Prokrustun yatağı

Prokrustun yatağı
8 aprel 2014
# 11:05

Prokrust qədim Yunan mifologiyasında yolkəsən, quldurdur. Afinaya gedən yollardakı səyyahları, yolçuları şirin dillə aldadıb evinə gətirən Prokrust, əvvəlcə onları soyub, qarət edirmiş. Daha sonra da onları dəmir taxtına uzadaraq olmazın işgəncə verirmiş. Qurbanının boyu yataqdan uzundursa ayaqlarını kəsib yatağın boyu ilə eyni edir, yox, əgər yatağa uzatdığı adamın boyu qısadırsa onda əl və ayaqlarını bağlayaraq, boyu uzanıncaya qədər dartırmış. Yəni, toruna düşən hər kəsi yatağın ölçüsü ilə bir boya gətirirmiş.

Uşaqlığımda evdə atamın kitabxanasındakı “Dünya xalqlarının mifləri” adlı kitabını vərəqlədiyimi və Prokrustun işgəncələrini əks etdirən qravüra və rəsmlərdən irkildiyimi, daha səmimi desəm, qorxduğumu xatırlayıram. O vaxt Prokrustun bu hekayəsinin qorxulu bir nağıl olduğunu düşünür, unutmağa çalışır və təsəllini “yaxşı qəhrəmanın” gəlib çıxacağında tapırdım.....

Zamanla mifləri oxumağın, öyrənmənin dünyanı, kainatı anlamaq üçün nə qədər önəmli olduğu qənaətinə gəldim. İndiki zəmanədə “Prokrustun yatağı” mifinin nə qədər ibrətamiz, nə qədər dərin anlamlar kəsb etdiyini, insanlıq tarixi üçün nə dərəcə vacib olduğunu görməmək çətin deyil. Bu gün “Prokrustun yatağı” deyəndə kimisə, nəyisə bir qəlibin, çərçivənin içinə salmaq, zorla eyni ölçüyə gətirilmək başa düşülür.

Cəmiyyəti, insanları, düşüncəni eyniləşdirmək “Prokrustun yatağı” metaforu ilə anlaşılır. Bu metafor orta çağlarda fiziki bir ölçüdən daha çox dini itaəti ölçmək üçün istifadə edilirdi. Hər din, hər məzhəb öz “yataq ölçülərinə” sahib idi və ona uymayanlar fiziki olaraq yox edilmək demək idi.

“Ən əl-Həqq” deyə hayqıran Nəsiminin dərisinin soyularaq edamı, inkvizisiya məhkəmələrinin yüzminlərlə yəhudi, müsəlman və ateisti qətlə yetirməsi, Lenin və Trotskinin, Stalinin damarlarda qanı donduran terror və vəhşilikləri,

Hitlerin ari irqindən olmayanları qaz kameralarında boğaraq məhv etməsi və s. Proktusun “standartlaşdırma” və “eyniləşdirmələrindən” daha qəddar, daha dəhşətli deyillərmi? Tarix yazmaqla bitməyən örnəklərlə doludur. Və bu örnəkləri görmək üçün əslində heç uzaq tarixə belə baş vurmağa ehtiyac yoxdur. Ukraynada baş verənlər, Krımı saxta qəlibə salma təşəbbüsləri, elə Maydandakı milyonların etirazı bunlara başqa misal deylimi?

Son zamanlar Türkiyədə baş verənlər dəhşət vericidir. Monteskyö tərəfindən XVIII əsrdə hazırlanmış və bütün mütərəqqi dövlətlərin anayasasında yer almış ən həyati-vacib prinsip – qanunverici, icraedici və məhkəmə sistemlərinin bitərəfliyi və müstəqil olma prinsipi pozulmuş, Türkiyə hüquqi dövlət olmaqdan çıxmaq üzrədir. Halbuki, Türkiyə cəmi bircə il əvvəl Yaxın Şərqdə yeni bir güc mərkəzi olmuş, İslam və Qərb dəyərlərini sintez etmiş, iqtisadi inkişaf və sabitliyə nail olmuşdu. Azadlığı dar çərçivələrə salan qanunlar, senzura, hüquq sistemindəki “dar qəliblərə” sıxışdırılan zorakı dəyişikliklər, Facebook, Youtube, Twitter-i yasaqlama planları ölkəni 2014-cü ildə fəlakətin xəbərçisi olan turbulentliyə itələyib. Səndən fərqli həyat fəlsəfəsi olanları, fərqli paradiqmaya sahib insanları düşmən olaraq görsən, onları özün kimi görmək istəsən və tolerant olmasan Prokrustun o metaforunu mütləq xatırlamalısan....

Əlində nəhəng bir gürz olan Prokrust uşaqlığımda bəzən yuxuma da girərdi. Səksənib qalxdığımda hekayəni xatırlayır və Teseyin gəlib Prokrustu məğlub edəcəyi ilə özümə gəlirdim. Bəlkə inanmayacaqsınız, amma mən təəssüf ki, bu gün də qorxuram, Prokrusun o dəmir yatağı, o zindan ağırlığındakı gürzü gözümün önündən keçmir. Və düşünürəm ki, yunan mifolojisinin ən cəsur siması, Poseydon və Etranın oğlu, İyoniyanın baş qəhrəmanı gəlib hər şeyi düzəldəcək. Zira hər zülmün bir sonu, hər qaranlığın da bir aydınlığı var.....

...Və gün gəlir Prokrustun özünü də o dəmir taxta yatırırlar. Tesey Prokrust üzərində qələbə çalır: “Necə ki, Prokrust davranırdı əsirlərinə, Tesey də o üsulla intiqamını aldı”...

# 2220 dəfə oxunub

Oxşar xəbərlər

Qarğıdalı satan Adəm necə məşhurlaşdı?

Qarğıdalı satan Adəm necə məşhurlaşdı?

15:00 18 mart 2024
Biz niyə manqurtlaşırıq?

Biz niyə manqurtlaşırıq?

14:00 18 mart 2024
Baba bəy Şakir tərkedilmişlərdəndir...

Baba bəy Şakir tərkedilmişlərdəndir...

17:00 27 yanvar 2024
Cəfərqulu xan Natəvanı niyə sevmirdi?

Cəfərqulu xan Natəvanı niyə sevmirdi?

12:00 27 yanvar 2024
Çox istərdim ki, bu roman qadağan edilsin!

Çox istərdim ki, bu roman qadağan edilsin!

16:11 26 yanvar 2024
Xalam torpağı balası kimi qucaqlayırdı...

Xalam torpağı balası kimi qucaqlayırdı...

12:00 23 yanvar 2024
# # #