Rəsulzadənin sevimli şairi, Azərbaycanın ilk “qorqudşünası” ARAŞDIRMA

Rəsulzadənin sevimli şairi, Azərbaycanın ilk “qorqudşünası” ARAŞDIRMA
28 may 2013
# 07:45

İstiqlal, o yaşayan millətin qəlbində can,

İstiqlal, o səadət, həyat, zəfər, şərəf, şan.

İstiqlal, o sönməyən müəbbəd bir məşalə

Könüllərdə tutuşur, gözlərdə sönsə belə!

Azərbaycan Demokratik Cümhuriyyətindən (1918-20) bəhs edən yazılarda, kitablarda Gültəkin imzalı şairin bu bir bəndlik şeiri hər zaman diqqətimi çəkib. Hələ 15-20 il əvvəl, orta məktəbdə oxuyarkən bu misraların təsiri ilə Gültəkinin kitabını axtarmağa başladım. Təxminən 3-4 il ardıcıl araşdırdım, müəllimlərimə, atamın dostlarına soraq saldım. Kimdən soruşdumsa, belə bir şair tanımadıqlarını dedilər. Gültəkini-Əmin Abidi isə çox sonra, folklorşünas Sədnik Pirsultanlı ilə birlikdə çalışarkən tanıdım. Artıq universitet tələbəsi idim və özüm bu barədə araşdırma aparmaq qərarına gəldim. Yaxşı ki, zəhmətim hədər getmədi. Daha bir istiqlal şairini, folklorşünası, repressiya qurbanını tanıdım. Uşaq ikən yaddaşımda ilişib qalan misraların təsiri ilə bu şeirin müəllifi haqqında kiçik bir tanıtım yazısı yazmağa qərar verdim.

Mühacirlərin sevimlisi – Gültəkin

Sonuncu Bakı xanı Hüseynqulu xanın nəslindən olan Əmin Abid Gültəkin (Zeynalabdin Mütəllib oğlu Əhmədov) 1898-ci ildə Bakıda anadan olub. İlk təhsilini Bakıda, anası Reyhan xanımın evdə açdığı məktəbdə, daha sonra III Aleksandr gimnaziyasında alıb.

1912-ci ildə qəzet və jurnallarda “Abid”, “Abid Mütəllibzadə”, “Abid Alp Mütəlliboğlu”, “Qozqurab bəy” və başqa imzalarla məqalələr, hekayələr, şeirlər və tərcümələr çap etdirib.

Gimnaziyanı bitirib Türkiyəyə oxumağa getmək istəsə də Birinci Dünya Müharibəsi ona bu arzusunu gerçəkləşdirməyə imkan verməyib. Şair bir müddət qardaşı, tanınmış millətçi şair Əliabbas Müznibin naşiri və redaktoru olduğu "Dirilik", "Babayi-Əmir" jurnallarında çalışıb. 1918-ci ildə Osmanlı ordularının yardımı ilə Bakı azad olunur və Azərbaycan Demokratik Cümhuriyyətinin paytaxtına çevrilir. Cümhuriyyət rəsmilərinin dəstəyi ilə Əmin Abid İstanbula təhsil almağa göndərilir. Öncə “Darülmüəllimeyi-Aliye”ni, sonra da İstanbul Darülfünunun ədəbiyyat fakültəsini bitirib. 1927-ci ildə Bakıya dönüb, pedaqoji texnikumda, universitetdə, ümumtəhsil məktəblərində dərs dəyib. 1938-ci ilin iyulun 14-də casusluqda suçlandırılaraq həbs edilib. Üç ay sonra oktyabrın 21-də saat 21.30 da güllələnib.

Şair Azərbaycan Milli Demokratik Cümhuriyyətinin bolşevik ordusu tərəfindən işğalına, repressiyalara, təqib və həbslərə qarşı etirazını yazdığı şeirlərdə qabarıq şəkildə bildirib. Onun yaradıcılığını mühacirətdə olan insanlar böyük coşquyla izləyirdi. Türkiyədə və digər ölkələrdə sığınacaq tapmış ADR-in fədailəri Gültəkinin şeirləri ilə nəfəs alırdı. Rəsulzadə Gültəkinin milli azadlıq ruhu aşılayan şeirlərinə hər zaman yüksək qiymət verib. Gültəkinin "Bayrağım və istiqlalım", "Buzlu cəhənnəm" şeirlərini öz əsərinə daxil edib.


Azərbaycan elminin ilk “Qorqudşünas”ı

Əmin Abid vətənpərvərlik ruhlu şeirlərlə yanaşı, həm də folklor araşdırmaları ilə məşğul olub. Folklorla bağlı ilk araşdırmaları 1923-cü ildə "Kommunist" qəzetində işıq üzü görüb. Əmin Abidin elmi araşdırmaları da çoxşaxəlidir. Əmin Abid hələ İstanbul Universitetinin ədəbiyyat fakültəsində oxuyarkən (1921-26) yazdığı altı cildlik "Azərbaycan türklərinin ədəbiyyatı tarixi"nin ilk cildində "Kitabi-Dədə Qorqud" dastanına yer ayırır. Bakıya döndükdən sonra araşdırmalarını davam etdirən alim, çap etdirdiyi müxtəlif məqalələrdə "Kitab-Dədə Qorqud" mövzusunu dərindən araşdırıb və təhlil edib. Əmin Abidin yaradıcılığını dərindən araşdırmış alim Əli Şamil hesab edir ki, Əmin Abid Azərbaycanda Qorqudşünaslığın əsasını qoyub. Bu fikirlə razılaşmaq mümkündür. Əmin Abidə qədər demək olar ki, heç bir alim, bu mövzunu bu qədər əhatəli araşdırmayıb.

Yorulmaz tədqiqatçı, sərbəst şeirin “düşməni”

Türkiyədə təhsilini tamamlayıb, 1927-ci ilin əvvəllərində Bakıya dönən Əmin Abid başqa mühitlə qarşılaşdı. 1918-ci ildə qurulan ADR devrilmiş, ölkədəki şərait tamamən dəyişmişdi. İstanbula oxumağa yola düşəndə milli şüurun yüksəlməsini görən şair geri döndükdə bunun əksilə qarşılaşdı. Bu şəraitdə iki yol vardı: ya mühacirətə getmək, ya da qalıb mübarizə aparmaq. Çətin şəraitdə açıq mübarizənin mümkünsüzlüyünü dərk edən Əmin Abid elmi mübarizəni seçdi. Min bir əziyyət hesabına qədim və orta əsrləri araşdırıb sistemləşdirməyə çalışdı. Bir vaxtlar Gültəkin imzasıyla sərbəst şeirlər yazan Əmin Abid şeirdəki sovetsayağı “yenilik meyllərinə” bacardıqca qarşı çıxırdı. Əmin Abid yazırdı: "Şeirdə dil, vəzn, nəzm şəkilli, qafiyə bir vasitədir. Bu vasitələrlə meydana çıxan mövhum bədii gözəllikdir". Məncə İstanbul Universitetində təhsil almış Əmin Abid sərbəst şeirdən də, dövrünün müasir şeirlərindən də xəbərdar idi. Onun sərbəst şeirə mənfi münasibəti sovet ədəbiyyatşünasılığına meydan oxumaq idi. O, bu yolla etiraz etsə də, məqaləsinin sonunda sərbəst şeirə müsbət yanaşmasını da gizlətmir.

Əmin Abidin yaradıcılığında maraqlı detallardan biri də budur ki, o “Kitab-Dədə Qorqud" dastanını müstəqil dastan kimi yox, "Oğuznamə"nin bir parçası kimi təhlil edir. Xətai, Qaracaoğlan, Kuhi, Dərdli, Qul oğlu, Aşıq Əmrah kimi şairlərin həyatını araşdıran alim, eyni zamanda Azərbaycanda saray şeiri və saray şairləri haqqında da məqalələr yazıb.

Əmin Abid “Gültəkin”dirmi?

Əmin Abid casusluqda ittiham edilib güllələndikdən sonra onun yaradıcılığı uzun müddət diqqətdən kənarda qalıb və araşdırılmayıb. Stalinizmin ifşasından sonra 37-ci il qurbanlarının böyük əksəriyyəti bəraət alsa da, Əmin Abidə yalnız 1962-ci ildə bəraət verilib. Əmin Abidin Gültəkin imzası ilə yazdığı şeirlər onun ölümündən sonra, "Buzlu cəhənnəm" adı ilə İstanbulun "Kayabal-güresin" mətbəəsində 1948-ci ildə işıq üzü görüb.

Müəllifi olaraq kitabın üz qapağında Gültəkin yazılıb. Kitabı çapa tanınmış siyasi xadim, Müsavat Partiyasının katibi Mirzə Bala hazırlayıb və kitaba "Gültəkin" başlıqlı geniş bir ön söz də yazıb.

Ön sözdə deyilir: "Azərbaycan türkünün milliyyət, hürriyyət və istiqlalı uğrunda sovet imperializminə qarşı qanlı savaşını şeir vadisində təmsil edən mücahidlərdən mühacirətdə yetişənlərin başında Gültəkin gəlir.”

Burda bir məqam mübahisə yaradır : Mirzə Bala Məmmədzadənin “mühacirətdə yetişənlərin” ifadəsi Gültəkinin kimliyi ilə bağlı sual yaradır. Çünki, Əmin Abid 1927-ci ildən sonra təhsilini tamamlayıb, Sovet Azərbaycanına dönüb. Eyni zamanda Əmin Abid işə girərkən anketində Gültəkin imzası ilə şeirlər yazdığından bəhs etməyib. Amma onun yaradıcılığını araşdıran Əli Şamil hesab edir ki, “Gültəkin” imzası Əmin Abidə məxsusdur. Çünki “Gültəkin” imzası ilə yazılan son şeir 1926-cı ildə İstanbulda yayımlanıb. Eyni zamanda Əmin Abidin digər şeirləri üslub baxımından “Gültəkin” imzalı şeirlərə çox yaxındır.

Əli Şamilin son qənaəti çox məntiqli və inandırıcıdır : "M.Ə.Rəsulzadə, M.B.Məmmədzadə, Ə.Cəfəroğlu Əmin Abidi sovet irticasından qorunmaq üçün Gültəkinin şəxsiyyətini müəyyənləşdirə biləcək bir işarəyə belə yer qoymayıblar. Buna görə də Azərbaycanda Əmin Abidin Gültəkin olduğunu bilməyiblər. Ə.Abid irticadan qorunmaq üçün işə girərkən doldurduğu anket və yazdığı tərcümeyi-halda Gültəkin imzası ilə şeirlər yazdığını və "Yeni Kafkasiya" ilə əməkdaşlıq etdiyini, Qəzvində, Ərzurumda olduğunu gizlədib".

Şəxsən bu məntiqi izahla razılaşmamaq olmur. Amma mühacirətdəki aydınlarımız Əmin Abidi nə qədər qorumağa çalışsalar da, o irticanın cəza maşınından qurtula bilmədi...

# 3123 dəfə oxunub

Oxşar xəbərlər

Avtobusdakı dayının ağ corabları - Ulucay Akif

Avtobusdakı dayının ağ corabları - Ulucay Akif

14:36 24 aprel 2024
"Bu, əsl yazıçılara xas spesifik ustalıqdır" - Hekayə müzakirəsi

"Bu, əsl yazıçılara xas spesifik ustalıqdır" - Hekayə müzakirəsi

12:00 24 aprel 2024
Necə yazmaq lazımdır?

Necə yazmaq lazımdır?

12:00 22 aprel 2024
Şəms Təbrizini kim öldürdü? - Bir qeybin anatomiyası

Şəms Təbrizini kim öldürdü? - Bir qeybin anatomiyası

12:00 19 aprel 2024
Adamın buna kitab deməyə dili gəlmir...

Adamın buna kitab deməyə dili gəlmir...

12:30 15 aprel 2024
Onlar üçün müqəddəs heç nə yoxdur...

Onlar üçün müqəddəs heç nə yoxdur...

17:00 10 aprel 2024
# # #