Bir qadının etirafları...

Bir qadının etirafları...
27 dekabr 2012
# 11:10

Poeziyamızın qadın şairləri

1990-cı illərin müstəqillik dalğası qadınlarımızın azadlıq əldə etməsinə və bu azadlıqdan maksimum bəhrələnərək cəmiyyətin müxtəlif sferalarında fəaliyyət göstərmələrinə zəmin yaratdı. Əlbəttə, bu azadlıq tarixin özü ilə gətirdiyi dalğa olsa da, ilk növbədə, ədəbiyyat və fəlsəfədən bəhrələnirdi. Çünki yeni oriyentir, yeni təfəkkür qatı öncə ədəbiyyatdan və fəlsəfi ideologiyalardan rişələnir.

Bu gün çox müasir və cəsarətli mövqe nümayiş etdirən qadınlarımızı da ədəbiyyatımızda vaxtilə yaradılmış obrazların prototipi hesab edə bilərik. İ.Əfəndiyevin «Körpüsalanlar»ındakı Səriyyə, Anarın «Ağ liman» əsərindəki Təhminə yarandığı dövrlər üçün çox cəsarətli, ətrafında böyük ajiotaj yaradan xarakterlər idilər. İndi cəmiyyət daha sürətlə irəliləyir, dünya cinsi fərdlər arasındakı hüquqları daha çox bərabərləşdirməyə çalışır. Bu gün bir çox beynəlxalq simpozium və konfranslar gender problemlərinə həsr olunur. Ədəbiyyat da cəmiyyət üçün yeni qəhrəmanlar yaratmağa, yetişdirməyə çalışır.

O zaman üçün revanşist ovqat yaradan, hissləri və ağılları coşdurub tənqid obyektinə çevrilən Səriyyə və Təhminələrlə bu gün kimi təəccübləndirə bilərik? Hər zaman öz maraqlarını diktə eləməyə çalışır. Dəyişən zamana dəyişməyən dəyərlər və meyarlarla yanaşanda gələcək perspektiv hasil olmur. Hətta deyərdim zaman üçün o qəhrəmanlar maraqlı və nəticəverən olur ki, öz istək və arzuları, əməl və əqidəsi ilə çağından bir addım irəlidə durur. Zaman onu deyil, o zamanı arxasınca apara bilir.

Sovet ideologiyası yalnız sənəti, ədəbiyyat və mədəniyyəti deyil, insanı, hətta zərif cins adlandırdığı qadını belə öz siyasətinin təkərciyinə, vintciyinə çevirmişdi. Qadını pambıq, taxıl tarlalarında işləməyə təhrik eləməklə onu bütün mənəvi dünyasından, bir qadın olaraq həyatın dadını yaşamaq hissindən məhrum eləmişdi. Təsadüfi deyil ki, həmin ideologiyanın hökm sürdüyü ən sərt vaxtlarda yaradılan əsərlərdən birinin adı simvolik olaraq «Erkək Tükəzban» (B.Talıblı) adlanırdı. Qadın adına epitet kimi erkək sözü seçilirdi və bu təyin ona başucalığı gətirən nəsnə kimi xarakterizə olunurdu.

Qüdrətli şairimiz Hüseyn Cavidin “Qadın!” adlı şeirində belə misralar var:

“O lətafət, o nəcabətlə sana

Bu əsarət, bu həqarət nə rəva!?

Sən nəsin?.. Kəndini bil, zəfi bıraq!

Həp nəsibinmi sənin sillə, dayaq?

..Kimsədən gözləmə yardım əsla;

Yalnız kəndinə kəndin ağla!”

Böyük Cavidin bu çağırış, üsyan xarakterli misralarının poeziyada geniş intişar dövrü 1990-cı illərdə yetişdi. Müstəqillik dövrünün yazarları qadın dünyasının, qadın yaşamının ekzistensiyasını yaratdılar, natur-fəlsəfi məqamlara diqqət yönəltməklə onun mənəvi sarsıntı və yaşamını ictimai-psixoloji müstəviyə çıxartdılar. Azərbaycan qadını istər poeziyada, istərsə də nəsrdə öz daxili dünyası ilə baş-başa qaldı. Nərmin Kamal, Günel Mövlud, Sevinc Pərvanə kimi gənc xanım yazarların şeirlərində kişi obrazının deformasiyasının başlıca səbəbi poeziyada qadın başlanğıcını gücləndirmək ehtirasından, feminist mövqedən irəli gəlirdi.

Qadın milli mentalitet standartlarından imtina edir, köhnə dəyərlərin məqbul saydığı, ənənəvi əxlaqla motivləşən cəmiyyət qanunlarına üsyan edirdi. Bütün dünya səviyyəsində gedən bu proses, yəni cəmiyyətin kişi və qadın kombinasiyasının pozulması qütbləşmə ilə (maskulin və feminen) nəticələnirkən çağdaş şeir bu sırada gərəyincə açıq qalan feminen mövqeyi qabartdı. Son illərin poetik mətnlərinə nəzər salanda bu tendensiyanın funksional olduğunu görürük.

Çağdaş poeziyada feminizm dalğası bir neçə kontekstdə-daha çox azad sevgi, azad düşüncə, bir sözlə azad insan anlamında üzə çıxır. Məsələn, gənc şairlərdən N. Kamal, G. Mövlud, S. Pərvanə ekzistensional məqamlara həssasdırlar, bu sırada onlar üçün qadın da elə əks cins kimi hər növ gücə və statusa, mövqe və nüfuza layiqdir:

qadınlığıyla barışanları

heç sevmədim

daha sonra yazığım gəldi onlara,

çünki uşaq kimidilər lap

ovcunda ağlayır qadınlar

gözləri ovuclarının içindədi... (S. Pərvanə)

Bu məqam məhz 1990-cı illərdən qabarır və düşüncə selinin qabağına Azərbaycan qadınının milli obrazını, onun dünənini, durumunu, aqibətini gətirir. Hər bir halda hədəfdə “vətən qadınları”dır və gənc nəsil qadının hər növ-məişət, sosial-ictimai, psixoloji səviyyədə özgürlük qatına israrlıdırlar:

bağışla məni, ana

mən qürbətdə anladım

vətən qadınları necə mənasızdır. (G. Mövlud)

Bu mətnlər yeni sosial iyerarxiyada qadına kişidən bir pillə öndə yer ayırır, sosial kateqoriya baxımından qadını kişidən zəif hesab eləmir. Ancaq bunun ifadəsi hər yazarda nə qədər alınır? Yəni bu yanaşmaların hər birində fərdi –fərqi iç duyumlarının mənalanması var, bəs bu mənalanmalar nə qədər ədəbiyyat istedadı zəminində yetişir? Yaxud, belə deyək, poeziya bu kontekstdə Azərbaycan qadınını necə, nə qədər dərinlikdə, gerçəklikdə, gücdə aça bilir?

Çağdaş poeziyamızda güclənən qadın başlanğıclı şeirlər bu yöndə artıq sabitləşmiş olan qadın təmayülündən danışmağa əsas verir. E. Eyvazlının “Kişi etirafı”, S. Çılğının “Alaçarpa”, Feyziyyənin “Mesaj”, X. Hüseynzadənin “Ağ atlı Avropa” kitabı, G. Mövludun, N. Kamalın, Jalə İsmayılın, Rəsmiyyə Sabirin, Gülnarə Cəmaləddinin, Sonanın, G. Xəzəlin, Rəbiqənin, Günel Şamilqızının, A. Əlizadənin şeirləri poeziyada qadın təmayülünün güclənməsinin göstəricisidir. İstedadının gücündən, poetik həssaslığının dərəcəsindən asılı olmayaraq bu müəlliflərin şeirlərini daha çox bir əlamət birləşdirir. Onların hər birində qadın yaşamının ekzistensiyası yaradılır, sevgi duyğularının əl dəyilməyən, mübhəm qalan gizlinlərinə diqqət yönəldilir. O məqamlar ki, insanın ancaq özü ilə paylaşmağa rəva bildiyi, iç dünyasının ən həssas, “toxunsan indicə hönkürəsi və qaynayıb daşası” (Z.Əzəmət) mətləbləridir.

Elnaz Eyvazlının “Kişi etirafı” kitabında bu mövqe sırf sevgi münasibətləri zəminində açılır. Bu şeirlərə əslində, bir qadının etirafları, onun iç dünyasının şəkli demək daha doğru. Kitabda yaradılan sevgi tablosu o qədər əhatəli və zəngindir ki, burada müəllifin toxunduğu bütün digər mövzular, onun yağışa, yazı masasına, bomja, həyat və ölümə həsr etdiyi şeirlər sevən bir ürəyin həssaslıqla təqib qıldığı həyat lövhələri kimi mənalanır. Elnaz sevən qadının obrazını daha koloritli, psixoloji nüans səhihliyi ilə poeziyaya gətirir.

Ölmüş ümidləri bağrıma basıb
heç kimin eşitməyəcəyi tərzdə ulamaq.
Qollarımı sinəmdə
bir-birinə bağlamaq,
büzüşmək, yığılmaq.
Gözlərim yuxuya gedincə
xısın-xısın ağlamaq.

Elnazın şeirlərində əks cincdən narazılıq bütöv həyatdan küskünlük şəklində üzə çıxır. Amma həyatla savaşmayacaq qədər loyal mövqe sərgilənir. Təsvir olunan nakam sevgi hekayəti, bəxtsiz qadın taleyi, keşməkeşli yol yolçuluğu, həyat məşəqqətinin gücü savaşa deyil, sevməyə və onu kişi kimi etiraf eləməyə çatır.

Getməyin üstünə,
baxmayın dediyinə,
çəkməyin yanında nifrətin adın.
sevmək üçün doğulub
bu Qadın!

Elnaz Eyvazlı hər növ qatlar-ictimai, mənəvi-mədəni, psixoloji durum mürəkkəbliyi arasında sevən qadının obrazını yaradır. Onun nəzərlərindən bu dünya necə olur, hansı etiraf, etibar hüdudlarına söykənir və ən nəhayət, sevən qadın olaraq hansı yolu seçir: ağrıları yenməyin, sabaha atılan inamlı addımlamağın kişi kimi etirafımı, yoxsa yenə də sevən qadın olaraq ehtiyacında olduğu kişisizliyin etirafı?! Hər iki halda yaşantılar eynidir, eyni sızıltı, göz yaşı, kədər, məyusluq...

Səhərəcən buz kimi yataqda

it kimi ulayıram.

Qonşum deyir ki,

Bu gecə bir köpək bizi yatmağa qoymayıb.

Qayıt, məni saçlarınla yuvama zəncirlə.

Həsrətindən köpək olduğumu

biləcəklərindən qorxmuram.

Bu, gec-tez hamıya çatacaq.

Sahibsiz olduğumu bilsələr,

hərə bir daş atacaq.

İlk baxışda bu şeirlərdə məzmun baxımından yeni bir şey yoxdur deyib keçmək olar, ənənəvi sevgi mövzusudur, bu dəfə xanım lirikin dünyaduyumunda əksini tapıb. Füzulidən bu yana poeziyamız eyni mövzuda yazmaqda nə zaman səngimiş? Bütün dünya ədəbiyyatından beləsinə sevginin dili birdir, yazılmamış qanunları Şərqdə necədirsə, elə Qərbdə də elədir. Yetər ki, sevməyi bacarasan, axı bilirik, heç nə olmasa da şairlik sevgidən, sevmək istedadından başlayır. Bu məqamda mövzuya digər rakursdan nəzər yetirək.

Mövzuya kişi nəzərlərindən yanaşsaq, burada məhəbbətin melanxolik çözümündən, ülvi məhəbbət duyğusallığından tutmuş intim-bioloji çalarlara, epataj səciyyəyə qədər hər növ mövqenin olduğunu görərik. Bir tərəfdən düşündürür, sanki subardinasiyası pozulmuş cəmiyyətin bir çox dəyərlərinin itdiyi, qarışdığı bu zamanda sevgi anlamı da öz dəyərini itirmiş, onu önəmsəməyə hacət qalmamış. Məsələn, Elvin Bakiroğlunun şeirləri bəşərin əbədi sevgi, məhəbbət mövzusunu hədəf alır. Amma burada məhəbbətin melanxolik çözümü ilə deyil, cılız, bir qədər də yüngül oyun simvolikası ilə rastlaşırıq:

Sevgiyə aid nə var-

Pəncərədən at çölə.

Qorxma yemərəm səni,

Gəl bizə elə-belə.

Allah bilir səhərə

Hansı kökdə çıxarıq...

Səni sevəcəyəmmi-

Buna sonra baxarıq.

Elvinin “Vətəndaş nigahı”, “-relax-“, “Üçüncü” adlı şeirləri də bu cür macəra-sərgüzəşt çözümlərinə köklənir. Ümumiyyətlə, gənclərin sevgiyə münasibətində fərqli baxış hakimdir. Bu şeirlər tam gənclik illərinin gətirdiyi coşqu və əylənmək sevdası, psevdo aşiqlik görüntüsü ilə təğyiri-libas olub günün müasir qəhrəmanının obrazını cızmaq imkanı yaradır, bir növ romantik uslubla postmodern həzzin təmas nöqtəsi kimi doğulurlar.

Daha bir gənc yazarın- Vüsal Nurunun “Sevgi operettası” şeirinə diqqət edək:

Mən ayağına yenəcək qədər

İzini öpəcək qədər,

Tanrı biləcək qədər sevirəm səni

Sevirəm səni söyəcək qədər,

Döyəcək qədər.

Öldürəcək qədər,

Mən bir az dəli oğlanam axı.

Bax belə sevirəm səni

manyakcasına.

Fərqli olmaq, özəl poetik düşüncə kontekstindən çıxış etmək üçün ilk növbədə, fərqli poetik yaşam lazımdır. Bəzi hallarda sevgi haqqında yazılan şeir sevgini bəlirtmək, yaşanan duyğusallığı ehtiva eləmək əvəzinə sanki sevgi effekti yaradır. Gənclər şeirlərində söz oyununa, konstruksiyaya o qədər qapılırlar ki, şeirin poetik cəhətdən uğurunun təəssübünü çəkmək kölgədə qalır. Aşağıdakı şeirdə olduğu kimi:

Sevgi ikilikdə alınmır nəsə,

Azalıb “iki”nin tamı dünyada.

Üçüncü adamam mən də kiməsə,

Üçüncü adamdı hamı dünyada...

“Dünya köhnə dünyadır, sevgiləri təzədir”(N. Kəsəmənli). Köhnə dünyanın sevgiləri bir də o zaman dirilik qazanır ki, ona yönələn baxış, ifadə və mənalanma üsulu, onu təsvir vasitəsi sevgi ilə dolu olsun. Duyumun yaddaşını tərpətsin, sevən ürəyin təravəti, yazan əlin titrəyişi hiss olunsun. Sevgidən yazan bir əlin titrəyişini hiss elətdirməyən şeir oxucunu necə ehtizaza gətirə bilər?

Bu dünyanın köhnəlmişdi rəngləri,

Sevdim səni, məhəbbətlə boyadım.

Bir vaxtlar bu missiyanı Nüsrət Kəsəmənli öz üzərinə götürdü sanki, təzə-tər duyğulardan, real yaşanmış hisslərdən yeni bir dünya qurdu, bu dünyanın rəng çalarlarından bəhrələnib bütöv bir sevgi qalereyası yaratdı. Oxucu da bu dünyaya yeni dünyanın insanı kimi qədəm qoydu, burada öz ruhunun, yaşantılarının, iç dünyasının şəklini gördü, ona tapındı, mehrab kimi sığına bildi. Bu ülviyyəti qoruyub saxlayan poetik nümunələr çağdaş poeziyada istənilən qədərdir. Fərqli olan həm də mövzunun qadın nəzərlərində yeni modifikasiyalara uğraması deyil, ümumən sevən, sevilən, incə, zərif kimi gördüyümüz və tanıdığımız Azərbaycan qadınının revanşist ovqat sərgiləyən simasıdır.

Bu qadın artıq “qadınlığıyla barışanları heç sevmədim” (S. Pərvanə) deyərək daşıdığı adda ehtiva olunan zəriflik və gücsuzlük anlayışına üsyan edir, həmcinsinə mütilik əleyhinə inqilabi ovqat, güc və möhkəmlik hissi aşılayır. Amma bu güc və möhkəmlik ehtirası sosial-ictimai təzyiqlərdən mənəvi sarsıntılara uğraya biləcək qadına cəmiyyətdə yaşamağa hazır olmaq naminə aşılanır. Məsələn, Xuraman Hüseynzadənin “Ağ atlı Avropa” kitabı bizi tam fərqli qadın rakursu ilə üzbəüz qoyur. Burada da qadın ekzistensiyası naturadan poeziyaya transfer olunur. Bütün məişət, sosial yaşam içrə bir qadın qəlbi sızlayır, “Eşq mənim Allahımdı” deyir.

Xuramanın şeirlərdə aktiv qadın obrazı təsvir olunur və bu qadın onu məngənəyə salan hər şeyə qarşı üsyankar ruhdadır. Qadın azadlığına çağırış, revanşist ovqat baxımından feminist ünsürlər Xuramanın şeirlərinin əsasını təşkil edir. Müəllif “axı niyə / Azad qadın heykəli kimi başımı dik tuta bilmirəm???” etirazı ilə bunun cavabını ictimai-psixoloji-mənəvi gündəm basqısına tabe tutub şikayət etdiyi məqamları cəmiyyət psixolojisində arayır:

Ah, Azad qadın...

Bu məhbəs məmləkətdə

Elə heykəl olaraq qalacaqsan...-deyir.

Poeziyada feminizm dalğası S. Çılğının şeirlərində də qabarıq, epataj səciyyəlidir. Bu şeirlərdə qadın qadının gözü ilə açılır. Cəmiyyət içində rast gəldiyimiz qadın mənzərələri onun poeziyasının predmetidır. Və bütün bu mənzərələr, təzadlar, basqılar içrə “giriftari-qəfəs” olan həmcinslərini S.Çılğın “qadın marşı”nı oxumağa çağırır:

adam kimi yaşamaq üçün

özündən qaç

lazımsa

özünə yox deməyi məşq et...(sına)

süpür keçmişini

üflə hisslərinin tozunu

yaşamağa davam!

yaşamağa davam!

Əlbəttə, bu şeirlərdə poeziyadan çox ideoloji çalarlar, publisistika var. Poetik-estetik bütövlük hiss olunmur. Qadın yazarlar bəzən için yaşam konkretliyinə qane olub: məsələn, “Səni sevmək ölçü meyarıdı bütün duyğulara, qalanı boş şey”(Rəbiqə), daha çox psixoloji tona önəm verirlər:

Mən səni ona görə sevdim ki,

Boş yer vardı yanımda.

Ona görə sevdim ki,

yerdən qalmayasan nigaran. (A.Əlizadə)

“Sənət iç söhbətidir, yeni qəhrəman, yeni insan, onu görükdürə bilən təzə dil, estetika istəyir.”(T. Əlişanoğlu) Bu etalonu təqdim edən nümunələr o qədər çox olmasa da inanaq ki, zamanın ardınca gətirdiyi mövzular nə vaxtsa onu gərəyincə sərgiləyə bilən estetik səviyyəni də verəcəkdir.

# 6149 dəfə oxunub

Oxşar xəbərlər

Avtobusdakı dayının ağ corabları - Ulucay Akif

Avtobusdakı dayının ağ corabları - Ulucay Akif

14:36 24 aprel 2024
Necə yazmaq lazımdır?

Necə yazmaq lazımdır?

12:00 22 aprel 2024
Şəms Təbrizini kim öldürdü? - Bir qeybin anatomiyası

Şəms Təbrizini kim öldürdü? - Bir qeybin anatomiyası

12:00 19 aprel 2024
Adamın buna kitab deməyə dili gəlmir...

Adamın buna kitab deməyə dili gəlmir...

12:30 15 aprel 2024
Onlar üçün müqəddəs heç nə yoxdur...

Onlar üçün müqəddəs heç nə yoxdur...

17:00 10 aprel 2024
Bu mətnin niyə qələmə alındığını başa düşmədim

Bu mətnin niyə qələmə alındığını başa düşmədim

14:28 10 aprel 2024
#
#
# # #