[b]Santa-Klaus üçün hədiyyə[/b] - HEKAYƏ

[b]Santa-Klaus üçün hədiyyə[/b] - HEKAYƏ
2 yanvar 2018
# 12:27

Kulis.az Nisə Bəyimin “Santa-Klaus üçün hədiyyə” hekayəsini təqdim edir.

-Səidə...

-Həə...

-Çıx da,5-10 dəqiqəliyə,səni görüm...

-Yox...çıxa bilmərəm,burda gərginlikdi,atam evdədir,qanı qaradı yaman,hirslidir...

-Ee..sənin atanın nə vaxt qanı ayrı rəng olub ki,elə həmişə qaradı da...

-Elə demə,sənin də oğlun gündə içib bir hoqqa çıxarsa, qanın 77 rəngə çalar...

-Mənim oğlum dayısına oxşamayacaq, özümə oxşayacaq....

-Hmmm..sənin kimi supermen olar... yalançı....

-Yalançı niyə oluram, nə vaxt yalan demişəm sənə?

-Deməmisən?Bəs kino?

-Qızım, sən hansı zamanda yaşayırsan, mən səni necə kinoya aparım, həə?

-Gecə demirəm ki, gündüz seansına....

-Səidə,indi deyirsən, bütün məhlə bizə gülsün, hə? Dalımızca şax-şaxa bəzəsinlər? Qızım, sən uşaq kimi danışırsan e...

-Hə, elə bir ağıllı sənsən, Allahın bir elçisini göndərə bilmirsən... heç gəlib-eliyən deyiləm, zəhmət çək, özün gəl...

-Hər şeyin vaxtı var, Səidə, vaxtı var... indi boş yerə elçini niyə göndərim ki? Aləm bir-birinə qarışar... gəlməyəcəksən?

-Qarışıb da aləm...gözləmə, gəlməyəcəm. Anam çağırır, mən getdim..

-Səidə...

-Getdim...Arif...sağ ol...Həəə, mama, gəlirəm...

***

Fəyyaz yerinin içində oturmuşdu.Qəmzə əlindəki dərmanı ona uzatdı:

-At bunu, bədbəxtin oğlu, başına qan sızacaq, mən yaman günə düşəcəm, əsir –yesir qalacam, al, iç... Gözünün qabağına qara gününü gətirib hönkürdü.... ühü... ühü... ühü...

Fəyyaz suyu udub boğula-boğula:

-Bəsdiiii!!! Biqeyrət oğlunla axırıma çıxdız!

Qəmzə səsini udub , əllərini dolu buduna necə çırpdısa, canının göynərtisindən inildədi...

-Səidəəə!!!

Eyvandan Səidənin hövlank səsi gəldi:

-Həə, mama , gəlirəm...

Qapını açıb başını içəri soxdu:

-Nədi?

Qəmzə:

-Zəhrimardı, azzardı...bibinə zəng elə, gəlsin...

Fəyyaz əli ilə işarə elədi:”Yox.”

Qəmzə:

-Lazım deyil, zəng eləmə!

Qız böyümüş gözlərini atasının üzünı dikdi.Fəyyaz əli ilə”get”- dedi.

Səidə qapını örtüb çəkildi.

Fəyyaz:

-Gətir görək, ordan nə satırıq...

Qəmzə çəkinə-çəkinə:

-Pul yoxdu?

-Hardan olacaq? Mən başıdaşlı verə -verə bitdim...hamı deyir ver..ver...

Zülümnən, abrım-hayam gedə -gedə iki manat qazanmamış tökülürlər üstümə, dərya deyil ki, balam, elə bil dibi sudadı...

Qəmzə səssiz-səssiz dolabda eşələnərək, bir mücrü çıxardıb ərinin qabağına qoydu.

Fəyyaz ufuldaya-ufuldaya qiymətli ləl-cəvahiratın içindən bir dəst seçib arvadına verdi:

-Bunları burda saxlamaq olmaz daha, bu gədədən nə desən çıxar...

Bunu Ağarzaya aparmaq lazımdı.

Ağarza köhnənin zərgəri idi. Fəyyaz bunların çoxunu elə onun özündən almışdı əvvəllər.Qabaqlar mağazadan bahalı əşyalar almaq təhlükəli idi.

Qəmzə:

-Kim aparsın bunu, kimdən göndərək?

Fəyyaz fikrə getdi. Nə özü, nə arvad gedə bilməz, oğul axmaq,bivec,yaxın qohumlarının da bilməsini heç istəmirdı, elə adam ki, həm Ağarza onu tanısın.

-Dayan görüm...ağlıma bir kimsə gəlmir...

***

Arif mağazanın anbarına enəndə,Əhmədi xeyli qutunun arasında oturumuş gördü.

Yanaşıb salam verdi və qutunun üstündə oturdu:

-Bu nədi, alə, neynirsən?

-Sifarişdi...Santa Klaus üçün ...500 dənə hədiyyə, alə, mən bunu nə vaxta qurtaracam, ilişdim eee..kömək elə, sən canın...

-Alə, Santa Klausun qadasını alım ee, o da maşennikdi?Dükandan konfet alıb, uşaqları aldadır?

-Yoo, səninçün aydan gətirəcəkdi bakkuşu,kömək elə...bitirək, yoxsa mənə bayram yoxdu...

- Aləm gedir quş gətirir,Santa da bakkuş gətirir...

-Məzələnmə, alə,başla.

-Hmm..madam Santa Klaus da biznesmendi, onda kömək də havayı deyil, nə verirsən?

-Ağa nə versə,yarıbayarı, söz!

-Birdən heç nə verdi, bəs onda?

-Onda da heç nəyi yarıbayarı bölürük...qorxma, bizim kişi o qədər də insafsız deyil, bayramda bizi xərcsizlik qoymaz,başla,bax,bu qutu,hərəsinə,1 dənə vafli,bir dənə bakkuş,bir dənə şokalad,1dənə mandarin,1 dənə maska,1 dənə şar,sonra Santanın şəklini qoy,elə qoy ki,şəkil görsənsin......

-Alə,Şaxta Babanın hədiyyəsi bundan çox olurdu,kişi əməlli-başlı əliaçıq imiş ki...

-O da bizim kimi avam imiş də, zamanə dəyişib, oğlum,bu Klaus dəyyus da yaman bicdi, yalandan basıb-bağlamağı var...

-Axşamacan qurtaraq ,namma...mənim işim var vacib.

-Qurtararıq ...bizdə də qonaq olacaq , axşama qudalar gəlir,bayramlıq gətirəcəklər...

-Hə? Camaatın işi-gücü yoxdu ee,alə,bahanə axtarırlar yeyib-içməyə...

- Bəhanə niyə, adətdir...bayramlıq,səninçün olsun...

***

Qəmzə əlindəki sinini kiçik mizin üstünə qoydu:

-İndi dəmlədim...

Bir qıça limonu qaşıqla götürüb stəkana saldı.

-Deyirəm,bizim bu qonşu Əziz var ee,onun arvadı

Zeynəbin atası Ağarza ilə dost-doğma əmioğludular...

Fəyyaz çaydan bir qurtum alaraq:

-Hmm...Əziz hardadır indi?

-Əziz Rusiyyətdədir də...çoxdandır ,oğlu burdadı,ondan göndərsək...

-Avaranın biridi, nə vaxt baxırsan durub o tində, bu tində...

-İşləmir də...işi yoxdu, amma pis uşaq deyil, hara göndərmişəm, canla-başla gedib,iş yarıdandı, bicənəyin biridi...

-Hə,hamı yaxşıdır,bir bizimkinin başı xarabdır,daş düşdü bunun təpəsinə,nə olacaq bunu axırı?Hardadır o,çağır , gəlsin.

-Arifi?

-Hə...

-Qoy, gedim, tapım də...Zəng eliyim Zeynəbə.

***

Qəmzə divanda oturub televizora baxan Səidənin yanına oturaraq:

-Arifin nömrəsini bilirsən?

Qız təəccüblə anasına baxaraq kəkələdi:

-Nə ...nə nömrə...?

-Qonşu Arifi deyirəm də, atan çağırır onu..

Səidənin rəngi uçdu,tutulub key-key anasına baxdı, sürətlə ağlından keçənlərdən qorxdu, ürəyi şiddətlə döyünməyə başladı, qanı üzünə vurdu:

-Niyə?Niyə çağırır, neyniyib ki?Nə olub?

-Heç nə eləməyib,atanın işi var onunla, bir yer var ora göndərəcək.

-Hara?

-Onların bir qohumu var, Ağarza, zərgərdi,onun yanına göndərəcək,bir şey var,onu aparacaq...

Səidə bir an nə fikirləşdisə:

-Yooo, bilmirəm, onun nömrəsini hardan bilirəm ki?

Qəmzə:

-Hmm... bilmirsən, get anasına de ki, atam çağırır, işi var, göndərsin bizə.

***

-Alə,burda adamın nəfəsi kəsilər havasızlıqdan, dur qapını aç da...

-Boğulmadın ki indi...

Bu zaman Arifin telefonu səsləndi, gödəkcəsinin cibindən telefonu çıxarıb açdı:

-Həə...?

-Hardasan?

-Əhmədgilin mağazasında...xeyir ola?

-Atam səni çağırır...

-Nə?Nə olub?Neynir məni?

-Qorxma...ayrı işdir..tez gəl, bu dəqiqə,səninlə işi var,harasa göndərir...

-Nə iş?

-Bilmirəm,Samirlə bağlıdı,deyəsən,tez gəl...

-Hmmm...gəlirəm...

Telefonu söndürüb cibinə qoydu.

Əhməd maraqla:

-Nə olub?Səidədi?

-Hə...Əhməd,mən təcili getməliyəm...

-Bəs,bu?

-Qayıdıram...görüm nə işdi,həll edib dönəcəm...

-Yaxşı,amma tez dön,tək bu həngaməni bitirə bilmərəm...

-Dedim ki, gələcəm...

***

Qəmzə onu Fəyyazın otağına apardı.”Salam”verib dayandı.

Fəyyaz:

-Necəsən, oğlum,atan necədir?

-Sağ olun,şükür,salamatlıqdır...

-Hm...belə...bir işə düşmüşük, bizim oğlan yenə zibilə düşüb,təcili pul lazımdır.Ağarza mənim dostum,sizin qohumdur,al bu dəsti,apar ona,de ki,pul indi lazımdır,versin, gətir,bu dəstin qiyməti 80 mindir,elə almışam,özü bilir ,60 min versin.Hə,bizə gəlmə,ordan çıxanda zəng elə, Qəmzə bibin gedib pulu səndən alacaq.

Arıf dəsti dəsmala büküb gödəkcəsinin döş cibinə qoyub çıxdı.

***

Ağarzagil yeddi əcdaddan da o yana zərgərlik və qızıl alveri ilə məşğul olurdular.Bu şəhərin bütün varidatı və ləl-cəvahiratı onların əli ilə əldən-ələ keçirdi.Ağarzanı yuxarıdan aşağı bütün vəzifə sahibləri tanıyırdı.

Ağarza əlindəki dəsti o tərəf-bu tərəfə çevirib mikroskopun altına tutdu:

-80 min?

Arif sakit-sakit:

-Hə, deyir yüz minə almışam,Moskvadan,80 min versin...indi istəyir...

-Hmmm...

-Atan nə vaxt gəlir?

-Nə bilim...

-Nə qazanır orda, qazanan elə burda da qazanardı...didərgin düşüb evindən-eşiyindən...

-Nə bilim...

-Hmmm..yaxşı ,sən gözlə burda, yarım saata gəlirəm.

***

-Nazilə xanım, bunun gözəlliyinə baxın,nadir şeydi,təmiz maldı, çoxdanındı,indi belə şeyə rast gəlməzsən, evdən satırlar,tələsirlər deyə bu qiymətə,yoxsa bunu mağazada heç kim belə ucuz verməz sizə...

-Çox gözəldır, mən bəyəndim...Rafik də baxsın...

-Bunun brilyantları bir yana ,zümrüdü çox təmizdir,tam ləkəsiz...

-Həə...neçəyə deyir?

-100 min istəyir...indi...

-Get ,Rafikdən götür...al,bunu da apar baxsın...mən bəyəndim...

***

-100 min?Yoxlamısan?

-Bəli,Rafik müəllim, təmiz maldır,həddim nədir,sizə pis mal göstərim?

-Nə bilim,mənim belə şeylərdən başım çıxmır,elə olmasın ki,sonra zibili çıxa...

-Rafik müəllim,mən tacirəm,saxtakar deyiləm,baha sataram,amma qəlp satmaram...

-Yaxşı, alaq da..bayram hədiyyəsi...madam, xanım bəyənib göndərib, get,pulu Mustafa versin, zəng edirəm...

-Çox mübarək, allah sağlığınıza qismət eləsin,xeyir günlərdə, inşallah...

***

Arif əlləri cibində ayaq üstə baxırdı.Ağarza pul dəstlərini sayıb sellafon torbaya səliqə ilə yığırdı.Sonra həmin torbanı iri bir kağız zənbilin içinə qoyub dedi:

-Hə,80 mindi.Apar,allah xeyir versin.Fəyyaza de ki, fikir eləməsin, gedər də,gələr də...pul lazım olsa , satılıqsız da, xəbər eləsin, nə qədər lazımdı, göndərim.

-Yaxşı,deyərəm, sağ ol, Ağarza əmi.

***

Zənbili qoltuğuna sıxıb piyada gedirdi.Həyəcandan içində boşluq açılmışdı.Sanki bütün bunlar onun deyil, özgə adamın başına gəlirdi,özü də mat qalmışdı.Telefonu açıb yığdı:

-Səidə,gəlirəm,aldım,anan gəlsin,Əhmədgilin mağazasına,10 dəqiqəyə ordayam...hə,qaydasındadır hər şey ,narahat olma, axşam danışarıq,telefon sönür ee...zaryadkası qurtarıb...

Köhnə bağçanın yanından keçəndə,hasarın uçuq yerindən tullanıb keçdi, Qazanxananı dalındakı saraya girdi.

***

Qəmzə mağazada Arifi görüb yaxınlaşdı:

-Gətirdin?

-Hə,60 mindi...

-İndi bunu harda sayaq?

Arif çiynini çəkdi:

-Nə bilim,evdə sayarsız də...

-Yox,say ver...

-Hmmm...onda gəlin içəri də, anbarda sayım,Əhməd ordadır amma...

Sabir əmi, Əhməd içəridədir?

Sabirin başı müştərilərə qarışıq olduğundan onlara tərəf baxmadan:

-Orda olar...

Arif:

-Gəlin...

Anbarın qapısını açıb qaranlıq zirzəmiyə düşdülər.

Qəmzə:

-Vaxsey! Bura nə dardır...pəncərəsiz anbarı zəif lampa işıqlandırırdı...

Arif:

-Əhməd çıxıb harasa, hələ hədiyyələr durur ki...

-Nə hədiyyəsi?

-Santa-Klaus üçün sifariş var ,onları yığırdıq Əhmədlə...

Ətrafa baxıb,iri bir yeşiyi sürüyüb:

-Oturun bura...

Qəmzə makaron yeşiyinin üstünə oturdu.Ağırlıqdan makaronlar şaqqıltı ilə sınıb-əzildi.

-Vayyy...bu nədi ,adə,bir stul yoxdu burda?

-Yoxdu,burda oturmurlar axı...

-Hə,gəl sən say...

Arif zənbili ortaya çəkdı. Sellofon torbanı çıxırtdı,ağzı aşağı çevirib pulu ortalığa boşaltdı:

-Mən sayım,siz yığın torbaya...amma bunlar paçka-paçkadır ,səhv olmaz onlarda...

-Yox,say, sonra Fəyyaz başımı üzər...

Arif dəst-dəst bağlanmış pulları açıb saymağa başladı.

O,saydıqca,Qəmzə də gözlərini diqqətlə pula dikib hesabı itirməməyə çalışırdı. Pullar min-min dəstlənmişdi.

Arif pulları saydıqca Qəmzəyə verirdi.Yarısına çatmamışdılar ki,qəfil işıq söndü.İçəri zülmətə döndü.

-Vaxseyyy! Nolldu?

-Qorxmayın ,Qəmzə bibi, işıq söndü...

Arif cibindən telefonunu çıxardıb yandırdı.

-İndi bir şey tapıb yandıraram,buralarda şam olmalıdır...

Qaranlıqda əl havasına divar dibindəki əşyaları yoxlamağa gedəndə ayağının altında nə isə qaldı,ya nəyə isə ilişdisə, tappıltı ilə yıxıldı. Yıxıldığı yerdəki üst-üstə yığılmış qutular gurultu ilə onun üstünə aşdı.

-Ay aman !!!Adə,nooldu,hardasan?

Arif qutuların altından zorla qalxaraq:

-Nə bilim eeee....əlindəki telefon harasa düşdü.Zülmətdə yerlə sürünərək,pilləkəni axtarmağa başladı.

***

İki saatdan çox vaxt keçmişdi.Fəyyaz tez-tez saata baxırdı,gözü qalmışdı qapıda.”Harda qaldı,bu?”

-Səidə!

-Hə ,ata...

-Zəng elə ,gör, harda qaldı anan?

Səidə bir söz demədən Arifi yığdı,gözlədi...

-Zəng çatmır...

-Niyə?

-Nə bilim...

Fəyyaz eyvana çıxdı,şər qarışırdı...

***

Arif qapını tapıb açdı,dükana keçdi,adam lap azalmışdı,Əhməd yox idi.

-Sabir əmi,biz hədiyyələri yığırdıq,Əhməd hara getdi?

-Bazara göndərdim,qonaq olacaq ,evə bazarlıq aparacaq, qalanını tezdən yığarsız...

-Orda işıq söndü...şam var?

-Hə, sol tərəfdə..odey,orda...al,kibrit,ehtiyatlı ol,söndür çıxanda...

-Narahat olma,söndürəcəm.

-Sabah oranın işığını düzəltdirmək lazımdı.

***

Arif şamı yandırıb zirzəmiyə düşdü.

Qəmzə:

-Hardasan, zəhrim yarıldı...

Arif şamı yerə qoyub,pullara baxdı...

-Nə qədər saymışdım?

-Bay,yadımdan çıxdı,qorxumdan,nə bilim nə qədər idi...təzədən say...

-Hmmmm....Təzədən?O qədər pulu?

-Tez ol,tez ol...

Naəlac qalıb yenidən pulları saymağa başladı.

***

Sabirin başı yır-yığşa qarışmışdı.Tək-tük gələn gedən var idi.Bu gün bayrama görə alveri gur olmuşdu,yaman yorğun idi... Telefon çaldı.

-Alo...

-Sabir,hardasan, gəlsənə,millət gəlib,sən yoxsan,tez ol..ayıbdı axı...

-Gəlirəm ...Əhməd evdə deyil?

-Gəlmişdi,təzədən göndərdim ,tez gəl...

Ürəyində deyinə-deyinə durub,seyfi bağladı, təhlükəsizlik sistemi qoşdu, pəncərələri yoxladı...

***

“Yoox,bu arvadın başında bir iş var,belə şey olmaz,getdin, al ,qayıt da!!!” Onu tər basdı,əlləri əsməyə başladı,durub paltosunu geyindi.

-Səidə, mən dükana baxım gəlirəm.

-Səidə gözləri qızarıb şişmiş halda:

-Yaxşı...

Ürəyində söyürdü.”Axxx...Samir, əlimə keçsəydin,üzərdim boğazını, sənin kimi övladdansa,qara yara yaxşıdır...oğul olmadın, bəla oldun başıma...”

Hirsindən yolu elə sürətlə gedirdi ki,az qala ürəyi çıxacaqdı ağzından.

Mağaza bağlı idi. Şüçədən içəri baxdı , qaranlıq idi...Qapının çölündəki işıq ətrafı zəif işıqlandırırdı

Heyrətdən bədəni buza döndü. Nə eləsin indi, hara getsin,bu arvadın ağlı çaşdı, nədi?Dönüb sürətlə Arifgilə yollandı.

***

Arif pul ttorbasını zənbilə yığdı. Bir əli ilə şamı yerdən götürdü, bir əlində zənbil:

-Ehtiyatla gəl,Qəmzə bibi, pilləkəndi bura, ayağının altına bax...

Qəmzə deyinə-deyinə, bir əli iə yeri yoxlaya-yoxlaya :

-Adə ,görmürəm axı,kömək elə də...

-Qəmzə bibi,tut məndən...

Qəmzə qaranlıqda Arifin gödəkcəsinin ətəyindən yapışdı. Qapını açıb çölə çıxanda ,dükanın boş olduğunu gördülər. Arif əlini qapıya atdı, bağlı idi:

-Bay,bunlar gediblər ki, qapı bağlıdır.

Qəmzə əlini başına atdı...

-Şaxseyyy!Evim yıxıldı!Ay allah ,mən qaragünü öldür!Fəyyaaaz!!!

Ay Allah mən nə cavab verəcəm???

Arif özünü tox tutmağa çalışaraq:

-Qəmzə bibi, sakit ol... nə olub, sakit ol bir az... burda qalası deyilik ki...

-Tez ol...tez ol... zəng elə....zəng elə gəlsinlər bizi buraxsınlar...

-Edirəm indi,gəl ,sən otur bura, sakit ol..

-Aç telofonunu, tez ol...

-E...telefon anbarda düşüb itdi...həm zaryadkası da yox idi...

-Onda şüşəni sındır...

-Burda telofon var də, şüşəni niyə sindırım,zəng edəcəm, Əhməd gələcək,sən sakit ol...darıxma....

Qəmzə bir az toxdadı...stulda oturdu, üzünü yelləyib, nəfəs aldı.

Arif kassanın yanında qoyulmuş telefonu tapıb dəstəyi götürdü.

Dəstəyi götürməyi ilə qoruyucu siqnalın işə düşməyi bir oldu,həyəcan siqnalına Qəmzənin cingiltili fəryadı qarışdı...

Qiyyədən və səsdən Arif qoxdu,telofonun dəstəyini üstünə basdı,amma səs kəsilmədi...

Daha olan olmuşdu,siqnal susmayacaq idi,yenidən dəstəyi,götürüb nömrəni yığdı...cavab verən yox idi.Əhmədin mobil telefonunu yığdı.Nəhayət ki,xəttin o başından səs gəldi....

Arif qışqıra-qışqıra :

-Əhməddd...dükanda qalmışıq,siqnalizasiya işə düşüb, yetişşşş, əclaf, boğazını üzəcəm,it oğlu!!!

***

Zeynəb qapını açıb,Fəyyazı görcək duruxdu:

-Fəyyaz qardaş?

-Axşamınız xeyir...

-Buyurun , gəlin içəri...

Fəyyaz tərəddüdlə:

-Yoox...mən şey üçün gəlmişdim...Arif evdədir?

-Yooox... Evdə deyil,səhər çıxandı, nə olub ki...?

Zeynəbin sapsarı saraldığını görən Fəyyaz gəldiyinə peşman oldu:

-Bir şey olmayıb, narahat olmayın, şey....mən onu göndərmişdim bir yerə...Qəmzə ilə...

Zeynəb bir şey anlamadan önün üzünə baxırdı, kişinin sözlü olduğunu anlayıb:

-Qapıda qaldınız, buyurun içəri, gəlin...

Fəyyaz anladı ki, məsələyə aydınlıq gətirməlidir, qadını bu halda qoyub getmək yaxşı deyildi,odur ki, içəri keçdi,oturdu:

-Belədi də...allah heç kimə pis övad göstərməsin, bizim oğlanın bəlası başımızdan əskik olmur ki...Sizin o qohum var, Ağarza, ona bir əmanət göndərdim, Arifdən,ordan çıxdığı məlum,amma evə gəlməyiblər hələ,mən də çox nigaran qaldım,dedim , bir soruşum...

Zeynəb üstündən ağır bir yük götürülmüş kimi dərindən nəfəs aldı,sakitləşdi:

-Narahat olmayın, Arif elə uşaq deyil, mütləq bir əngəl olub,darıxmayın, bu dəqiqə zəng edim...

-Zəng etmişik...cavab vermir...

-Hə..onun telefonu da xarabdır, zaryadka saxlamır, yəqin, ondan cavab vermir,yoxsa, Arif belə şey eləməz...o sizə çox hörmət eləyir,olsun ki, tıxaca düşüblər , ya nə isə ağlagəlməyən bir iş olub, amma Arifdən arxayın olun...hardasa gələcəklər,səbirli olun...

-Yoooo,ağlınıza başqa şey gəlməsin, Qəmzəyə görə narahatam, xəstədir, ürək qalmayıb ki,heç kimdə...

-Arif qoyarmı, Qəmzəyə bir şey olsunFəyyaz qardaş, arxayın olun, heç nə olmaz...həm arada Səidə var...

-Fəyyaz təəccüblə:

-Nə Səidə?

-Yəni....Arif Səidəni çox istəyir uşaqlıqdan, məktəbdən...razı olmaz ona bir zərər toxunsun...nə olur-olsun...

-Hmmm... mən gedim evə...bəlkə, gəliblər indiyə...

***

Arif bir əli ilə bayılmış Qəmzənin üzünə su çiləyib, o biri əli ilə çiynindən tutub silkələyirdi:

-Qəmzə bibi...Qəmzə bibi..özünə gəl...Ay Qəmzə bibi...

Qəmzə gözünü açıb ona baxdı...

-Adə,sən mənim başıma nə oyun açırsan, məni bu xarabaya niyə soxdun...Ay Allah, biabır oldum, Fəyyaza nə cavab verəcəm...!

-Qəmzə bibi, sakit ol, mənim nə günahım var, mən də qalmışam burda, mən neyləyim...?

-Şaxsyyy...Adın batsın...Samir, boyunu qəmiş ölçüm sənin kimi oğulun...

Bu zaman dükanın qarşısında sürətlə bir maşın dayandı, Sabirlə Əhməd maşından düşüb qapıya qaçanda, polis maşını da yetişdi...içindən iki polis düşüb qapıya yanaşdı...

Sabir qapını açıb içəri girdi, yüyürüb qoruyucunu söndürdü...səs kəsildi:

-Sabir əmi, biz içəridə qalmışdıq, niyə baxmadan qapını bağlayırsan, bu arvad yazığın ürəyi partladı ki...

-Demə, oğlum, lappadan yadımdan çıxmısan,tələsik getdim...

Polis:

-Nə olub, nədir bu, kimdilər bunlar?

Sabir:

-Öz işçilərimdir,anbara baxmamış qapını bağlamışam...

-Nağıl danışma,Sabir!Onlar anbarda niyə qalır?

-Vallah, Hacı, bu Əzizin oğludur,qonşudur,məndə işləyir .Hədiyyə qablayırdılar,evdən zəng gəldi ki,qonaq gəlib, karıxmışam, yadımdan çıxıb tamam ki, anbarda adam var..

-Nə hədiyyəsi?

-Santa- Klaus üçün hədiyyə..sifarişdi...sabah gəlib aparacaqlar...

-Hhmmm...biz də ordan-bura maşın sürmüşük boş yerə...

-Boş yerə niyə , Hacı... bayram payın gətirib səni...

***

Fəyyaz gəlib qızının yanında divanda oturdu.Səidə əlləri ilə üzünü qapayıb ağlayırdı. Qızını çiyinlərini qucaqladı:

-Ağlama...bir şey olmaz , ağlama...

Qızına belə toxtaqlıq verdisə də,ürəyində artıq əmin idi ki, işin içində bir iş var.Yəqin, güdürmüşlər onları, yaxalayıb aparıblar, sabah səsi çıxacaq...Yazıq Qəmzə, gərək,arvadı qatmayaydı...Axxx...bivec oğul...

Çıxdın axırımıza...

Elə bu dəmdə qapı açıldı,Qəmzə əlində zənbil içəri keçdi, gəlib onların yanında oturdu, hönkürtü ilə ağlamağa başladı.

***

-Alooo, kimdi?

-Səidə,mənəm, Əhmədin telefonundan zəng edirəm, öz telefonum axşam anbarda düşüb ,nə var –nə yox, anan necədir?

-Necə olacaq, hələ bir soruşursan da,sənin başına hava gəlib, arvadı salmısan anbara...

-Mən neyniyim ee,tutdurdu ki, gərək pulu sayasan, harda sayım, küçədə?

-Səhərəcən ağlayıb...

-Vallah,mən də pis oldum yaman, ondan betərəm...amma sənə şad xəbərim var..

-Hə...nə xəbər?

-Atam gəlir sabah...bayram keçsin, yeni ilin ilk günü elçi göndərəcəm sənə...

-Hmmm..bu hay-hayda elçi yaraşır elə bizə...

-Elə demə,əsil vaxtdır...

-İndi hardasan?

-Dükanda...hədiyyə qablaşdırırıq..

-Nə hədiyyəsi?

-Santa –Klaus üçün hədiyyə...

***

İki gün sonra məhəlləyə xəbər yayıldı ki, Əziz Moskvadan gəlib, özü də yaxşı gəlib, gələn kimi, Arifə qəttəzə bir “Mersedes”alıb...

Son

31 dekabr, 2011.

# 921 dəfə oxunub

Oxşar xəbərlər

Avtobusdakı dayının ağ corabları - Ulucay Akif

Avtobusdakı dayının ağ corabları - Ulucay Akif

14:36 24 aprel 2024
Necə yazmaq lazımdır?

Necə yazmaq lazımdır?

12:00 22 aprel 2024
Şəms Təbrizini kim öldürdü? - Bir qeybin anatomiyası

Şəms Təbrizini kim öldürdü? - Bir qeybin anatomiyası

12:00 19 aprel 2024
Adamın buna kitab deməyə dili gəlmir...

Adamın buna kitab deməyə dili gəlmir...

12:30 15 aprel 2024
Onlar üçün müqəddəs heç nə yoxdur...

Onlar üçün müqəddəs heç nə yoxdur...

17:00 10 aprel 2024
Bu mətnin niyə qələmə alındığını başa düşmədim

Bu mətnin niyə qələmə alındığını başa düşmədim

14:28 10 aprel 2024
#
#
# # #