Qəzənfər müəllimgilin Şuşaya yürüşü

Qəzənfər müəllimgilin Şuşaya yürüşü
14 yanvar 2013
# 16:39

Bu günlərdə Türkiyənin paytaxtı Ankarada İkinci Uluslararası Mahmud Kaşqarlı Hekayə yarışmasının beynəlxalq mərhələsinin qaliblərini mükafatlandırma mərasimi keçirilib. TÜRKSOY-un iştirakı, Türkiyə Mədəniyyət və Turizim Nazirliyinin dəstəyilə Avrasiya Yazarlar Birliyinin təşkil etdiyi, Türk dünyasının ilk və hələlik yeganə ortaq ədəbi yarışması olan müsabiqə bu il paralel şəkildə Azərbaycan, Türkiyə, Qazaxıstan, Qırğızıstan, Başqırdıstan, Krım, İran, İraq və Rusiya Federasiyasının Qaraçay-Çərkəz respublikalarında gerçəkləşdirilib. Sevindirici hadisədir ki, İkinci Uluslararası Mahmud Kaşğarlı Hekayə yarışmasının beynəlxalq mərhələsinin qalibi tanınmış Azərbaycan ədibi Əjdər Ol seçilib. Əjdər Olun müsabiqəyə təqdim etdiyi “Qəzənfər müəllimgilin Şuşaya yürüşü” hekayəsi beynəlxalq müsabiqədə birinci yerə layiq görülüb.

Bakıdan bir qoşun adam tökülüb gəlmişdi. Aralarında hər cür tip var idi. Bazburuttusu, şaqqalısı, xaşalqarını, süddənyanığı, mayıfı, qozbeli, ağcası, qarayanızı, kürəni... Çoxusu da kəkilli-məkilli, dimdiyinin sarısı getməmiş cavan-çoluq.

Bir az aralıda maşından düşən kimi “hurrey”lə axışıb topalaşmışdılar hündür təpənin qaşqasına. Nərə çəkib üçcə kilometr özlərini qabağa atsaydılar, erməni əsgərləri ilə bizimkilərin səngərdə burun-buruna dayandığı təmas xəttini basdayacaqdılar. Kim idilər, nəçi idilər bu adamlar?! Kim olacaqdılar, nəçi olacaqdılar, bəzi ağzıgöyçəklərin dili ilə desək, “dəli yığıncağı”, yəni bir neçə il bundan irəli Bakıda yaradılmış “Qeyrət” təşkilatının üzvləri... Yarandığı gündən “Qeyrət”in hirsi-hikkəsi soyumurdu, “qan-qan” deyirdi, coşub-kükrəyirdi, ağzından od-alov püskürürdü. Təşkilatın üzvləri Qarabağ məsələsində BMT-nin, ATƏT-in dediyini nəinki hərləmirdilər, hətta efirdə, mətbuatda gündəmdən düşməyən “Sülh-mülh” söhbətlərini yerli-yersiz lağa qoyub döşlərinə döyə-döyə Qarabağı silah gücünə basmarlayıb geri qaytarmaqdan dəm vururdular.

Bayaqdan burada bərk hazırlıq gedirdi, dəstə üzvləri hay-həşirdə idi, gətirdikləri şüar yazılmış transparantları səliqəyə salır, bükülmüş bayraqları açır, meqafonu yoxlayır, ora-bura göz gəzdirirdilər. Şeypurları da vardı, şeypurçalanları da. Böyürdə yüyənindən yapışılmış dörd at baş-başa vermişdi. Atlar qonşu kəndlərdən gətirilmişdi, təşkilat üzvlərindən birinin dədəsinindir deyirdilər. Heyvancığazlardan üçü heç, amma biri çox gözəgəlimli idi. Yerində dingildəyən bu atın rəngi qızıla çalırdı. Seçmə ata, yüzdə yüz, təşkilatın başçısı minəcəkdi. Keçmişdə şahlar, xanlar, sərkərdələr, özündən deyən, qabağından yeməyən kişilər belə qəşəng atları minərmişlər.

Doğrudan da bir azdan təşkilatın başçısı Qəzənfər müəllim həmən ata yaxınlaşaraq qaşovlanıb yuyulmuş bu yaraşıqlı məxluqun ipək yalını sığallamağa başladı. Sonra ayağını üzəngiyə basıb, bir quş cəldliyi ilə sıçrayıb atın belinə qondu.

Bəh! Bəh! Qəzənfər müəllimin imkanı olsaydı, zamanı çox yox, bir yüz əlli, iki yüz il geri fırladardı və olardı məsələn, Qəzənfər xan, onda bilərdi neyləyərdi. Canından gizilti keçdi, başıaçıq olsa da, başında xanlara layiq naxışlı dəmir dəbilqə, əynində döyüş qaftanı, qollarında qolçaq, belində qızıl kəmər, bir əlində qalxan, bir əlində qılınc hiss elədi. Bir anlıq o, atın belindən seyrə daldığı boş çölləri döyüş meydanına oxşatdı. Ax, indi atı nə şahə qaldırıb kişnədərdi və başının dəstəsinə əmr edərdi ki...

Bu vaxt Qəzənfər müəllimin cib telefonu səslənib bəstəkar Üzeyir bəyin “Uvertüra”sını guruldatmağa başladı. O, telefonun ekranına baxıb qımışdı. Zəng edən qızı Günel idi. Günel on beş yaşın içərisində olsa da vətənpərvərlik məsələsində tam yetkinləşmişdi, atasından geri qalmırdı. Atasının doğrayıb tökdüklərini bir-bir yığışdırmışdı. Canla-başla “Qeyrət” təşkilatının təşkil etdiyi bütün yığıncaqlara qatılırdı. Srağagün ayağı burxulub şişdiyinə görə yürüşə gələ bilməmişdi. Ancaq atasının mobil telefonunun adi zəngini Üzeyir bəyin “Koroğlu”sunun uvertürasına dəyişmişdi ki, yürüş vaxtı zəng atıb atasını ruhlandırsın. Qız bilirdi ki, atası “Koroğlu” uvertürasının dəlisidir. Uvertüra səslənəndə Qəzənfər müəllim buna görə qımışmışdı. Üzeyir bəyin musiqisi bir anda Qəzənfər müəllimin qanını coşdurmağına coşdurdu, amma cəngavər xəyallarını dağıdıb onu bugünə qaytardı. Kişi sanki yuxudan ayıldı, telefonun səsini kəsdi. Silkinib rəhbərin qımıldanmağını gözləyən təşkilat üzvlərinə dedi:

– Sonuncu iclasımızda qərara aldığımız kimi bu gün nəyin bahasına olursa-olsun, təmas xəttini keçib Şuşaya doğru irəliləyəcəyik! Heç kəsdən və heç nədən qorxmuruq! Artıq bıçaq sümüyə dirənib. Ölmək ölməkdirsə, xırıldamaq nə deməkdir? Biz “Qeyrət” təşkilatı olaraq dəfələrlə bəyanat vermişik ki, Qarabağın nicatı öz əlimizdədir. Ermənilərin və onların havadarlarının qeydsiz-şərtsiz ərazilərimizi tərk etməsi barədə BMT-nin çıxartdığı dörd qətnaməni cibimizdə gəzdirməkdən yorulduq. O dörd qətnamənin hərəsi bir pud daş olub asılıb boynumuzdan. Artıq bu yükü çəkə bilmirik. Qarabağ məsələsi ATƏT-lik-matətlik deyil. Neçə ildir Bakıya və İrəvana dəstə-dəstə missionerlər gəlib-gedir. Noolsun?! Birinin dırnaq ucu boyda bizə xeyri dəyib? Yox! “Qarabağ” adı gələndə Moskvanı, Parisi, Vaşinqtonu qaşınma tutur. Hıqqana-hıqqana qalıblar, gah nala döyürlər, gah mıxa. Nə isə... Bilirsiniz ki, mən ağızdan bir az yavayam, amma indi yeri deyil, artıq-əskik danışmaq istəmirəm. Kəsəsi, biz bugünkü aksiyamızla xalqı ayağa qaldırmalıyıq. Öldü var, döndü yoxdur!

Qəzənfər müəllim pauza verib təşkilat üzvlərinə göz gəzdirdi və deyəsən axtardığını tapmadı. O, atlardan birinin yanında dayanmış gənc müavini Qəribağadan soruşdu:

– Qəribağa, Almazla Nailə gözümə dəymir.

Qəribağa dilləndi:

– Onlar maşında oturub, noutbukdan aksiyamızın başlanması barədə məlumatı saytlara ötürməklə məşğuldurlar.

Qəzənfər müəllim atın üstündən öz qara rəngli köhnə cipinə sarı boylandı. Doğrudan da, Almazla və Nailə arxa oturacaqda əyləşib gözlərini “noutbuk”dan çəkmədən partapart yazırdılar. Sədr işlərin qaydasında getdiyini düşünüb dodaqucu gülümsündü və sözünə davam etdi:

– Bir azdan sonra dünyanın bütün informasiya agentlikləri aksiyamızdan xəbər tutacaq. Onda qarşı tərəf də bizdən çəkinəcək. Biz öz dədə-baba torpaqlarımıza gedirik. Heç kəs bizi qınamaz! Hamı yerini tutsun! Beş dəqiqəyə aksiyamıza başlayırıq!

Üstündə “Qarabağa azadlıq!”, “Hamı Şuşaya!”, “Haqq işimiz mübarək!” şüarları yazılmış transparantlar, dövlət bayrağımız, təşkilatın bayraqları havaya qovzandı. Dəstə uğuldadı. O biri atlara da yiyə tapılmışdı. Təsəvvür edin, təşkilatın sədri Qəzənfər müəllim özünü qurudub oturub at belində, öndə gedir, onun arxasında da yan-yana irəliləyən üç atlı kamera qabağında başlarını necə də dik tutublar. Yürüşçülər əzmlə addım ata-ata şüar deməyə hazırlaşırlar. Şeypurçu şeypura üç-dörd nəfəs füləyib qulaqlara boşaldır və aranı qızışdırmağa çalışır.

Lap arxada isə içərisində Almazla Nailənin oturduğu avtomobildən başqa hamısı boş olan maşınlar quyruq-quyruğa düzülüb tısbağa kimi sürünərək dəstəni təmtəraqlı göstərməkdədir.

Dəstə elə bir qədər irəliləmişdi ki, “qıy” düşdü. Rayonun polis maşınları ulaya-ulaya qaranəfəs özlərini çatdırdılar hadisə yerinə. Polislər səs-küylə maşınlardan düşüb dəstənin qabağını kəsdilər. Yürüşçülər dövrəyə alınınca bir mərəkə başladı ki, gəl görəsən. Ağız deyəni qulaq eşitmədi. Polislərin gəlişi aksiya iştirakçılarını əməlli-başlı hövlləndirmişdi. Qabaqları kəsilsə də, onların çoxusunun gözlərinin içi gülürdü. Sanki özlərini göstərməyə adam axtarırlarmış. Əlbəttə, yaxşı, yaman, nə fərqi, adama qarşı münasibət göstəriləndə o, daha da fəallaşır. Siyasətçi üçün diqqət mərkəzinə çıxmaqdan gözəl nə ola bilərdi?! Harada olur-olsun, polisin gəlməyi hər bir aksiya iştirakçısını səfərbərliyə alır, hamının ürəyinə od salır, özünə inamını artırır.

Qəzənfər müəllimin də içində toy-bayram idi. Zarafat deyildi, hökumət qüvvələri onu adam bilib, tərəf kimi qəbul etmişdilər. Heç şübhəsiz, boynuna götürdüyü məsuliyyəti dərk edirdi. Risq edib bu qədər adamın qabağına düşmək, vurub təmas xəttini keçmək, özünü və yoldaşlarını güdaza vermək təhlükəsi... – düşünəndə adamın tükü biz-biz olur. Olmadı elə, oldu belə, birdən səni bir kopoyoğlu saymadı, hökumət adamları da Allahından dönüb özlərini görməməzliyə vurdular və yaxud dedilər ki, Qəzənfər müəllim, buyur, başının dəstəsilə keç get ermənilərin, nə bilim, onların “çaşqa-loşqa” olduqları əmisiuşaqlarının, dayısıuşaqlarının üstünə, can sənin, cəhənnəm tarının. Bu müharibədə bir qoşun adam qırılıb, əlli-altmış nəfər də artıq ölsə, dünya dağılmayacaq ki...

Hər halda Qəzənfər müəllimdə bir anlıq da olsa özündən razılıq əmələ gəlmişdi. Polislərin gəlişi onun təşkilatının yürüşünü təmtərağa mindirmişdi. Düşünürdü ki, o, ömrünün son iyirmi ilini yelə sovurmayıb, çəkdiyi zəhmətlər, keçirdiyi yuxusuz gecələr, yaşadığı həyəcanlar, aksiyalar vaxtı soyuqda üşüməyi, bürküdə kürəyinin arasından tər axıtmağı, yaxın-uzaq ölkələrdə Qarabağla bağlı iclaslarda qəzəblə danışıb boğazını yırtmağı boşuna getməyib. Deməli, onun təşkilatının adı gələndə kürkünə birə düşənlər var. Bu təşkilat sayılıb-seçilirsə, geri çəkilmək olmaz, haqq işini axıra qədər davam etdirmək lazımdır.

Polislər hərəkətə keçmirdilər, elə bil kimisə, nəyisə gözləyirdilər. Getdikcə ortada qara verənlərin sayı artırdı. Ətraf kəndlərdən eşidən-bilənlər axışıb tamaşaya gəlirdi. Qulaqları çalanda ki, “Qeyrət” təşkilatı Şuşaya yürüş etmək istəyir, həyəcanlanırdılar, açıq-aşkar sevinirdilər, qürrələnirdilər.

Az keçmiş bir karvan polis maşını da təşrif buyurdu. Polislərin sayı çoxaldı.

Burada böyüyün-kiçiyin, hətta Bakıdan gələnlərin də yaxşı tanıdığı yerli polis idarəsinin rəisi, hörmət-izzət yiyəsi Yengibar müəllim sağ əlini yuxarı qaldıran kimi hamı sakitləşdi, elə bil qurbağa gölünə daş atdılar.

Sanki bayaqdan gözləyirmişlər ki, bu leylanın düzündə piketdir, iclasdır, şəbehdir, tamaşadır, davadır, axır hər nədirsə, başlasın.

Polis rəisi, Qəzənfər müəllimin pişvazına çıxdığını göstərirmiş kimi iki-üç addım irəli atıb dayandı və ucadan dedi:

– Qəzənfər müəllim, başınızın dəstəsilə bu yerlərə xoş gəlib səfa gətirmisiniz! Qonağımsınız!

Qəzənfər müəllimin qaşları düyünləndi, başından tüstü çıxdı, üzünün damarları titrədi. Yengibar müəllim elə birinci cümlədən onu və təşkilatını nə yerinə qoyurdu? Bu nə müraciətdir? Nə qonaqlıqbazlıqdır? Bakıdan basa-basa gəlib bu sözləri eşitməliydikmi? Yoxsa polis rəisi bizi barmağına dolayır?

Siyasətçi olduğu yadına düşdü, özünü zorla ələ aldı və hamının onun ağzına baxdığını görüb cavab verdi:

– Yengibar müəllim, qonaqlıq burada yox, Şuşada, Cıdır düzündə... – o, pauza verib sonuncu sözü qəsdən təzədən söküb-yığdı – olajax! “Olacaq” sözündən “c” ilə “q” hərfini çıxardıb ora “j” və “x” hərflərini soxdu ki, qonaq yox, köklü-köməcli qarabağlı olduğunu buradakılara qandırsın və əlavə etdi:

– İndidən sizi də ora dəvət edirəm!

Yengibar müəllim bu qədər adamın qabağında hirsini uda bilməzdi. Yerində qəddini düzəldib Qəzənfər müəllimi sancdı:

– At belinə qalxmaqla özünüzü Cıdır düzündə hesab eləməyin! Tribunaya çıxmamısınız! İclasda-zadda deyilik!

Təşkilat sədri ilə polis rəisi götürüşdülər.

Təşkilat sədri:

– Bizi heç kəs yolumuzdan saxlaya bilməz! “Şuşa” deyib gedəcəyik! Vətəni qorumaq vətəndaşlıq borcumuzdur, iradəmizi göstərmək isə konstitusiya hüququmuz...

Qəzənfər müəllim hiss etdi ki, çox yekə danışdı, amma tövrünü pozmadı, ağızdan çıxan çıxmışdı.

Polis rəisi:

– Düşmən bizim konstitusiya ilə hərəkət etmir. Tank üstünə atla gedirsiniz?

– Tank verin, tankla gedək!

– Tankı biz vermirik.

– Onda qabağımızı kəsməyin!

– Sizin fikriniz-zikriniz şuluq salmaqdır.

– Xahiş edirəm, danışığınıza fikir verin! Xuliqan deyilik. Biz şuluq salmırıq, dava salırıq! Davamız da Qarabağ davasıdır!

Qəzənfər müəllim xoruz kimi pipiyini qızardıb rəisin növbəti cavabını gözləməyə başladı. Növbəti dəfə daha sərt danışmaq üçün özünü tarıma çəkdi.

Ancaq Yengibar müəllim dünyagörmüş adam idi, cavabdan vaz keçib susdu. Bildi ki, belə danışığın axırı yaxşı qurtarmayacaq. Həm də dil-dodağının təpməyindən hiss elədi ki, deyəsən yavaş-yavaş şəkəri qalxır. Toxdamağa çalışdı, ürəyində öz-özünə dedi ki, ay Yengibar, səbrli ol, qızışıb özündən çıxma, belə hay-küyçüləri az görmüsən?! Bunlar Şuşaya gedəndir? Elə bilirlər rəqib üstünə getmək halvadır. Bambılı kimi düşüblər ortalığa. Şuşaya getmək mümkün olsa, elə birinci özün gedərsən də. Bir vaxt babalarıngilin Şuşanın Xoca Mərcanlı, Qurdlar məhəllələrindəki evlərinə getdiyin kimi. Şəkəri doxsan ikinci ilin qışında orada tapmadın? Onda Şuşadan qaçanların qabağına keçirdin, indi Şuşaya getmək sevdasına düşənlərin. Görəcəyin varmış!

Xəyaldan ayılıb Qəzənfər müəllimə baxdı. Qımışdı ki, bəxtəvər oğlu şah oğlu Şah Abbas kimi atın belində gör nə arxayın oturub.

Polis rəisi “Qeyrət” təşkilatının sədrini az-çox tanıyırdı, haqqında gendən-genə az-para şeylər qulağına çatmışdı. Bilirdi ki, Qəzənfər müəllim də könüllü kimi Qarabağ müharibəsindən keçib. Hansı cəbhədə vuruşduğundan xəbərsiz olsa da, döyüşdə can qoyduğunu, hətta bir-iki dəfə yaralandığını da eşitmişdi.

Qəzənfər müəllim polis rəisinin susmasını işi soyutmaq cəhdi kimi yozdu və özünkülərə him eləyib hazır olmalarına işarə verdi. Özü isə dilə gəldi:

– Yengibar müəllim, sizə hörmətimiz var, xahiş edirəm, göstəriş verin, yolumuzu kəsməsinlər!

Polis rəisi bir istədi yolu açdırsın, “Qeyrət”çilərin köpü alınsın, onsuz da təmas xəttində öz hərbçilərimiz bunların burnunun üstündən vurub qaytaracaqdı geri. Ancaq onda özünü gözdən salacaqdı, eşidən-bilən deyəcəkdi ki, Yengibar müəllim bir dəstə yelbeyinin, başıpozuğun öhdəsindən gəlmədi.

Polis rəisi məsələni sakitçiliklə həll etmək istəyirdi. Əlində kifayət qədər canlı qüvvə vardı, iki rayonun polisini yığmışdı bura. Mütləq yürüşü dağıtmalı idi. Vaxt gedirdi. Məsələ qəlizləşə bilərdi. Düşündü ki, sonuncu cəhdini etsin, danışıqla “Qeyrət”çiləri yoldan döndərsin. İşdir, inadlarından əl çəkməsələr, onda hə, dəyənəkləri salar işə.

O, Qəzənfər müəllimə yenidən girişdi, amma bu dəfə bir qədər sərt tonda:

– Qəzənfər müəllim, yolunuzu açırıq...

“Qeyrət”çilər polis rəisini axıra qədər dinləməyib sinədolusu nəfəs aldılar, təşkilatlarının rəhbərlərinə heyran-heyran baxdılar. Zarafat deyildi, kişi dediyini yeritmişdi. Az qaldı Qəzənfər müəllimi alqışlasınlar. Ancaq polis rəisi onları qabaqladı...

– Amma sizinlə təklikdə beşcə dəqiqəlik söhbətim olacaq, zəhmət olmasa, atdan düşün, bir qırağa çəkilək.

Bu zaman dörd polis yerindən tərpənib Qəzənfər müəllimin atına sarı getdi.

Təşkilat sədri ildırım sürətilə düşündü ki, özbaşına atdan enməsə, işi korlayacaq. Polislər onu dartıb aşağı salsa, hörmətdən düşəcək, bu səbəbdən danışığa gedən bərabər tərəf kimi başını dik tutub ayaqlarını üzəngidən götürdü və yüyəni köməkçisinə uzatdı.

Yengibar müəllim ərklə onun qoluna girdi və onlar adamlardan bir qədər uzaqlaşıb ağaclığa sarı getdilər.

Səs çatmayacaq məsafəyə gəlib çatanda polis rəisi dilləndi:

– Qəzənfər müəllim, istəyirəm açıq danışaq!

Təşkilat sədri düşünmədən cavab verdi:

– Danışaq!

– Biri-birimizi başa düşməliyik!

Yenə Qəzənfər müəllim key-key başını tərpətdi.

– Əlbəttə...

– Zəhmət olmasa, əvvəlcə bir sualıma cavab verin!

– Buyurun!

– Tutalım, vurub lap təmas xəttini keçdiniz, qarşı tərəf də atəş açmayıb hamınızı əsir götürdü. Ondan sonra nə olacaq? Heç nədən birdən-birə əlli-altmış əsir verəkmi?

– Sonrasını düşünəndən qəhrəman olmaz!

– Qəhrəman olmaq istəyirsiniz?

Qəzənfər müəllim ilişdi. Ancaq polis rəisi bu sualın üstündən keçib, başqa sual verdi:

– Əsir olub neyləyəcəksiniz?

– Bütün dünya biləcək ki, bizi öz torpaqlarımızda əsir alıblar.

Yengibar müəllim gülümsədi:

– Bəyəm bütün dünya bilmir ki, iyirmi ildir Qarabağda başımıza nə oyun açırlar?

Qəzənfər müəllim mısmırığını salladı:

– Bilirlər. Noolsun? Ağzımıza su alıb oturmalıyıq? Heç olmasa dünyaya, düşmənlərimizi göstərək ki, narazıyıq, dinc oturmuruq, torpaqlarımıza can atırıq.

Yengibar müəllim axtardığını tapmış kimi dedi:

– Göstərək də!

– Qoymursunuz, axı?!

– Niyə qoymuruq? Qoyuruq!

Qəzənfər müəllim döyükə-döyükə polis rəisinə baxdı. Öz-özunə dedi ki, bu kişini heç başa düşmək olmur. Yolumuzu açandırsa, daha məni niyə xəlvətə çəkir?! Bu nəm-nüm, “mıs-mıs” nəyə gərəkdir? Kənardan baxanlar da deyirlər görəsən bunlar nə barədə sövdələşirlər.

Polis rəisinin dillənməsi Qəzənfər müəllimin düşüncəsini qırdı:

– Qəzənfər müəllim, mən vəziyyətdən çıxış yolu təklif edirəm!

– O nə çıxış yoludur elə?

– Belə danışırıq: Nə siz dərinə gedirsiniz, nə biz. Qayıdıb özünüzküləri yürüşə davam etməyə çağırırsınız. Qorxmayın, irəli atılın! Mən də özümkülərə komanda verəcəyəm ki, yürüşü dağıtsınlar. Ola bilsin görüntü xatirinə sizinkilərdən on-on beş nəfəri tutub basdıq polis maşınına. Narahat olmayın, şöbədə bir-iki saat saxlayıb buraxacayıq. Videokamera gətirmisiniz?

– Gətirmişik! – Qəzənfər müəllim tilsimə düşmüşdü sanki.

– Bizdə də videokamera var. Qarşıdurma yarananda sizinkilər də çəkər, bizimkilər də. Sonra siz çəkdiklərinizi dünyaya göstərərsiniz, biz də xidməti işimizlə bağlı lazımi yerlərə. Həm siz deyən olar, həm də biz.

– Oyun oynayırıq?!

– Başqa əlacımız yoxdur. Əks halda mən, güc tətbiq edib asayişi bərpa etməliyəm.

– Məni nə yerinə qoyursunuz?

– Bu sirr ikimizin arasında qalacaq!

Qəzənfər müəllimin boğazı qurudu. Tələyə düşdüyünü anladı. Gərək polis rəisi ilə danışığa girməyib dəstəni hərəkətə gətirəydi. Harda qırılardı, qırılardı. Onsuz da polislər o qədər onun təşkil etdiyi piketi, yığıncağı dağıtmışdılar ki... İcazəsiz hərəkətlərinə görə dəfələrlə neçə sutka həbsə alınmışdı. Siyasətçi üçün bunlar adi şeylərdi.

İndi Qəzənfər müəllimin ürəyinin başını sızıldadan polis rəisinin təklif etdiyi məzhəkə idi və o, miskincəsinə bu tamaşada oynamağa məhkum edilmişdi. Yoldaşlarını sakitcə, suyu süzülə-süzülə Bakıya qaytara bilməzdi. Təşkilat mütləq özünü göstərməli idi. Yoxsa qorxub meydandan qaçdığı düşünülər və bir rəhbər kimi gözdən düşərdi. Amma boş yerə üzvlərindən birinin də burnunun qanamasını istəmirdi. Birdən polislər acığa düşüb təxribat törətdilər? Məsələn, yürüşə qatılanların üstündən yalandan silah, narkotik maddə tapdılar? Təşkilat üzvlərinə cinayət işi qaldırsalar, gəl indi onların ailəsinə, uşağına cavab ver! Arvadı Qənirənin Qəzənfər, cəncəl işlərinlə vallah axırda uşağı yetim qoyacaqsan!” sözləri həmişəki kimi yenə də beynini deşdi... Eh, nahaq danışığa getdi.

Qəzənfər müəllim başına cin vurmuş adam kimi qəfildən qayıdıb atın belinə qalxanda onun təşkilatının üzvləri də, polislər də hesab etdilər ki, danışıq baş tutmadı. Hər iki tərəf gərginləşdi. “Qeyrət” təşkilatının sədri atın cilovunu bərk-bərk sıxaraq səsini ucaltdı:

– Yürüşə başlayırıq! İrəli!

O, atın başını çəkdi. Dəstə hərəkətə gəldi və qarışıq səslər ətrafı bürüdü. Polislər qalxanlarını sinələrinə sıxaraq dəyənəklərini hazır tutub qırğı kimi baxmağa başladılar.

Tamaşaçılar polisin farağat vəziyyəti aldığını görüb kənara çəkildilər. Yengibar müəllim zabitlərlə xısınlaşandan sonra vur-çatlasın düşdü. Ara qarışdı, məzhəb itdi, dartışma, süpürləşmə, qıy-qışqırıq... Altda qalanın canı çıxsın!

Artıq tərəflərin videoçəkənlərindən biri böyürdəki təpənin başına, o biri təxminən 25-30 addımlıqdakı palıd ağacına dırmaşıb, özlərinə əl qatmışdılar. Polislər başlarını qaldırıb onlar tərəfə heç baxmırdılar da. Sanki “Qeyrət”çilərin operatoru toxunulmazlıq statusu almışdı. Polislərin sayı yürüşçülərin sayından çox olduğuna görə proses bir qədər sadə gedirdi. Polislər yürüşçüləri bir-bir dənləyib hop götürür, itaət göstərənlərlə sakitcə davranır, çığır-bağır salanları isə qol-qıç eləyib maşınlara dürtürdülər. Maşınlar dolduqca işə düşüb vıyıldaya-vıyıldaya hadisə yerindən uzaqlaşırdılar. Bir tozanaq qalxırdı ki... Axırda Qəzənfər müəllim də, o biri atlılar da atdan salındılar.

Qəzənfər müəllimi polis rəisinin maşınına sarı dartdılar. Çünki o da müqavimət göstərirdi. Polislər maşının qapısını açıb təşkilat sədrini zorla maşına pərçimlədilər. Bu məqamda Qəzənfər müəllimin ağzından paravozu “Oğraş!” olmaqla bir qatar söyüş çıxdı. Sanki o, ağzını yumruladıb avtomat lüləsinin çıxacağına oxşatmaqla rəqibə, düşmənə cavab atəşi açırdı. Hansı rəqibə, hansı düşmənə? Elə hamısına!

Polislər söyüşə məhəl qoymadılar. Gərginlik onların işini daha da urvata mindirirdi. Qapı çırpılıb bağlanandan sonra Qəzənfər müəllim üst-başını qaydaya salanda böyrünə baxıb gördü ki, Yengibar müəllim də maşındadır.

– Ürəkdən söydünüz! Heç kəsdə şübhə yeri qalmadı. – Polis rəisi dedi.

– Söyüşüm də kara gəldi? – Təşkilat sədri acıqla soruşdu.

Polis rəisinin dodağı qaçdı:

– Bəs necə? Çəkilən videokadrlar inandırıcı olacaq.

Maşın yerindən götürülüb yola düşdü. Qəzənfər müəllim susurdu, danışmağa sözü yox idi.

Yarıyolda Yengibar müəllim dilləndi:

– Yürüşünüz baş tutdu, Qəzənfər müəllim! Təbrik edirəm!

Qəzənfər müəllim polis rəisinin eyhamını anladı. Mitinqin, piketin, yürüşün baş tutması siyasətçilərin çox işlətdiyi ibarə idi. O özü də dəfələrlə beş-on tərəfdaşını bir yerə yığmaqla hansısa ölkənin səfirliyin binasının qabağında üçdəqiqəlik bəyanat oxuyub, işini bitmiş hesab etmişdi və jurnalistlərə qazı-qazı intervülər vermişdi ki, bugünkü piket mütəşəkkil keçdi.

Qəzənfər müəllim acı-acı cavab verdi:

– Siz də öz işinizin öhdəsindən bacarıqla gəldiniz. Sizə yuxarıların təşəkkürünü qazandırdıq. Amma...

– Ammalar çoxdur!

– Arada qalan Qarabağ oldu.

Polis rəisi ah çəkdi:

– Təəssüf ki, elədir!

Rəisin maşını “Cıdır düzü” restoranının qarşısında dayandı. Maşından düşdülər. Əl-üzlərini yuyub özlərini sahmana salandan sonra polis rəisi Qəzənfər müəllimi restoranın kabinələrindən birinə apardı.

Süfrəyə çay gəldi.

Qəzənfər müəllim polis rəisinin iti baxışlarına, güclü iradəsinə tab gətirə bilmirdi. Polis rəisi hadisələri istədiyi istiqamətə döndərirdi. Onun qabağında söz demək sanki mümkün deyildi. Lap donuxub qalmışdı.

Yengibar müəllim armudu stəkanından bir qurtum çay alıb dedi:

– Qəzənfər müəllim, Qarabağın açarının hansı ölkənin əlində olduğunu bilmirsiniz?

– Bilirəm! – Qəzənfər müəllim həm də başını tərpətməklə cavab verdi.

– Görmürsünüz ki, biz bir “Cıqq” eləyən kimi rəqiblərimizi dizinin üstünə oturdanlar necə əl-ayağa düşürlər?

– Görürəm!

– Onda özünüzü bilən kimi, görən kimi aparın də!

– Düşmənimiz güclüdür deyə, ayaqlarımızı uzadıb ölək?!

– Ölməyək, yaşayaq! Ancaq gücünü bilməyən gücsüzdür, axı!

Bu vaxt süfrəyə yemək düzüldü. Ancaq Qəzənfər müəllim ürəyində özünə söz verdi ki, əlini yeməyə vurmayacaq. İçsə, bir stəkan çay içəcəkdi, çünki ürəyi yanırdı.

Onun mısmırığını salladığını görən Yengibar müəllim dedi:

– Yoldaşlarınızdan nigaran qalmayın! Heç birinin burnu da qanamayıb. Onları rahatlayacaqlar, tapşırmışam.

– Xahiş edirəm, atları yiyəsinə qaytarsınlar!

– Arxayın olun! Bəlkə bir qismət çörək kəsək?!

Qəzənfər müəllim üzünü yana tutub əzvay-əzvay cavab verdi:

– Mən sözümü demişəm, sizinlə çörəyi əsl Cıdır düzündə kəsəcəyəm, restoran “Cıdır düzü”ndə yox.

– Ya qismət!

Polis rəisi təkid etmədi. Heç özü də süfrəyə əl uzatmadı, həm iştahası pozulmuşdu, həm də şəkərinə görə pəhrizdə idi.

Handan-hana Qəzənfər müəllim çay stəkanına əl atıb bir qurtum aldı. Çay buza dönmüşdü.

Lal dinməz həyətə çıxdılar.

Bu vaxt yenə Qəzənfər müəllimin cib telefonu Üzeyir bəyin “Üvertura”sını çalmağa başladı. Qızı idi, cavab verməyi münasib bilmədi. Həm də istədi uşağı elə bilsin ki, hələ aksiya bitməyib, ona görə telefonu açmır.

Telefon susandan sonra Qəzənfər müəllim qəfildən soruşdu:

– Yengibar müəllim, eşitmişəm siz üç ay Şuşanın müdafiəsində olmusunuz?!

Yengibar müəllim ya Üzeyir bəyin musiqisinin təsirindən, ya Şuşanın adı ayrı cür çəkildiyindən, ya da nədənsə özünü saxlaya bilməyib bərk tutuldu və doldu. Qəzənfər müəllim də kövrəldi. Elə mağmın-mağmın dayanmışdılar ki, bu vəziyyətdə onları yezid də görsəydi, dözməyib yumşalardı. Hələ bəlkə hönkürtü vurub gözlərindən gildir-gildir yaş da tökərdi və deyərdi ki, neynək, siz deyən olsun.

Bir dəqiqə sonra vəzifə borcları yadlarına düşdü, ciddiləşdilər.

Onlar ayrılanda şəkərdən süstləşmiş polis rəisi tabeçiliyində olanlardan birinə tapşırdı ki, qonaqları hörmətlə Bakıya yola salsınlar.

“Qeyrət”çilər gecə saat üçə işləmiş Bakıya çatdılar. Qəzənfər müəllim öz açarı ilə mənzilinin qapısını açıb içəri girəndə tamam əldən düşmüşdü. Gördü ki, qızı paltarlı-palazlı divanda yuxuya gedib. Yəqin atasını gözləyib-gözləyib tab gətirməmişdi. Düşündü ki, nə yaxşı, qız oyaq deyil. Yoxsa onu yürüş barədə möhkəm sorğu-suala tutacaqdı. O, yüngülcə qızının üzündən öpdü. Yataq otağına boylandı. Arvadı Qənirə allah bilir, haçandan yuxu bişirirdi. Yuyunub bir az nəfəs dərəndən sonra, ürəyi durmadı, kompyuteri açıb, “Qeyrət”in saytına baxdı. Bugünkü yürüşləri barədə təşkilatın jurnalist üzvləri Almazla Nailənin “Şuşaya yürüş!” başlıqlı şəkillərlə bəzədilmiş reportajvari məqaləsi verilmişdi. Birinci şəkil Qəzənfər müəllimin at belində olan şəkli idi.

Qəzənfər müəllimin hövsələsi daraldığı üçün məqalənin yalnız son cümləsini oxudu:

“Günortaya qədər davam edən “Şuşaya yürüş!” aksiyası rayon polisi tərəfindən amansızcasına dağıdılmış, “Qeyrət”in sədri Qəzənfər Alıyev və təşkilatın fəal üzvləri polis şöbəsində altı saat ac-susuz saxlanıldıqdan sonra buraxılmışdır”.

Saytda təşkilatın polislə qarşıdurmasını əks etdirən videogörüntü də yerləşdirilmişdi.

Xəcalətdən Qəzənfər müəllimin başı sinəsinə düşdü.

2012, yay

525-ci qəzet

# 2863 dəfə oxunub

Oxşar xəbərlər

Avtobusdakı dayının ağ corabları - Ulucay Akif

Avtobusdakı dayının ağ corabları - Ulucay Akif

14:36 24 aprel 2024
Necə yazmaq lazımdır?

Necə yazmaq lazımdır?

12:00 22 aprel 2024
Şəms Təbrizini kim öldürdü? - Bir qeybin anatomiyası

Şəms Təbrizini kim öldürdü? - Bir qeybin anatomiyası

12:00 19 aprel 2024
Adamın buna kitab deməyə dili gəlmir...

Adamın buna kitab deməyə dili gəlmir...

12:30 15 aprel 2024
Onlar üçün müqəddəs heç nə yoxdur...

Onlar üçün müqəddəs heç nə yoxdur...

17:00 10 aprel 2024
Bu mətnin niyə qələmə alındığını başa düşmədim

Bu mətnin niyə qələmə alındığını başa düşmədim

14:28 10 aprel 2024
# # #