Kulisin məktəbli yaşı - 7 ilin bir günündən REPORTAJ

Mən Kulis.az saytına (Bundan sonra sadəcə Kulis – A.A.) 2 il əvvəl gəlmişəm. Onda 5 yaşında idi Kulis. İndi bir az da böyüyüb, 7 yaşını qeyd edir.

 

Kulislə mənim doğum günüm arasında üç gün fərq var. Bu üç günü aradan götürsək, ikimiz də 1 apreldə dünyaya gəlmişik.

 

Bəlkə də 1 aprelə bu qədər yaxınlığıdır ki, Kulisdə zarafatsız bir gün də keçmir. Yumor Kulisin ən aparıcı qüvvəsidir.

 

 

 

Səhər işə gəlib Kulisin qapısını açanda içəridəki klaviatura çığırtılarından belə başa düşürəm ki, gecikmişəm. Gərək bir bəhanə tapam. Həmişə qapının ağzında bəhanə axtarışında olmağım məni pis vəziyyətə qoyur.

 

Özümə kənardan baxanda gülməyim gəlir bu an. Qapı açılır, mən quyruğu qapı arasında qalmış pişik kimi mızıldanıram. Hamı, baş redaktor Şərif kirimiş durub başını tərpədəndə quyruğumu da yanıma salıb keçirəm masamın başına.

 

 

 

Mirmehdi ilə Aliyənin kinayə dolu baxışları da bu arada gözümdən qaçmadı deyil. Amma tez gülüşlərimizi üzümüzdən müvəqqəti götürüb ciddi-ciddi kompüterin qabağında otururuq. Elə bil mağaranın içinə düşmüşük, çıxış üçün bir yol axtarırıq. Mirmehdi əlində məşəl arxamızca gəlir. Aliyə yorğundur, istəyir ki, hansısa daşın üstünə çöküb yuxular aləminə səyahət etsin. Məşəlin arxasından vahiməli görünən Mirmehdinin səsi gəlir: “Xəbər tapdım”. Və biz qaranlıqdan işığa çıxıb rahat nəfəs alırıq.

 

 

Ayağa qalxıram. Kaş qalxmaz olaydım. Hər tərəfdən çay fincanları tüfəng lüləsi kimi üstümə tuşlanır. Mən bu anı poetikləşdirmişəm hətta:

 

 

Məndən bir çay istər yerindən duran

Məni sevdiklərim çay-qalaq eylər...

 

Çay gətirməyə gedən kədərli müxbirəm mən...

 

 

 

Xadimələr televizorda seriala baxırlar. Mənə həmişə sataşırlar:

 

- Böyü də, Ayxan. Balaca qalmısan.

 

Çayları süzə-süzə gülümsünürəm:

 

- Mənim üçün böyük zövqdü bu.

 

Gülüşürlər.

 

Onların bizim haqqımızda öz fikirləri var. Ən çox Mirmehdinin adını çəkirlər: “Miri yaman çox çörək yeyir”.

 

 

 

Hələ Mirinin İranda Beynəlxalq mükafat almağına münasibətlərinə baxın: “Miri, oracan getmişdin, barı darçından-zaddan alıb gətirəydin!”

 

Şərifi tanımırlar deyəsən. Bufetdə az-az göründüyünə görə. Bəzən də çəkinirlər ondan. Balacaboy xadimələrin fonunda Şərif lap uzun görünür.

 

Aliyəyə isə “gəlin” deyirlər:

 

- O gəlinə denən ki, fincanı burda qalıb...

 

Mən isə bufetdə ən məşhuram. Belə getsə xadimələrlə oturub qeybət də edəcəm. Gözümün qabağına gəlir: “Ay xala, gördün filankəs özünə təzə paltar alıb. Özü də deyir, kasıbın biriyəm”. Onlar da şaşırmış gözlərlə mənə baxırlar.

 

Gəlib görəndə ki, Aliyə pişik kimi atapleniyaya sarılıb, kövrəlirəm. Hərdən də müdrik fikir düşür ağlıma: “Qadınlar üşüyər”.

 

 

 

Bəzən Aliyəyə ilişirəm:

 

“Səndən hekayə yazacam: “Aliyənin bir günü”.

 

Ya da:

 

“Təzədən dünyaya gəlsən, yenə teatrşünas olardın?”

 

O da əlinin tərsi ilə sözlərimi geri eləyir: “Yaxşı görək də”...

 

Sonuncu “də” Şamaxı məhsuludur. Aliyə Şamaxıdandır. Ona bir ad da tapmışam: Yorğunluq abidəsi.

 

Yemək yeməyə gedəndə, açığı deyim, Aliyəni bezdirirəm. Tək yeməkdən xoşum gəlmir. Biz oturub yeməyin qızmağını gözləyəndə Şəriflə Mirmehdi gəlir.

 

“Mən öz payımı qabaqcadan verim” – Şərif gülümsəyərək gətirdiyi toyuq tikələrindən birini mənə uzadır.

 

 

 

Hər naharda onların yeməklərini dadmasam, elə bilirəm, ac qalaram.

 

“Yenə çörək gətirməmisən?” – Mirmehdi soruşur.

 

“Buri” adında kitab yazasan, özün də buri (gürcücə çörək – red.) gətirməyəsən. – Şərifin zarafatı.

 

“Ac-ac yumorunuzun motoru işləmir. Gəlin əvvəlcə yeyək”. – Bu da mən.

 

Yemək Mirmehdi üçün bayramdı, Aliyə üçün işdir, Şərif üçün ənənə, mənim üçünsə yaşamaq uğrunda mübarizə.

 

Nahardan sonra gəzinti var. Bəzən mən balaca olduğuma görə gəzintidə iştirak etmirəm:

 

“Bu gün yetim kim olur?”

 

 

 

“Əlbəttə, mən” – şagird kimi əlimi yuxarıya qaldırıram. Sonra xahişə keçirəm:

 

“Heç olmasa mənə nəsə alın”.

 

Bəzən isə iki yerə bölünürük: Mirmehdi ilə Aliyə gəzməyə çıxır, sonra mənlə Şərif. Ya da əksinə.

 

Babək prospektinin üstündəki məşhur qatar relsləri yaxşı havalarda bizim əsas gəzinti yerimizdir. Şərifin uzun mühazirələri kimi bu relslər də bitib-tükənmir. Hətta Şərif arada yarızarafat, yarıciddi and da içir: “Bu relslərin paralelliyinə and olsun!”

 

Bəzən mənə elə gəlir ki, söhbətlərimiz relslərin üzərində gəzişir. Onlar da bir-biri ilə söhbətləşir:

 

- Yenə Ayxanla Şərif gəldi.

 

- Başlayacaqlar ədəbiyyat belə gəldi, film elə getdi.

 

 

 

- Hə. İşləri-gücləri yoxdu.

 

- Vallah! Camaat nə hayda. Bunlar nə hayda!

 

Kənardan baxanda Don Kixotla Sanço Pansoya oxşayırıq. Düzü, mən Sanço olmağı indinin özündə də qəbul etmirəm. Hər dəfə etiraz edirəm. Şərif isə bənzətmədən məmnundur. Mən isə tez öz ilanımı onun üstünə atıram: “Don Kixota bircə boyunuza görə oxşayırsınız”.

 

Mirmehdi ilə Aliyənin söhbətindən xəbərsizik, təbii. Məncə, ikisi də intellektuallıq üçün münbit şərait tapıblar. Mirmehdi xüsusi ilə bu məsələdə canfəşanlıq edir. Hərdən Şəriflə bu mənada atışırlar. Mirmehdinin bilmədiyi şeyə qurd düşər. Filan rokçu filan yerdə doğulub, nə bilim filan tarixdə belə bir hadisə baş verib. Şərifin incə yumoru arada Mirmehdinin bu intellektuallıq tilovuna ilişir: “Bu intellektuallıq səni gecələr yatmağa qoymayacaq”.

 

 

 

Mən tez-tez Nazimsayağı şeir oxuyuram. Öz-özümə quraşdırıram:

 

Aliye hep yorqundur, gözleri akar

Yorqun bir gülümse konar yüzüne

Hep şikayetçidir

Hayatdan ve daha nelerden.

 

 

Bir Miri var odamızda

Kendini entellektüel sanıyor

Hep sohbetler ediyor

Entellektüel sohbetler

 

Şerif saza aşıkdır

Bir de kendisine

Her konuda yazısı varmış

Kendisi söylüyor...

 

Axşamtərəfi mənim bu yaradıcılığım yüksək qiymətləndirilir.

 

Hərdən bizim otağa gələnlər də olur: Cavid Zeynallı, Fərid Mirzəyev.

 

Fəridə ya Lyosa deyirəm, ya da Balkonski.

 

- Lyosa, Peruda nə var, nə yox?

 

- Həmişəki kimi. Esse yazıram bu haqda. Qismətə verəcəm tərcümə etsin, verərsiniz sayta. Pamuka da demişəm, əsərlərinin tərcüməsini Qismətə versin. 

 

Balkonski olanda dialoq dəyişir:

 

- Müharibədən qayıtdın?

 

- Hə, amma yaralıyam bir az.

 

Dövrümüzün ziyalısı Cavid Zeynallı hər dəfə nədənsə şikayətlənə-şikayətlənə otağa girir.

 

- İstedadın sənə əzab verir. – Onunla zarafatlaşıram. – Çox böyükdür, ona görə.

 

- Məzələnmə. Canım ağrıyır. – Cavidin hər zamankı intonasiyası.

 

 

 

Cavidi iki ildir eyni pencəkdə görürəm. Yəqin yaddaşlarda bu cür qalmaq istəyir.

 

Hərdən məndən soruşur:

 

- İstedadsız, nə yazırsan?

 

- Təzə hekayə yazmışam.

 

Hiss eləyirsiniz səmimiyyəti? Bir-birimizi çox sevirik. Belə səmimi cütlük hansı iş yerində var?

 

Aliyənin “kanka”sı Sevda Sultanova da bizim Kulisin yaraşığıdır. Onun flaminkoya bənzər görünüşü var. Bunu Mirmehdi tapıb. Müəllif hüquqlarını qoruyaq.

 

- Sevda, yenə tənhasan?

 

- Çox...

 

Növbəti səfər:

 

- Sevda, geyimindən hiss edirəm necə tənha olduğunu...

 

- Çox həssassan, Ayxan.

 

Mirmehdinin müdaxiləsi:

 

- Ayxan tənhalıq üzrə mütəxəssisdi elə bil. Baxan kimi bilir.

 

Sevda hər gəlişində bizə şirniyyat gətirir. Özü isə surətlə arıqlayır. Yazılarımızı tərifləyir. Kübar qadın intonasiyası ilə söhbətlər edir, bir fincan çay içir və səssizcə gedir.

 

- O gün yuxumda Qodarı gördüm. Dedim, gəl sevgili olaq. – Sevdanın söhbətlərindən biri.

 

- Bir qadını heç vaxt sona qədər xoşbəxt edə bilməyəcəksən, Ayxan. – Mənə verdiyi məsləhətlər silsiləsindən.

 

İş çıxışında zarafatlarımızın sayı daha da artır. Kulisçi olasan, yumor hissin zəif ola, vay halına. O zaman işin çətindir. Hərdən bu tilova düşənlər olur. Ad çəkməyək. Burda bir gülüş işarəsi olduğunu düşünüb keçək növbəti abzasa.

 

 

 

Şərifi gözləməliyik. İnciyər yoxsa. Alma xartıldada-xartıldada gəlib çıxır.

 

- Bir alma olsa yeyərdik, Miri. – Ona işarə vururam.

 

- Mənim almamı yeyə bilərsiniz, amma mən ola bilməzsiniz! – Şərif söz altda qalan oğlan deyil.

 

Axşam tərəfi zarafatları bir başqa olur. Belə anlarda Aliyənin vəziyyətini təsvir etməkdə acizəm. Zarafatın dozası artdıqca Aliyənin də addımları artır və getdikcə eynən gəmidən uzaqlaşan qayıq kimi bizi geridə qoyur.

 

- Kim peraşki alacaq? – soruşuram.

 

- Təbii ki, baş redaktor. – Mirmehdi təbəssümlə cavab verir.

 

- Peraşki dünyanın ən böyük kəşfidir – bu Şərifin aforizmidir.  

 

Hərdən Şərif bu təkliflə razılaşır və bizi çox mutlu edir. Peraşkiləri içəri ötürəndən sonra:

 

- Yaman xərcə düşdün e, Şərif, - deyirəm. – Belə olmaz.

 

Gülüşə-gülüşə metroya sarı gedirik. Yorğunuq, mutluyuq, umutluyuq. Mən yenə Nazimə parodiyanı oxuyuram:

 

“Dörd yazar vardır Kulisde...”

 

 

LENT

25 Aprel 2018
24 Aprel 2018
23 Aprel 2018