Rahat olmaq üçün qeybətləşin

Rahat olmaq üçün qeybətləşin
18 fevral 2014
# 12:02

O, boğazını arıtladı, qısa pauza verdi, buxarlanan çaydan bir neçə qurtum aldı, eynəyini çıxarıb salfetlə sildi, tənbəl ev pişikləri kimi yerində qurcalandı və nəhayət, asta-asta danışmağa başladı:

- Jan Fransua Liotara görə, bizim təkcə adımızın qoyulması kifayətdir ki, dil oyunlarına cəlb olunaq. Sezann rəsmlərdə dekorativ yanaşmanın əleyhinə idi. Fransız rejissoru Jan Renuar deyirdi ki, “Dreyer bütün nəzəriyyələrin fövqündədir”. Verdi əjdahadır, Bismark div siyasətçi idi.

Onun “intellektual onanizm” effekti doğuran söhbətlərindən yorulmağa, sıxılmağa başlayıram. Üzr istəyib, təcili getməli olduğumu deyirəm və tələsik aradan çıxıram. Rəfiqəmə zəng vururam. Hal-əhval tuturuq.

- Bəlkə görüşüb qeybətləşək?

...Sıxıcı intellektual söhbətlərdənsə qeybəti tərcih edirəm.

Kimdən soruşsan, daş atıb başını tutacaq ki: “ aaaa, nə danışırsan, qeybətə nifrət edirəm, qeybətcil adamlar düşmənimdir və s.”

Amma ağzını arayıb araşdırsan hamıda qeybətin cazibə qüvvəsinə təslim olmaq istəyi var.

Uzun sözün qısası, qeybəti sevirəm.

Qeybət, iti, sürətli, əsəbi günümüzdə adamı dincəldir.

Stress atmaq üçün faydalıdır.

Beyni yüngülləşdirir, boşaldır, onu intellektual maniyanın zərərli maddələrindən xilas edir.

Amma qeybət həm də incə söhbət sənətidir.

Onu hər adamla etmək zövq vermir.

Bunun üçün sənin əla partnyorun olmalıdır.

Qeybət üçün tələb olunan şərtlər:

- informasiya bolluğu

- artistizm

- zəngin intonasiya çalarları

- anında verilən emosional reaksiya

- əhvalatı koloritli danışmaq

- danışılan əhvalatın maraqlı yozumu

- dinləyənin və danışanın jestlərinin, mimikalarının, hərəkətlərinin dəyişkənliyi, çox mənalılığı.

Qeybəti çay süfrəsi arxasında və ya yüngül qəlyanaltı ilə eləmək zövqvericidir.

Çünki süfrədəki bolluq səbəbindən, istər-istəməz yeməklərə konsentrə olursan. Həm də ev sahibəsi yorulur, süfrəyə nəsə qoymağı unutduğundan ara-sıra masa arxasından qalxır, mətbəxə keçir, “nə yerində deyil” düşünüb narahat olur, bu zaman qeybətdə “qırılmalar” yaranır.

Postmodern ədəbiyyatda və ya kinoda təhkiyənin xronoloji ardıcıllığının qırılması maraqlı görünə bilər, amma qeybətdə qırılmalar onun koloritini, keyfiyyətini aşağı salır, tempi öldürür.

Ən yaxşısı qeybəti xudmani çay süfrəsi arxasında etməkdir. Pürrəngi çayın yanında mürəbbə, bir-iki yüngülvarı şirniyyat varsa, artıq qeybətə başlamağın vaxtıdır. Çaydan ləzzətlə qurtumlaya-qurtumlaya, arabir içində qəhvə dənəcikləri yerləşdirilmiş kiçik, girdə şokolad parçalarını ağzınıza ata-ata qeybəti dinləmək, danışılan əhvalatı daha da şirinləşdirir.

Təkcə uzaqdan, yaxından tanıdığınız adamlardan qeybətləşməyin. Çevrənizlə, Azərbaycanla, konkret sahə ilə məhdudlaşmayın. Məişət çərçivəsindən, mentallıqdan çıxın. Daha uzaq, geniş üfüqlərə baxın.

Məsələn, Kafkadan, Bismarkdan, Putindən, Olimpiadadan, Kubrikdən də qeybət edin. Amma bu zaman onları analizə çalışmayın, özünü ağıllı göstərmək üçün məsələn, “kvintessentsiya”, “ekspressiya”, “asketizm”, “postimpressionizm”, “geopolitika” kimi terminləri yadınıza salmağa çalışıb özünüzə əziyyət verməyin. Rahat olun, istədiyiniz kimi danışın.

Mövzunu qeybətin estetikasına yükləyin və farsa çevirin.

Məsələn:

- Gördün də Milenanı, Fransa görə ərini atmadı.

- Aaaz, əcəb edib, elə fərsiz kişiyə kim ərə gedər, bütün günü bədniyabət şeylər yazırdı, elə axırda da bədniyabətlikdən öldü. Özü də nə gündədir o? Hörümçəyə oxşayır.

Yaxud, Şon Penin yaradıcılığından yox, (yadıma düşmüşkən, onun “11 sentyabr” kinoalmanaxındakı novellasına mütləq baxın) Şarliz Teronla şəxsi münasibətini müzakirə edin. Sanki bu adamlar uzaq Amerikada yox, qonşu məhəllədə yaşayır.

- İndi belə baxanda Skarlett daha istedadlı aktrisadır. Şon nə görüb Şarlizdə, bilmirəm.

- Xəbərin var da, anası istəmir bu Şona ərə getsin. Deyir, başın batmasın sənin, ağlın olsun, bu arvadbaz Robini necə atıbsa səni də atacaq. Sonra da qarnında uşaqla gələcəksən üstümə.

Özünüzü də ara-sıra qeybətin hədəfinə çevirin, həyatınıza, keçmişinizə, indinizə ironik gülüş, təbəssüm atın. Bu, ən yaxşı özünü terapiya, antidepresantdır.

Qeybətə ciddi bir şey kimi yox, əyləncənin, serialın, belletristikanın ekvivalenti kimi baxın. Təkcə şifahi nəqllə kifayətlənməyin. Onu yeni fənd və üslubla zənginləşdirin. Məsələn, əhvalatı danışanda həm də onu göstərməyə çalışın, bir aktyorun tamaşası kimi təqdim edin. Əminəm ki, məsələn, bu, Nurəddin Mehdixanlının monotamaşasından maraqsız olmaz, əksinə.

Heç bir halda qeybəti kişilərlə etməyin. Kişilər qeybətləşəndə darıxdırıcı, sıxıcı görünürlər, onların təqdimatında qeybət özünün bütün əlvan çalarlarını, cazibəsini itirir və AzTV intonasiyasında statistik, quru faktlar kimi səslənir. Üstəlik, qadınların emosional dünyasının zənginliyi, elastikliyi, rəngarəngliyi, çevik üz-göz ifadələri onlarda yoxdur.

Almodovar bütün yaradıcılığının qadınlara borclu olduğunu təsadüfən demirdi.

Və rahat olmaq, qeybəti dəyərdən salmamaq üçün mütləq ayda bir dəfə qeybətləşin.

# 3430 dəfə oxunub

Oxşar xəbərlər

Qarğıdalı satan Adəm necə məşhurlaşdı?

Qarğıdalı satan Adəm necə məşhurlaşdı?

15:00 18 mart 2024
Biz niyə manqurtlaşırıq?

Biz niyə manqurtlaşırıq?

14:00 18 mart 2024
Baba bəy Şakir tərkedilmişlərdəndir...

Baba bəy Şakir tərkedilmişlərdəndir...

17:00 27 yanvar 2024
Cəfərqulu xan Natəvanı niyə sevmirdi?

Cəfərqulu xan Natəvanı niyə sevmirdi?

12:00 27 yanvar 2024
Çox istərdim ki, bu roman qadağan edilsin!

Çox istərdim ki, bu roman qadağan edilsin!

16:11 26 yanvar 2024
Xalam torpağı balası kimi qucaqlayırdı...

Xalam torpağı balası kimi qucaqlayırdı...

12:00 23 yanvar 2024
# # #