Üşüyən ürək

Üşüyən ürək
22 fevral 2014
# 23:11

Anar Yusifoğlu yazır

Qar dənələri çovğunda üzlərinə çırpılmasın deyə adamlar gözlərini gizlədir, elə özlərindən qabaq gedənlərin ayaq izlərinin ləpirinə müsafir olurdular. Soyuğun, çovğunun hakim olduğu havada elə belə də sezmək olurdu ki, üşüyən ürəklər bürünçəklərin içində itib, adamlar ancaq və ancaq nəfəs daşıyıcısıdı, sanki heç müqavimət gücləri yoxdu. Soyuq və çovğun hər şeyi aparmışdı, saxta təbəssümləri də, yalançı səmimiyyəti də, etiket qaydalarını da, cəmiyyətin birgəyaşayış prinsiplərindən irəli gələn etik məqamları da, tərtəmiz qalan özləriydi – üşüyən ürəkləri. Tənhalıqlarını qabarıq üzə çıxaran hava həm də iç dünyalarını çölə tökmüşdü.


***

Təkcə Onun vecinə deyildi.

***

Evdən çox rahat çıxdı. Əyninə nə geyindi, fərqinə varmadı, ayağına nə keçirtdi, bilmədi. İçinin dəliliyi havanın dəlisovluğundan ötəydi. Dünəndən bu günə başını ağırlaşdıran ağrı deyildi, amma tapmaq istədiyini tapa bilmirdi. Dünəndən bu günə içini yüngülləşdirən boşluq deyildi, amma yüngüllüyü nə gətirmişdi, adını tapa bilmirdi. Canı-başı heç nə hiss etmirdi. Nədəninə ad gəzirdi. Əzab demək mümkün idisə də çəkdiklərinə, bu “əzab”ın şirinliyindən doymurdu. Heyrət onu içində boğurdu.
Sevincinə sevinib qurtara bilmirdi, hətta heç yarı da eləməmişdi, halbuki dünənəcən çəkdiyi ağrılar üst-üstə qalananda üzünü Allaha tutub “heç Sən də mənim göz yaşlarımı görməyəcəksən”, - desə də, içinə ağlayırdı, için-için ağlayırdı, dorudan da göz yaşına çevrilmirdi əzabları. Görən olmurdu.

***

İndi, dünəndən bu günə onun içini yüngülləşdirən, başını ağırlaşdıran ən üstün olanın bu qədər əlçatar-əlyetər olmasından dəhşətə gəlirdi.
Doğrudandamı bu qədər yaxın imiş?
Doğrudandamı bu qədər sadə imiş?
Doğrudandamı illərini belə “anlamazlıq”dan bada vermişdi?
Saçlari bir az uzanan kimi “şirəndam” olurdu. Adam kimi adam surətində olmaqdan yorulmuşdu – özünün sirəndam, şirsifətliyindən qəribə bir ehtizaz yaşayırdı. Guya ki, bu yer üzü onun üçün mənasız və çəkiciliyi olmayan, avaragunalıqdan başqa heç nəyə yaramayan meydança idi və bu da fırfıra kimi fırlanırdı.
Üstünün kir-pasağı olmasa da, səliqəsiz geyimiylə sanki pal-paltarı hörmətdən salırdı.
Yeməyin acısını şirininə qatanda, turşusunu tutmasıyla bulaşdıranda da elə hesab edirdi ki, sadəcə, yaşamaq üçün yeyir. Yeməksiz də keçinəcəkmiş, əgər orqanizmi sözünə baxsaydı.
Yatıb durmağı da adam yatıb durmağı deyildi. Gündüzlər yatar, gördüyü yuxuları gecələrinə danışıb zülməti qorxudardı – heç əməlli-başlı yuxu da görmürdü. Hollivudun bütün “ujas” filmləri bir yerdə onun yuxuları qədər dəhşətli ola bilməzdi.
Ata-ana, qardaş-bacı, oğul-uşaq elə bil sadəcə bunun pasport – kimlik vəsiqəsindəki adlar düzümüydü.
Amma dünəndən...

***

Dünən onun həyatının bütün gələcəyi və gələnəklərinə dönmüşdü.
Dünən onun sabahına çevrilmişdi.
Dünən onun üçün imic idi.
Dünən onun üçün bu həyatı bu yer üzündə aşırmağın istinad nöqtəsiydi.
O dünəni bu günə daşıya, bu gün üçün diri saxlaya bilmişdi.
Dünən ölməmişdi. Dünən diriydi və onun sabahıydı. Bütün ömrüydü.

***

Evi qəşəng ətir iyi götürmüşdü. İndiyə qədər fərqinə də varmamışdı ki, adamlar ətirdən istifadə edirlər və bu zövq verir.
İndi fərqinə varmışdı və çooox ps kövrəlmişdi – yatımlı saçlarını şir pırpızı gününə qoyduğuna görə. Saçlarından bağışlanmaq istədi.
Canından üzrxahlıq etdi – nə qədər zülm etmişdi.
Gözlərinə “qurban olum”, - dedi.
Ayaqlarını avaragunalıqda ağrıtdığından acıdığını əllərinin sığalıyla yüngülləşdirdi.
Birdən ayılmışdı.
Birdən qədirbilən olmuşdu.
Allah könlünü almışdı.
Elə Allah könlünü alan andanca anlamışdı. Hər şeyi.

***

Evdən çıxdı.
Saçının sığalı, əyninin şıqlığı, ayaqqabısının parıltısı, üzünün nuru, gözlərinin təbəssümü dodağının gülüşü, ürəyinin və beyninin ətrafa sevgisi...
Yaraşığını pozmağa çovğun ürək eləmədi.
Qar dənələri xal olmaq istəmədi bu gözəlliyin üstündə.
Adamlar, üşüyən ürəklərin sahibi onlara doğru gələn adamın ətrafı özüylə birgə özünə ram etməyinə ayaq saxladılar. Hamı qarı, çovğunu unudub üzünü-gözünü ona zillədi.
Artıq ətraf mühit heç kimin canına, düşüncəsinə hakim deyildi.
Bir neçə yüz metr belə adladı – adladıb keçdiklərindən sonuncusunun dilindən səsləndi: “elə bil dünyanın xoşbəxtidi”.
Diksindi.
Diksindi və anladı. Onun içini yüngülləşdirən və başını ağırlaşdıran onun xoşbəxtliyiydi.
Həm də bildi və anladı ki, dünəndən ona bu xoşbəxtliyi bağışlayan Həyat imiş.
Üzünün nuru qar dənələri tək ətrafa səpilirdi – xoşbəxtliyinin adıydı Həyat. Həyat onun xoşbəxtliyiydi.
Həyat dünəndən onun həyatını dəyişmişdi - gözünün nuru, ürəyinin istisi.

***

Adamlar ürəyindən üşüyəndə ətraf mühit yay-qış çovğunla müşyaiət olunan qar havası yaşadır.
Hər kəsin ürəyini isidən Həyatı olacaqsa, dünyanı öz xoşbəxtliyi ilə gözəlləşdirəcək.
Çöndü, hamıya “ürəyinizi isidəni, üşüməyə qoymayanı tapın” söylədi.

***

Adamlar soyuqdan və çovğundan qorunmağa xoşbəxtliklərinə ad gəzməyə başladılar.

***

Çovğun çəkildi...
Qar səngidi...
Adamların üşüyən ürəyi ünvan gəzirdi.
Hətta bu da bəs elədi ətraf mühit onlara ram olsun...

# 4146 dəfə oxunub

Oxşar xəbərlər

Qarğıdalı satan Adəm necə məşhurlaşdı?

Qarğıdalı satan Adəm necə məşhurlaşdı?

15:00 18 mart 2024
Biz niyə manqurtlaşırıq?

Biz niyə manqurtlaşırıq?

14:00 18 mart 2024
Baba bəy Şakir tərkedilmişlərdəndir...

Baba bəy Şakir tərkedilmişlərdəndir...

17:00 27 yanvar 2024
Cəfərqulu xan Natəvanı niyə sevmirdi?

Cəfərqulu xan Natəvanı niyə sevmirdi?

12:00 27 yanvar 2024
Çox istərdim ki, bu roman qadağan edilsin!

Çox istərdim ki, bu roman qadağan edilsin!

16:11 26 yanvar 2024
Xalam torpağı balası kimi qucaqlayırdı...

Xalam torpağı balası kimi qucaqlayırdı...

12:00 23 yanvar 2024
# # #