Mehriban Ələkbərzadə: “Əksər kişilərdən həm güclüyəm, həm cəsarətli” – Müsahibə

<span style="color:red;">Mehriban Ələkbərzadə:  “Əksər kişilərdən həm güclüyəm, həm cəsarətli” – <span style="color:red;">Müsahibə
15 aprel 2019
# 09:00

Kulis.az əməkdar incəsənət xadimi, YUĞ teatrının baş rejissoru Mehriban Ələkbərzadə ilə müsahibəni təqdim edir.

- Mehriban xanım, sovet dönəmində şərqşünaslıq, hüquq, həkim peşələri populyar idi. Elə də yayğın olmayan teatr rejissorluğunu seçməyiniz təəccüblüdür. Bunun hər halda bir zəmini vardı.

- Doğrudur, 80-90 illərdə daha populyar peşələr vardı. Mən fizika təmayüllü orta məktəbi bitirmişdim. Bu məktəbin məzunları əsasən kosmik tədqiqatlar sahəsində çalışırdı. Amma ailəmizdə mənim üçün artıq müəyyən olunmuş konkret seçim edilmişdi. Bu, babamın hakim peşəsi idi ki, atam mənim bu yolla getməyimə israr edirdi. Mən isə həyatımın mahiyyətinə çevrilmiş başqa seçim etmişdim. Bu, birmənalı və alternativsiz istək - rejissor olmaq istəyi idi. İndi xatırlayıram ki, gəncliyimdə, bundan güclü istəyim olmadı. Mənə görə bu, sadəcə peşə deyil. Bu, artıq mənim yaşam səbəbimdir.

- Atanız niyə, qardaşlarınızın yox, məhz sizin hakim olmağınızda israrlıydı?

- Ailədə atama ən çox bənzəyən mən idim. Və atam mənim ən həlledici məqamlarda “qətiyyətli davranışım”da babama heyrətamiz bənzərlik görürdü. Hərçənd ki, mən xüsusi bir şey hiss etmirdim. Amma “eynən atama bənzəyirsən” deyirdi atam, səndən, yəni məndən əla hakim olar. Özü daha çox sevirdi bu peşəni, məncə…

- Atanızı çox sevməyinizə rəğmən, öz istəyinizin ardınca getdiniz. Bunu prinsiplərinizin sizin üçün önəmli olması kimi anlayaqmı?

- Ürəyimin səsi atamın səsindən daha güclü imiş. Çox sonralar peşəmlə bağlı müəyyən məyusluqlar olanda, ürəyimin səsinə qulaq verməyimə görə özümü qınadığım vaxtlar oldu. Amma həyatım boyu əmin oldum ki, ürəyimin istədiyini vermədikcə daha çox peşman oluram. Çünki ürəyinin istədiyini vermədikdə, ilahi enerji də səndən küsür. Bu peşə məni özümü ifadə etməyim üçün əsas vasitədir. Anladıqlarımı duymaq, duyduqlarımı anlamaq kimi. Elə seçimlər etməliyik ki, qazandığımız şeylər itirdiklərimizə dəysin. Həmişə seçimi elə etmişəm ki, qazandığım itirdiklərimdən çox olub. Atam isə bu peşəmlə, seçimimlə mənim “Mir Cəfər Bağırov və ya qırmızı terror” filmimdən sonra barışdı. Birdəfəlik qəbul etdi məni.

- Niyə məhz bu filmdən sonra?

- Dediyinə görə, bu filmdə onun istədiyi hakimə bənzəyirəm. Müəllif kimi müəyyən mətnləri, hadisələr arasında təhlil və sonuc ifasını nəzərdə tuturdu. Bu verbatimda (dokumental teatr janrı, burda sənədli materiallardan istifadə olunur - S.S.) vacib elementdir. Filmdə bu mütəmadi priyom kimi istifadə edilirdi. Onun üçün isə bu sevimli hakim qərarları idi.

- Bir qayda olaraq, rejissorluq kişi sənəti kimi qəbul olunur. Tələbəlik illərində bu mənada ayrı-seçkilik hiss etdinizmi?

- Rejissor kişi peşəsidir - əsasən belə düşünürlər. Amma əsla belə deyil. Və mən, ümumiyyətlə, qadın-kişi peşə fərqinin tam əleyhinəyəm! Ortada qol-əzələ gücü yox, intellekt və duyum fərqliliyi söz konusudur. Mədəniyyətin teatr adlı təsisatında səlahiyyətləri öz əlinə alıb, öz iradəsini diktator üsulu ilə hamıya diktə edən bu peşə kişilərin daha çox xoşuna gedir. Əlbəttə ki, onu qadınla paylaşmaq istəmirlər. Bəzən də bu qadın dəsti xəttidir deyən həmkarlarım öz xıncını qadının zəif cins olduğunu vurğulamaqla, onun yaratdığının da zəif olmasını qabartmaq istəyirlər. Qadın rejissorlar məhz bu kişi rejissorlardan həmişə güclü olub. Kişilərdən fərqli olaraq, qadının daha həssas araşdırmaçı gücü xüsusi qısqanclığa səbəb olur. Tələbə vaxtı çox sevdiyim bir rejissor pedaqoqun “Əgər intellektin olmasaydı, sənə deyərdim ki, qadın hara, rejissorluq hara? Amma sənə deyə bilmirəm”- deməsi onda olmasa da, sonralar məndə bu fərqin tam əleyhinə olması mövqeyini formalaşdırdı. İntellekt fərqini cins fərqiylə qarışdıracaq deyilik ki... Fəaliyyətim boyu əmin oldum ki, əksər kişi rejissorlardan intellekt və peşəkarlıqda həm güclüyəm, həm də cəsarətliyəm. Nə qədər təkəbbürlü səslənsə də...

- İmtahan verəndə hansı cəhətlərinizə görə sizi qəbul etdilər? Bildiyim qədərilə o vaxt İncəsənət institutuna daxil olmaq asan deyildi?

- Hansı cəhətlərimə görə… Bu sualı cavablandıra bilmərəm. Amma doğrudan da, onda zor bir müsabiqə vardı. Hər halda 110 insandan 5 nəfər seçildi. Mənim şansım varmış. Əslində mən aktyor sənətindən imtahanda güclü olmadığımın fərqində idim. Amma rejissor sənətindən imtahanda çox inamlı idim. Çünki mütaliəm və hazırlığım vardı. Komissiya tərəfindən təklif edilmiş bir etüd süjetinin mənim tərəfimdən dolğunlaşması (ifası deyil, süjet və təfərrüatı, təhlili) qəbul edilməm üçün əsas səbəb oldu. Mehdi Məmmədov “Rejissor fantaziyası, düşüncə tərzi çox maraqlıdır” demişdi.

- Mehdi Məmmədov müəlliminiz olub. Necə pedaqoq və insan idi?

- O zaman universitetdə teatr, televiziya, kinorejissorluğu ayrı-ayrılıqda mövcud deyildi. Teatr sənəti fakültəsi - Dram rejissorluğu kursu vardı. Bir kursda cəmi üç tələbə idik: iki oğlan və mən. Bizim kursun rəhbəri Elmira xanım Şabanova təyin edilmişdi. Elmira xanım filmə çəkilirdi deyə, dərslərdən azad idi. Bəxtimiz üzümüzə gülmüşdü - rejissor sənətinin əsasları fənnini Mehdi Məmmədov tədris etdi. Mehdi Məmmədov kafedra müdiri idi, bu boşluğu özü doldurmağa qərar vermişdi. Çox sonralar anladım ki, bu taleyin verdiyi ən böyük fürsət imiş. Etiraf edirəm ki, mən nə öyrəndimsə, nələrəsə nail oldumsa bazanı Mehdi Məmmədovdan aldım. Bu gün də o qənaətdəyəm ki, rejissor olmadan rejissor fənnini tədris edə bilməzsən. Pedaqoq başqa, rejissor-pedaqoq başqa. Hərçənd, bizim universitetdə elə pedaqoqlarımız var ki, onlar yetərincə uzun və şanlı yol gəliblər. Amma rejissorluq tədrisi fərqli bir şeydir. Rejissorluq yalnız mütaliə ilə formalaşmır. Burda təcrübə mütləqdir. Özü də imza qazanmış təcrübə! Peşəkar olaraq bu peşədə çalışmırsansa, onu tədris etmək birtərəfli nəticə verir. Hər halda mən bu sənəti sonradan qazanılan bir peşə olmasına inanmıram. İstisnalar bəlkə də var. İstedad mütləq zəhmətə söykənməlidir.

Mehdi Məmmədov yetərincə sərt, adamayovuşmaz və səssiz, güzəştsiz biri idi. Heç bir zaman “Bax, belə etmək gərəkdir” deməzdi. Yol göstərməzdi. Özünün illərlə gəldiyi sonucu bizimlə qətiyyən bölüşməzdi. Biz tələbəyə açdığımız hər cığırı, tapdığımız hər vasitəni sadəcə “Belə olmaz ...Yox!” kəlmələri ilə kifayətlənərdi. Yaxud əks arqument olaraq cavabı sualla formalaşdırırdı. Ona cavab vermək üçün nə qədər mütaliə edirdim...! Deyim ki, Mehdi Məmmədov mənə çox xəsisliklə olsa da “sən rejissor olacaqsan” mükafatını ölümündən bir-iki ay öncə demişdi. Halbuki mən ikinci kurs tələbəsi idim. Kurs rəhbərimiz dərslərə gəlməsinə rəğmən Mehdi müəllimdən ayrılmırdım. Ondan nələrisə əxz etməyə cəhd edirdim. Sonrakı müəllimlərimiz bizə “azadlıq”, bəzən laqeydliyə bərabər sərbəstlik verdilər. Amma mən o dəmir çərçivəni, o biri azadlıqlardan daha üstün bilirdim.

- Amma Mehdi Məmmədov müəlliminiz olsa da, Tofiq Kazımovu daha çox kumir sayırsız.

- Tofiq Kazımov yaradıcılığı çox cazib idi. Onunla şəxsi təmasım olmayıb. Amma onun rejissor kimliyi məni maqnit kimi həmişə özünə cəzb edib. Tofiq Kazımov zamanından sonranı duyduğundan, mövcud olduğu zamanın onu sıxmasına tab gətirməyərək sabaha cığır açan rejissor idi. Çılğın, azadlıqsevər və vaxtı ilə heç də birmənalı qəbul edilməyən, dərk edilməyən bir rejissor idi. Səmimiyyətini bəsitlik, müasirliyini yol verilməz əllaməlik kimi qiymətləndirənlər çox idi. Tofiq Kazımov yeni metodika, yeni forma, fərqli traktovkalar gətirmişdi. Bu, müasirliyə çağırış idi. Hələ də biz bu müasirliyi səhnəyə daşımağa az-az cəsarət ediriksə, görün, o zaman bu, nə məşəqqətlər bahasına olub. Amma zamanında teatrşünas Cəfər Cəfərov kimi şəxsiyyət də var idi ki, onun qiymətləndirilməsində mühüm rol oynamışdı. Cəfər Cəfərov fərqli, bəlkə də iddialı fərqli iki rejissoru - Mehdi Məmmədovu da, Tofiq Kazımovu da rejissor olaraq teatr tarixinə yazan böyük teatrşünas idi. Bu rejissorlar fərqli olduqlarından, bir-birinə sərin münasibət göstərsələr də, bir-birinin uğuruna mane olmaq, quyu qazmaq əxlaqında deyildilər. İndi meyarlar dəyişib: teatra münasibət də, teatrşünas maraqları da, rejissor əxlaqı da. İndi teatr tarixi yazan birinin səni xoşlamaması, sənin 30 illik yaradıcılıq yolunu yazmamasına, unutmasına, yaxud pozmasına gətirib çıxarır.

- “Dəfn olunmamış ölülər” adlı diplom işinizə baxdım. Minimal ifadə vasitələrindən yararlanaraq dolu tamaşa qura bilirsiniz. Mizanlar, işıq həlli, aktyor oyunu.

- Mənim sevimli, ilk işim Sartr… O zaman teatrın bədii rəhbəri Turabov, bir qadın rejissor kimi mənə bu çətin yolu kəsə getməyimə imkan yaratmaq istədi. Təklif etdi ki, diplom işi kimi o zaman teatrda tamaşa hazırlayan Vaqif İbrahimoğlunun “Qanlı Nigar” tamaşasında, ya da “Şeyx Xiyabani” tamaşasında ikinci rejissor olmaqla kifayətlənim. Azdramada 3-cü kursdan təcrübə keçmiş, oxuduğum institutdan diplom işinin müdafiəsi üçün məhz bu teatra yönləndirilmiş xüsusi tələbə kimi çox iddialı idim. Ona görə bu təklifə razı olmadım. Hətta Turabov Tofiq Kazımovun Sartra müraciətində ehtiyatlı olduğunu mənə xatırlatsa da, mən müstəqil işin Sartr olmasında israrlı idim. Məndən əvvəl diplom işini bu teatrda hazırlayan tələbə-rejissorların sənət müəllimlərinin onların diplom işində (tamaşalarında) rolları böyük idi. Mən tamam tək idim. Kimsənin nə müdaxiləsi, nə də dəstəyi olmadı. Yaxşı ki belə oldu. Çünki teatrda aktyor heyəti onlarla kimin işlədiyinin fərqində idilər. Bu gün də o işimi çox məmnunluqla xatırlayıram.

Image result for mehriban ələkbərzadə

- Bu tamaşanı 23 yaşında qurmusunuz. Yaşınıza görə ağır tamaşadır. Necə qarşılandı?

- Düşündüyümün üzərində! Əla dəyərləndirildi. Hətta teatr bir rejissor kimi mənim teatrda qalmamı nazirlikdən tələb etdi. Amma bəzi ictimai səbəblər və bir başqa şəxsi səbəblərdən mən təyinatla işləməyə getməli oldum. Haqlısınız. Mənim xarici görünüşümlə heç cür uyuşmayan amansız tamaşa müəllifi - üslubu belə qeyd edildi. Hərçənd ki, xarici görünüşün üslubla nə əlaqəsi ola bilər - indiyədək anlamıram.

- Tamaşada Ramiz Məlikov, Ramiz Novruzov, Abbas Qəhrəmanov, Şükufə Yusifova kimi artıq o dövrdə tanınmış aktyorlarla işləmisiz. Onlarla probleminiz oldumu? Yəni gənc rejissor kimi sizə güvənsizlik mənasında deyirəm.

- Çox mükəmməl aktyor truppası idi. Birmənalı şəkildə güvənsizlik görmədim. Ola bilər ki, anlaşma çətinliyi… bu da ilk anlarda ola bilərdi. Ümumiyyətlə, seçim etdiyim, çalışmağa qərar verdiyim aktyorlarla bir neçə məşqdən sonra, ittifaqımız mütləq alınır. Əgər aktyorun müəyyən intellekti, sənət düşüncəsi varsa, onunla problemim ola bilməz. Diplom tamaşamdakı aktyor heyəti Ramiz Məlikov, Ramiz Novruzov, Abbas Qəhrəmanov, Şükufə Yusifova, həmçinin Nurəddin Mehdixanlı, Vaqif Cabbarov, Saleh Babayev… Mənim bu günə qədər ən çox sevdiyim aktyor truppasına aiddilər. O işdən sonra da onlarla dəfələrlə işlədim.

Mən mövcud, bəlli, işlənmiş formanı sındırmağa, özümü ifadəyə meylli biriyəm. Bunu bəzən yeni forma, avanqard, yaxud yeni dəb adlandırırlar. Hər zaman anladıqlarımı duymağa, duyduqlarımı səhnəyə qüsursuz köçürməyə çalışıram. Nə necə görünür, necə qəbul olunur mənə maraqlı deyil. Yetər ki, sonuca qane olum.

Related image

- Hüseynağa Atakişiyev “Azdrama”da işləyəndə onun iş prosesini müşahidə etmisiniz. Məncə, o, öz layiqli qiymətini almayan rejissordur.

- Mənim baxış bucağımdan Hüseynağa Atakişiyev güclü rejissor kimi görünür. Hələ dördüncü kurs tələbəsi kimi teatrda təcrübədə olanda, Atakişiyev “Azdrama”nın baş rejissoru idi. Onun rejissor intellektinə heyran oldum. Açığı Mehdi Məmmədovdan sonra bizə dərs demiş xeyli rejissor-müəllimlərdə görmədiyim bir savad, baxış və dərki onda gördüm. Deyim ki, Atakişiyevin heç bir tamaşası əslində onu olduğu qədər ifadə edə bilmirdi. Atakişiyevin intellekti tamlığı ilə tamaşalarında görünmürdü. Məncə, o, rejissor kimi tamaşalarından daha üstün idi. Buna səbəb nə idi, bilmirəm. Amma Hüseynağa Atakişiyev REJİSSOR idi. Onun Şəki teatrında çalışdığı zamanlar teatr Azərbaycan sərhədlərindən uzaqlarda boy göstərirdi. Amma burda alınmadı. Alınmağa da fürsət verilmədi - mən belə deyərdim. Burda bir səbəb psixoloji məqamdırsa da, bir səbəb də Atakişiyev poetikasını qəbul etməyən komanda var idi. Məncə, o özünü olduğu qədər reallaşdıra bilmədi. Baxmayaraq ki, öz “Gənclər teatrını” yaratdı, öz truppasını formalaşdırdı. Amma əslində olduğu qədər, təəssüf ki, özünü reallaşa bilmədi. Bəlkə də daha istəmədi. Bəzən güclü fərdlərlə də belə aqibət qaçılmazdır.

- Həsənağa Turabov asan adam deyildi. Çoxlarıyla konflikti vardı. Hüseynağa Atakişiyevlə münasibətləri də nahamar idi. Sizinlə problemi olmuşdu?

- Mütləq qeyd edim: Turabov şəxsiyyət idi. Dəfələrlə buna əmin oldum. Turabovla qətiyyən problem yaşamadım. O mənə inanırdı, maraqlı baxışı olan rejissor kimi qəbul edirdi. Məndə Tofiq Kazımov cizgilərini görürdü. Turabov Akademik teatrda mənim rejissor kimi boy verməmə böyük etimad göstərdi. İstər diplom işim, istərsə də sonrakı quruluşlarımda məni təqdir etdi. Hələ gənc yaşımdan məni Akademik Teatrın bədii şurasının üzvi kimi gördü. Hər tamaşa haqqında fikrimi mütləq öyrənib, rəyini bölüşürdü. Rejissor düşüncələrim ona çox maraqlı idi. Qarşıda birgə tamaşa işləmək planımız vardı, təəssüf ki, olmadı. Bir festivalda və fəxri ad məsələsində mənə “filan rejissor mənim dostumdur. Dostumdan keçə bilmədim, sənin rejissor haqqına girdim” dedi. Amma bunlar onun vaxtı ilə etdiyi jestin müqabilində mahiyyətini itirirdi. Dostluğu da, düşmənçiliyi də, sevgisi də, nifrəti də ortada idi. Ona görə ona hörmətim vardı. Qüsursuz insan olmur.

Image result for mehriban ələkbərzadə

- İndi tez-tez teatrların yenilənməyindən danışırıq. Sizin də müsahibələrinizdə bu nüanslar var. Konkretləşdirək, nələr yenilənməlidir teatrda?

- Qənaətim kimlərisə qıcıqlandıracaq, amma nəzərə alın ki, bu, Mədəniyyət Nazirliyi görəvlisi qənaəti yox, bir rejissor baxışıdır. İlk növbədə məkan mütləqliyi və konsepsiya azadlığıdır. Teatr məkan və ənənələr üzərində qərar tutsa da, daim yenilənməlidir. Dünən belə olub, lap yaxşı. Sabah necə ola bilər - baxışına açıq olmaq gərəkdir. Bizim indiki durumumuz hələ də dünənə baxışda qalıb. Sabahı nəinki aydın deyil, heç təsəvvür edilmir. Köklü dəyişiklik, nəhayət ki, teatrlar - direktor teatrı deyil, rejissor teatrı olmalıdır. Necə ki, Adil İskəndərov teatrı, Tofiq Kazımov teatrı anlamı vardı. Rejissor teatr ruhunu idarə edir, onu yönləndirir. Əlbəttə ki, söhbət normal teatrdan və bu teatrı sabaha aparacaq rejissordan gedir. Hər teatrın öz siması, öz tamaşaçısı olmalıdır. Hər teatr nə və necə söyləməsi ilə fərqlənməlidir. Bir-birinin repertuarından oğurlamağa, quruluşlarda kimdənsə nələrisə köçürməyə “dur” deyilməlidir. Rejissor öz truppasını yığa bilmək imkanına sahib olmalıdır. Ümumiyyətlə, bütün teatrlarda truppa yenidən yığılmalıdır. Antrepriz tamaşalara üstünlük verilməlidir. Müqavilələr illik deyil, tamaşalarda aldığı rol ilə bu və ya digər aktyor vacibliyi müəyyən olunmalıdır. Belə olduqda istedadlı aktyor il ərzində 3-5 tamaşada rol aldığı halda digərinə qətiyyən ehtiyac duyulmayacaq. Onlar “Bu aktyora da rol verin, oynasın” - utancını yaşamayacaq. Bu sonuc nə qədər sərt olsa da, tamaşalarda məcburi truppa ilə işləməkdən yaxşıdır. Nə qədər yaramayanlarla çalışmaq məcburiyyəti davam edə bilər? Hər bir rejissor istedadlı və intellekti olan aktyorla işləmək istəyir. Belə aktyorların qonorarı yüksək olmalıdır. Tələbat onları daha artıq işləməyə sövq etdiyi kimi, zəhmətləri müqabilində də dəyərləndirilməlidir. O birilər qoy daha çox seriallara çəkilsinlər. Əsas iş yeri kimi, nə bilim daha harda işlədikləri kimi. Nə etmək olar. Qoy onlar dolanmaq yolu axtarsınlar. Bu, həmçinin rejissorlara da aiddir. Bacarığına və baxışına görə maraqlı olan rejissorla müqavilə bağlanılmalıdır. Tələbat olan, istedadı olan rejissoru bütün teatrlar dəvət edəcək. Baş rejissorun ştat cədvəli faktına görə məhz bu və ya digər rejissorla işləmək məcburiyyəti olmamalıdır. Repertuar siyasəti hansısa mütləqliklər üzərində deyil, teatrın varmaq istədiyi sonuca hesablanmalıdır. Teatrlarda menecerler olmalıdır. Teatrın təbliği və təşviqi ilə rejissorlar məşğul olmamalıdır. Teatrın mətbuat katibləri filan işləməlidir. Festivallarda iştirak şərtləri və s. o qədər məsələlər var ki, bunlar qurulmalıdır. Teatrlarda texniki baxımdan da mütləq yeniləşmə, daha müasir texnologiyaya nail olmaq gərəkdir. Əslində teatrların vəziyyəti ilə bağlı ilk qaldırılmalı ən əsas bu məsələdir! Texniki avadanlıq baxımından biz dünya teatrlarından az qala yarım əsr geridəyik. Bina, təmir öz yerində, amma teatr daxilində müasir tamaşaların texniki həlli üçün çox geridəyik. Bizim heç bir teatr səhnəmiz son modern tamaşalar üçün uyğun deyil. Daha sonra əhalinin bu və ya digər mədəniyyət nümunəsi barədə məlumatlandırma - reklam və təqdimatlar daha effektiv və cəlbedici olmalıdır. Nəhayət ki, beynəlxalq miqyasa keyfiyyətli inteqrasiya məsələsi.

Bu gün dövlətimiz mədəniyyətimizin bu və ya digər problemlərinə diqqət yetirir. Ona görə məsələlərin konseptual həlli imkanı var. Mən inanıram ki, mədəniyyət sahəsindəki reformalara, daha ciddi və fərqli yeniliyə imza ata biləcək nazirimiz Əbülfəs Qarayevin uğurlu mədəniyyət siyasəti bu istəkləri yaxın zamanda çin edəcək.

- İstənilən poetikanın yeniləşməyə ehtiyacı var. Hətta onun tükənməsi belə normaldır. Vaqif İbrahimoğlunun bəzi yetirmələrində mirasına doqmatik yanaşma, bəzən onu bütləşdirmə var. Sənət doqmaları sevmir. YUĞ-un baş rejissoru kimi necə düşünürsünüz, onun estetikasında, konsepsiyasında nələrsə dəyişməlidirmi?

- Bu barədə çox danışmaq gərəkdirsə də, mən azla qənaətlənəcəm. Bir onu deyə bilərəm ki, Vaqif İbrahimoğlunun yaratdığı teatr onun müəllif teatrı idi. Deyilən poetika ona xas idi. Bu gün teatrda çalışanların əksəriyyəti sözün əsl mənasında onun istinad etdiyi, inandığı, varis bildikləridir. Deyim ki, YUĞ teatrının truppası çox mükəmməldir. Onlar vaxtı ilə çox yeni və maraqlı bir üslub, ruh nümayişində oldular. Yeni cığırlar saldılar. Bu, danılmazdır. Amma zaman dayanmır. Zaman hər şeyi yeniləyir. Hər zaman daha yeni baxışlar tələb edir. Truppanın normal və peşəkar düşüncəyə sahib hissəsi bu dəyişməni normal qəbul edir. Amma digərləri, daha heç nə edə bilməyəcəyini, nələrsə yaratmaqdan uzaq, mövcudluq mütləqliyində qalanlar o dediyiniz isim manipulyasiyasına gedirlər. İllah da teatrda gedən yeni və işlək proseslərə mane olmaq israrı, onların gərəksizliyini bir daha təsdiq edir. Şükür, bugünkü YUĞ onlardan qurtulub. Qalan hissəciklər isə önəmli deyil. Əsas odur ki, bu teatrın sağlam heyəti ilə sabaha daha yeni intəhasızlıq qət etməyə gücü var. Yoxsa, doğrudan da tükənməyə məhkumluq qaçılmaz olar.

- Mehriban xanım, uğurlu tamaşalarınızdan biri Hüseyn Cavidin “Afət” faciəsi əsasında qurduğunuz tamaşadır. Rəfael Dadaşov Kulis.az a müsahibəsində aktyorların tamaşanı boykot etdiyini və Fuad Poladovun Qaratay rolundan imtina etdiyini deyib. Nə baş vermişdi?

- “Afət“ tamaşası çox başıbəlalı döngələrdən keçdi. Baş rol üçün bitib-tükənməyən savaşlar getdi. Amma bu savaşda iştirak etməyən aktrisanı təsdiq etdim. İnanın, az qala bütün truppa ona görə tamaşadan getmək kimi söz birliyi etdilər. Fuad Poladov da həmçinin… Hər kəs öz Afətini görmək istəyirdi. Əvvəla mənim seçimimdə heç kim mənə nəsə diktə edə bilməz. Mən rejissor iradəmi heç vaxt heç nəyə əyməmişəm. Və həmişə qərəzli hədəfdə olanın yanında olmuşam. Boykot konkret aktyor seçiminə görə idi. Çoxluq həmişə göstərici deyil. Mən hər şeyi göz önünə aldım. Peşman da olmadım. O ki qaldı Özdəmirə… Rafael Dadaşovun dediklərində həqiqət var. O Özdəmiri, xanımı tərəfindən xəyanət edilən bir obrazı oynamağa meylli deyildi. “Nədən mən?” sualını da vermişdi. Təəssüf ki, çox zaman tamaşaçıların bədii obraz və real şəxs təqdimatı qarışıqlığı aktyorları belə tərəddüdə salır. Amma sonra Dadaşovun sağlam düşüncəsi və obraza olan münasibətim onu bu fikirdən daşındırdı. Deyim ki, Rafael Dadaşov yox, bir başqası olsaydı, Afət bu addımında qınanılmazdı. Hərçənd, bu, əvvəldən hesablanmamışdı. Amma Rafaelin Özdəmiri Afətin qınanmasına gətirib çıxardı. Yəni belə bir obraza (qadınına dəyər verə bilməyən, onu itirəcək qədər sayğısız münasibətə sahib olan bir ərə) bu qədər sevgi gətirdi aktyor.

- "Qatil" çox müzakirə olundu. Bu, artıq bir rejissor üçün uğurdur. Erotik kontekstdə bir tamaşa qurmaq istərdinizmi?

- Çox müasir tamaşa idi “Qatil”. Mən ikinci dəfə quruluş verdiyim “Qatil”i bu traktovkada, bu baxış bucağında təqdim etməyə bilməzdim deyə yarandı. Tamaşa nəzərə aldığımdan daha artıq səs-küy doğurdu. Cəmiyyət belə tamaşalara hazır deyil. Hazırlıq tək cəsarət, həqiqət, modern yanaşma ilə kifayətlənmir. Sonucda mənim razılaşmadığım çox məsələlər vardı. Bu tamaşanı həqiqətin üzünə cəsarətli baxışla yoğurmuşdum, erotika ilə yox. “Belə amansız şəraitdə qatil olmamaq mümkünsüzdür” mesajına üstünlük vermişdim, açıq-saçıq səhnələrə yox. Bəzi tamaşaçılar görmək istədiklərini görürlər, nə etməli. Hər kəs tamaşadan mesaj oxumaq qüdrətində deyil ki. Axı, nədən cəmiyyət, dəyərlər və yaşam dəyişdiyi halda, səhnədəki ya ekrandakı həyatını dəyişən, tamam fərqli yaşama çevrilən xətti tutub saxlamalıyıq? Yox, məsələ qadağan olunan gizliliyin nümayişi deyildi. Məqsəd həyatın ən gizli anında tapılan həyat dərkində, açardadır. Mentallığı nəzərə alıram. Xəstə təfəkkürdən doğan sayıqlamaları qəsd etmirəm. Amma bizim teatr zövqümüz, durumumuz dünəndən yapışıb, keçmişə əyilib. Bu vəziyyətdə sabaha baxmaq mümkünsüzdür. Mənim düşüncəmə görə, bugünkü teatr tamaşaçını mütləq maarifləndirməyə, yenidən tərbiyəyə cəhd etməməlidir. Məqsəd insanları sehrli, eyni zamanda gizli, onlara aid şəxsi, həm də bəşəri hisslərini oyatmaqla, yaddaşa işləməkdir. Yaddaşdakı bilikləri oyatmaq, sənət vasitəsi ilə onları andırmaq, yaddan çıxan ən vacib məsələləri üzə çıxarmaqdır. Sənətin gücü bundadır. Şəxsən mənim dərk edib, anlatmaq istədiyim məqam bu oldu: yenidən doğulmaq üçün bugünkü özünü öldürmək. Dünyanı dərk edənə qədər. Dərk etmək və duymaq anlamında Şərqin öz dünyası var. Amma biz öz Şərq teatrımızı bu kimi duyum və dərklərlə yarada bilmədik. Avropa teatrı öz inkişafında, axtarışında. Biz Qərbə əyilməyən, öz yozumu, ruhu olan teatrımızı yaratmadıq. İndi Qərb yüksəlişini səhnəmizə tətbiq edə bilmədikcə geriyə yuvarlanırıq. Şərq mədəniyyəti öz tərkibindəki mərasim, ayin, törən təsisatı qatına da yüksəlmədi. Şərqlilər baxmaqdan, düşünməkdən çox, qulaq asmağa meyllidir. Anlayıram ki, mədəniyyətimdəki teatr anlayışının qərb teatr anlayışına aidiyyəti yoxdur. Amma mən Qərb teatrına - yəni hər dəfə yenidən yaranan teatra meylliyəm. Bu, peşəmin tələbidir, mentallığa qətiyyən dəxli yoxdur.

Related image

- Müsahiblərinizdə bir detal diqqətimi çəkdi. Niyəsə sənət kontekstində qadın kimliyinizi qabardanda xoş qarşılamırsınız. Əksinə, bir qadın kimi düşünürəm ki, bu vacibdir. Özəlliklə də kişimərkəzçi cəmiyyətdə qadın temalarını və mövqeyini qabartmaq vacibdir.

- Mən bu peşədə cins fərqini qəbul etmirəm. Amma maraqlı budur ki, məhz bu peşədə diktator olmamaq mümkün deyil. Sevimli və arzulanan diktator olmaq isə xoşbəxtlikdir. Qadın rejissor kişilərin məhz sahibi olmaq fürsətini əldən alır, bəlkə ona görə ki, özlərini bu peşənin yüz faizli sahibi hiss edirlər? Bilmirəm. Amma onların çoxu bir çox məsələləri gərəkən həssaslıqla araşdıra bilməkdən məhrumdurlar. Təbiətən belə yaranmayıblar. İntellekt də köməklərinə gəlmir bəzən. Heç bir mənada onların addımları məhz kişidirlər deyə, məndən ötə ola bilməz. Nə özünüifadədə, nə cəsarətdə, nə də müasir baxışda. Şəxsən mənim kişi rejissorlarla problemim yoxdur. Onların mənimlə problemi varsa, qoy onlar düşünsün.

- “525-ci qəzet”də işləyəndə, tanınmış teatrşünaslardan biri redaksiyaya zəng edib, sizi tənqid etməyi xahiş etmişdi. Səbəbini demədi. Təbii ki, buna getmədim. Sənət adamları arasında niyə haqqınızda pis obraz yaratmağa çalışırlar? Yoxsa güclü olmağınız, prinsipiallığınız onları qıcıqlandırır? Bunları ona görə deyirəm ki, sizinlə sıx ünsiyyətdə olandan sonra, deyilənlərin əksinə olaraq, tamam fərqli Mehriban Ələkbərzadə gördüm.

- Hmm… belə qərəzləri həmişə hiss etmişəm. Özümə qarşı qərəzləri təsadüf deyə cızmıram. Amma birmənalı qarşılanmaq da mahiyyəti kiçildir. Nə deyim, məni həzm etmək həmişə çətin olub. Məni sevən və sevməyənlər var. Birmənalı qəbul edilən insan deyiləm. Bu, əslində doğal mənzərədir. Məncə, ədalətli mövqedə olmaq, riskli addımlar yaxud cəsarətli ifadələr insanları həmişə ikiyə bölür. Mən tələbkaram, inadkaram, israrlıyam. Bu xüsusiyyətlərlə birmənalı və hamıya yaxşı olmaq çətindir. Bir də ki mənim istər tamaşalarım, istərsə də vaxtı ilə TV-də müəllif proqramlarım, tarixi sənədli araşdırma filmlərim, fəaliyyətim çox asan qəbul edilən işlərdən deyil. Bu işlər bir az tamaşaçıdan maariflənmə, bir az şəxsiyyət , kimlik hazırlığı tələb edən, həyata daha aktiv, daha fərqli baxış tələb edən işlərdir. Ona görə mənim tamaşaçılarım az da olsa elə mənim tamaşaçılarımdır. Həm də mən hamı tərəfindən birmənalı qəbul edilmək istəyindən qaçan adamam. Hamıya yaxşı olmaq fərd olmamaq deməkdir.

- Sizinlə söhbətimizdə yaxşı yumor hissinizin olduğunu müşahidə etmişəm. Komediya janrında nə vaxtsa nəsə hazırlamağı düşünmürsünüz?

- Hazırlayıram. Akademik Musiqili teatra rejissor kimi yenə də dəvət edilmişəm. Bu dəfə Stanislav Stratiyevin “Avtobus” əsərini “Çarəsiz sərnişinlər” olaraq hazırlayıram. Düzdür, komediya janrı ilə yola çıxmışam, amma sonu yenə tragikomediya olacaq.

- Şükriyyə Axundzadənin həyatı ilə bağlı film çəkmək ideyanız nə yerdə qaldı?

- Mənim vaz keçilməyəcək bir kinolayihəm var, Şükriyyə Axundzadə, onun taleyinin yazısı ilə bağlı. Daha dəqiq desəm, ”Xalq düşmənlərinin arvadlarının sürgünü ilə bağlı”. Bu ssenarini əslində 2010-cu ildə “ALJİR” ( Akmolinskiy Laqer Jonı İzmenniki Rodinı - A.L.J.İ.R) adlı kinopovest əsasında yazıram. Doğrusu bir ara xoşagəlməz hadisələr oldu. Mənim elə 2010-cu ildə çap edilmiş bu povestimdən plagiatlıq edildi. Hətta Kinoittifaqın təsis etdiyi ssenari müsabiqəsində iştirak edib, müəyyən “qaliblik” qazanan da oldu. Kino ittifaqını məlumatlandırdım. Və əqli mülkiyyətimə əl uzadan şəxsə insancasına “belə etmək olmaz” dedim. Bilirəm ki, bu, yetərli deyil, amma hələ ki, bununla kifayətləndim. Bu mövzu mənə çox doğmadır. Millətin ən ləyaqətli bir qadını haqqında kədərli dramdır. Qeyd edim ki, film Stalin rejimi zamanında repressiya edilmiş Azərbaycanlı qadınlara ithaf ediləcək. Olsa, bu mövzu Azərbaycan Kinosunda ilk müraciət olacaq. Əlimdəki işləri bir qaydaya salıb, mütləq bu işlə daha ciddi məşğul olacam. İnşaallah!

# 10565 dəfə oxunub

Oxşar xəbərlər

"Tağıyev: Neft" filminin rejissoru:   O, oğlunu da, arvadını da məqsədinə qurban verib..." - Müsahibə

"Tağıyev: Neft" filminin rejissoru: O, oğlunu da, arvadını da məqsədinə qurban verib..." - Müsahibə

17:00 27 noyabr 2024
“Geri dönüş”  filmi üzərində işlər yekunlaşmaq üzrədir

“Geri dönüş” filmi üzərində işlər yekunlaşmaq üzrədir

15:57 27 noyabr 2024
Məhkəmə Sərdar Ortaçla bağlı qərar verdi

Məhkəmə Sərdar Ortaçla bağlı qərar verdi

09:34 27 noyabr 2024
"Yalnız kurt"un aktrisası yeni serialda

"Yalnız kurt"un aktrisası yeni serialda

09:33 27 noyabr 2024
Ailə, din riyakarlığın mənbəyidir... - Səsvermə hüququndan məhrum olunmuş rejissor

Ailə, din riyakarlığın mənbəyidir... - Səsvermə hüququndan məhrum olunmuş rejissor

21:00 26 noyabr 2024
857 saatlıq film nədən bəhs edir?

857 saatlıq film nədən bəhs edir?

18:45 26 noyabr 2024
# # #