Nənəmin erotik nağılları

Mənim bu nənəm ki, var, yaman şeydi. Qulağının dibindən halva iyi gəlsə də oturub-durub elə hey xanım-xatınlığından, cavanlığında kişilərin ürəyinə necə od salmağından dəm vurur. On altı yaşında babama qoşulub qaçıb. Görünür, babam da az aşın duzu deyilmiş, nənəmin cavanlıq şəklinə baxa-baxa fikirləşdim ki, kişi doğrudan da ağzının dadını bilirmiş. Evləndikdən sonra da nənəmə gözünü açmağa mafar verməyib. İncəvara, nənəm də ildə birini doğub kişiyçün. Bir vaxt baxıblar ki, bu çolma-cocuğun əl-ayağını yığıb-yığışdırmaq olmur. Babam da ağına-bozuna baxmadan elə hey əkib-tökür. Nənəm axır bir kələklə kişinin hovunu alıb.

 

Babam da ki, “baz” adam, dinc durdu ha!.. Kəndin qırağındakı köhnə dəyirmanın xarabalığı babamın cavanlığına şahidlik edə-edə qocalmışdı. Bir də, bu kəndin mayasındandı ya nəydisə, kişilərin hər birinin evdən qıraqda da mütləq bir arvadı olmalıydı. Kəndin yazılmamış qanunlarından biri də buydu. Qəribə burasıydı ki, nənəm də həmişə hər yerdə ərinin “baz” adam olmağıynan fəxr eləyirdi. Kişi gərək hər hoqqadan çıxa, - deyirdi. Nənəm sonra deyirdi ki, kişinin başını elə bu üzünün suyu tökülmüş qancıxlar yedi də, canında day can qoymadılar bədbəxtin oğlunun. Özlərinin yambızları yekəldikcə kişi əriyib çöpə döndü.

 

Nənəm babamın “bazlıq” əhvalatlarını ayrı bir məzəynən danışırdı, özünün də əlavələrini artırıb şirin nağılvarı bir hekayət nəql edirdi. Sanki hər şeyi öz gözüynən görmüşdü. Sonra da qayıdırdı ki, hə, bala, sənin baban bu kəndin çox mənəm-mənəm deyən “kişilər”inin arvadlarını düzəldib, üzüm ayağının altına. Nənəm bu sözləri dedikcə sanki öz həmcinslərindən nəyinsə hayfını çıxırdı, elə bil iri, nataraz bədənli ərini özü tovlayıb salmışdı qızıxmış gözəlçələrin canına.

 

Deyir, biri vardı, kişini uzaqdan-uzağa görən kimi madyan kimi yerində oynaqlayırdı, baban da o çərhəyaya yamanca uymuşdu, bizim boğazımızdan kəsib ona yedirirdi, ayrıca bəsləyirdi köpəyin qızını. Qarlı-püsəkli axşamlarda məni yuxuya verib xəlvətcə onun yanına sivişirdi başıbatmış. Əri türmədən qayıdandan sonra tay haqq-hesabı kəsdilər.

 

Bax, mən nənəmin bu tipli erotik nağıllarına qulaq asa-asa böyümüşəm. Hansınızın nənəsi sizə belə nağıllar danışıb?..

 

Hətta nənəm vaxtilə dildə-ağızda gəzən qənirsiz gözəlliyini bütün xırda cizgilərinə  qədər elə təsvir edirdi ki, mən də özümü saxlaya bilməyib arvada sataşırdım:

 

- Bomba şey olmusan aaa, ay nənə!

 

Qayıdırdı ki, indikilərdə vitamin yoxdu... Birini doğub mərəkəyə çıxarınca day fal qalmır açdırmayalar, iynə-dərman qalmır vurdurmayalar. İynə-dərmannan əmələ gələn uşaqdan adam olar? Odey, on ikisini doğmuşam, bircə iynə dəyməyib mənə.

 

Bu yerdə nənəmə bic-bic baxıb sual verirəm:

 

- Yəni heç biri də dəymiyib?

 

Nənəm gözlərini qıyıb tərs-tərs məni süzür:

 

- Ay xətəkar, ay xətəkar, gör hara yozur eee sözümü, bu, sənin köhnə adətindi, nənə çaşan kimi tez ora-burasını düzəldirsən.

 

- Bə çaşma da, nənə. Sözü elə deyirsən ki, dəlinin yadına daş salırsan.

 

O gün evdə telefon birtərəfli işləyirmiş. Nənəm də durub gedib qonşunun evindən ATS-ə zəng vurur. ATS-in işçisi nənəmdən soruşur ki, telefonunuzda nə nasazlıq var?

 

Nənəm də qayıdasan ki, mənə eliyirlər, mən eliyə bilmirəm. Bu söz qonşunun ağzına düşür, kişi hər dəfə uzaqdan məni görəndə qaqqıldayır ki, bəs görüm, Allah nənənin o dünyada da üzünü güldürsün.

 

Gəlib evdə düşmüşəm arvadın üstünə ki, ay nənə, sən haçan danışığıva fikir verəcəksən? Deyir noolub? Deyirəm tay noolacaq, bizi rüsvay eləmisən də. Boynuna almır, deyir mən elə söz deməmişəm. Sonra da telefonun dəstəyini qaldırır, qonşunun abrını ətəyinə bükür:

 

- Ədə ey, o nə sözdü uşağa demisən, ay saqqalı ağarmış?! Mən haçan elə söz işlətmişəm, hı?

 

Oyunun olsun, ay nənə. Hələ gör, o gün nə deyir.

 

“Nəbadə məni o rəhmətdiyin böyründə basdırasız, qoy heç olmasa, o dünyada məndən yana məəttəl qalsın”.

 

Deyirəm, ay nənə, onsuz da harda olsan, babam gəlib səni tapacaq. Deyir,  ay sağ gəlib tapmasın! Bu dünyada çox gün verdi mənə ki, o dünyada da günümü qara eləsin?!

 

Nənəm işini möhkəm tutmuşdu; babamın yatdığı köhnə qəbiristanda deyil, kəndin yuxarı başındakı təzə qəbiristanda özünə gor evi tikdirib ətrafını hasara aldırmışdı, içəri tərəfdən hasarın qıraqlarına güllər əkmişdi. Sanki bununla da rəhmətlik ərindən bu dünyada ona çəkdirdiyi əziyyətin hayfını alırdı. Tez-tez gedib öz qəbrinə baş çəkir, güllərə qulluq edirdi.

 

Son vaxtlar arvadın ayaqları daha sözünə baxmır. O gün məni yanına çağırıb deyir:

 

- Ay bala, o gülləri qoyma qurusun, mən olmayanda ətrimi o güllərdən alarsan.

 

Deyirəm ay nənə, sən hələ ölməyə tələsmə, babanın nağıllarından danış.

 

Qımışır.

 

- Ay qırışmal, heç sən də babandan geri qalan deyilsən. Sənin də hoqqalarından xəbərim var. Yaxşı ki, atan kimi fərsiz döyülsən, bu işdə babana çəkmisən, - deyib çiyinləri atıla-atıla gülməyə başladı.

 

Deyirəm ay nənə, ta uşaqlıqdan babamın hoqqalarından mənə o qədər danışmısan ki, tez ayılmışam. Ona görə deyirəm ki, ölümü hələ həndəvərinə buraxma, vaxt gələr, mənim hoqqalarımı nəticənə danışarsan.

 

Mənim bu nənəm ki, var, alayı zaddır. Kimin belə nənəsi var ey?!

LENT

16 İyul 2018
15 İyul 2018
14 İyul 2018
13 İyul 2018
12 İyul 2018