Qaçqın düşən qızın sevgi xatirəsiSamirə Əşrəfdən yeni hekayə

 

Kulis.az Samirə Əşrəfin “Sonuncu yayın sonatası” adlı yeni hekayəsini təqdim edir.

 

 

Atam ikiqat olmuş halda anamın üzünə baxıb soruşdu:

 

“Hansı otağa aparaq?”

 

Mətbəxin qarşısında dayanan anam şəhadət barmağı ilə evin ən dalda uşaq otağını göstərib dedi:

 

“Ora!”

 

İlahi, ora sözü elə bil yekə bir daş olub başıma düşdü. Bu qadın özünə məxsus istedadı ilə həmişə arzularımın önünə keçməyi bacarırdı.

 

Axı mən neçə vaxtdır yolunu səbirsizliklə gözlədiyim pianinomun pəncərələri küçəyə açılan qonaq otağına qoyulmasını arzulayırdım. Bəs indi bu zəhləmgetmiş, yatandan yatana girdiyim, qaranlıq uşaq otağı ideyası bu qadının ağlına hardan gəldi?

 

Atam elə bil mənim ürəyimdən keçənləri duydu.

 

“Bəlkə qonaq otağına aparaq?”

 

“Yox, yox. Nə danışırsan?!  Qonşulara zəhmət olacaq.”

 

Qadın baxışları ilə pianinodan yapışmış qonşu kişiləri və qonaq otağına gedən yolda ağır, zirehli tank kimi dayanmş stolu göstərib him-cim etdi. Yəni ki, üç addımlıq uşaq otağı ola-ola bu stolu ortalıqdan götürmək, qonaq otağına yol açmaq həngamədir. Özündən hoqqa çıxartma!

 

Anam həmin anda mənə müharibə filmlərindəki əsir düşərgələrindən hoppanıb evimizə düşmüş alman SS-çi qadınlarını xatırlatdı. Həmişəki kimi onun qəfləti “ideyalarına” qoşulmaqda gecikməyən atamın anlayışlı görünmək xülyası da çox qısa çəkdi. O, və yığma komandası əmrə müntəzir anamın ardınca düşüb uşaq otağına getdilər.

 

Hər şey yerbəyer olandan sonra atam məni səslədi. Mənsə qonaq otağında pianinom üçün bələdlədiyim boş yerdə dayanıb fikirə getmişdim. Musiqiyə olan cüzi həvəsim, gələcəklə bağlı romantik arzularıma qarışmış ümidlərim, sevgi dolu hisslərim puça çıxaraq bu boşluqda fır-fır fırlanırdılar.

 

Uşaq otağına gələndə divarın dibinə qoyulmuş qara pianinoya ötəri nəzər saldım. Xeyli işlənmişdi. Üstündə şamdanları da vardı. Atam həvəslə pianinonun alınma prosesini anama izah edirdi. Guya zindan qədər ağır olan bu musiqi aləti bir rus qadının alman nənəsindən yadigar qalıb. Qadın da yadigar olan pianinonu satmaq istəmirmiş, amma Bakıdakı qohumlarımız birtəhər onu razı salıblar. Bir az da keçsəydi atam pianinonun rəhmətlik İohan Sebastyan Baxa məxsus olduğunu deyəcəkdi. Ən cüzi əhvalatı belə boyayıb, bəzəyib nəql etmək atamın xasiyyəti idi. Deyəsən anam da onun məlum xasiyyətinin boy verəcəyindən ehtiyat edərək məni dartıb pianinonun qarşısına əyləşdirdi. Dərs tapşırıqlarını da qarşıma töküb atamla birgə otaqdan çıxdılar.

 

Təklikdə qalan kimi ağlıma gələn ilk sual bu oldu. “Sevinirəmmi?”

 

“Əsla! Bu qaranlıq, işıq yanandan yanana aydınlanan otaqda mənim pianino çalmağımı kim eşidəcəkdi?! Heç kim!

 

Pianino qonaq otağına qoyulmalıydı! Bu mütləq belə olmalı idi. Anamın “prostoy” karandaş qədər hissiyyatsız, boz rəngə çalan şəhadət barmağı hardan, necə, nə cür oldu ki, bu otağa tuşlandı? İndi mən burda qırx gün, qırx gecə özümü öldürsəm də nə küçədən keçən adamlar, nə hər axşam küçəyə yığışan oğlanlar, nə də ki, o, mənim dınqıltılarımı eşidə bilməzdi. Lap gətirib bu alman pianinosunun içərisinə bir toy mikrofonu qoşsaq da Elşad mənim pianinomun səsini eşitməzdi. Vəssalam!”

 

Məndən bir sinif yuxarı oxuyan Aqildən sonra Elşad ikinci məhəbbətim idi. Bəlkə də ilk məhəbbətim. Hər halda Aqil mənə Elşad qədər diqqət göstərməmişdi. Onun elə ilk gündən gözü icra başçısının bacısı qızı Afaqa düşmüşdü. Afaq gələn kimi mənim ulduzum sönmüşdü. Ax kişilər, kişilər! Həmişə ən parlaq aydan belə ulduz düzəltməyi bacarırlar. Sözün düzünə qalsa heç mən özüm də Aqilə çox bənd olmamışdım. Qara, üzü çilli, kök oğlan idi. Bir üstünlüyü vardı ki, sinif rəhbərim Nailə müəllimənin oğlu idi. Həm də həmişə zövqlə geyinməyi bacarırdı.

 

Müharibənin səsi biz tərəflərdə də eşidiləndən, oxuduğumuz məktəb hərbi hissəyə çevriləndən sonra məcbur qalıb Cəmil Əhmədov adına məktəbə getməli olduq. Həmin məktəbin direktoru İslam müəllim anamın bibisinin oğulluğu idi. Amma bunun mənim hekayəmə heç bir dəxli yoxdur. Sadəcə olaraq vurğulamaq istəyirəm ki, anamın qohumları vəzifəli adamlar olublar. Əsas məsələ o idi ki, Cəmil Əhmədov məktəbində tam azadlıq hökm sürürdü. Xüsusən də məhəbbət məsələlərində. Oğlanlar qızları sevir, onlara məktub yollayır, öz sevgiləri uğrunda başqa oğlanlarla dalaşıb əlbəyaxa olurdular. Sevgililər bir-birlərinə xoşladıqları filmlərin baş qəhrəmanlarının adlarını ləqəb qoyurdular. Fəridə, Kamran, Komissar Kattani, Nəsimi, Şəms, Ryabina və.s

 

Yeddinci sinifi qutarhaqutarda Elşad mənə bənd oldu. Anası bizim məktəbdə müəllimə işləyirdi. Özü isə avaranın biriydi. Amma mərd oğlandı. Məndən üç yaş böyük idi.

 

Hara gedirdim Elşad kölgə kimi arxamca gəlirdi. Əsasən bizdən böyük sinifin uşaqları Elşadın mənə olan sevgisinin fərqinə varmışdılar. Mənə olan münasibət birdən-birə dəyişmişdi. Sevgilisi olan qızlar siyahısındaydım. Belə məsələlər isə zarafat deyildi.

 

Elşad hər gün mənim arxamca düşüb evə yola salırdı. Amma heç vaxt yaxına gəlmirdi. Adətən oğlanlar sevdikləri qızlara və ətrafdakılara sevgilərinin təmizliyini sübut etmək üçün yaxınlaşmırdılar. Bir müddət uzaqdan uzağa izləyib, sevirdilər.

 

Elşadın məni izləməsi yağış, qar, şaxta demədən hər gün təkrar olunurdu. Mən dərsə getmədiyim günlərdə isə o, atasının narıncı moskviçi ilə məhləmizə qədər gələrdi. Bizimlə üz-üzə maşın ustası Hacıbala dayının oğlu ilə Elşad bir sinifdə oxuyurdular. O, da onlara gəlmək adı ilə gəlib gedirdi. Onu həmişə iyirmi, otuz addımlıq məsafədən görürdüm. Üzünün cizgilərini də elə bu uzaqlıqdan yadımda saxlamışdım. İki dəfə Elşadla yaxın təmasda onun “Son zəng” tədbirində oldum. Həmin gün sinif qızlarını mənim arxamca “elçiliyə” yollamışdı ki, məclisə təşrif aparım. Sinifə girəndə hamı mahnı sədaları altında rəqs edirdi. Mən içəri girən kimi musiqi dəyişib həzinləşdi. Elşad əlimdən tutub məni sinif otağının ortasına çəkdi. Hamı elə bil onunla sözləşmişdi, meydandakı məsafə də xeyli genişləndi. O rəqs edir mən isə bacarmadığımdan ona baxırdım. Qız olmağın nə olduğunu ilk dəfə məhz həmin gün dərk etdim. Qızarıb, pörtmüşdüm. Elə bilirdim nəsə pis iş tutmuşam və bunu otaqda olan hər kəs görüb. Mənimlə birgə gələn rəfiqəmə yaxınlaşıb dedim ki, gedək. Sinifdən çıxıb evə yollandım. Qəzənfərin dikini qalxanda onun yenə arxamca gəldiyini hiss etdim. Amma bu dəfə daha yaxınımda idi. Hənirini bir anlıq boynumun arxasında hiss etdim.

 

“Niyə getdin?”

 

“Otaq istiydi.”

 

Üz-üzə dayanmışdıq. Yəqin ki, öpmək istəmişdi... Amma cəsarəti çatmamışdı. Bəlkə də qıymamışdı.

 

Tətilə çıxandan sonra elə bildim ki, hər şey bitdi. Amma bitməmişdi. Ara-sıra qonşuluğumuza gəlib gedirdi. Bir gözü həmişə bizim qapıda olardı. Artıq bicləşmişdim. O, gələn kimi qaçıb yola çıxmırdım. Əvəlcə qapının açar yerindən onu müşahidə edirdim, bizə tərəf çox baxırdısa zibil atmaq, su gətirmək bəhanəsi ilə gözünə görsənib qayıdardım.

 

Qonşumuz Qərib həkimin evi iki mərtəbəli idi. Qızı Əminənin pianinosu da ikinci mərtəbənin küçəyə açılan otağına qoyulmuşdu. Əminənin piano ifası məşhur idi. Hansı film  çıxırdısa, Əminə həmin günü o filmin mahnısını pianinoda məşq edib çalmağa başlayardı. Çox vaxtı qaranlıq düşəndə oğlanlar onların qapısına yaxın yığışıb siqaret çəkib, astadan söhbət edər həm də Əminənin çalğısına qulaq asardılar.

 

Əlbəttə ata, ana elə olardı də. Yoxsa bizimkilər kimi? Mənim qonşu qızından nəyim əksik idi ki, pianinomu aparıb dərin quyu qədər qaranlıq, mübhəm uşaq otağına atdılar?!

 

Bir dəfə kəndə nənəmgilə qonaq getmişdik. Nənəmin qardaşı oğlunun toyu idi. Kənddən gələndə Elşadı qonşumuzun oğlu ilə bizim darvazaya yaxın dayanan gördüm. Qapımızın üstündəki qıfıl onu xeyli pərişan etmişdi ki, məni görən kimi gözlərinə işıq gəldi.

 

Qaça-qaça evə girib bütün qapı və pəncərələri taybatay açdım, pianinonun arxasına əyləşdim. Bir saata yaxın bildiyim bütün film mahnılarını, dərs tapşırıqlarını çaldım. Həmin gün həyatımın ən ağır tapşırığını yerinə yetirmişdim. Pianinoda çala-çala əmin idim ki, Elşad mənim bu musiqilərimin hamısını eşidir və o da mənim qədər fərəhlənir. Özümü böyük konsert zallarında təsəvvür edirdim: O, isə əlində iri gül dəstəsi ilə irəli oturacaqların birində əyləşmişdi.

 

Musiqi saatı bitəndən sonra qonaq otağına keçib küçəyə boylananda orda heç kimin olmadığını gördüm. Elşad getmişdi.

 

Həyətimizdəki fındıq ağacının dibində gəlinciklə oynayan bacımdan soruşdum:

 

“Aysel, pianinomun səsini eşidirdin?”

 

“Yox. Heç nə eşitmədim.”

 

Gözlərim doldu. Elə bil sinəmdən daş asıldı.

 

“Yəni heç nə eşitmədin?!”

 

Bacım key-key üzümə baxıb çiyinlərini çəkdi:

 

“Heç nə!”

 

Uşaq otağına gəlib paininomu nifrətlə süzüb, qapağını şaqqıltı ilə çırpdım.

 

Atam demişkən zindan qədər ağırlığı olan bu musiqi aləti artıq heç bir işə yaramırdı.

 

Eh ay ata, ömründə bircə dəfə də arvad sözünə qulaq asmasaydın elə bil dünya dağılacaqdı. Nə olardı ki, ortalıqdakı stolu kənara çəkib pianinomu qonaq otağına aparsaydın. Sən həmişə ürəyi təmizliyindən bu SS-çi arvadının toruna düşürsən.

 

Sonra qəfildən anamdan qısas almağın yolları barədə düşünməyə başladım. Pianino şifonerə yaxın qoyulmuşdu. Şifonerin üstündə isə anamın cehizlik çamadanı vardı. Üstünə də başında ağ fatası, üzündə duvağı olan gəlin şəkli yapışdırılmışdı. Üzü aşağı baxan uzun kiprikli, dodağı boyalı gəlinin qəribə bir cazibəsi vardı. Necə dəfə istədim o şəkili qopardım anam qoymadı. Toyda, bayramda anam çamadanı düşürüb ordan nəsə götürəndə həmin şəkilə baxa bilirdim.

 

Heç tərəddüd etmədən pianinonun üzərinə ordan da şifonerə çıxıb çamadanı açdım. İlk qarşıma çıxan ağ rəngli dirnaq boyası oldu. Bahalı, matah mal idi ki, anam bura qoymuşdu. Boyanı götürüb küçəyə çıxdım. Qarşıma çıxan hər kəsin dırnağına çəkdim. Ta ki, dibində qalan qədər. Anam evə gələndə məni yaxşıca çimdikləyib bir, iki də dümsük ilişdirdi.

 

Həmin yayı anamdan bütün “qisasımı” aldım. Çamdanındakı bahalı ətriyyatın, ənlik-kirşanın hamısnın küpünə daş atdım.

 

Anama baxanda atama qarşı nisbətən humanist davranırdım. Çünki onu anamdan bir azca çox istəyirdim. Baxçaya gedən vaxtlarımda hardan toy səsi gəlirdisə deyirdim: “Mən ərə gedəndə atamı da özümlə aparacam.” Böyüdükcə başa düşdüm ki, uşaq vaxtı səydərəşin yekəsi olmuşam. Ərə gedəndə adam özündən başqa heç kimi, heç hara apara bilməz.

 

Amma atamı anamdan çox istəməyimin mənim “qisas” tədbirlərimə qarışacağı yox idi. Onu öz əli ilə qazdığı quyuya salacaqdım. Anamın çamadanı küllüyə atılandan, çamadanın üstündəki başı fatalı gəlinlik şəkili ortalıqda qalandan sonra hər gün şifonerin üstünə çıxıb atamın sirli, qara çantasının içərisindəki cavanlıq məktublarını təftiş etməyə başladım. Əlimə xeyli şübhəli “material” keçmişdi.

 

“Əziz tələbə yoldaşım və ilk məhəbbətim Əkbər, bu gün sənin üçün çox darıxdım. Bakıya gələn kimi səni qucaqlayıb bağrıma basacam. Hörmətlə: Əzizin Gülarə”

 

Baho, kişi cavanlıqda nələr edirmiş, nələr.

 

Anam insafən belə işlərə baş qoşmaz, heç vaxt atamın əşyayi-dəlillərini qurdalamazdı. Eybi yox, mən əsgərə getməmişəm ki? Anamın yerinə bu işləri özüm düz-qoş edərəm.

 

Ertəsi günü səhər yeməyində döyülməyi gözə alsam belə planlı şəkildə hazırladığım nitqimə təkan verdim.

 

“Ana, atamın Gülarə adlı tələbə yoldaşı olub?”

 

Atam, çeçidi. Pendir çörəyi şirinçayqarışıq boğazında qaldı. Stəkanına çay süzən anam əlini saxladı. Onun baxışları mənə yox, birbaşa atamın kürəyinə zilləndi. Sanki söhbət bir az da tündləşsə, qadın mətbəx bıçağı ilə atamın kürəyini nişan alıb almayacağını götür qoy edirdi. Anamın cavabı geciksə də, atamın tənbehi gecikmədi.

 

“Bu nə sualdı? Gülarə kimdir?”

 

İlahi, bu kişidə də saflıq qalmayıb. Sevmisən, qucaqlamısan, etiraf et də. İllər sonra bir SS-çi qadına görə bu nə saxtakarlıqdı edirsən?!

 

Eybi yoxdur. Mən indi səndən bəlkə də səni sevdiyi üçün nakam qalıb  heç kimə ərə getməyən, bu günə qədər qız qarıyan Gülarə xalanın da, öz Elşadımın da qisasını alaram!

 

“Dünən yataq otağında pianinomun yanında yerdən bir kağız tapdım. Atamın Gülarə adlı tələbə yoldaşından gəlmişdi.”

 

Atam dik atıldı. Anam çaydanı zərblə sobaya çırpdı.

 

Aman Allah, evimizdə yaradacağım “zəlzələnin” bu qədər şiddətli olacağını mən də təxmin etməmişdim.

 

Atam:

 

“Nə səfehləyirsən? Dur, rədd ol. Dərsə gecikirsən.”

 

Özümü suyu süzülmüş kimi göstərərək mətbəxi tərk etsəm də sevincimin hüdudu yox idi. Qisas planımı müvəfəqiyyətlə yerinə yetirmişdim. Bəli, Əkbər bəy. Sən götür, mənim pianinomu apar, quyunun dibinə tulla. Bütün arzularımın önünə üç otaqdan hasar çək, mən də bunun acığını səndə qoyum? Olmaz! Hər kəs layiq olduğu cəzanı almalıdır!

 

Amma dərsdə atam üçün etdiyim bədxahlığa görə xeyli peşman olub, vicdan əzabı çəkdim. Kişiyə qarşı həqiqətən də çox amansız davranmışdım. Anam bu məsələnin dibinə çatana qədər azı on gün atamla düşmənçilik edib, yediyini-içdiyini zəhərə döndərəcəkdi.

 

Evə gələndə atam qulağımın dibindən bir qapaz ilişdirib dedi: “Bir də o şifonerin üstünə çıxsan, sənin ayaqlarını qıracam.” Amma qəribə olan o idi ki, qəzaya düşən təyyarələrdəki qara qutular kimi atamın qara çantası da şifonerin üstündən yoxa çıxmışdı.

 

Gecədən başlayan atışma səhərə yaxın daha da gücləndi. Anam tez-tələsik əlinə keçən paltarları kuloka yığır, atam evimizin və bizim sənədlərimizi götürürdü.

 

Mən... Son dəfə pianinom olan otağa keçdim. Etibarasızlıq göstərdiyim uşaqlıq dostumun qapağını qaldırdım. Barmaqlarımı pianinonun dilləri üzərində ehmalca gəzdirib, onları sığalladım. Əmin idim ki, titrəyən əllərimin həniri mənim etibarsızlığımı bağışladacaqdı. Gələcək arzularımı, ümidlərimi, bir də ilk sevgimin xatirələrini pianinonun dilləri üzərində gizlədib qapağı örtdüm. Bizi gözləyən taksi son dəfə uzun-uzadı siqnal verdi. Elə bil hardasa nəsə qırıldı, yarımçıq qaldı...

 

...Həmin yay mənim qayğısız uşaqlıq illərimin, dəcəlliklərimin, ürəyimdə döyünən ilk məhəbbət çırpınışlarının sonuncusu oldu. Rayonumuz məktəbin açılmasına səkkiz gün qalmış işğal olundu. Elşad müharibəyə yola düşdü. Qohumlar, qonşular hamısı baş götürüb evlərindən qaçdılar. Məhləmizdəki həyətlər bomboş və viranə qaldı.

 

Rayon işğal olunandan bir il sonra yataqxanada məskunlaşan qonşumuz Hacıbala dayıgilə qonaq getdik. Elşadı son dəfə dolabın üstünə qoyulmuş üzərinə “Məzun” yazılmış albomun üçüncü sırasından boylanan gördüm. Xəfifdən gülümsünürdü. Elşad bir də heç zaman gülümsəyə bilmədi. Bu mənim onunla son görüşüm oldu.

 

Fevral 2018

 

 

LENT

23 İyul 2018
22 İyul 2018
21 İyul 2018
20 İyul 2018
19 İyul 2018