Mal oğrusu Kulisə danışdı

Mal oğrusu Kulisə danışdı
13 may 2013
# 10:08

Biz-dostum Ruslan və mən günorta vaxtı yaşıl dağların ətəyində yerləşən Ağcakəndə çatdıq. Yerli sakinlərin dediyinə görə, sonuncu Qarabağ döyüşlərinə qədər bu kənddə ermənilər yaşayırmış. İndi isə burada Göyçədən, Kəlbəcərdən, Laçından, Xocalıdan sürgün olunanlar məskunlaşıb. Kəndin mərkəzindəki kafedə oturub çay içdik. Mən fürsətdən istifadə edərək fotoaparatı çıxarıb burada yaşayan adamları, dağ mənzərələrini çəkdim.

Hiss elədim ki, kafenin o başında oturub çay içən qəribə sifət kişi bizə maraqla baxır. Biz tut arağı və yemək sifariş elədik. “Yüz-yüz” vurduqdan sonra Ruslana dedim, bizə baxan o kişi mal oğrusuna oxşayır. Ruslan da kişini ötəri süzüb dedi, bəlkə də düz deyirsən, bir azdan çağırıb söylədərik.

Nə isə, vəziyyət elə gətirdi ki, Ruslan kişi ilə tanışlığımızı xeyli tezləşdirdi. Uca səslə kişidən soruşdu ki, ağsaqqal, çoxdanmı burada yaşayırsan? Kişi Ruslanın sualına bənd imiş kimi, söhbət eləmək üçün durub bizim stola gəldi. Mən ona “yüz” süzüb bizimlə “vurmağı” təklif elədim. Kişi bizə minnətdarlıq eləyib dedi, mən bu arağın daşını birdəfəlik atmışam. Vaxt var idi litrlə içirdim, sonralar ölümdən qayıtdım. Doxdur dedi, a Mədət, bir də içsən öləcəksən. İndi siz nuş eləyin, mən sizinlə burda çay içəcəm.

Mədətin ünsiyyətcil olduğunu duyub onunla uzun söhbətə girişmək üçün “abzasdan” başladım:

- Ağsaqqal, bura hansı bölgədən gəlmisən?

- Biz qaçqınlıq dövründə Laçından gəldik buralara. Birtəhər tikib qurduğum evi də Laçında qoydum.

- Yəqin orda maldarlıqla məşğul olmusunuz.

- Hə, elə işimiz-gücümüz mal-qoyun olub.

- İnciməsən səndən bir söz soruşacam, gərək düzünü deyəsən.

- Əşi, nə soruşsan düzünü deyəcəm, məndə yalançılıq yoxdu.

- Heç mal oğurlamısanmı?

(Kişi mənə baxıb bir xeyli güldükdən sonra cavab verdi.)

- Bəs, ömrü boyu işim-gücüm mal oğurluğu olub daa. Mən həmişə mal oğurluğu ilə dolanmışam.

(Onun haqda zənnim düz çıxdığına görə Ruslanın üzünə baxdım. Üçümüz də gülüşdükdən sonra söhbəti davam eləməyə girişdim.)

- Kişi, bunu da sənin sağlığına içirik, sən çox maraqlı adamsan. Bəs malı haradan oğurlayırdın?

- Əsasən Basarkeçər rayonunun kəndlərindən oğurlamışıq. Bilirsiniz ki, ermənilər 1988-ci ildə oradakı kəndlərdən bizimkiləri qovublar. Camaatımızı qovmazdan əvvəl də, sonra da erməninin sürü ilə malını oğurlamışam.

- Bəs oğurluğa neçə nəfərlə gedirdin?

- Biz həmişə iki nəfər olmuşuq.

- Sənin dediklərini yazıb çap eləmək istəyirəm, icazə verərsənmi?

(Mədət yenə güldü və çox arxayın vəziyyətdə stula yayxındı.)

- Ayə, indən belə mənə neyləyəcəklər ki? Harda istəyirsən, yaz da, çap elə də! Onsuz da mənim çox illərim türmədə keçib! İndi, nə vaxtsa erməninin malını oğurladığıma görə məni tutmayacaqlar ki? Erməninin malını sovet dövründən, kolxoz vaxtlarından sürü ilə oğurlamışam.

- Necə oğurlayırdın, bir az danışa bilərsənmi?

- Necə oğurlayacam? Adam kimi! Gedirdik çöldə çobanın üstünü silahla kəsdirirdik. Onlar da qorxusundan malı qoyub qaçırdılar.

- Silahın hansından idi?

- Məndə TeTe olub.

- Atla gedirdiniz, yoxsa piyada?

- Bəzi vaxtlar atnan olurduq, bəzi vaxt da piyada. Elə olurdu, atları bəri tərəfdə saxlayıb oğurluğa piyada gedirdik. Ordan da malı haylayıb keçirdik Laçına.

- Oğurladığınız malı necə “əridirdiniz”?

- Heç nə! Aparıb mal bazarında satırdıq, nə bilim, lazım olan adamlara pay verirdik, özümüz yeyirdik.

- Bəs neçə il türmədə yatmısan?

- Üst-üstə 12 ilə yaxın olar.

- Yəqin yaxşı atların olub sənin.

- Hə, əlimə yaxşı atlar keçib, olub belə şeylər.

- Səncə, hansı at cinsi yaxşıdı?

- Mən Qazaxın dilboz atlarına üstünlük vermişəm.

- Bəs indi o işlərlə məşğul olmursan?

- Yox əşi, ta qocalmışam, həm də indi oğurluq zamanası deyil, heç atım da yoxdu. Ancaq hələ də evimdə bir yaxşı at yehərim durur.

# 2929 dəfə oxunub

Oxşar xəbərlər

Qarışqanın ruzisi haqqında - Ömər Xəyyam

Qarışqanın ruzisi haqqında - Ömər Xəyyam

12:19 23 aprel 2024
Qarışqanın ruzisi - Həmid Piriyevin yeni hekayəsi

Qarışqanın ruzisi - Həmid Piriyevin yeni hekayəsi

09:00 23 aprel 2024
İnsan ləyaqətini faciə ilə doyuzduran yazıçı - Nabokov Dostoyevski haqqında

İnsan ləyaqətini faciə ilə doyuzduran yazıçı - Nabokov Dostoyevski haqqında

17:00 22 aprel 2024
Hamı bir nöqtədə - İtalo Kalvinonun hekayəsi

Hamı bir nöqtədə - İtalo Kalvinonun hekayəsi

17:00 21 aprel 2024
Oyunbazı Allah kimi qarşılayanlar - İnsan niyə özünə hörmət eləmir?

Oyunbazı Allah kimi qarşılayanlar - İnsan niyə özünə hörmət eləmir?

12:00 21 aprel 2024
Səni sevməkdən də vacib işlərim var... – Qulu Ağsəsin şeirləri

Səni sevməkdən də vacib işlərim var... – Qulu Ağsəsin şeirləri

17:00 20 aprel 2024
# # #