5 günlük körpəsini öldürmək istəyən ana

Könül Cəfərli

 

Yeni doğduğu 5 günlük oğlunu bir dəfə də öldürməyə cəhd etmişdi. Onda babası təsadüfən döşəyin altından tapmışdı körpəni. Ağlamaqdan süst düşsə də yaxşı ki, boğulmamışdı. Evdə hər kəs bilirdi ki, Aysel uşağı istəmir. Amma öz balasına qəsd edəcəyi kimsənin ağlına gəlməzdi.

 

O gündən Dilşad xala nəvəsini qızından qoruyur, gecələr özü ilə yatızdırır, harasa gedəndə ərinə tapşırırdı. Çalışırdı ki, uşaq Aysellə tək qalmasın. Amma nə qədər diqqətli olsa da, bir gün qorxduğu başına gəlir. Körpəni yatızdırıb, qonşuya keçir. Qayıdanda görür ki, nəvəsi beşikdə yoxdur. Tez qızının yaxasından yapışır. Gah qorxudur, gah yalvarır, amma Ayseldən səs çıxmır, uşağa neylədiyini demir. Hay-küyə qonşular da gəlir. Evi, həyəti ələk-vələk etsələr də körpəni tapa bilmirlər. Hətta bəlkə öldürüb torpağa basdırıb fikri ilə şübhələndikləri bir neçə yeri də qazırlar. Faydası olmur. Günortadan sonra ağıllarına kəndin başındakı xarabalıq gəlir. Vaxtı ilə məktəb olub, zamanla uçub yararsız hala düşüb. Tez qaçıb ora da baxır, körpəni binanın arxasında tapırlar. Qış ayı olsa da, xoşbəxtlikdən hava qarlı-şaxtalı olmur. Uşağı yerdən qaldıranda əvvəl öldüyünü zənn edirlər. Tərpənmirmiş. Nəfəs aldığını görəndə rayon xəstəxanasına aparırlar. Balaca möhkəm soyuqladığı üçün bir neçə gün reanimasiyada qalır.

 

Aysel nə xəstəxanaya gedir, nə də oğlu ilə maraqlanır. Səbri tükənən Dilşad xala qızının qolundan tutub, düz uşağın palatasına aparır. İçəri girəndə görürlər ki, tibb bacıları körpənin damarına düşə bilmir, çağa da ağlamaqdan çatlayır. Ayselin beynində, ürəyində nə baş verirsə, qaçıb oğlunu qucağına alıb: “Uşağı incitməyin”, - deyə acıqlanır. Sonra da balasını bağrına basıb hönkürtü ilə ağlayır.

 

Əli üzündə qalan Dilşad xala bilmir ağlasın, yoxsa sevincindən  gülsün. O gündən Ayselin ürəyində oğluna sevgi yaranır. Xəstəxanadan çıxandan sonra ilk dəfə əmizdirir, qulluğunda durur. Amma yenə də qızına tam güvənməyən nənə balacanı 3 yaşınadək yanından ayırmır: “Qorxurdum birdən bizi aldadar, yanında adam olmayanda yenə uşağın canına qıyar. Gecələr oyaq yatır, tez-tez qalxıb nəvəmi yoxlayırdım”.

 

Ayselin balasına bağlılığı artdıqca, ailə rahat nəfəs almağa başlayır. Tək atası İmran müəllim dinclik tapmır. Hər dəfə kürəkəndən, nəvədən söhbət düşəndə o boyda kişi ağlayır: “Balamı mən bədbəxt etdim”, - deyib özünü heç cür bağışlaya bilmirdi. Əslində haqsız da sayılmazdı, övladının həyatını məhz atası məhv etmişdi.

 

Aysel kənddə ali məktəbə qəbul olan çox az qızdan biri idi. Gəncədə institutda oxuyurdu. Həlim xasiyyətli, qızıl kimi ürəyi vardı. Böyük-kiçik yeri bildiyi üçün qohum-qonşunun da rəğbətini qazanmışdı. Kimin evlənəcək yaşda oğlu var idisə, Ayseli evində gəlin görmək istəyirdi. Elçinin biri gedib, o biri gəlirdi. Di gəl, qız ailə qurmağı düşünmür, hər dəfə  cavabı “yox” olurdu. 

 

Ərə getmək istəməsə də bir gün atası Ayseldən xəbərsiz “hə”sini verir. Övladı üçün əla namizəd olduğunu düşünür. Bəy keçmiş kolxoz sədrinin nəvəsi, adlı-sanlı, imkanlı bir ailənin tək oğlu idi. Nişan günü təyin olunur və kişi Gəncəyə gedib qızına xeyir işin xəbərini verir. Aysel nə qədər yalvar-yaxar etsə də atası qərarından dönmür. Nə isə, qızı ağlada-ağlada kəndə gətirir, nişan hazırlığına başlayırlar. Heç kəs Ayselin nə yalvarışlarına, nə göz yaşlarına baxır. Nişan gün yadımdadır. Bəzənmək istəmirdi. Ziyafət donunu güclə geyindirdilər. Amma nə saçını düzəltməyə, nə də üzünə kosmetika çəkməyə imkan vermədi. Dəli kimi ağlayırdı. Qızı dilə tutmaq üçün anası südünü haram etdi, atası üzünə sillə vurdu. Xalalar-bibilər öyüd-nəsihət verdi. Hərə bir tərəfdən axır ki, barmağına üzük taxılmasına güclə razı sala bildilər.

 

Toy da tez-tələsik oldu. Evlənəndən sonra bəyin Gəncədəki evinə köçdülər. Ayselin təhsili də yarımçıq qaldı. Ərə getsə də, ailə həyatına alışa bilmir, yoldaşı ilə yola getmirdi. Baldızları şikayət edirdi ki, gəlinin bütün günü qaşqabağı açılmır, qardaşımıza bir xoş söz demir. Xırda söz-söhbətlər zamanla böyüməyə başladı. Aysel tez-tez ağlayıb: “Məni atam evinə qaytarın”, - deyirmiş. Bir neçə ay sonra bəy pul qazanmaq adı ilə Rusiyaya getdi. Oğlan Moskvaya uçan kimi qız kəndə qayıtdı. Hamilə idi. Atası nə illah etsə də, ər evinə dönmədi.

 

Aysel uşağı istəmirdi. Dilşad xala danışırdı ki, açılış olması üçün hündür yerə çıxıb hoppanır. Amma oğlu vaxtında sağlam doğuldu. Elə ilk andan çağasına yaxın durmadı, əmizdirmədi. Gerisini də artıq bilirsiniz.

 

Heç bir halda Ayselin balasına qarşı etdiyi yanlışlara haqq qazandırmaq olmaz. Cana qıymaq, hələ övladdırsa, dəhşətli haldır, cinayətdir. Uşaq böyük adamların səhvinin cəzası olmamalıdır. Amma Ayseli valideynləri o hala gətirmişdi. Məcburi evliliyin acı nəticəsini isə bütün ailə yaşadı.

 

Ayselin ərindən ayrılması, çox gənc yaşda dul qalması valideynləri üçün dərd olmuşdu. Xüsusən də kənd yeri üçün qızın 5 ay sonra qarnında uşaqla qayıtması ağır məsələdir. Həm də İmran müəllim bütün olanlarda özünü günahkar sayırdı. Qapazlayıb, güclə ərə verməsəydi, o hadisələrin heç biri yaşanmazdı.

 

Atası 1 il sonra insult keçirdi. Xeyli müalicə ilə ayağa qalxa bildi. Bir müddət sonra isə yaddaşı zəifləməyə başladı. Məsələn, ayın tarixini, günləri, yaxın qohumların adını xatırlamırdı. Yavaş-yavaş davranışında da qəribəliklər gözə dəyirdi. Məktəbə gedəndə ayaqqabı geyinməyi unudur, əlinə kitab alıb, küçədən keçən adamlara dərs başa salırdı. Halı gündən-günə pisləşdiyi üçün işdən çıxardılar. Amma nəzarətsiz qalan kimi yenə məktəbə qaçır, tutub gətirirdilər. Bütün kəndin başına and içdiyi kişi qızının dərdinə dözə bilməyib beləcə havalandı. Tez də rəhmətə getdi, öləndə 60 yaşı yox idi.

 

Ayselə boşanandan sonra da elçi düşənlər oldu. “Yad kişinin qapısında oğul böyütmərəm”, - deyib ikinci dəfə ailə qurmadı.

 

O qız çox tez qocaldı, gənc ikən 40 yaşında arvada bənzəyirdi. Dul qadının adına tez söz çıxar deyə, heç bəzənmir, saçı ağarsa da boyamırdı. Xeyir işlərdə də kosmetika istifadə etməzdi. Geyimi də yaşına uyğun deyildi, yaşlılara xas tünd rəngli paltarlar alardı. Hərdən adama elə gəlirdi ki, sanki Aysel bütün ömrü boyu nəyinsə yasını saxlayır.

 

Oğlunu çox çətinliklə və böyük sevgi ilə böyütdü, indi əsgərlikdədir.

 

Beləcə, atanın bir səhv qərarı ucbatından bütün ailə pərişan oldu. Aysel bizim nəslin ən böyük qızı idi. İlk xeyir iş də onunku olmuşdu. Bəxti gətirmədi, amma həyatı qohum-əqrəbaya dərs oldu. Ondan sonra bir də nəsildə-kökdə heç kəs övladını zorla ərə vermədi.

 

Aysel tək deyil, onunla oxşar aqibəti yaşayan başqa qadınlar da tanıyıram. Yaxın günlərdə xəbər saytında oxudum, atası 19 yaşlı qızı iradəsinə zidd olaraq nişanlayıb, o da tövlədə özünü asaraq intihar edib.

 

Tələbə yoldaşım vardı, Vəfa. Yaşı 30-a çatanda evdə qalmasın deyə zorla ərə verdilər. Yoldaşı bir ay sonra gətirib atası evinə qaytarıb ki, qızın başı işləmir, dəlidir. Halbuki biz 4 ildə bir dəfə Vəfada anormal hərəkət görməmişdik. Əksinə əlaçı, tərbiyəsi ilə nümunəvi tələbə idi. Sonra bəlli oldu ki, tibbi baxımdan ona ərə getmək olmazmış.

 

Məcburi evliliklə bağlı başqa misallar da çəkmək olar. Düzdür, zorla ərə gedib, sonra yoldaşına isinən, sevən, xoşbəxt ailəsi olan qızlar da var. Amma həyatı yarımçıq qalan, gəlinliyini yaşamadan qoca dul qadına çevrilənlər də olur.

 

Ailə həm də intim münasibətlər üzərində qurulan sosial birlikdir. Qızı güclə evləndirmək istəmədiyi biri ilə cinsi əlaqəyə zorlamaq deməkdir. Hər toxunuşda yoldaşından diksinən bir gəlin xoşbəxt ola bilərmi? Odur ki, toy deyəndə ancaq tamada, cehiz, xonça barədə düşünmək çox azdır. 

 

Əgər gerçəkdən qızınızı düşünürsünüzsə, məcbur etməyin. Rahat buraxın. İmkan verin, balanız arzu etdiyi kimi xoşbəxt olsun. Əgər gerçəkdən əsas məqsədiniz övladınızın xoşbəxtliyidirsə...

 

 

 

LENT

19 Fevral 2018
18 Fevral 2018
17 Fevral 2018
16 Fevral 2018
15 Fevral 2018