Məni öz kəndimizə aparmağa qoymayacaqlar  - BİRCƏNİN ROMANI

<b>Məni öz kəndimizə aparmağa qoymayacaqlar</b>  - <span style="color:red;">BİRCƏNİN ROMANI
15 dekabr 2017
# 09:00

Kulis.az Bircənin “Cəhənnəmdən keçmiş mələk” avtobioqrafik romanından növbəti hissəni təqdim edir.

əvvəli burada

Beləcə, on altı saat çəkən ağır işgəncədən sonra Mahmud əminin yaralı canı fələyin caynağından qurtuldu. Bu on altı saatda kişi azından on altı dəfə qardaşlarına yalvardı ki, tüfəngi götürüb onu atsınlar. Əlbəttə, qardaşları onun yalvarışlarına baxmadılar, işgəncə çəkən diri qardaşı işgəncədən qurtulmuş ölü qardaşdan üstün tutdular, onun nəfəsinin gedib-gəldiyi hər anı qənimət bildilər.

Aylardan bəri Mahmud əmi ürəyindən müalicə olunurdu – onun iynə-dərmanına nəzarət eləyən biri kimi mən bunu dəqiq bilirəm, atdığı dərmanları, ona vurulan iynələri bu gün də adbaad xatırlayıram. Ancaq indi düşünürəm ki, ürək insana bəlkə də bunca işgəncə verməzdi, çox güman, kişi həm də xərçəngdən əziyyət çəkirmiş. Belə düşünməyimin bir səbəbi də budu ki, arvad-uşaq yanında heç vaxt ağrı-acıdan şikayətlənməyən Mahmud əmi son aylar qolundakı, boynundakı, çiynindəki ağrılardan əziyyət çəkdiyini gizlədə bilmirdi...

Sahib əmi bayaqdan əlində tutduğu yaylıqla qaynatamın çənəsini çəkib bağlayanda başa düşdüm ki, hər şey bitdi. Gülmək havası bir anda başımdan çıxdı, içimdən qəfil bir hönkürtü püskürdü. Bayırdakılar səsimə içəri axışdılar. İndi hamı gözünü ona diksə də, Molla Şəmməd özünə gəlib Quran oxumağa başlamırdı. Mollanın özünü belə qəribə aparmağı məndə də maraq oyatdı, fikrim hamıdan, hər şeydən yayınıb, baş verənlərə key-key baxan Şəmmədin donuq üzündə cəmləndi.

Mollanın hələ də açılışmadığını görən Misir əmi onu ehmalca dürtmələdi:

- Başla daa, nəyi gözləyirsən?!

Molla Şəmməd iri yastığın arxasından başını irəli uzadıb bərəlmiş gözləriylə qaynatamın çəkilmiş çənəsinə baxdı, udqundu, buxara papağını alnından geri itələdi, əlindəki dəftəri açıb dizinin üstünə qoydu, dodaqlarını nə qədər tərpətdisə udduğu səsini geri qaytara bilmədi. Kişi dizlərinin üstündə bir az da dikəldi, boynunu bir az da irəli uzatdı, ancaq boğazından səs əvəzinə fısıltıya bənzər bir şey çıxdı. Yenə məni gic gülmək tutdu.

Misir əmi meyitin ayaqlarını cütlədi, baş barmaqlarını ağ parça qırığıyla bir-birinə çataqladı. Sonra dönüb həm heyrət, həm də qəzəb dolu baxışlarla Molla Şəmmədin üzünə tərs-tərs baxdı; o baxışlarda bir az söyüş, bir az təhqir də vardı. Molla hələ də udqunurdu, dil-dodağını yalayırdı, dəftərə baxıb gücənirdi, di gəl, səsi çıxmırdı ki çıxmırdı. Mən güldüyüm bilinməsin deyə əllərimlə üzümü qapamışdım, ancaq barmaqlarımın arasından mollanın hər hərəkətini izləyirdim.

Qaynanam, baldızım, Maral, Suğra nənə artıq vay-şivənə başlamışdılar. Mənsə barmaqlarımın arasından bir gözümlə divardakı kəfkirli qədim saata, bir gözümlə də Molla Şəmmədə baxa-baxa uğunub gedirdim. Belə məqamda mənim gülə biləcəyimi heç kim ağlına gətirməzdi.

Birdən qaynatam qədər ötkəm olan Sahib əmi arvadları tapdayıb keçə-keçə meyitin ayaq tərəfindən baş ucuna doğru yeriyib Molla Şəmmədə yağlı bir dürtmə vurdu:

- Əə, başla daa, nədi çənəni oynadırsan?

Sahib əmi bunu deyib mollanın üzünə qanlı-qanlı baxdı. Molla Şəmməd içinə batmış səsini böyrünə dəyən qəfil yumruğun təsirindən qusub ciyərlərinin dərinliyindən çölə qaytardı, gözlərini hərləyib içəri doluşan adamlara təəccüblə baxdı, yuxudan qəfil oyanıbmış kimi tez boğazını arıtlayıb Yasin oxumağa başladı.

Gözümü molladan çəkib divardakı kəfkirli saata baxdım. Kəfkir vecsiz-vecsiz yellənirdi, əqrəblər yeddiylə səkkizin arasında dayanıb fikrə getmişdi. Yaşıl xara Mahmud əminin üzünə çəkiləndə içimdən paqqapaq qaynayıb daşan gülüşün üstünə elə bil qar-buz ələndi. Canıma titrətmə gəldi, indi mənə çatdı ki, bütün gecəni yuxusuz, ac-susuz keçirmişəm.

Səhər yenicə açılsa da, ev uğuldayırdı, ağlaşmadan qulaq tutulurdu. İndi də gözlərim ağlayan arvadların üzündəki ifadələrə, cizgilərə zillənib qalmışdı.

Birdən eltim him-cimlə məni mətbəxə sarı çağırdı, arxası bizə oturmuş qaynanamı başıyla göstərib:

- Buna bax, - dedi, - camaat nə haydadı, bu arvad yeməyindən qalmır.

Maral deməsəydi, ağlıma da gəlməzdi. Zöhrə xala səs-küyə, ağlaşmaya məhəl qoymadan şirinçayla iri bir yağ-pendir yaxmacı yedi, üstündən də bir istəkan acı çay içib ləngərli yerişiylə camaatı yara-yara yuxarı başa keçəndə Sahib əmi hamının eşidə biləcəyi bir səslə dedi:

- Hıhh, dostum matoru yağladı eyyy...

Zöhrə xala tövrünü pozmadan Sahib əmiyə sarı bir kinli baxış sıçratdı, sonra meyidin baş ucunda oturub ağlamağa başladı. O yaşımda mənə qəribə gələn bu hərəkətə sonralar bir az da haqq qazandırdım. Mən özüm gənc olsam da, o gecəki yuxusuzluğumun, aclığımın altını uzun müddət çəkdim. Ara sakitləşəndən sonra başım üç gün dayanmadan elə ağrıdı, həmin anlarda başımı bir zindanın üstünə qoyub çəkiclə əzən adamın əllərindən öpərdim. Üstəlik, qaynatam can verdiyi gecə Eminin bədənimə vurduğu, gülmək havasına ağrısını duymadığım zərbələrin yeri də sonradan dillənməyə başladı.

Dostum, elə buradaca deyim ki, ondan sonra şeytan məni bir dəfə də o cür güldürüb – yeri gələndə bu haqda da danışacam...

***

Qaynanam baldızımı da yanına alıb lap başdan oturmuşdu. Yasın bütün ağırlığı mənim çiynimdə qalmışdı. Bir yandan da Emin mənə göz verib işıq vermirdi, başımı qapıdan çölə uzadan kimi şığıyırdı üstümə:

- Cəhənnəm ol gir içəri, qapı-baca kişiylə doludu.

Qəribə burasıydı ki, ağlaya da bilmirdim, özgə vaxt gözümün yaşı ovcumda olardı. Bəlkə dörd yanım üzünü indiyəcən görmədiyim adamlarla hörülmüşdü, ya bütün gün ora-bura qaçırdım deyə beləydi, bilmirəm. Mənə bu evdə arxa-dayaq olmuş, atalıq eləmiş bir kişinin ölümü, şübhəsiz, məni yandırırdı, göynədirdi, ancaq canım bu ağrını göz yaşına heç cür çevirə bilmirdi.

Camaat cənazə namazına düzüləndə pəncərədən oğrun-oğrun həyətə baxdım: namaza durmuş kişilərin arasında Səməndərlə Kamili də gördüm. Səməndərin gözü hər an açılıb-örtülən qapıda qalmışdı, bilirdim ki, baxışları məni axtarır. Bir bəhanəylə başımı pəncərədən çıxarıb özümü ona göstərdim – baxışlarımız görüşdü, hətta gözümüzlə danışmağa da fürsət tapdıq.

Anam, Telli mamam, əmim arvadları bir cərgəyə düzülüb qaynanamın yanında oturmuşdular. Cavidi Maralın uşaqlarına tapşırmışdım.

Azan sədası altında cənazə yerdən qaldırılanda məni ağlamaq tutdu. Gözümdən axan yaşı qorxudan silmirdim, elə bilirdim silsəm, bəbəklərimdən bir də yaş gəlməyəcək. İzdiham cənazənin ardınca axıb getdi. Qapı-baca bomboş qaldı. Fürsətdən istifadə eləyib eşiyə çıxdım, pilləkəndə oturdum. İçimi bir qəriblik, yazıqlıq, acizlik duyğusu doldurdu. Elə bildim ortalıqda qalmışam, daha bir kimsə gəlib məni bu ortalıqdan götürməyəcək...

***

Dəfndən sonra atam, əmilərim, qardaşlarım mənlə görüşüb sağollaşıb, anamı da götürüb getdilər. Anam yenə məni uzun-uzadı süzüb heç nə demədi. Telli mamamsa dil boğaza qoymurdu:

- Niyə sınıxmısan, niyə bu gündəsən? Cavid hanı? Yemək yemisən? Ruhlu deyilsən ki?

Mən cəfakeş bibimin bütün suallarına gülə-gülə cavab verdim, həyatımın rahat keçdiyinə onu az da olsa inandırmaq istədim; istədim məndən nigaran getməsin. Atam anama təklif elədi ki, üçə kimi yas evində qalsın, ancaq anam bircə dəfə “çırt” eləməklə bu söhbətə nöqtə qoydu, sonra da bizdən aralanıb gedib Kamilin maşınına oturdu. Hamıdan qabaq maşına minməyi bir yana, üstəlik, məndən qopa bilməyən Telli mamanı maşından acıqlı-acıqlı süzməyə başladı.

Düzü, anamın qalmamağına çox sevindim, qalsaydı başıma oyun açacaqdı: bunu yemirəm, burda oturmuram, burda yatmıram... Gərək işimi-gücümü atıb onun dalınca qaçaydım. Həm də qaynanamla anamın bir-birindən xoşu gəlmirdi, nə bunun onu, nə də onun bunu görən gözü vardı. Anamın bizdə qalmağı o demək idi ki, onların arasında mənə hökm eləmək, zülüm vermək uğrunda yarış başlanacaqdı. Arvadların bir para köhnə haqq-hesabları yas yerinə saxladığını, yas məclisindən soyuq müharibə meydanı kimi istifadə elədiyini biz qadınlar yaxşı bilirik...

***

Atamgil gedəndən sonra qapıya qaramat bir zülmət çökdü. Suğra nənə sızıldaya-sızıldaya mənə yaxınlaşıb dedi:

- Ay Bircə, qadan alım, bir çıraq aparın yandırın o yuyat yerində.

Kiçik qaynım mənim cehizlik lampamı yandırıb bağdakı iri çətirli bir cüt fındıq ağacının arasına qoyanda çox qüssələndim. Mahmud əmini öz əlləriylə əkdiyi ağacların arasındakı boş yerdə yumuşdular. İndi adamlar gedib isti yorğan-döşəkdə yatacaqdılar, o ağaclarsa onları bəsləyib böyütmüş, illərlə zəhmətini çəkmiş kişiyə soyuq payız gecəsində, çıraq işığında səhərəcən yas saxlayacaqdılar...

Qohum-əqrəba, qonum-qonşu olandan-olmazdan yeyib-içib dağılışdı. Sabah ağır gün olacaqdı. Uzaqdan gəlmiş qohumların çoxu bizdə qaldı. Evdəki ehtiyat yorğan-döşəyi zala daşıdım, uzun enli zal boyunca yerlər salındı, hərə bir tərəfdə qıvrılıb başını bükdü.

Dünən gecə başıma açdığı oyun azmış kimi Suğra nənə indi də dirənmişdi ki, bəs ruhluyam, gərək məni çimizdirib qüsullayasan. Canım sözümə baxmasa da, onu sındırmadım, hamı yatandan sonra qarını götürüb düşdüm hamama. Bu yaşınacan nə qədər dərd, itki görmüş Suğra nənənin doğulandan saçına qayçı dəyməmişdi. Uzun qalın saçlarını hörüb, şərf kimi boynuna dolayıb, beləcə yaşamışdı. Canının hər yeri əpriyib bürüşmüş qarının durna boynu gözəlliyini hələ də itirməmişdi. Mən onun bədənini sürtüb sabunladıqca qarı durmadan mənə alqış eləyirdi.

Qüsullandı, durulandı, ağappaq uzun saçlarını mənə hördürdü, sonra hörüklərini bir neçə dəfə boynuna dolayıb başını qıyqacla çaldı, axırda da uşaq kimi qabağıma düşüb evə qalxdı. Mən gedə-gedə Suğra nənənin cavanlığını təsəvvürümdə canlandırmağa çalışırdım. Qaynatam deyirdi ki, xalası gəncliyində çox gözəl, çox da ərköyün bir qız olub.

***

O gecə hamı yatdı, mənim gözümə yenə yuxu getmədi. Həyətdə, fındıq ağaclarının arasında yanan lampanın titrək alovu bizim otağın pəncərəsindən görünürdü. Hərdən xəfif yel o alovun dilini sağa-sola əsdirirdi. Allaha yalvarırdım ki, külək güclənməsin, o çıraq dan yeri ağarana qədər yansın. Elə bilirdim çıraq sönsə, qaynatamın getdiyi yeni dünya da qaranlıq olacaq, ya da kişi yolu-cığırı itirib pis adamların köçdüyü dünyaya düşəcək. Elə bir kişinin öz qəlbinin cənnətində rahatlığa qovuşmasını sidq-ürəkdən arzulayırdım.

Mahmud əmi öləndən sonra onun elədiyi yaxşılıqlardan çox adam çox söz danışdı. Danışanların əksərini mən o vaxtacan heç tanımırdım. Çəpər qonşularımızdan biri Salman dayı qaynatam can verəndə zənən kimi başına döyə-döyə ağlayırdı. Bu Salmanın müharıbə illərində ata-anası ölmüşdü; Mahmud əmi onu öz körpə bacı-qardaşına qatıb böyütmüşdü, evləndirmişdi, meydan kimi həyətindən bir parça kəsib ona vermişdi, qapısına damazlıq mal-qara bağlamışdı. İllər ötüb keçəndən sonra Salman qollu-budaqlı bir kişi olmuşdu. Heç Emin, qayınlarım atalarına elə ağlamırdılar – Salman dayı “atam lay-lay” deyin cənazəyə necə sarılmışdısa üç-dörd kişi onu meyitdən güclə ayırdı. Neçə adama, neçə ailəyə belə-belə yaxşılıqlar eləmiş bir kişi hələ sağlığında öz könlündə bir cənnət bağı salmışdı – eynən əkib-becərdiyi bu bağ-bağça kimi.

Bağ-bağça isə o gecənin ayazında dərin, fikirli bir sükuta dalmışdı. Hamı yuxudaydı, mənsə bir vaxt həyat, şadlıq, xoşbəxtlik rəmzi kimi yanan, indisə yuyat yerində qəmli-qəmli işıldayan gəlinlik çırağıma baxa-baxa həm də özümü, bundan sonrakı taleyimi düşünürdüm: məni bu evdə qoruyan, həm əməyimin qədrini bilən, həm də güvənc yerim olan kişi qara torpağa veriləndən sonra arxamda kim duracaq? Yəqin Emin də atası kimi uzunömürlü olacaq, azından səksən il yaşayacaq. Demək, indən belə hələ əlli-altmış il də bu yaşayışa dözməliyəm. Bu nasaz canımla mən yəqin ondan qabaq ölərəm. Yəqin mənim də cəsədimi o bir cüt fındıq ağacının arasında yuyub yerində çıraq yandıracaqlar. Çıraq da yəqin elə bu çıraq olacaq – gəlinlik çırağım. Məni öz kəndimizə aparmağa qoymayacaqlar, elə bu qərib yerin yad qəbiristanlığında basdıracaqlar. Demək, öləndən sonra da doğmalarıma qovuşmağa umudum yoxdu, demək, mənə əziz olan hər kəsdən, hər şeydən mən biryolluq ayrılmışam! Biryolluq, əbədi...

Bu suallar şüurumun dibində qurdalandıqca məni vahimə basırdı. Adam dolu otaqlardan xorultu, fısıltı, xışıltı səsləri gəlirdi, evin havası qoxusuna alışmadığım yad nəfəslərin qarışığından ağırlaşmışdı. Alaqaranlıq otağımızda Eminlə Cavid qol-boyun yatmışdılar. Son üç ayda mənim yatmağım-durmağım, yerim-yatağım, soyunub-geyinməyim bəlli deyildi deyə Emin Cavidi özünə öyrətmişdi.

Yuyat yerində həzin-həzin yanan matəm çırağının uzaq işığında gecədən xeyli keçənə qədər özümü çəkib-çevirdim, yaddaşımı alt-üst elədim, keçmişi gələcəyə qatdım. Birdən Emin elə bil içimdə dolaşan səsimi eşitdi, başını qaldırıb yuxulu gözləriylə məni süzdü:

- Koramal, niyə yatmırsan, səhər tez durmalısan axı!..

Cəld kürsüdən qalxıb əynimi soyunmağa başladım. Bir anlıq mənə elə gəldi ki, beynimdəki fikirləri dilimə gətirmişəm, Emin də mənim səsimə oyanıb. Ona görə də cınqırımı çıxarmadım, ehmalca qapının yanındakı divana uzandım. Arada dikəlib pəncərədən zəif-zəif işaran çırağa baxırdım. Qaynayan başımı yuxu mələklərinə nə vaxt təhvil verdiyimi özüm də bilmədim...

ardı var

# 1094 dəfə oxunub

Oxşar xəbərlər

Avtobusdakı dayının ağ corabları - Ulucay Akif

Avtobusdakı dayının ağ corabları - Ulucay Akif

14:36 24 aprel 2024
Necə yazmaq lazımdır?

Necə yazmaq lazımdır?

12:00 22 aprel 2024
Şəms Təbrizini kim öldürdü? - Bir qeybin anatomiyası

Şəms Təbrizini kim öldürdü? - Bir qeybin anatomiyası

12:00 19 aprel 2024
Adamın buna kitab deməyə dili gəlmir...

Adamın buna kitab deməyə dili gəlmir...

12:30 15 aprel 2024
Onlar üçün müqəddəs heç nə yoxdur...

Onlar üçün müqəddəs heç nə yoxdur...

17:00 10 aprel 2024
Bu mətnin niyə qələmə alındığını başa düşmədim

Bu mətnin niyə qələmə alındığını başa düşmədim

14:28 10 aprel 2024
#
#
# # #