Bacı, sevgilin var?!

Bacı, sevgilin var?!
12 dekabr 2013
# 11:21

Şərif Ağayar yazır

Ayxan Ayvazın bu günlərdə çap olunan “Evimizdən gecə reportajı” ilk olaraq oxucunu başlıqdakı cümlə ilə silkələyir.

Bu, manevr, əslində oxucunu sonrakı diksinmələrə hazırlayır. Şəxsən mən beyqəfil tapança kimi açılan bu suallaca bildim ki, maraqlı bir hekayə oxuyacam. Onu da deyim ki, şəxsi münasibətimiz icabında hekayənin ilk oxucularından biri də mən idim və təbii ki, müəllifi təbrik etdim. Ona yazdığım bir-iki cümləlik təəssüratı burda sizinlə də bölüşürəm. Xalqdan gizli-saxlı işimiz yoxdur!

Bu hekayə Ayxanın yaradıcılığının hansı məqamında dayanacaq deyə bilmərəm, amma onun əsl yazıçı olduğunu şərtləndirən ən vacib mətn olaraq qalacaq. İnanın mənə, belə hekayələr həmişə yazılmır!

Süjet, demək olar ki, yoxdur. Hər iki valideynini itirən üç gənc – iki qardaş, bir bacının bir gecəlik sadə həyatı təsvir olunur. Heç nə baş vermir və qeyri-adi heç bir söhbət aparılmır. Amma əslində hər şey qeyri-adidir. O qədər həyatın özünə bənzəyir ki, şaşırıb qalırsan. Səni ən çox heyrətləndirən isə, yazarın soyuqqanlılığıdır. Axı müəllif də o qardaşın biridir və həm də balaca qardaşdır.

Azərbaycanda yazıçı həyatı faciələrlə doludur. Dərd-ağrı bizdə dəbdədir bu dəqiqə... Adamları qınamaq da olmaz. Aşıq gördüyünü çağırar. Düzünə qalsa, bu dərdi-ağrını unudub, “Amerika açanları” qınamaq gərək. Amma hər kəs dərdi-ağrını yaza bilmir. O saat problemlərin ağırlığı altında yıxılır. Yazıçı ağlatmaq istəyir, amma özü oxucundan daha tez zığıldamağa başlayır. Bu komediya artistinin öz zarafatına özünün hamıdan əvvəl gülməsi kimi absurddur. Hər adam, başına gələnləri “vecinə deyilmişcəsinə” yazmaq iqtidarında deyil.

Ayxan Ayvazın cavan yaşda bu səriştəyə yiyələnməsi adamda qürur doğurur.

Məncə bunun səbəblərindən biri də Ayxanın yazıçı ailəsində doğulması, gürcü ədəbiyyatı və kinosu ilə tay-tuşlarından daha çox tanış olmasıdır.

Onun yumoru da, səmimiyyətə yansıyan reallıq hissi də ənənəviçilikdən fərqlənir buna görə.

Ailələrində faciəvi olaylar baş verəndə də onu ayaqda saxlayan bu yumor və reallıq hissi oldu məncə.

Sanki Ayxan Ayvazı gözəgörünməz qüvvələr bu itkiyə əvvəldən hazırlamışdılar. O, qardaşına və bacısına da təsir edə bildi. Yadımdadır, Ayvaz Əlləzoğlunun və onun xanımının faciəli ölümü ilə bağlı ANS-də film çəkiləndə uşaqlar çox toxdaq idilər. Mən buna sevinməyə bilməzdim. Və hiss etdim ki, bu uşaqları belə ayaqda saxlayan içlərindəki istedad və yaradıcılıq eşqidir.

Tale Ayxan Ayvazı yazıçı eləmək üçün əlindən gələni əsirgəmir, ona münasibətdə təxəyyülünü əməlli-başlı işə salır. Və gənc dostumuzun son iki hekayəsi – “Monoton” və “Evimizdən gecə reportajı” göstərdi ki, Ayxan bu sınaqdan çıxmağı bacaracaq.

# 7798 dəfə oxunub

Oxşar xəbərlər

Qarğıdalı satan Adəm necə məşhurlaşdı?

Qarğıdalı satan Adəm necə məşhurlaşdı?

15:00 18 mart 2024
Biz niyə manqurtlaşırıq?

Biz niyə manqurtlaşırıq?

14:00 18 mart 2024
Baba bəy Şakir tərkedilmişlərdəndir...

Baba bəy Şakir tərkedilmişlərdəndir...

17:00 27 yanvar 2024
Cəfərqulu xan Natəvanı niyə sevmirdi?

Cəfərqulu xan Natəvanı niyə sevmirdi?

12:00 27 yanvar 2024
Çox istərdim ki, bu roman qadağan edilsin!

Çox istərdim ki, bu roman qadağan edilsin!

16:11 26 yanvar 2024
Xalam torpağı balası kimi qucaqlayırdı...

Xalam torpağı balası kimi qucaqlayırdı...

12:00 23 yanvar 2024
#
#
# # #