Şuşa xatirələri

Şuşa xatirələri
20 may 2014
# 16:45

İlqar Rəsul

Hər yayı Şuşada dincəlirdik balaca vaxt. Orda qohumlarımız var idi. Amma ayrıca ev tutardıq. Kirayə. Bina evi. Beşmərtəbə. Düz iki ay orda qalırdıq. Bizə iki xalamız və bir də kənddən atamın qohumlarından birinin qızı baxardı bu müddətdə. Sonralar dayımın yoldaşı əvəz etdi kənd qızını. Cavan qızlar idi o vaxt indi artıq nənə olan xalalarımız. Amma yenə də cavan və qəşəng görünürlər...

Günortalar küçələri sulayan su maşının qabağınca qaçır, oynayır, əməllicə islanırdıq. Nə aramla irəliləyən maşının sürücüsü əsəbiləşir, nə də əyni başı su evə girəndə xalalarımız döyürdü bizi. O vaxt adamlar da təbiət kimi təbii idilər. Uşaqların belə dəliliklərindən zövq alırdılar. Nahardan sonra nağıl oxuyub yatırdardılar bizi.

Günəş əyiləndə Cıdır düzünə gəzməyə götürərdilər. Qələbəlik olardı bu vaxtlar Cıdır düzü. Xalalar da hamı kimi otların arasından ağaran sal qaya daşlarının birinin üstündə süfrə açardılar. Çay, şirniyyat, meyvə düzərdilər. Süfrə hazır olunca biz ya çəmənlikdən kəklikotu yığardıq, ya da qayaların altındakı kollardan böyürtkən dərib yeyərdik.

Bəzən nəfəsimiz imkan verdiyi qədər Cıdır düzü uzunu o baş-bu başa yüyürərdik. Bacardıqca bərk qaçardıq ki, külək qulaqlarımıza daha möhkəm sürtünüb daha böyük səs-küylə keçsin yanımızdan. Çox maraqlı bir uğultusu vardı Cıdır düzünün küləyinin. Sonra yorulub gəlib çay içərdik. Həyat nağıllardakı kimi idi o vaxtlar. Yox, yəqin ki, nağıllar həyatda idi...

Cavan oğlanlar xalalarımızla tanışlıq cəhdinin giriş hissəsini bizdən başlayardılar. Biri zarafata salıb topumuza şərik çıxar, digəri bizi velosipedində gəzdirərdi. Sonda istəklərinə çata bilmirdilər əlbəttə. Tanışlıq baş tutmurdu. Ortada irəli düşən mən və qardaşım olurduq. Bacımız bir qız uşağı olaraq belə məsələlərdə heç kimin işinə yaramırdı. Onu nə velosipeddə gəzdirmək, nə də gəlinciyinə şərik çıxmaq oğlanlar üçün məqbul sayılmazdı. Nə qədər avara olsaydılar belə dəyərsiz deyildilər o vaxtın cavanları....

Bir dəfə evdə oturmuşduq. Qapı döyüldü. Xalalar açdılar. Yaşlı bir qadın ədəb-ərkanla salamlaşıb irəlidə olan xalama üç manat uzatdı:

- Bunu oğlum göndərdi, dedi uşaqlara dondurma alasınız.

Xalalar təəccüblə əvvəl arvada, sonra da çevrilib bizə baxdılar. Nəfəs çəkmədən üçümüz də otağın ortasında dayanıb içimizdə qara günümüzü ağlayırdıq. Xalaların baxışlarından hər şey bəlli idi. Bizi cəzalandıracaqdılar. Amma əvvəl arvadla məşğul oldular. Onun üçlük tutan beş barmağını qatlayıb ovcuna yapışdıraraq - Axı nəyə görə sizin oğlunuz bizim uşaqlara dondurma almalıdı? - deyə xorla soruşdular.

Arvad cavab verdi ki, bəs uşaqlar özləri istəyiblər. Guya onun oğlu küçədən keçəndə eyvandan səsləyib bizə dondurma almasını istəmişik. Nə isə. Xalalar arvadı pulu ilə bərabər qapının arxasında qeyb edəndən sonra bizim hərəmizi bir yerdən dartıb çıxardıb yaxşıca çırpdılar. Yadımdadı, mən masanın altında gizlənmişdim...

Böyüyəndə anladım ki, həmin arvad dondurma bəhanəsi ilə bizə qız bəyənməyə gəlibmiş. Yəni əslində günah bizdə yox, elə xalalarımızda imiş. Onların gözəlliyində yəni...

Başqa variant ola bilməzdi. Çünki biz yad adamdan nəsə istəyəcək qədər pozuq uşaqlar deyildik. Əksinə, biz çox tərbiyəli uşaqlar idik. O qədər tərbiyəli ki, bir dəfə yerli uşaqlara qoşulub getdik yaxınlıqdakı istirahət mərkəzinin ərazisində oynamağa. Orda şüşələrdə ağzı açıq xeyli yarımçıq limonad var idi. Elə o uşaqlara da qoşulub o limonaddan içdik. Həmin axşam o uşaqlara heç nə olmadı. Amma biz zəhərləndik və evə təcili yardım gəldi...

Axşamlar parka gəzintiyə çıxardıq. Bazar günləri kinoya gedərdik. Axşam seansına. Hind filmlərinə yəni. Bir dəfə "Sədaqət" filminə baxırdıq - xalamın birinin də adı Sədaqətdi - seans başa çatandan sonra hamı zalı tərk elədi. Mən həmişəki kimi huşa gedib bizimkilərdən ayrı düşdüm. Bir də baxdım ki, klubda məndən və iki qız nəvəsini əzizləyən qoca arvaddan başqa heç kim yoxdu. Qızın birinin əlində balaca qırmızı çanta var idi. İpini biləyinə keçirtmişdi. İndi o iki qız, bir arvaddan danışanda yalnız o çantanın sifətini dəqiq xatırlayıram. Əl boyda üçbucaq qırmızı dəri pul qabı...

Arvad yəqin ki, klubun işçisi idi. Qızlar balaca gəlinciklər kimi dırmaşırdılar arvadın üstünə. Oturub sakitcə onlara baxırdım. Birdən adımı eşidib geri çevrildim. Yusif idi, şuşalı qohumlarımızdan biri. O da bizimlə filmə baxmışdı. Qapıda dayanıb məni çağırırdı. Getdim. Yüngülvarı danladı: Bəs adam belə iş tutar. Oğurlayıb apararlar səni, filan. Guya mən gizlənib qalmışdım. Gedəndə yanlarına baxsaydılar barı...

Nə isə. Məni aparıb xalalarıma verdi Yusif. Sonra eşitdim ki, xalamgil bir xeyli gedəndən sonra mənim yoxluğumu fərq edib hay-küy salıblar...

Şənbə günləri anamız gələrdi bizə dəyməyə. O vəzifəli adam idi və işdən məzuniyyətə bir qədər gec çıxırdı deyə iki ayın hamısını bizimlə qala bilmirdi. Gəlib bazarı qalıb bazar ertəsi tezdən gedirdi. Anam hər dəfə Şuşaya gələndə nənəm mənə ayrıca qatıq göndərərdi. Bir üç litrlik balon. Mən qatığı çox sevirdim. Bu xüsusiyyətim nənəmin çox xoşuna gəlirdi. Anam deyirdi Şuşaya yola düşdüyünü bilən kimi nənən gətirib pilləkənin başında qatıq bankasını ona verirmiş...

Bir dəfə qardaşımla eyvanda qatıq yeyirdik. Eyvanda qatıq yeməyin ayrı ləzzəti olur amma. Nəsə sözümüz düz gəlmədi. Bilmirəm günah kimdə oldu. Amma yəqin ki, mən nəsə elədim. Çünki qardaşım mənə cavab olaraq qarşımdakı qatıq dolu boşqabı götürüb eyvandan aşağı buraxdı. Bu əsil faciə idi. Bir boşqab qatıq ola, özün də eyvanda oturasan, qaşığı itiləyib yeməyə hazırlaşdığın yerdə başına bu fəlakət gələ. Amma sən demə bundan da ağır müsibətlər olurmuş. Mübahisənin qızğın yerində qapı döyüldü. Sonra xalalarımızın həyəcanlı danışıqları. Biz dəhlizə keçəndə xalalarımız qapının ağzında əllərində dəsmal üzür istəyərək, yalvara-yalvara qara kostyumlu, qara şlyapalı, qalstuklu ziyalı bir kişinin üst-başının qatığını təmizləyirdilər:

- Dayı, siz allah bağışlayın! Vallah xəbərimiz olmayıb. Öldürəcəyik onları...

Qara paltar, ağ qatıq, təmizlə görüm necə təmizləyirsən. Nəhayət ziyalı təmizlənməkdən, xalalar təmizləməkdən bezdilər. Məsələ aydın idi. Bizi çırpacaqdılar. Xalalar kişini qapının arxasında qeyb edəndən sonra bizi tapıb yaxşıca çırpdılar. Yadımdadı, mən masanın altında gizlənmişdim...

Məktəbə gedəndən sonra biz yayı Şuşada dincəlməyi yavaş-yavaş azaltdıq. Gedəndə də beş-on gün qohumlar gildə qalırdıq. Böyüyəndən sonra özümüz, hərə təkbaşına, yəni dost-tanışla gəzməyə getdik kefimiz istəyəndə Şuşaya. Amma hamısı boş şey idi. Yəni heç biri nağıl ola bilmədi. Daha sonra kefimiz də o qədər tez-tez istəmədi getmək. İş -güc, dərd-sər, qayğılar, filan yəni...

Daha sonra canımız istədi getmək, amma gedə bilmədik. Sonra heç gedə bilmədik. Sonra şəkillərdə getdik oralara. Sonra şəkillər qurtardı. Yəni çatmadı. Yəni bəs eləmədi...

Şuşada bir "Qaz 24" taksi var idi. "Əkrəmin taksisi" deyirdilər. Ağbaş kişi idi Əkrəm. Əhlikef. O vaxt Volqanın bu modeli təxminən təzə çıxmışdı. Əkrəm taksinin qabaq tərəfinə, torun altından qırmızı, sarı, yaşıl, göy işıqlar düzdürmüşdü. Gecə maşın alışıb yanırdı. O qədər əlvan, cəlbedici idi ki maşın, beşmərtəbənin dördüncü mərtəbəsinin eyvanında oiturub saatlarla "meydan bulağı" tərəfə, taksinin dayandığı yerə baxmaqdan doymazdıq. Dünyanın ən gözəl maşını idi mənimçün, Əkrəmin gecələr alışıb yanan taksisi, gündüzlər küçələri sərinlədən su maşını o vaxtlar...

İndi nə o şəhər var, nə də "Qaz 24" volqalar. Heç küçələri sərinlədən su maşınları da yoxdu. Bəlkə də gediblər küçələri sərinlədəndə uşaqları suyun altında oynaşan şəhər axtarmağa...

Amma hərdən, yüz ildə, min ildə bir o cür su maşını görürəm təsadüfən. O da sulamır. Sərinlətmir küçələri. Sadəcə hardansa gəlib harasa gedir. Baxıram, baxıram birdən suları açılır, qarşısında xeyli uşaq peyda olur. Qaçır, qışqırır, gülür, şənlənir, islanırlar. O uşaqların arasında biz də oluruq. Mən, bacım, qardaşım. Nağılı dünyanın ən xoşbəxt yay şəhərində qalmış dünyanın ən bədbəxt uşaqları. Heç məni tanımırlar ki. Yanımdan suyun içində oynaya-oynaya keçib gedirlər maşının qabağınca...

Bir anlıq istəyirəm qışqırıb özümü tanıdam uşaqlığıma. Sonra qorxuram. Qorxuram tanımaya. Qorxuram inanmaya onun kimi şən, qayğısız, özünün ayrıca aran və dağ şəhərləri olan bir uşağın böyüyüb yurdsuz-yuvasız mən olduğuna.

Amma mən qatığı yenə o uşaq kimi sevirəm. Xüsusilə də kiminsə eyvanında yeməkdən heç imtina eləmərəm. Hə, düz sözümdü...

Eh, nə bilim ey... Gör nələr danışıram....

....Tüpürüm bizim hamımıza. Tüpürüm mənə. Tüpürüm bu yazıya....

# 2830 dəfə oxunub

Oxşar xəbərlər

Qarğıdalı satan Adəm necə məşhurlaşdı?

Qarğıdalı satan Adəm necə məşhurlaşdı?

15:00 18 mart 2024
Biz niyə manqurtlaşırıq?

Biz niyə manqurtlaşırıq?

14:00 18 mart 2024
Baba bəy Şakir tərkedilmişlərdəndir...

Baba bəy Şakir tərkedilmişlərdəndir...

17:00 27 yanvar 2024
Cəfərqulu xan Natəvanı niyə sevmirdi?

Cəfərqulu xan Natəvanı niyə sevmirdi?

12:00 27 yanvar 2024
Çox istərdim ki, bu roman qadağan edilsin!

Çox istərdim ki, bu roman qadağan edilsin!

16:11 26 yanvar 2024
Xalam torpağı balası kimi qucaqlayırdı...

Xalam torpağı balası kimi qucaqlayırdı...

12:00 23 yanvar 2024
#
#
# # #