“Mən yerimi Afaqa verirəm”

 

Afaq MƏSUD

 

Vaxtın, Zamanın sürət həddini gün-gündən artırdığı, dünənin sabahı, sabahın geriyə gərilib dünəni haqladığı bu kulminativ kəsikdə Ədəbiyyat və Onun Adamları barədə düşünərkən, özünü heç nəyin axıb, ötüb keçmədiyi, bitib tükənmədiyi qorunmuş bir Ərazidə hiss edir, bu sirli Məkanın axıb keçən, ötəri olan hər bir şeyin əleyhinə işləyən qanunlarıyla, son nəticədə, həm də, necəsə, bütün o ötəriliklərin müdafiəsinə qalxdığını və bununla da İnsanlığı, Onun Özünün də dərk etmək qüdrətində olmadığı nələrdənsə xilas etdiyinin sirli həqiqətini anlayırsan...

 

Ədəbiyyat və Onun Adamlarıyla bağlı gəldiyim bu qənaət – həyatlarını şüurlu şəkildə, ya bəlkə, gizli İlahi buyruqla Ədəbiyyata, Bədii Sözə gömülmüş insanlar barədə düşünərkən, anladığım sirli həqiqətlərdən biridir. Lakin burda söhbət həqiqi ədəbiyyatdan və onun həqiqi adamlarından – Əzəli və Əbədi Yazının adda-budda işartılarını öz yazıçı məharətləri ilə vərəqlərə köçürməyə müvəffəq olmuş xüsusi növ insanlardan gedir. Bir qədər də dəqiq olsam, “60-cılar” deyilən ədəbi nəslə aid edilsə də, narahat yazıçı heysiyyəti ilə Mirzə Fətəli Axundov və Cəlil Məmmədquluzadədən, maarifçilik və vətəndaşlıq təəssübkeşliyi ilə Həsən bəy Zərdabidən olan yazıçı Elçindən  gedir...

 

İlk əvvəl, Elçinin nəsri və dramaturgiyası, ədəbi tənqidi və esseistikası barədə kifayət qədər deyilmiş və yazılmış elmi-nəzəri, publisistik mülahizələri öz əlavələrimlə yükləməməkdən ötrü, bu barədə qısaca olaraq, bunu deməliyəm ki, Elçin – Azərbaycan ədəbi dilinin və bədii fikrinin imkanlarını insan təbiətinin gizli incəlikləri, müxtəlif zümrələrdən və təbəqələrdən olan azərbaycanlı tipləri və xarakterləri üzrə məharətlə açan yazıçı kimi, hələ 70-ci illərdən maraqla oxuduğum tək-tük qələm sahiblərindən biridir. Dərin hörmət və ehtiramla yanaşdığım digər keyfiyyətləri – onun usanmaz ədəbiyyat və maarifçilik stixiyası, ədib, həmkar və insan təəssübkeşliyi, məhsuldar yaradıcılıqla bərabər, milli ədəbi düşüncəni dünyanın işıqlı səmtinə yönəltmək bacarığı, istedadı istedadsızdan, dəyəri, dəyərsizdən ayırmaq, bu günkü ədəbi həyatımıza hakim kəsilmiş müdhiş “dəyərsizləşdirmə” dumanını yarıb dağıtmaq əzmidir.

 

Bütün bunlara onun, bizim Tərcümə Mərkəzinə, “Xəzər” ə olan diqqət və qayğısını, heç nəyin aşındıra bilmədiyi əqidə birliyini və məsləkdaşlığını da əlavə etsək, gözlərimiz önündə Zamanın sınaqlarına, tarım etiketlər və rəsmiliklər qəlibinə sinə gərib, heç nəyə uymadan, öz asudə Ədəbiyyat Ərazisində yaşamağa davam edən işıqlı bir ziyalı, ədiblik və yazıçılıq şövqünü qoruyub saxlamış nəcib sima canlanır...

 

 

...Bina qonşusu kimi, hələ 60-cı illərin ortalarından, ədəbiyyat aləminə daxil olduqca, maraqlı bədii, elmi əsərlərindən, nəsil-kök doğmalığı ilə isə, daha qədimlərə gedib çıxan Əli Vəliyev-İlyas Əfəndiyev tandemindən tanıdığım Elçinlə bağlı ilk xatirəm – hələ orta məktəbdə oxuduğum uzaq illərə – günün əksər saatlarını onunla qonşu olduğumuz məşhur Yazıçılar Binasının həyətində keçirdiyim qayğısız tətil günlərinə gedib çıxır...

 

...O dövrlər binanın orta blokunun ikinci mərtəbəsində yaşayan İlyas Əfəndiyevin böyük oğlu kimi tanıdığımız gənc Elçinin gecədən keçənə qədər oynadığımız badminton oyununu qəribə azarkeş marağı ilə həyətin tən ortasına açılan açıq eyvandan izləməsi, bizlərin (mən, Kamal Talıbzadənin, İsmayıl Şıxlının, Bəxtiyar Vahabzadənin, Hüseyn Abbaszadənin və s. uşaqları) bu “gərgin tamaşadan” səfərbər olub, oyuna xüsusi həvəslə girişməyimiz, valanı bir yerə salmamaqdan ötrü özümüzü, az qala, göyün yeddinci qatına atıb “virtuoz zərbələr” yaratmağımız... Oyunun ən kulminativ dəqiqələrində bu yeganə “tamaşaçımızın” tamaşasını qəfildən yarımçıq kəsib “lojanı” tərk etməsi... Bu gedişdən qol-qanadımızın qırılıb yanımıza düşməsi və sair və ilaxır...

 

Nə iləsə Elçinin erkən yumoristik hekayələrini andıran bu vaqeəni xatırladıqca, o dövrlər eyvana çıxmağının səbəbi – bizim oyunumuza tamaşa eləmək yox, olsun ki, yazı prosesində itirdiyi fikrin, ya cümlənin ardını bizim qızğın oyun gedən sirli məchulluqlarda axtaran Elçinin “yaradıcı fasiləsi” olduğunu yeniyetmə ağlımızla dərk etmədiyimizə görə özümüzə gülməyim gəlir. Hamının açıq yay kafelərində, dəniz sahillərində istirahət edib əyləndiyi o bürkülü yay axşamları heç hara getmədən, sakit mənzilinə qapılıb, yazı-pozuyla, ya bəlkə mütaliə ilə məşğul olan Elçinin yazıçılıq və maarifçilik eşqinə isə rəğbət və ehtiram doğurur...

 

Elçinlə bağlı digər xatirəm bir qədər sonralara, ədəbiyyat aləminə təzə-təzə qədəm qoyduğum 80-ci illərə – yazıçı ailəsində doğulub böyüsəm də, daxili qayda-qanunlarından xəbərsiz olduğum yerli yazıçı mühiti ilə ilk tanışlıq dövrlərinə təsadüf edir...

 

...1986-cı ilin may ayı idi. Yazıçılar İttifaqının Filarmoniyanın dəyirmi, bəyaz salonunda keçirilən qurultayında mən də gənc yazıçı qismində iştirak edirdim.     

 

Qurultayın gündəliyindəki son məsələ – yaxın aylarda Moskvada keçiriləcək SSRİ Yazıçılar İttifaqının 8-ci qurultayına nümayəndə seçimi məqamı yetişəndə və milli ədəbiyyatımızı SSRİ yazıçılarının qurultayında təmsil edəcək nümayəndə heyətinin tərkibi – tanınmış, görkəmli adların yer aldığı mötəbər siyahı müzakirəyə çıxarılanda yerlərdən etiraz səsləri eşidilməyə başladı... Nümayəndə heyətinə hər dəfə eyni “görkəmlilərin” salınmasına etiraz edənlərə, salonun qabaq cərgələrində oturan digər “görkəmlilər” də qatıldı.

 

Bir qisim adam Moskva qurultaylarında dəfələrlə iştirak etmiş “görkəmliləri”, Rusiyanın bu mötəbər tədbirinə qatılmaq “səadəti heç zaman nəsib olmamış” digər “görkəmlilərlə” əvəz edilməsi təklifini irəli sürdü, digərləri adı siyahıda olan bir xalq yazıçısının o birisi ilə dəyişdirilməsini tələb etdi və yerlərdən yeni-yeni namizədlər irəli sürülməyə başladı.

 

Söhbət uzandı, ara qarışdı. Getdikcə, əlbəyaxa savaşa çevrilmək üzrə olan mübahisəni rəyasət heyətində əyləşmiş, o zaman Yazıçılar İttifaqının gənc katibi Elçin kəsdi...

 

O, salonun hay-küyünə uyuşmayan ehmal aramlıqla ayağa qalxıb zalın sakitləşməsini gözlədi, sonra necəsə, hamının aydın eşidə biləcəyi asta səslə:

 

– Mən burda deyilənlərlə tam razıyam, – dedi. – Həqiqətən də, niyə hər dəfə Moskva qurultayına eyni adamlar getməlidi?.. Təklif edirəm, ötən qurultaya gedənlər öz yerlərini o birilərə təhvil versinlər.

 

Elçinin bu sözündən sonra salona ağır sükut çökdü.

 

– Mənə gəlincə, öz yerimi burda, salonda əyləşmiş gənc yazıçımız Afaq Məsuda verirəm. Qoy getsin və o biri ölkələrin yazıçıları da görsünlər bizim necə yazıçımız var. Həm gənc, həm istedadlı. Üstəlik də yaraşıqlı.

 

Salonun zindan sükutu Elçin sözünü bitirib yerinə əyləşəndən bir müddət sonra da davam elədi. Bayaqdan bura zalı lərzəyə gətirən seçki qovğasının təlaşı yatsa da, “gökəmlilər ierarxiyası” qəbilindən olmayan bu “əcaib təklif” qurultay əhlinin ürəyinə yatmadı. Möhtəşəm sükut dalğası gül səbətləri və projektor işığıyla dolu səhnəyə də yayıldı...

 

...Mən qulaqlarıma inanmır, Elçinin bu “ağlasığmaz” təklifinin daşlaşmış qurultay ənənələrini yara biləcəyinə, bu qədər görkəmli, tanınmış yazıçı-şair dura-dura, mənim – iyirmi səkkiz yaşlı gənc yazarın belə bir mötəbər heyətə düşəcəyinə şübhə edirdim. Dörd bir yandan üzümə dikilən, arxadan kürəyimi oxlayan baxışlardan ürək döyüntülərimin sürətləndiyini hiss etsəm də, həyəcanımı gizləməyə, özümü ələ almağa çalışırdım... 

 

...Bir neçə gündən sonra mən mötəbər nümayəndə heyətinin tərkibində Moskvaya – qurultaya yollandım. Unudulmaz Moskva günləri, kitablarını hələ lap uşaqlıqda, bəzilərini tələbəlik illərində oxuduğum Anatoli Kim, Vasili Belov, Sergey Mixalkov, Nodar Dumbadze və digər yazıçılarla görüşlərim arxada qalmış Bakı qurultayını unutdura bilmir, düşdüyüm yaradıcı mühit, fikir və düşüncə azadlığı qurultayda baş verən o hadisənin gizli mənasını açmağa, iclasın gündəliyini laxladan o “əlamətdar təklifin” adi insan, yaxud, həmkar xeyirxahlığı yox, bizim yerli yazıçı mühitinin miskin “görkəmlilər ierarxiyası” ənənəsini dağıtmaq, Yazıçılar İttifaqında  və onun qurultayında çatışmayan nəyisə – bəlkə ali “yazıçı” statusunu, onun əlahiddə göstəricisi olan İnsan və Ədib nəcibliyini yada salmaq cəhdi olduğunu mənə anlatmağa başlayırdı...

 

...Elçinlə bağlı bu sayaq xatirələrim az deyil... Ədəbiyyatı və Onun Adamlarını “ən uzaq məsafələrdən” seçib, tanıyıb, dəyər vermək məharəti, ədəbi prosesə mütəmadi müdaxilələri ilə bir çox qaranlıqlara aydınlıq gətirməsi, taleyini bədii sözə, yazıya bağlamış köməksiz qələm adamlarına arxa-dayaq olması, ən çətin və çıxılmaz məqamlarda heç nədən çəkinmədən, ehtiyat etmədən, dost və həmkar köməyini yetirməsi, yazdığının yaxşı, ya pis olduğunu özü də bilməyən və bu səbəbdən nagümanlıqlar torunda vurnuxan gənc ədibləri (o cümlədən, vaxtı ilə məni və həmkarlarımı) usta nəzəri və elmi baxışları ilə yolun aydın tərəfinə yönəltməsi, azad düşüncəni, insan ruhunu sıxışdırıb daraltmağa köklənmiş istənilən növ çərçivə və qadağaları hər an dağıtmağa hazır olması... Və ən əsası, həmin o çərçivələr daxilində yaşaya-yaşaya, həm də, necəsə, oralarda yaşamaması...

 

Bu qəbildən olan son illərin bir xatirəsi də Elçinin 60 illik yubiley məclisinə təsadüf edir...

 

...Ən yaxın dostlarının və qohumlarının, həmçinin, yüksək vəzifəli dövlət rəsmilərinin iştirak etdiyi yubiley məclisinin bir məqamı badəsini yüksəklərə qaldıran Elçin:

 

– Siz... burda oturanların hamısı mənə doğma və əziz adamlarsız. Amma çox xahiş eləyirəm, indi deyəcəyim sözdən heç kim inciməsin, – deyib məni sarı baxdı: – Burda mənim elə bir dostum əyləşib ki, o, mənə hamıdan daha əziz və daha doğmadı. Bu, müstəsna bir qohumluq, ilahi doğmalıqdı. Böyük ədəbiyyat doğmalığı...

 

Elçinin bu qəfil “bəyanatından” məclisə yöndəmsiz pərtlik düşdü. Ortaya düşən yöndəmsizliyi aradan qaldırmaq istəyən Elçin:

 

– Afaq mənim ədəbiyyat doğmamdı. Bu səbəbdən də mənə hamıdan əziz və doğmadı. – dedisə də, məclisin pərtliyi sovuşmadı.

 

...Mən kövrək ədəbiyyat nisgili ilə deyilmiş bu sözlərin Elçinin, bu “ədəbiyyatsız” məclisdə duyduğu Böyük Ədəbiyyat Qəribliyi, Ədəbiyyatı və Onun Adamlarını bu dünyanın bütün təbəqələrindən və zümrələrindən fərqli ucalıqlarda tutmaq istəyi olduğunu anlayır, Elçinə və özümə görə, eləcə bu dünyanın bütün Ədəbiyyat Adamlarına görə izaholunmaz bir ağrı hissi duyurdum...

 

...O axşamın sonrası... bir qədərdən sonra sağlıqların musiqiylə əvəz olunduğu həzin asudəliyin içində də rahatlıq tapmayan yubilyarın süfrə başından ayağa qalxıb bizə (yoldaşımla mənə) yaxınlaşması, yanımızda əyləşib, heç vaxt görmədiyim balaca uşaq üzü ilə astadan:

 

– Qəribə işdi... Hələ bu vaxta qədər heç bir yaşımın tamamında qorxu hiss eləməmişdim. – deyib, ətrafına nəzər salması, sonra kimsənin eşidəcəyindən ehtiyat edən tək, bir az da astadan: – Bu 60 rəqəmində nə isə var. Həqiqətən, qorxuludu... – deyib pərt təbəssümlə gülümsəməsi hələ də gözümün qabağından getmir...

 

...O axşam Elçinə, onun “Zaman” deyilən dəyirmanın gözündən çox-çox kənarda olduğunu, şəxsiyyəti və əsərləri ilə Azərbaycanın dili və ədəbiyyatı yaşadıqca, yaşayacağını demək istəsəm də, onun, bu sözlərimi yubileyi şərəfinə deyilən bəlağət kimi, qəbul edəcəyini düşünüb susmuşdum. Amma düşünürəm, gərək susmayaydım. Gərək, elə o axşam ona, yazıçının, əgər ona elə gəlirsə də belə, bu dünyada ikən, burda yox, yazıb – yaratdığı əsərlərində yaşadığını və bu səbəbdən, heç bir yaş həddinə dolmaq imkanı olmadığını, hər yazıçının yaş göstəricisinin onun istedad şkalası, bədii tapıntı və kəşflərinin, fikir və duyğularının dəyəri qədərində olduğunu və bu mənada, onun yaşının artıq çoxdannan bəri 70-i də, 80-i də, 90-ı, bəlkə yüzü də adladığını deyəydim. Ədəbiyyatın və Onun Adamlarının bütün Zaman və Məkan ölçülərinin fövqündə, əbədi olaraq, yaşamaq qüdrətində olduğunu deyəydim...

 

Bütün bu deyəcəklərimi, fürsət tapıb, ona bu gün – Zamanın bu kəsiyində deyə bildiyimdən dərin məmnunluq duyur, hörmətli yubilyarımıza, heç bir rəqəmə məhəl qoymadan, həmin o qorunmuş ərazisində – Böyük Ədəbiyyat Evində yaşamağına davam etməyi arzulayıram.

 

Həqiqətən də, axı məhz Orda hər şeyi rəqəmlər yox, sözlər həll edir...

 

LENT

22 Avqust 2017
21 Avqust 2017
20 Avqust 2017
19 Avqust 2017
18 Avqust 2017