Hacının qonşusunu aldatması

Hacının qonşusunu aldatması
14 avqust 2013
# 11:28

Cəmil Kavukçu 1951 –ci ildə Türkiyədə anadan olub. Hekayə və roman yazarıdır. Yaradıcılığa 1980-ci illərdən başlayıb. “Bazar günəşi” adlanan ilk hekayələr kitabı 1983-cü ildə çap olunub. “Dönüş” və başqa romanların müəllifidir.

Hekayələrində əsasən sadə insanların həyatından bəhs olunur. Kulis.Az Elnarə Ağaoğlunun tərcüməsində Cəmil Kavukçunun “Həyətimizdəki qatar” hekayəsini təqdim edir.

Qardaşım xatırlamaz, o vaxtlar çox kiçik idi. Amma məncə yenə də yaddaşında bir şey qalmış olar. Gülüb, sonra da qatar fitinə bənzəyən bir səs çıxardır: “Belə qışqırırdı?”, - deyir. Ürpənirəm. Sanki qardaşım deyil, bağırır. Mən: “Hə, eynən o cür bağırırdı”, - deyirəm.

Çiyinlərini çəkib yenə gülür. Çox maraqlıdı, onu heç xatırlamır.

***

Daş döşəməli həyətdə idilər.

Anam, qardaşım və mən həyətə açılan pəncərənin tül pərdəsinin arxasından baxırdıq. Sanki divarı deşib bayıra çıxan soba borusundan dumanlar sovrularaq uçuşurdular. Qardaşım daha yaxşı görə bilmək üçün alnını pəncərəyə dayamışdı. Alnının o hissəsi əzik, dümdüz idi. Nəfəs alıb verməkdən pəncərə tərləmişdi.

Həyətdə qara inəyi bayıra çıxarmağa çalışan atamdan başqa biri daha var idi. Dəri jiletli, rezin çəkməli, şalvarı qan və heyvan nəcisi ilə çirkli bir qəssab. Yun, ət və peyin qoxuyan bu adam qara inəyin arxasına keçib, quyruğunu gah sağa, gah da sola bükərək, yəni onu incidərək yeritməyə çalışırdı.

Atam deyirdi:

- Gəl, qızım, gəl.

Üzü qıpqırmızı olmuşdu.

Qara inək əvvəlcə incə başlayan get-gedə yüksələ ağrılı bir səslə böyürürdü. Gözləri böyük idi. Anamın bəzi gecələr yatdığımız otaqda gördüyünü zənn etdiyi kimi. Böyük.

Rezin çəkməli adam inəyin quyruğunu gah sağa, gah sola bükərkən, atam da var gücü ilə ipindən dartırdı.

Həyətdən çıxıb küçəyə çıxartdıqları zaman biz də divandan hoppanıb küçəyə baxan pəncərənin qabağına qaçdıq. Külək atamın paltosunun ətəklərini uçururdu. Soyuq idi. Qəssab tapdığı dəyənəklə qara inəyin ayağına-ayağına vururdu.

Gözdən itənədək arxalarından baxdıq.

Anam hələ bir müddət pəncərənin qarşısından ayrılmadı. Bomboş küçəyə, daşların üstündəki hələ əriməmiş qarlara baxdı. Sonra barmağının uclarını dişləyərək səssizcə ağladı.

***

Anam nə vaxt tikiş maşınının qabağına keçsə biz də onun yanında oturar, onun paxlava dilimli tikişləri olan qara tərlikləri ilə pedalı işlətməyinə tamaşa edərdik. Dəmirdən olan hərflərin üstündə əlimi gəzdirərək qardaşıma deyərdim: bu “S”, bu da “İ”di. O da kiçik barmağını məndən sonra gəzdirib dediklərimi təkrar edərdi. Bütün hərflər bitən kimi də sözü bütöv şəkildə təkrar edərdik: “SİNGER!”

Qara tərliklər elə hey pedalı çevirərdi.

Bu köhnə tikiş maşını anamın üzünü heç görmədiyimiz nənəsindən qalmışdı. Həmişə elə hey “mən ölsəm kim sahib çıxacaq, kim saxlayacaq onu” deyə həmişə özünə dərd edərmiş. O öləndən sonra kiminsə maşını işlətməsini istəyirdi. Balaca olanda “heç qız da oxuyar” deyən nənəsinin təkidi ilə qızı məktəbə qoymayıblar. O da peşə məktəbinə gedib tikiş işlərini öyrənib. Ancaq dərzi olmaq istəyirmiş. Hələ ibtidai sinifdə oxuyanda kağızdan paltarlar kəsər, köhnə paltarlardan özünə yubkalar tikərmiş. Böyüklər də həmişə buna təəccüb edərmişlər. “Nə bacarıqlı qızdı bu” deyərmişlər.

On üç yaşından pul qazanmağa başlayıb. Nənəsi onun tikiş tikməsindən daha çox barmaq boyda uşağa arxayın olub sifariş gətirənlərə təəccüblənərmiş. Onu həvəsləndirməkdənsə ürəyinə şübhə salarmış: “Ya tikə bilməsən, xarab eləsən nə edərik, necə ödəyərik?”

Anamın bütün kədərini, dərdini, sevincini bilirdi o tikiş maşını. Göz bəbəyi kimi baxırdı ona.

Bir gün atamla sakitcə nəsə danışırdılar. Anamın üzü ağappaq idi. Anam: “Nə istəyirlər alıb aparsınlar, amma maşına dəyməsinlər”, -dedi.

Sonra tikiş maşınını arxa bağçaya aparmış üstünü köhnə kilim, taxta və kisələrlə örtərək gizləmişdilər. Çünki evə tanımadığımız adamlar gələcəkdilər. Əllərinə nə keçsə götürüb aparacaqdılar. Çox qorxmuşduq. Kim idi o adamlar? Niyə gəlib əşyalarımızı aparmaq istəyirdilər?

Anam demişdi:

- Uşaqlar hər şeyi bilməməlidi. Atanızın işləri pis gətirir, amma düzələcək.

Adamlar gəlmədi. İşlərin necə korlandığını anlaya bilmədiyimiz kimi, necə düzələcəyini də anlaya bilməmişdik. Tikiş maşını yenə də içəri gətirilib həmişəki yerinə qoyuldu.

Evdə həmişə çoxlu qız olurdu. Hamısı da dərzi şagirdləri idi. Havası get-gedə ağırlaşan bir otaqda tikiş tikirdilər. Anam çox işləməkdən yorulanda onlara rəhmi gələr, sənət öyrədib yaxşılıq etmədiyini, ömür boyu çəkəcəkləri bəlanı başlarına urcah etdiyini deyirdi.

Arada ağlımıza gələrdi soruşardıq:

- Ana, nə vaxt avtobusa minib xalamgilə gedəcəyik?

- Buzlar əriyəndə.

Qardaşımla mən damdan yerkökü kimi sallanan sırsıralara baxıb deyərdik:

- Ana, buzlar da əridi.

O zaman deyərdi:

- Bu qara manto qurtaran kimi gedərik.

Həmişə nələrinsə bitməyini gözləyirdik. Amma o şeylər heç bitməzdi.

- Çörək qırıntılarını yerə atmayın! Günahdı! - deyərdi.

Böyük xalamız əvvəllər çox kasıb imiş. Atamınkı kimi ərinin işləri heç cür düz gətirmirmiş. Amma o həmişə süfrədə çörək qırıntılarını toplayıb yeyərmiş. Bir qırıntını belə atmazmış. Sonradan varlanıblar.

Bunu biləndən sonra hər süfrəyə oturanda sərçə kimi bütün qırıntıları dənləyərdik. Varlı olmaq, doyunca bamiyə yemək, qoxusu bazarı bürüyən küftələr yemək və avtobusa minib uzaqdakı xalamgilə getmək üçün.

Atam səhər tezdən çayxanaya gedər, axşam yeməyə gələrdi. Yeməyini yeyən kimi də, pencəyini geyinər, yenə çayxanaya gedərdi.

İşləri korlanandan bəri bu belə idi.

***

Bir gün anam sol qolunu yaxşıca sabunladı. Mətbəx kimi istifadə elədiyimiz otaqda idik. Hələ tez idi, çox tez, hətta tikiş öyrənən qızlar belə gəlməmişdi. Mətbəx qızarmış çörək və bir də dəmli çay qoxuyurdu. Atam pencəyini geyinmiş, ayaqqabılarının barmaq uclarını eşərək dikəlib durmuşdu.

Anam sabunladığı sol qolundan iki bilərzik çıxarıb atama verdi. Atam da bir qəzet kağızına büküb ehtiyatla cibinə qoydu. Şərfini sinəsində çarpaz eləyib anamın hazır tutduğu paltonu geyindi. Rezin çəkmələrini geyindi. Həyəti keçib qurtarana kimi papağı qardan ağappaq olmuşdu.

Küçə qapısının örtüldüyünü eşitdik.

Anam astadan dedi:

- Xeyirli olar inşallah.

***

Atamın Qaraqız deyə çağırdığı, hər axşam belini qaşovlayıb, alnını oxşadığı, sağarkən şıllaq atanda “ooh, qızım, sakit” deyə sakitləşdirdiyi qara inək alındı o iki bilərziyə.

Günlərlə mişar, çəkic səsləri kəsilmə di köhnə anbardan. İşlənilməyən köhnə sobanı, paslanmış boruları, ayağı qırıq stulu, yastıqları, “eşşək ölüsü” dediyi köhnə mindəri, babamdan qalma böyük un çanağını qan-tər içində bayıra daşımışdı. Soyuq idi. Anam soyuqlayıb xəstələnər deyə qorxurdu. Ağzında siqareti, arada nəfəs yoluna gedən tüstüdən qırıq-qırıq öskürərək, dincəlmədən işləmişdi. Bəzən də anam işini-gücünü qoyub dəhlizə çıxıb atamı gözləyir, arada da onu tənbeh edirdi: “Özünü o qədər çox yorma, bir az dincəl”. Atam böyük bir həvəslə işləyirdi. Qısa bir zamanda heç bir işə yaramayan anbar inək tövləsinə çevrilmişdi. Həyətdə də bir ot damı düzəltdi.

Artıq anamın çiçək bağçası məhv olmuşdu. Bura Qaraqızın ayaqları altında çeynənən, məhv olan, bir kənarında “samanlıq” deyilən o çirkin damın yerləşdiyi bir yer olmuşdu. Bundan sonra soyuq qış günlərində çiçəklərin soğanaqlarını qorumasına ehtiyac qalmayacaqdı.

Atam Qaraqıza qarşı çox qayğıkeş idi. Yemini vaxtlı-vaxtında qoyar, qabağına suyunu aparanda onunla uşaq kimi davranardı. Qaraqız evin yolunu öyrənənə kimi çobana özü aparıb gətirdi. Çoban səhər tezdən bütün məhəllənin inəklərini toplayıb qəsəbənin kənarındakı böyük otlağa aparardı. Axşam naxırdan qayıdanda inəklər eynilə məktəbdən gələn uşaqlar kimi başlarını qabaqlarına əyər, evlərinin yolunu tutardılar. Qapının ağzında böyürərək gəldiklərini eşitdirərdilər.

Belini qarnına doğru qaşovlayanda “qızım,qızım” deyərdi həmişə.

Qaraqız artıq bizdən biri olmuşdu.

***

Qəfil bağırtıya yuxudan ayılırıq.

Anamın səsidir, o bağırır.

- Hafizə, noldu... Hafizə, bax yanındayam.

Ana qışqırır:

- Ölür, kömək edin, inək ölür.

- İnək yoxdu, bura otaqdı, burda inək nə gəzir, Hafizə? - Atam deyir.

Otağın işığı yanırı. Özümüzü yatmış kimi göstəririk. Birlikdə yerdən yatdığımız qardaşımla üzbəüz uzanmışıq. Bərəlmiş gözləri gözlərimə baxır. Susuruq.

Anam hıçqıra-hıçqıra ağlayır.

Atam ayaqyalın yataqdan çıxıb onun üçün şirin su gətirməyə gedir. Mətbəxə gedəcək, işığı yandıracaq. Yatmazdan əvvəl yediyimiz alma, portağal qabıqları mətbəxdə çay padnosundaca eləcə qalmalıdı. Pişik bayıra atılmayıbsa atamın ayaq səslərini eşidən kimi sobanın arxasından minderin altınadək qarnını kilimə sürtə-sürtə qaçacaq.

Halbuki, anam yatmamışdan qabaq yaxşı idi.

- Dərmanı neynirəm, yaxşıca yatacam bu gecə,inşallah, - demişdi.

Atam çayxanadan gələndən sonra bir saata yaxın oturmuş və ordan-burdan danışmışdılar. Qaraqızın haqqında heç nə danışmamışdılar. Ondan əvvəl də qonaqlar gəlmişdi. Onlar toxuma işi görmüş, anam da əllə tikiş tikmişdi. İnəyi satdığımızı, ondan canımızı qurtardığımızı demişdi qonaqlara:

- Həm də qəssab aldı, o qədər süd verən inəyi zərərinə satdıq.

Danışıb dərdləşərkən arada bir bizə də qışqırmışdı:

- Oğlum, bəsdi artıq... Oturun bir az, Bir az oturun artıq, nə dəcəl uşaqlarsız.

Halbuki, biz qonaqların uşaqları ilə birlikdə heç onların söhbətini dinləmirdik, otaqdan dəhlizə, dəhlizdən otağa keçib içərini soyutmuşduq.

Sakitcə qardaşıma deyirəm ki, yat, anam qorxdu yenə.

Gözlərimizi yumuruq.

Şirin suyu içib özünə gəlir. Ağlamasa da arada dərindən nəfəs alıb hıçqırır.

- Yaxşıyam, işığı söndür istəyirsən uşaqlar durmasın, - deyir.

Atamın çılpaq ayaqları səssizcə yatağın yanından keçir. Elektrik düyməsi “çat” eləyir, otaq qaranlığa bürünür.

Sakit-sakit danışırırlar.

- Yenə yuxuda inəyi gördüm. Burda uşaqların yataqlarının yanında gözlərini bərəldib çırpınırdı.

Atam:

- Boş ver getsin, satdıq satdıq da.

- Məgər heyvanın epilepsiya olduğunu bilmirdi ki? Özü də guya qonşudu, guya hacıdı. Niyə bizə bunu elədi? Saqqalından utansın heç olmaya. Nə istəyirdi bizdən?

- Bu da işin duzu-istiotu oldu. Qismətdi də.

Sonra o pıçıltılar da eşidilməz olur. Başında iki zınqırovu olan saat arxalığında atamın şalvar və pencəyinin asıldığı stulun üstündə tıqqıldayarkən yuxuya gedirəm.

Bir qarovulçunun uzaqlarda səslənən fiti getdikcə Qaraqızın qatar fitinə oxşayan böyürtüsünə bənzəməyə başlayır.

***

Qardaşım başını sağa-sola yellədərək gülür. “Deməli belə bağırırdı”, deyib o səsi təkrarlayır.

- Hə, - deyirəm, - həyətimizdən qatar keçmişdi, amma sən onda çox balaca idin.

# 1777 dəfə oxunub

Oxşar xəbərlər

Fərqli şeylərin sirli şəkildə qovuşması  - "Sevgi şəhəri" haqqında

Fərqli şeylərin sirli şəkildə qovuşması - "Sevgi şəhəri" haqqında

13:00 16 aprel 2024
"Adamın buna kitab deməyə dili gəlmir..." - Orxan Saffarinin hekayələr kitabı haqqında

"Adamın buna kitab deməyə dili gəlmir..." - Orxan Saffarinin hekayələr kitabı haqqında

12:30 15 aprel 2024
"Necə ömür sürmüsənsə, elə də öləcəksən" - Allahın mühakimə etdiyi məmur

"Necə ömür sürmüsənsə, elə də öləcəksən" - Allahın mühakimə etdiyi məmur

09:15 15 aprel 2024
Bədbəxtlik, nifrət, sevgi - Dini paklığı pozan ehtiras

Bədbəxtlik, nifrət, sevgi - Dini paklığı pozan ehtiras

15:00 13 aprel 2024
Onlar üçün müqəddəs heç nə yoxdur...

Onlar üçün müqəddəs heç nə yoxdur...

17:00 10 aprel 2024
Bu mətnin niyə qələmə alındığını başa düşmədim

Bu mətnin niyə qələmə alındığını başa düşmədim

14:28 10 aprel 2024
#
#
# # #