Əlisəmid Kür: “Qızımın toyuna çağırdılar, getmədim” - MÜSAHİBƏ

<span style="color:red;">Əlisəmid Kür:  “Qızımın toyuna çağırdılar, getmədim” - <span style="color:red;">MÜSAHİBƏ
8 fevral 2018
# 17:30

Bu gün şair Əlisəmid Kürün doğum gündür. Kulis.az bu münasibətlə şairi təbrik edir və onun 60 illik yubileyində Fəxri Uğurlu ilə etdiyi söhbəti oxucuların diqqətinə çatdırır.

- Əlisəmid, ürəyində elə bir söz, mətləb varmı ki, indiyəcən deməmisən, 60 yaşa saxlamısan? Varsa, de gəlsin.

- O qədər... Mənim xasiyyətimi bilirsən. Elə yazılarım var, hələ üzə çıxarmamışam, sandıqdadır. Mən nəyi üzə çıxarıb-çıxarmamağı bilən yazıçılardanam.

- Təkcə bədii kamillikdən söhbət getmir. Mən daxili senzuranın qoyduğu yasaqdan danışıram...

- Eləsi də var. Elə misralarım var ki, içimdədir, amma hələ şeirə salmamışam. Bu yaxında bir şeir yazdım. “Yolçu” verilişi üçün bir kor balabançını çəkmişdilər. Aparıcı ondan soruşdu ki, adın nədir? Dedi, Əlisəmid. Qəribə hiss keçirdim. Elə bildim orada dədəm oturub. Evdəkilərin dediyinə görə, axşam yaman halda olmuşam. Adətən yazdığım şeirləri evdə oxuyuram. Bunu da oxudum:

Bir adaşım yaşayır Kürdəmirdə, Muradxanlı kəndində,

gecəyarı ekranda gördüm “Xəzər” TV-də.

Əvvəl-əvvəl danışmadı, dinmədi,

dizlərinin üstə gözləri yol çəkdi barmaqlarının...

Sonra adamlar yığışıb könlünü aldılar onun, ovutdular.

Çıxartdı mücrüdən balabanı,

dedi mənim işim balabanla, neylədi

adaşım balabançı kor Əlisəmid.

Sonra gör neylədi

adaşım balabançı kor Əlisəmid -

qəfil nəfəs verdi balabana,

sığalladı asta-asta, bala-bala.

Asta çaldı balabanı,

tələsdi yavaş-yavaş, bala-bala.

Dağı arana daşıdı, aranı dağa,

anasızın balasını ağlatdı,

balasızın anasını ağlatdı,

Qəribi çağırdı qürbətdən,

həsrəti yolu-yolağa...

Qəfil balabanı qoydu qırağa,

ürəyinin işığı üzündə

üzü nur, üzü pir Əlisəmid.

Çalğı çoxdan qurtarıb,

nə baxırsan əlləri üzündə,

gözləri barmaqlarının ucunda

adaşım balabançı kor Əlisəmid.

- Həmişə dost-tanış içində, məclislərdə olan, danışan adamsan. Adama elə gəlir, Əlisəmidin nəyi varsa açıb-töküb, içində heç nə qalmayıb...

- Yox, elə deyil. Bayaq demək istəyirdim: elə misralarım var, illərdir mənimlə yol gəlir. Mən sizə mətbəximi açacam. “Dizlərinin üstə gözləri yol çəkdi barmaqlarının” – bu misra mənim bir şeirimdə də var, türmədə yazmışdım. O misra bütün günü mənimləydi, amma balabançı Əlisəmid haqqında şeir yarananda həmin misra gəlib özünü saldı ora.

- Sən məni bir az qabaqladın. Yaradıcılıqdan bir az sonra danışacaqdıq...

- Mən siqaretimi söndürüb içəri girəndə artıq ağ kağızın üstünə gəldim. Bu otaq da elə bizim üçün ağ vərəqdir. Burada ancaq Fəxriyə içimi necə açacam söhbəti var...

- Sənin ömür yolun elə də rahat olmayıb. Elə məqamlar, yol ayrıcları varmı ki, qanrılıb geri baxanda “Gərək bu yolla yox, o biriylə gedəydim, onda tamam özgə ömür yaşayardım” deyəsən?

- Allah hərəyə bir yolu, bir taleni yazıb. Mən bu yolu dübbədüz getmişəm, az da olsun sapınmamışam, məncə. Düzdür, mənə badalaq vuranlar da olub, özümdə də günah var. İnsanları sevən adamam, istəyərəm o insanlarda da mənə qarşı məhəbbət olsun. Mən qəşəng bir yol keçmişəm, geri qayıtmaqdan da qorxmuram, çünki bir səhv hərəkətim olmayıb. Amma bu yolu özümə arzulayıram, balalarıma, bir başqasına – yox. O yolun şirini də, acısı da mənimdir; türməsindən də, dəlixanasından da keçmişəm. Bu yazı mənim alnıma yazılıb, qəbulumdur.

- Onda gəl bu yolla bir az geri qayıdaq, əvvəldən başlayaq: 1954-cü ilin 8 fevralında Salyanda...

- ...Qarlı bir gündə həm də. Məndən böyük iki bacım var. Anamı səhər tezdən doğum evinə aparırlar. Atam Bakıda universitetin filologiyasında oxuyurmuş – Əlağa Kürçaylı, Teymur Əhmədov, Aşıq Ələsgərin nəvəsi İslamla bir qrupda olublar, yataqxanada da bir yerdə qalıblar. Atama teleqram vururlar, bir yüyürük alıb axşam özünü çatdırır evə. Nənəm deyir uşağın adını Əlisəmid qoyaq – Səmid atamın atası, Əli də əmisi olub, ikisi də 1937-də tutulub. Atam da mənə müharibədən dönməyən əmisi oğlu Zəfərin adını qoymaq istəyirmiş – sonra onun adını qardaşıma verdi. Gecə babam atamın yuxusuna girir, deyir, uşağın adını Əlisəmid qoy. Kişi yuxudan qalxıb deyir ki, Lətifə, uşağın adı Əlisəmid qaldı.

- Atan Cəfər Mehdi, deyəsən, bir az sərt adam olub...

- Təmiz, kristal bir insan idi. Ədəbiyyat adamıydı, müəllim işləyirdi, Cavidin, Müşfiqin yaradıcılığından elə dərs keçirdi ki, indiyəcən də Salyanda danışılır. Atamla rayonda hesablaşırdılar. Şeir də yazırdı. Atam həm də mənim sinif rəhbərim olub.

- Uşaqları döyürdü?

- Məktəbdə yox, evdə hərdən olurdu. Ancaq çəmini tapmışdım: “Sən Məşədi Səfər əmimin canı!..” - deyən kimi əl-qolu boşalırdı, ağlamaq tuturdu onu.

- Kim idi Məşədi Səfər?

- Atamın böyük qardaşı olub, müharibədən qayıtmayıb. Atam son gününə qədər onun öldüyünə inanmadı, adını da heç kimə qoymadı.

- Demək, ədəbiyyata gəlmək üçün evdə mühit olub. Qələm adamlarından evinizə gələn olurdumu?

- Əlağa Kürçaylı, Xəlil Rza, Rüfət Zəbioğlu evimizdə çox olublar. Bir dəfə Əli Kərim də gəlib-gedib, ancaq mənim yatan vaxtıma düşüb, onu görə bilməmişəm. Mən 1960-cı illərdən danışıram. Xəlil Rzanın ən ağır vaxtlarında atam onu müdafiə eləyib. Ona şeir də demişdim. Atama deyirdi ki, Allaha and olsun bu, şair olacaq. Xatirələrimdə yazmışam bu haqda.

- Sizin ədəbi nəslə, yəni səksənincilərə Əli Kərimin böyük təsiri olub. Sən də duymusanmı bu təsiri?

- Rəhmətlik Xəlil Rza deyirdi ki, Əlağa Kürçaylıya baxdım, mən də şair oldum. İndi hansı şair deyə bilər ki, Orxan Vəli, Nazim Hikmət ona təsir eləməyib? Hər şey insanın oxuduğunu nə qədər qavramasından asılıdır. Poeziya həm də zəhmətdir. O qədər ilhamlı şairlər puç olub gedib ki...

Image result for Əlisəmid Kür mediaforum.az

- Nə vaxt hiss elədin ki, şair olacaqsan?

- Atam çap olunmaq məsələsində çox çətinlik çəkmişdi, ona görə də mənim şair olmağımı istəmirdi, həkim görmək istəyirdi məni. Əsgərlikdə olanda içimdən qəfil bir diksinmə keçdi – yadımdadır, 1972-ci ilin dekabr ayı idi. “Elə sev ki...” adlı bir şeir yazdım, albomumda indi də qalır. Buradan istədiyim qızın xəbəri gəlmişdi ki, nişanlanıb, yəqin bunun təsiri olmuşdu. Özüm də hospitaldaydım, barmağım yaralanmışdı. Elə o şeirlə başladım...

Sonra institut dövrü gəldi. Əsgərlikdən qayıdandan sonra İncəsənət İnstitutuna girdim. Mehdi Məmmədov, Turan Cavid, Mahmud Allahverdiyev məndən imtahan götürdülər, sonra da müəllimlərim oldular. Teatrşünaslıq ixtisası üzrə oxuyurdum.

- Sənin axı rəssamlığın da var. Onu harada öyrənmişdin?

- Salyanda kinoteatrda rəssam işləmişəm. Ondan da əvvəl ikinci sinifdən məktəbin divar qəzetinin redaktoru olmuşam. Rəssamlıq vərdişim də elə o vaxtlar yaranıb.

- Bəs çap olunmağa nə vaxt başladın?

- İlk dəfə 1979-cu ildə “Ulduz” jurnalında çap olundum. O vaxt çox çətin idi çap məsələsi...

- Yenə yatanda yanına qələm-kağız qoyursan?

- Mütləq! Harada olsam, həmişə özümün hücrəm olub. Kirədə qaldığım evlərdən İçərişəhərdə yaxşı yazırdım, orada çox işləmişəm. Elə ev də olub, o evdə yaza bilməmişəm. Yasamalda aldığım evdə də məhsuldar işləməmişəm. İndi Şüvəlanda oluram...

O gün yoldaşım deyir, bir bayquş gəlib özünü vurdu qonşunun evinə, düşdü bu yana. Şüvəlan hara, bayquş hara? Bəlkə də bu, xəbərdarlıqdır. Bu evdə də az işləyirəm.

- Əlamətə inanırsan?

- İnanıram.

- Demək, çin çıxanları olub?

- Tənhayam yalquzaq kimi,

gör harda düşdüm ovsuna.

Qızmar səhra istisində

çıxmışam kölgə ovuna.

Ov nədi, can hayındayam,

burda yaşamaq əbəsdi.

Bir azca nəfəs dərməyə

öz kölgəm özümə bəsdi.

Bu şeiri 2000-ci ildə yazmışam. Bunu yazdım, üstündən heç bir il keçməmiş başıma nələr gəldi!..

Qorquda həsr elədiyim bir şeir var:

Oğlum Xan Eyvaz yaşında.

Saçlarını sığallayıb

tellərini yana darayır.

Məndən xəbərsiz dram dərnəyinə gedir:

səhnədə özgə taleyini yaşayır,

Hamletin monoloqunu söyləyir,

Mefistofelə kəllə atır,

hərdən Kefli İsgəndər olur.

Mənə qıydın, balama qıyma, Tanrı!

Sonu ölümlə bitən

rollar sevdası var başında.

Qoyma balamı Hamlet ömrü yaşaya,

Kefli İsgəndər ola

oğlum Xan Eyvaz yaşında.

Oğlumun səkkiz-doqquz yaşı vardı onda, həm dram dərnəyinə, həm də skripkaya gedirdi. Bu şeiri yazdım – çap da olunub – uşaq neçə il sonra gəldi aktyor oldu.

- İndi nə işlə məşğul olur Qorqud?

- “Göyçək Fatma” serialına çəkilir. Aktyor olmağını istəmirdim, amma taleyi beləymiş. Oğlumla fəxr eləyirəm.

- Bir yerdə qalırsız?

- Yox, ayrıyıq. Amma gözüm üstündədir.

- Böyük uşaqlarınla da əlaqən var?

- Yox.

- Məqsədli şəkildə əlaqə saxlamırsan, yoxsa?..

- Qismət belə gətirib. Mən balalarım üçün hər şey eləmişəm. İndi də hamı deyir ki, pis ata olmamışam. Böyük qızıma həsr elədiyim “Alo, mən səni görürəm!..” şeirimi türmədə yazmışdım.

- Ailə qurublarmı qızların?

- Hə. Bu yaxında ikinci qızın da toyu oldu. Məni çağırdılar, getmədim. Mən balalarımın toyunu özüm eləməliyəm, ora qonaq kimi gedə bilmərəm. Mən stadionda toy eləyəsi oğlanam, hamının da toyuna getmişəm. Amma öz qızımın toyuna getmədim.

Ata kimi nə borcum var, hamısını yerinə yetirmişəm. İndi də gözüm balalarımın üstündədir. Bu yaxında Qorqudun xalası – ikinci yoldaşımın bacısı rəhmətə getmişdi, yasına getdim. Qohum-əqrəba hamısı başıma yığıldı. İki balam var orda, ikisiylə də əlaqə saxlayıram. Mən Allah qarşısında üzümü utandırası bir iş görməmişəm.

- Şair kimi özündən razısan?

- Mən şair kimi öz yerimi yaxşı bilirəm. Nə qədər tərifləsələr, özümdən yuxarı çıxan deyiləm, nə qədər də tənqid eləsələr, olduğum yerdən aşağı düşən deyiləm. Mən yerimi bilirəm. Özü də şairliyə iddiam yoxdur.

- Mən başqalarıyla müqayisədə demirəm. Demək istəyirəm, bu 60 yaşa qədər özünü ifadə eləyə bilmisənmi, bundan artığına ehtiyacın varmı?

- Mən özümü ifadə eləmişəm. Bütün şeirlərimə də cavabdehəm.

- Ancaq birinci sualıma cavabında dedin ki, içində çox söz qalıb. Onlar səni bir şair kimi narahat eləmir, yoxsa elə orada da qalmalıdır?

- Mənim o Kişi ilə söhbətim olur, bir az dəlifason danışıram. Hər gecə yatanda hesabat verən adamam: bu gün neyləmişəm, kimin qəlbinə dəymişəm... Həmişə də deyirəm ki, Allah, mənə öz ürəyimə görə ver. Ürəyimdən o qədər arxayınam! Bir misram dalağa dəyməsə – araq necə dalağa dəyirsə, bax elə – onu oxucunun üzünə çıxartmaram. Bu da bəlkə xəstəlikdir. Mən beyinlə ürəyin bir yerdə işlədiyinə inanan adamlardanam. Çox şeirlər var ki, adamın tükünü tərpətmir. Şeir odur oxuyanda səni diksindirsin, tükün biz-biz olsun. Alim Qasımov oxuyanda mənim tüklərim biz-biz olur. Amma tanınmış müğənnilər də var ki, peşəkarlığı, hər şeyi yerindədir, oxuyur, ancaq sənə dəymir. Professionallıq çox axmaq şeydir, bir də görürsən sənət vərdişə çevrilir, adam dönüb olur qrafoman. Gərək istedadla peşəkarlığın əlaqəsini tənzimləyəsən. Tənzimləmə də nədir – halal-hümmət yolla getmək. Misraların içində haram uzaqdan da görünür.

- Əvvəllər az yazırdın...

- İndi də elədir. Məni gərək dəlixanaya, ya türməyə salsınlar. Ən məhsuldar dövrüm həmin vaxtlarda olub.

- Şərait olsa, hər gün yazarsan?

- Hər gün şeir olmaz axı.

- Səndə şeir necə yaranır – misra-misra, yoxsa birdən doğulur?

- Mən şeiri birnəfəsə yazıram.

- İlk dəfə səni təxminən 1987-ci ilin əvvəllərində Məmməd İsmayılın başçılıq elədiyi “Gənclik” ədəbi birliyinin yığıncağında görmüşəm. Həmişəki kimi Yazıçılar Birliyinin Natəvan adına klubuna toplaşmışdınız. Əynində cins kostyum vardı, qıraqdan baxanın ağlına gəlməzdi ki, bu adam şeir yazar. Yadımdadır, şeirin üstündə işləməkdən söhbət düşəndə sən etiraz eləyib dedin ki, şeiri də redaktə eləyərlər, şeir bütöv doğulmalıdır.

- Yaş dövrü var. Şairin məsuliyyəti artdıqca redaktəsi də artır. Elə şeirim var üstünü yüz yerdən qaralamışam, eləsi də var axıb gəlib.

Məsələn “Ağ skripka” adlı bir şeirim var. Yazanda heç bilmirdim oğluma məktub olacaq:

Birinci solo konsertindən sonra

söz vermişdim sənə ağ skripka alım, oğlum.

Onun əski adı violin olub,

çalğısının möcüzəsilə

vəba xəstəliyini qovurmuş ustad Paqanini.

Sənə ağ skripka alacaqdım, oğlum,

bu qara sevdalar çıxmasaydı yoluma.

İndi həsrətindəyəm

çiyninin üstündə sarı simə toxunan

barmaqlarının qəribə yerişinin.

İndi yuxularımda

vurğunu olduğum o virtuoz zənci qızı

ayrılıq sonatası çalır səninlə birgə.

O - ağ skripkada, bəyaz libasda,

sən - qara skripkada, qara frakda...

Sənə ağ skripka borcluyam, oğlum.

Yolların həsrəti üzümdə çalın-çarpaz qırışlar açıb

vəba xəstəliyindən betər.

Qara sevdaların acığına

ayrılığın son akkordunu

qara skripkada başa vur, oğlum.

Bu, bütöv doğulmuş şeirlərdəndir. Şeir də var hissə-hissə, yeriyə-yeriyə gəlir. Bəzən yuxuda misra gəlir mənə, o anda durub yazmasam, səhərə qalsa, yadımdan çıxır. Bir dəfə yuxuda gördüyüm şeiri durub elə qaranlıqda yazdım, işığı yandırmağa vaxt itirmədim:

Tapsan qara şam yandır,

Sonra söndür ağ şamı.

Qətl gününə düşdü

Bu il Novruz axşamı.

Evdə nə var, yığ gətir,

Düz bayram süfrəsinə.

Kədər sevinci qovur

Balamın çöhrəsində.

Nə durmusan, harayla,

Baxtımız yaman dönüb.

Çilçıraq bu sarayda

Evin çırağı sönüb.

Bu, mənim yuxu şeirlərimdəndir. Bayaq dediyim “Tənhayam yalquzaq kimi...” şeiri də yuxuda yaranıb. Amma yuxuda gələn şeirlərin çoxu itib, tənbəllik eləyib durmamışam.

- İçəndən sonra da yaza bilirsən?

- Elə də olur, belə də. Amma ayıq başla yazmaq daha yaxşıdır. İçəndə ekstaz bir az çoxalır, doza artır. İçkili vaxtımda az şeir yazmışam.

- Tay-tuşlarının içində kimin poeziyasını bəyənirsən?

- Mən Ramiz Rövşəni, Vaqif Bayatlını çox istəyirəm, Nüsrət Kəsəmənlini çox istəmişəm. Ad çəkəndə də inciyənlər olur – filankəsin adını çəkmisən, mənim yox...

Bəzən gözəl bir şairi bəyənmirlər, haqqında hədyan danışırlar. Sən onun hələ bir misrasını yaz, sonra bəyənmə. Bir-birinin arxasınca danışan nə qədər şair, yazıçı, tənqidçi var. Yanlarından uzaqlaşmağa qorxursan ki, mənim də dalımca danışarlar. Mən Rəsul Rzanı, Məmməd Arazı görmüş adamam, Xəlil Rzayla yoldaşlıq eləmişəm. İndiki uşaqlar da Əlisəmidi görürlər. Adam gərək öz yerini bilsin.

Qeybət eləyənlərin çoxu yaza bilməyənlərdir. Birinin ürəyi, o birinin beyni yoxdur. Üçüncüsünün heç dalağı da yoxdur. Bir şair dostumdan soruşuram ki, sən heç ekstaz vəziyyətinə düşmüsən? Gördüm çox diqqətlə baxır. Başa sala bilmədim, sonra fikirləşdim heç lazım da deyil. Şair də şeirini əzbər bilməz? İki yüz, üç yüz şeir yazıb, birini də əzbər bilmir. Nazim Hikmətdən, o birilərdən, məndən bilir, özündən yox. İddiası da dağ boydadır.

- Sən şeirlərinin hamısını əzbər bilirsən?

- Bu şeir məndən çıxıb – güclü də olsa, zəif də olsa. Mən hansı şeirimi hansı anda yazmışam, onu da bilirəm. Vallah, bu, dəli söhbəti deyil. Zəlzələ olanda türmədə şeir yazırdım. Yer tərpəndi, hamı qaçdı. Mən onda pəncərədən baxa-baxa fikirləşirdim ki, görəsən, indi anam, uşaqlarım haradadır? Oğlum həmin vaxt yatmış bacısının saçından tutub dartırmış ki, qalxsın, tez qaçsınlar. Mən şeir yaza-yaza həmin anı tutmuşdum.

- Şairlər çox vaxt bir yaşdan sonra nəsrə keçirlər...

- Nəsr mənlik deyil, ona getmərəm. Nəsr dəzgahdır, gecə-gündüz dəzgahın üstündə durmalısan. Mən də quş kimi adamam, burdan-ora uçuram. Ən çətin janr dramaturgiyadır. Mənim də bir pyesim var, onu mükəmməl şəkildə ortaya çıxarmağa iddialıyam.

- Özün haqqında yazılmış yazılar ürəyincədir?

- Vaqif Bayatlının, Əjdər Olun, Qurban Yaquboğlunun haqqımda yaxşı yazıları olmuşdu. Azər Qaraçənlinin mənimlə türmədə söhbəti də ömrümün yazılarındandır.

- Ancaq Əjdərin yazısından əvvəlcə narazı qalmışdın...

- Sonra düzəltdi bəzi məqamları. Qurbanın yazısı “O məni burda haxladı, Allah kəlməsinin qabağında” cümləsində bitməliydi. Üstəlik, bir səhnəni olduğu kimi yazmayıb.

- “Yol” qəzetinin redaktorluğundan gedəndən sonra heç yerdə işləməmisən. 20 il işsiz qalmaq çətin deyil?

- Bu yaxında bir rektor mənə dedi ki, gəl sənə iş verim. Getdim yanına, məlum oldu ki, dediyi işin 150 manat maaşı var. Mən də istəyirdim pensiyaya çıxana qədər babat maaşlı işim olsun ki, ömür vəfa eləsə, normal təqaüd ala bilim. Qismət olmadı, sağollaşıb çıxdım.

2014. Media Forum.Az

# 976 dəfə oxunub

Oxşar xəbərlər

Avtobusdakı dayının ağ corabları - Ulucay Akif

Avtobusdakı dayının ağ corabları - Ulucay Akif

14:36 24 aprel 2024
Necə yazmaq lazımdır?

Necə yazmaq lazımdır?

12:00 22 aprel 2024
Şəms Təbrizini kim öldürdü? - Bir qeybin anatomiyası

Şəms Təbrizini kim öldürdü? - Bir qeybin anatomiyası

12:00 19 aprel 2024
Adamın buna kitab deməyə dili gəlmir...

Adamın buna kitab deməyə dili gəlmir...

12:30 15 aprel 2024
Onlar üçün müqəddəs heç nə yoxdur...

Onlar üçün müqəddəs heç nə yoxdur...

17:00 10 aprel 2024
Bu mətnin niyə qələmə alındığını başa düşmədim

Bu mətnin niyə qələmə alındığını başa düşmədim

14:28 10 aprel 2024
# # #