Qoxusuna aşiq olduğum qadın -YENİ HEKAYƏ

Qoxusuna aşiq olduğum qadın -<span style="color:red;">YENİ HEKAYƏ
19 may 2018
# 15:30

Kulis.az Qəfər Rüstəmin "Adsız qoxu" hekayəsini təqdim edir.

Bu qoxunu tanıyıram. Bu qoxu mənə tanışdı, hələ uşaqlıqdan, daha doğrusu, yeniyetməlikdən. Bəhanə tapıb ona yaxınlaşmışdım, bir şey soruşurmuş kimi arxa partaya tərəf başımı uzatmışdım. “Artıq qələmin var?” − deyə soruşanda nəfəsimə həmin bu qoxu dolmuşdu. Elə bil başım ayrı aləmdə, bədənimsə ayrı aləmdəydi. Sanki saçlarından məni bihuş edən qoxu damlayırdı.

Düzünü desəm, bu qoxu mənə yabancıydı, başqasının parfümünü götürüb qoxulamaq kimi, çünki o çəkinirdi, ürkəkliyi qoxusunu mənə yabancılaşdırırdı.

Günlərlə bu qoxunun təsirində qaldım, hər dəfə bir yolunu tapıb onun yanından sürətlə şütüyüb keçirdim, onun ətrafındakı qoxu buludundan bir əlçim götürüb ciyərimə çəkmək üçün. Getdikcə aludəsi olurdum, lap narkomanlar kimi, ancaq bu, məni uyuşdurmurdu, vəhşiləşdirmirdi, əksinə, məni insaniləşdirir, ülviləşdirirdi.

Sonralar hiss etdim ki, artıq onun qoxusu bütün sinfi doldurur, hətta evə gələndə üzərimə hopduğunun fərqinə vardım. Məktəb paltarımı çıxarıb onları saatlarla qoxulayırdım.

Gizlədə bilmirdim. Sevgimi ört-basdır edə bilmirdim, ürəyimi bürüyən eşq sir-sifətimdən, səs tonumdan qopub sinfə yayılırdı. Hamı onun eşqindən dəli-divanə olduğumu gizli-gizli danışıb gülürdü, təkcə o görmürdü. Nə hər səhər hamıdan əvvəl gəlib onu gözləməyim, nə də bir bəhanə tapıb məktəbdən onunla çıxmağım eyninə idi. Robot dəqiqliyində hər səhər eyni vaxtda məktəbə daxil olur, dərs bitimində də nəfəs dərmədən evə tələsirdi. Sanki haradansa əmr alır, idarə olunurdu.

Dostum məndən: “Onun nəyini sevirsən?” – deyə soruşmuşdu. Mənim ona məftunluğumu anlaya bilmirdi. Belə fleqmatik insana aşiq olmaq ona axmaqlıq kimi görünürdü. Bu haqda mən də düşünmüşdüm. Həqiqətən, onun nəyini sevirdim, sevgiyə səbəb olan şeyi bir-iki cümlədə ifadə etmək mümkündür ki? “Qoxusunu”, − deyən kimi dostum qəhqəhə çəkib gülmüş, “Bir qızı qoxusuna görə sevmək nə deməkdir? Sən lap fetişsən ki” − deyib məni danlamışdı.

Dostuma heç cür başa sala bilməmişdim, qızın qoxsunu niyə sevirəm. Çünki o qız mənə qoxu kimi əlyetməz, gözəgörünməz bir məxluq idi. Hər gün sinifdə boynunu büküb dəftərinə nəsə yazdığını görsəm də, o mənim üçün müəmmaydı, sirdi.

Qoxu kimi nə qədər arxasınca düşsəm də, onu özümə ram edə bilmirdim. Əvvəlcə məktub yazdım, bütün sözləri, cümlələri zərgər dəqiqliyi ilə seçə-seçə. Hər cümləsi indi də yaddaşımda canlı qalıb. Heç bir məktuba cavab vermədi, heç dönüb bir dəfə də baxmadı. Ondan sonra məndən uzaqlaşmağa çalışdı.

Mənsə artıq onun qoxusunun dəlisi olmuşdum. Həsən Sabbahın fədailəri kimi röya aləmindən oyanmışdım və bir daha ora dönməyə can atırdım. O isə mənim ən dəyərli varlığımı, qoxumu götürüb uzaqlara getmək istəyirdi.

Məktəbin son günlərinə yaxın onu sinifdə tək gördüm, pəncərədən boylanıb ağacları seyr edirdi. Qapını açıb içəri keçdim, ürəyimin döyüntüsünü beynimin tən ortasında hiss edirdim. Tək olanda daha ecazkar görünürdü, mülayimliyə bürünmüş zabitəli duruşu canıma qorxu salırdı. Hər şeydən qorxurdum; bizi kiminsə görəcəyindən, mənə tərs cavab verəcəyindən, məni tamamilə rədd edəcəyindən, bir sözlə, hər şeydən...

Qorxudan dilim-ağzım qurumuşdu, sadəcə o qoxunu hiss edirdim. Dərin bir nəfəs çəkib həmin qoxuyla təskinlik tapmaq istədim. Boğazıma iri bir tikə tıxanmış kimi öskürməyə başladım, qıpqırmızı olmuşdum.

Əndişəli baxışları mənə yönəlmişdi, nə baş verdiyini anlaya bilmirdi, deyəsən, bir az da qorxmuşdu. Özümü ələ alıb birtəhər danışmağa başladım. Dilimin döndüyü qədər, gücüm çatdığı qədər hislərimi ifadə etməyə çalışdım. Nə qədər danışdığımı indi də xatırlamıram. Elə oturduğu yerdəcə səssiz-səmirsiz dinlədi. İfadəsiz üzü məni qorxudurdu, nə hiss etdiyini bilmirdim.

Sözümü bitirəndən sonra sakitcə gözlədim, bədənim yavaş-yavaş qızışırdı, qorxu bədənimi tərk edirdi. Mənim susduğumu görüb ayağa qalxdı, çantasını çiyninə keçirib mənə tərəf gəldi və yanımdan səhər yeli kimi keçib qapını açdı. Bir-iki saniyəlik duruxduqdan sonra qapını örtüb çıxdı. Bu nə deməkdir?! Heç bir şey başa düşə bilmədim, ancaq ürəyimdə nə vaxtdandır, dolub-daşlanan sözləri dediyimə görə özümü quş kimi yüngül hiss edirdim.

Bu minvalla məktəbi başa vurduq, ikimiz də universitetə daxil olduq. Ancaq o universitetə gedə bilmədi, atası icazə vermədi. Atasına görə, o, qız başına şəhərə gedə bilməzdi.

Ondan ilqar ala bilmədiyimə görə narahat idim, onu istəyən olsa, yox deyəcəyindən əmin deyildim. Ürəyimin bir küncündə ümid də közərirdi, nəsə mənə elə gəlirdi ki, o da məni sevir, ancaq bu sevgini etiraf etməyə, hətta hiss etməyə belə, ona mane olan bir şey var. Elə bil aşiq olmamaq üçün öz-özüylə savaşırdı, bəlkə də, mənə elə gəlirdi. Mənsə bu ehtimal, bu gümanla universitet günlərini bir-bir başa vurmağa çalışırdım. Gözüm, qulağım kənddə idi, ondan bir xəbər gələcəyindən qorxurdum, ailəsi onu çoxdan ərə verməyə hazır idi, o da ailəsinin ələlxüsus da meşşan atasının istəyinə yox deyə bilməzdi. Xoşbəxtlikdən mən universitetdə olanda onu istəməyə heç kim gəlmədi.

Universiteti başa vurub onlara elçi göndərdim, evlənməmişdən öncə fürsət tapıb onunla görüşmək istəsəm də, atası buna mane oldu, söz-söhbət çıxar deyə bəhanə etdi, heç onun belə bir istəyi olduğuna da inanmırdım, odur ki, mən də çox üstünə düşmədim.

Evləndik. Ən böyük arzuma qovuşdum, ancaq o elə görünmürdü, sahibinin yanına gedən kölə kimi mənimlə evimə ayaq basmışdı.

Uzun müddət bir yastığa baş qoya bilmədik, ona yaxın duran kimi əsim-əsim əsirdi, əhval-ruhiyyəsi tamam pozulurdu.

Hər gecə onun yatdığı otağa gəlib saçlarını, bədənini gizlicə qoxulayırdım, həmin bu qoxu yazda yenicə canlanan torpaqdan buğlanan rayihə kimi onun əndamından ayrılıb bütün otağa yayılırdı. Bəzən elə oradaca yuxulayıb qalırdım, oyananda onun narazılıqla mənə dikilən gözləriylə qarşılaşırdım.

Könlünü almaq, sevgisini qazanmaq üçün əlimdən gələni edirdim, cürbəcür hədiyyələr alırdım, ən gözəl şeirləri əzbərləyib ona oxuyurdum, şəhərin ən gözəl, mənzərəli yerlərini gəzdirirdim. Axıb keçən günlər onun donmuş hislərinə təsir etmirdi, sanki həyatımı buzdan yonulmuş bir müqəvva ilə birləşdirmişdim.

Vaxt keçdikcə yorulurdum, səbirsiz davranırdım, ona qarşı davranışım dəyişirdi. O da əvəzində yuvasının ən dərin yerinə qısılan quş kimi məndən uzaqlaşır, aramızda uçurumlar əmələ gəlirdi.

Bir gün onu israrla dilə tutdum, niyə belə davrandığını öyrənməyə çalışdım, dinib-danışmadan mənim bir sicilləmə söhbətimi dinlədi. Çənəm-ağzım yorulana qədər danışdım, sonunda yalvarmağa başladım, bir söz, bir açıqlama üçün diləndim. Bir müddət araya ölüm sakitliyi çökəndən sonra nəsə mızıldandığını hiss etdim, yaxınlaşıb dizlərini qucaqladım, dediklərini anlamağa çalışdım. “Məni sevmə!” deyirdi, “Sevgiyə nifrət edirəm!” − deyirdi...

Necə cavab verəcəyimi bilmədim, sevgidən nifrət edənə nə edə bilərdim, bəlkə də, mənim sevgimə nifrət edirdi, bəlkə də, başqasını sevirdi, bəlkə və bəlkə... çoxlu suallar və şübhələr məni əndişələndirirdi, dəhşətli qəzəb içimi didib dağıdırdı. Boşanmağı fikirləşmirdim, mənə verdiyi əzabın əvəzini çıxmaq istəyirdim, yoxsa ondan ayrılmağa çəkinirdim, bilmirdim, elə indi də bilmirəm, onu boşamağa ürək etmirdim.

Hər ikimiz dəyişirdik, həyatımızdakı hər şey bir məmurun işi qədər yeknəsəq və rəngsizdi, elə bil bir-birimizi çiynimizdə daşıyırdıq, gücümüz çatmadığını bilə-bilə.

Bir gün fərqinə vardığım bir şey məni dəhşətə gətirdi, artıq onun qoxusunu hiss etmirdim, nə evdə, nə də pal-paltarında bir qoxu qalmışdı. Nə vaxtdan bəri belə bir dəyişiklik olmuşdu, xatırlamırdım. Hər gün qapını açan kimi nəfəsimə dolan rayihəsinin itdiyini necə hiss etməmişdim?

Yataq otağına keçib bir-bir paltarları yerə tökdüm, hamısını bircə-bircə qoxuladım, yox idi, yoxa çıxmışdı. Mənə tuşlanan soyuq baxışları hiss edəndə ayağa qalxdım, hirsimdən əllərim titrəyirdi. Sir-sifətindəki soyuqluq kimi soyuq bir səslə dilləndi.

− Nə olub, nə axtarırsan?

Əsəbimdən dişlərimi qıcayaraq cavab verdim.

− Qoxunu... qoxunu hiss etmirəm, hara getdi qoxun?

Üzünə qəribə bir gülümsəmə qondurdu, bir az rişxənd, bir az qisas, bir az acıma... Ağlımı itirmişdim, hirsimdən dəliyə döndüm, üzərinə şığıdım, başını iki əlimlə tutub saçlarını qarışdırdım, yalını qoxulayan canavar kimi saçlarını, boynunu qoxuladım, yaxasını cırıb sinəsini və bütün bədənini iylədim, bihudəydi, heç bir qoxu gəlmirdi.

O heç bir şey olmamış kimi üzündəki ifadəsiz təbəssümlə heykəl kimi dayanmışdı. Onun bu halı məni hövsələdən çıxarırdı, belə etinasız duruşu qüruruma toxunurdu. Əlimi qaldırıb yağlı bir şillə çəkmək istədim, saymazyana təbəssümü belə yox edəcəyimi düşünürdüm. Göz-gözə gələndə bundan vaz keçdim, hirsimdən bir-birinə dolaşan ayaqlarımı güclə hərəkət etdirib özümü bayıra atdım.

Parkda, şəhərin izdihamlı küçələrində nə qədər gəzdiyimi xatırlamıram. Yorulub taqətdən düşdükcə hirsim də soyuyurdu. Evə geri dönmək istəmirdim, ancaq getməyə başqa bir yer olmadığına görə naçar evə qayıtdım.

Qapını açıb içəri girəndə heç gözləmədiyim bir şey oldu, həmin bu qoxunu hiss etməyə başladım, o qədər yorulmuşdum ki, çömbəlib qapının girişində oturdum, qoxunu ciyərlərimə çəkməyə başladım, uşaq kimi ağlayırdım, düyün düşmüş sinirlərim bir-bir açıldıqca rahatlayırdım.

Ayaqqabılarımı çıxarıb içəri keçdim, evdən səs-səmir gəlmirdi, yataq otağına keçdim, yataqda uzanmışdı, nişanlı vaxtı ona hədiyyə aldığım qırmızı koftanı geyinmişdi. Bir müddət eləcənə onu seyr etdim, sonra yanına yaxınlaşıb yerə diz çökdüm, əlini öpdüm, bədəni buz kimi idi, sanki nəfəs almırdı.

Təcili yardım çağırdım, solğun bədənini xərəyə qoyub apardılar. Zəhər içib intihar etmişdi, həkimlər həyata qaytara bilmədilər. Son dəfə görmək üçün palataya keçdim, başı üzərində durub solğun üzünü izlədim. Başını qaldırıb sinəmə sıxdım.

Məni özünə məftun edən qoxu saçlarının arasından qopub nəfəsimə dolur indi. Ancaq heç vaxt anlamadım bu qoxu nə qoxusudu, sevginin yoxsa nifrətin? Sədaqətin, yoxsa xəyanətin? Məsumiyyətin, yoxsa şeytanlığın? Hər nə olursa-olsun, o mənim zehnimdə əbədiyyən pak olaraq qalacaq və bu qoxuya bənzər hər rayihə mənə əziz olacaq.

19.12.16

# 1737 dəfə oxunub

Oxşar xəbərlər

Avtobusdakı dayının ağ corabları - Ulucay Akif

Avtobusdakı dayının ağ corabları - Ulucay Akif

14:36 24 aprel 2024
Necə yazmaq lazımdır?

Necə yazmaq lazımdır?

12:00 22 aprel 2024
Şəms Təbrizini kim öldürdü? - Bir qeybin anatomiyası

Şəms Təbrizini kim öldürdü? - Bir qeybin anatomiyası

12:00 19 aprel 2024
Adamın buna kitab deməyə dili gəlmir...

Adamın buna kitab deməyə dili gəlmir...

12:30 15 aprel 2024
Onlar üçün müqəddəs heç nə yoxdur...

Onlar üçün müqəddəs heç nə yoxdur...

17:00 10 aprel 2024
Bu mətnin niyə qələmə alındığını başa düşmədim

Bu mətnin niyə qələmə alındığını başa düşmədim

14:28 10 aprel 2024
# # #