplər başqadı. Vüsal 3-4 roman yazıb, xeyli şeirləri var. Şeirləri xüsusən xoşuma gəlir.

- Uşaqlıqda şar partlatmağı xoşlayırdın?

- Nə?

- Şar, üfləyib doldurursan e, rəngbərəng olur – sarı, qırmızı, yaşıl, dovşanlı-zad...

- Həə, o qədər olub...

- Şarı partladanda hansı hissləri keçirirdin?

- Ee, uşaqlıqda o qədər şeylər olub ki, indi xatırlamıram. Müharibə dövrünü xatırlayıram. Mənim qəribə yaddaşım var, dünən olan nələrisə unuda bilərəm, amma, uşaqlığımı yaxşı xatırlayıram.

- İndi bu dəqiqə memuar yaza bilərsən?

- Ayə hə, niyə yazmıram?!

- Bayaqdan söhbət eləyirik, bir dənə də olsun xanım yazar adı çəkməmisən? Səncə Günel Mövlud yaxşı dolma bişirə bilər, yoxsa yaxşı şeir yaza bilər?

- Məncə, Günel Mövlud heç birini yaxşı bacarmaz...

- Bəs Rəbiqə Nazimqızı?

- O da, nə dolma bişirə bilər, nə də şeir yaza bilər.

- Nə vaxtsa yazılarına görə, siyasi-dini-publisistik məqalələrinə görə sənə qarşı kəskin hücumlar olsa mühacirət edərsən?

- Bəli, edərəm. Mən dolça bürcüyəm. Dolça bürcü altında doğulanlar azadlığa meylli olurlar.

- Səbuhi Rəhimli səni də aldadıb?

- Yox, hərdən izləyirəm, xoşum gəlir...

- Son olaraq Kulis.az-a nə sözün, ay Qılman?

- Çox sağ olun dəvətə görə, təşəkkür edirəm. Yazılarınızı oxuyuram, Şərif Ağayarın yazıların sevərək oxuyuram. Səni, Cavidi, Mirmehdini, Qan Turalını. Ümumiyyət son dövrdə ədəbi mühitin istinad yeridi Kulis.az...

- Bəs mənə nə sözün? İncimədin məndən? Dostumuz Vüqar Əhməd xeyli inciyib məndən.

- Yox-yox, o nə sözdü. Bir az əsəbiləşdim arada, mən də insanam də, emosiyam var. Elə şeylər olur ki, onlara əsəbiləşməmək mümkün deyil. Səndən bircə xahişim odur ki, az iç, yaxşı şeirlər yaz, biz də oxuyaq...

# 4777 dəfə oxunub

Oxşar xəbərlər

"Cırıb atdım dualarımdan bütün bayraq və vətən fotolarını" - Tural Turandan yeni şeirlər

"Cırıb atdım dualarımdan bütün bayraq və vətən fotolarını" - Tural Turandan yeni şeirlər

17:00 17 aprel 2024
Qardaşını və oğlunu şəhid verən yeganə Xalq yazıçımız - Sabir Əhmədlinin göz yaşları…

Qardaşını və oğlunu şəhid verən yeganə Xalq yazıçımız - Sabir Əhmədlinin göz yaşları…

12:00 17 aprel 2024
Marqaret Etvudun fantastika yazmaq istəyənlərə 7 məsləhəti

Marqaret Etvudun fantastika yazmaq istəyənlərə 7 məsləhəti

15:00 16 aprel 2024
Fərqli şeylərin sirli şəkildə qovuşması  - "Sevgi şəhəri" haqqında

Fərqli şeylərin sirli şəkildə qovuşması - "Sevgi şəhəri" haqqında

13:00 16 aprel 2024
"Qış fəsli üşüyür ciblərində..." - Ümid Nəccarinin şeirləri

"Qış fəsli üşüyür ciblərində..." - Ümid Nəccarinin şeirləri

18:00 15 aprel 2024
Övlad həsrəti ilə yaşayan şair - Ədəbiyyatımızın kədərli dəqiqələri

Övlad həsrəti ilə yaşayan şair - Ədəbiyyatımızın kədərli dəqiqələri

17:00 15 aprel 2024
# # #