Nənəmin qədim ətri

Nənəmin qədim ətri
16 yanvar 2014
# 12:37

Məçi nənəmin əziz xatirəsinə

Nənəmin qırxından beş gün keçmişdi. Üç gün sonra dissertasiyamla bağlı Sankt-Peterburqa qayıdacaqdım. Sağollaşmaq üçün əmimgilə getmişdim. Həmişəki kimi əmidostum bol süfrə açmışdı. Sonra çay içə-içə yası yaxşı yola verdiyimizə görə Allaha şükür elədik.

Söhbət elədiyi yerdə əmim nəyisə qəfildən xatırlayıbmış kimi durub qonşu otağa keçdi. Əlində qara bir çantayla geri qayıtdı. Tanıdım, rəhmətlik Məçi (Məhluqə) nənəmin çantasıydı. Həmişə gələndə ordan alma, tut qurusu, alana (içi qoz və şəkər tozuyla doldurulmuş şaftalı qurusu), konfet, qoğal, kətə çıxardıb bizə verərdi. Tələbəlik vaxtlarımda o çantadan pul da çıxardıb mənə verirdi: təqaüdündən verirdi deyə heç cürə qıymırdım, zorla cibimə basırdı, mən də axırda “təslim olurdum”.

Əmim o biri otaqdan gətirdiyi çantanın ağzını açıb mənə uzatdı. “İylə”, - dedi. İylədim. “Aaa” - əvvəl dilləndim, sonra bir anda qəhər məni boğdu, özümü güclə saxladım. Əmim bunu hiss eləsə də, özünü görməməzliyə vurdu. Bir də burnumu çantanın içərisinə salıb dərindən nəfəs aldım və bir müddət nəfəsimi saxladım ki, nənəmin son on ildə Bakıda yaşamasına baxmayaraq, Mehrinin Lök kəndindən gətirdiyi, həm də nəvələri üçün artıq Bakıda aldığı almaların, karamellərin, meyvə qurularının qarışıq ətrini içimdə saxlayım. Sonra əmim nənəmin qırmızı yun şalını gətirdi. Şaldan isə nənəmin təkcə öz ətri gəlirdi. Yeganə bu şalda tək Lök kəndinin izi qalmışdı, bu şalı nənəm orda xeyli geymişdi deyə Bakının qoxusu hopmamışdı şalın canına.

Dörd ay sonra yeni ili evdəkilərlə bir yerdə qarşılamaq üçün Bakıya gəldim. Bir neçə gün sonra əmim məni adəti üzrə evlərinə qonaq çağırdı. Yenə çantanı gətirdi, qoxu azalmışdı. Əmim dedi ki, ancaq lap yaxınlara, - bibilərimə, atama, bir də qardaşıma verir çantanı qoxulamağa. Heç bibi uşaqlarına da vermir ki, qoxu azalar. Tez də çantanın ağzını bağlayıb ağzını kip bağladığı dolaba qoyur ki, nənəmin ətri itməsin.

İki gün sonra qoxunun doğurduğu assosiasiya ilə nənəmin qəbri üstünə getdim. “Fatihə” oxudum. Yanvarın sonu Sankt-Peterburqa qayıtdım.

Yay tətilində yenə Bakıya gəldim. Nənəmin çantadakı qoxusu xeyli azalmışdı. Şalda isə o qoxudan heç nə qalmamışdı. Nənəm sanki tamamilə bizdən uzaqlaşırdı. Lök kəndi isə şalla bir yerdə bizi tərk etmişdi.

Sankt-Peterburqa dönməzdən əvvəl yenə nənəmin qəbri üstünə getdim. “Fatihə” oxudum. Aspiranturanın son ilində elmi işimi müdafiə edib, tarix elmləri namizədi oldum. Bir il sonra Bakıya qayıtdım...

Bakıya dönməyimdən on dörd il keçib. Bu illərdə iş-güc, evlənmək, uşaq, qayğılar, sevinc, ağır xəstəlik, kədər və s. olub həyatımda. İndiyə qədər dörd-beş dəfə yuxuma girib nənəm, amma maraqlısı budur ki, bu yuxuların heç birində başqa ölən qohum, ya tanışlarla olduğu kimi nənəmi görəndə çaşıb ürəyimdə deməmişəm ki, ay nənə, axı sən ölmüsən. Üstəlik, bu yuxularda nənəmin o qırmızı şalının ətri dəyib burnuma...

Sankt-Peterburqdan Bakıya qayıdandan sonra arada yenə çanta yadıma düşürdü, amma tərslikdən əmimgildə olanda “Nənəmin o sumkasını gətir iyləyək” demək huşumdan çıxırdı. Düzü, bu illər ərzində heç əmim də çantadan söhbət salmırdı.

Hər ilin avqustunda nənəmin vəfat etdiyi gün qəbir üstünə gedirik. Onda da atam qardaşımın yadına salır, qardaşım maşınla gəlib bizi, sonra əmimi evlərindən götürüb bir yerdə gedirik qəbiristanlığa. Və həmin gün qardaşımın maşını xarab olsa, yəqin ki, nə avtobusla, nə də taksi tutub gedərdim qəbiristanlığa, maşınla getmək üçün gələn dəfəyə saxlayardım növbəti ziyarətimi. Halbuki atam bir ilə yaxın qaraciyəriylə bağlı xəstəlikdən əzab çəkən, ölümünə bir gün qalmış şiddətlənən ağrılardan dayanmadan inildəyən, artıq çətin nəfəs alan nənəmdən mənə, ən sevimli nəvəsinə öz atası haqqında danışmağı xahiş edəndə, nənəm “Halım yoxdu, a bala” deməmişdi. Mənə ağrılardan inildəyə-inildəyə, hıqqıldaya-hıqqıldaya Təbrizdə müctəhidin naibi olmuş atası Mirmahmuddan danışmışdı.

Son aylar yenə nənəmin qoxusunu xatırlamağa başlamışdım. Özümə söz vermişdim ki, yaxın günlərin birində elə buna görə əmimgilə gedəcəm və çantanı soruşacam. İş elə gətirdi ki, o, bizə gələsi oldu və söhbət vaxtı aydın oldu ki, əmim bir neçə il əvvəl çantanı bibilərimdən hansınasa verib, ha çalışdı hansı bibimə verdiyini yadına salammadı.

Düzü, sonrakı günlər beş bibimdən hər birinə zəng etmək problem deyildi mənimçün. Amma zəng eləmədim, evlərində nənəmin çantası olan bibimdən bunu eşitməyi heç istəmirdim: ee, ay Alpay, Məçinin o gözəl iyi sumkasından uçub getdi.

21 dekabr, 2013 – 9 yanvar, 2014

Ankara (Hacıbaba kahve evi) - Bakı

# 1741 dəfə oxunub

Oxşar xəbərlər

Qarğıdalı satan Adəm necə məşhurlaşdı?

Qarğıdalı satan Adəm necə məşhurlaşdı?

15:00 18 mart 2024
Biz niyə manqurtlaşırıq?

Biz niyə manqurtlaşırıq?

14:00 18 mart 2024
Baba bəy Şakir tərkedilmişlərdəndir...

Baba bəy Şakir tərkedilmişlərdəndir...

17:00 27 yanvar 2024
Cəfərqulu xan Natəvanı niyə sevmirdi?

Cəfərqulu xan Natəvanı niyə sevmirdi?

12:00 27 yanvar 2024
Çox istərdim ki, bu roman qadağan edilsin!

Çox istərdim ki, bu roman qadağan edilsin!

16:11 26 yanvar 2024
Xalam torpağı balası kimi qucaqlayırdı...

Xalam torpağı balası kimi qucaqlayırdı...

12:00 23 yanvar 2024
# # #