Bədbəxtliyimizdə gözü olanlar

Bədbəxtliyimizdə gözü olanlar
16 oktyabr 2012
# 09:31
Bakı Dövlət Universitetinin əsas girişi ilə həmən üzbəüz “Şeraton” adlı restoran vardı. Çətinlik çəkən varsa, buranı rahatlıqla “Şarlatan” da adlandıra bilər. Çünki, artıq indi yoxdur bu restoran...

Həvəssiz sağa-sola dığırladığım günlərin birində zəng gəldi ki, bəs başını evdə islat, “Şeraton”da qırxdır. Səni burda əziz qohumun və yaxın dostun gözləyir. Tənbəllik eləmədim! İçəri girən kimi yaşadığımız düşərgədə humanitar yardım işlərinə baxan yüksək çinli məmuru və uzun zaman polis sistemində işləyən, işləyib də əməlli başlı “dişləyən” qohumumu gördüm. İkisi də lül-qənbər!

Məmur dili topuq çala-çala əhvalımı soruşdu, qohumum yağlı dodaqları ilə hər iki yanağımdan şahanə öpüş aldı. Sonra xorla məndən şeir istədilər. Həm də elə-obaya, yurda-yuvaya dair.
Bir anlıq özümü bu imkanlı əyyaşların qarşısında göbək rəqsi edən gözəlçə kimi hiss etdim. Demək, ürəyimin qanı ilə yazdığım misralarla bu adamların içkidən coşmuş ehtirasını ovutmalı, heyvani vətən istəyinin üstünə su səpməli idim. Təbii ki, min bir bəhanə gətirib imtina etdim! Sərxoş qəlbi kövrək olar, məndən incidilər, amma bilmədilər ki, əsl inciyən mən oldum!

Sonralar “Şarlatan”da, üzr istəyirəm, “Şeraton”da gördüyüm həmvətənlərə rəhmət oxutduran çoxlu hadisələrin şahidi oldum.
Deməli belə: Azərbaycanda ciddi ədəbiyyat sayıla biləcək əsərlərin 99 faizi məzlumların, imkansızların, əlacsızların müdafiəsinə həsr olunub. Əsl ədəbiyyat məzlumun yanında dayanıb həmişə.

Doğrudur, Hüseyn Cavid kimi heç cür “yerə enmək” istəməyən müqtədir yazarlarımız da olub. Ancaq yerə enmədikləri üçün, ömrü boyu göyə qalxa bilməyən xalqımız onları heç vaxt doğru-dürüst anlamayıb! Əvəzində Sabiri, Mirzə Cəlili, Sabir Əhmədlini seviblər. Çünki biri qoca əkinçinin, o biri Novruzəlinin, o biri Qarabağ səngərlərində sabah şəhid olacaq kasıb balalarının yanında olub həmişə. Şöhrət xalqın yanında boynunu buran haqq və ədalətdə gizlənib!

Məmləkətimizdə bir para imkanlı şəxslər var ki, var-dövlətdən daha etibarlı şöhrət axtarırlar. Və bu şöhrətin xalqın yanında gizləndiyini, bu şöhrətə ən yaxın yolun ədəbiyyat olduğunu çox gözəl bilirlər. Odur ki, yazırlar və durmadan təbliğ olunurlar. Bu adamların qardaşları, oğlanları, qohumları icra başçısı, rəis, prokuror, səfir və s. işləyir. Özləri isə zəmanədən mücərrəd şikayətlər edirlər. Nədən gileylənirlər, kimə gileylənirlər, günahkar kimi görürlər – heç özləri də bilmirlər!

Ancaq məqsəd aydındır. Şöhrət üçün xalqa yaltaqlanmaq ən usta gedişdir. Zatən efirə çıxmaq problemi yoxdur.

Bu yaxınlarda Təzəpir məscidində təsadüfən düşdüyüm yas məclisində belə birisi ilə rastlaşdım. Uzun müddət yüksək vəzifələrdə işləyib. İndi ədəbiyyatla məşğuldur. Mənim də yazı-pozu adamı olduğumu bildiyindən o ki var gileyləndi! Mənə elə gəldi ki, bu adamın giley-güzarının motivində bu həqiqət gizlənib: gədə-güdənin villası dənizə baxır, mənimki düşüb bağın ortasına!

Mollanın mikrofonla guruldatdığı fatihələrdən imkan tapıb həmsöhbətimə dedim: “Neynirsən ədəbiyyatı-filanı, Azərbaycanda ədəbiyyat bədbəxtlərin işidir!”

Həmsöhbətimin rəngi avazıdı və uzun-uzadı danışığından belə məlum oldu ki, o bədbəxtliyə də iddialıdır. Bu yerdə mollanın fatihəsini də vecimə almadım və onun qulağına əyilib bunları dedim: “Sizin hər şeyiniz var, bizim yalnız bədbəxtliyimiz. Onu da bizə çox görürsüz, onu da əlimizdən almaq istəyirsiz. Adam belə namərd olmaz!”

...Və yalandan salavat çevirib qalxdım!
# 3729 dəfə oxunub

Oxşar xəbərlər

Qarğıdalı satan Adəm necə məşhurlaşdı?

Qarğıdalı satan Adəm necə məşhurlaşdı?

15:00 18 mart 2024
Biz niyə manqurtlaşırıq?

Biz niyə manqurtlaşırıq?

14:00 18 mart 2024
Baba bəy Şakir tərkedilmişlərdəndir...

Baba bəy Şakir tərkedilmişlərdəndir...

17:00 27 yanvar 2024
Cəfərqulu xan Natəvanı niyə sevmirdi?

Cəfərqulu xan Natəvanı niyə sevmirdi?

12:00 27 yanvar 2024
Çox istərdim ki, bu roman qadağan edilsin!

Çox istərdim ki, bu roman qadağan edilsin!

16:11 26 yanvar 2024
Xalam torpağı balası kimi qucaqlayırdı...

Xalam torpağı balası kimi qucaqlayırdı...

12:00 23 yanvar 2024
#
#
# # #