"Azəri" sözündən imtina etməliyikmi?! – Bədirxan Əhmədli yazır...

Kulis.az professor Bədirxan ƏhmədlininBiz "Azər"(i) sözündən imtina etməliyikmi?!” məqaləsini təqdim edir.

 

Son vaxtlar "Azəri" sözü və onun funksionallığı haqqında müxtəlif fikirlər səslənməkdədir. Bu fikirlərdə ziddiyyətli məqamlar olmaqla yanaşı, elmi həqiqəti əks etdirməyən bir çox mülahizələrə də rast gəlmək olur. Burada "Azəri" sözünün Azərbaycan türklərinin milli kimliyini ifadə etmədiyi, sovetin (və yaxud Stalinin) xalqa verdiyi qondarma ad olduğu ilə bağlı fikirlər də yer almışdır. Türk alimi İlbər Ortaylının televiziyada bir neçə dəfə müsahibə verməsi polemikanın bir qədər də genişlənməsinə rəvac verib. Prof.Dr. İlbər Ortaylı davamlı olaraq bu məsələni gündəmə gətirir: "Azeri" lafı yanlıştır, "Azerbaycanlı" demek gerekirÇünkü Azeri çok küçük bir etnik grubun adıdır. Biz yanlış olarak kullanıyoruz. İlk önce kızıyorlardı, artık alıştılar". Təkcə İ.Ortaylı deyil, bir çox alimlər (elə mən özüm də!) zaman-zaman "Azəri" sözünə qarşı çıxsaq da, artıq bu sözün işlənməsinin qarşısını almaq mümkün olmur...

 

Türkiyədə Qars Qafqaz Universitetində çalışarkən azərbaycanlılara "Azəri" deyilməsinin şahidi olmuş və Doç.Dr. Vurğun Əyyubla birgə bu məsələyə müxtəlif dairələrdə, hətta elmi toplantılarda belə təpki vermişik. Hətta 2015-ci ildə İzmir Uluslararası konfransında  iştirak edərkən bir türk alimi "Azəri dili" ifadəsini işlətməli oldu. Ona "Azəri dili" dedikdə hansı dili nəzərdə tutursunuz?", - sualıma- "Azərbaycan türkcəsi" cavabını verdi. Mən ona "türk xalqları içərisində Azəri deyilən bir dil yoxdur" cavabını verdim. O üzr dilədi və mənimlə razılaşdı. Lakin oturum başqanı "Hocam, mən də öyle düşünüyorum, ancak dün başka bir toplantıda Azərbaycandan olan bir hoca Azerbaycan türkcesi ifadesinə karşı çıktı, bu dilin adının Azerbaycan dili olduğunu savundu", - deyə bildirdi. Hoca haqlıydı, mövcud durumda elmi toplantlarda daim bu cür mübahisələrlə tez-tez qarşılaşmalı oluruq. Bunun da əsas səbəbi xalqın və dilin adında vahid bir konsepsiyanın olmamasıdır. Ən maraqlısı burasındadır ki, Qars kimi yerdə yaşayan Azərbaycan türkləri özlərini "Azəri" adlandırırlar. Hətta bu gün Azərbaycandan Türkiyə televizyasına çıxanlarımız belə "Neredensiniz?" sualına "Azeriyiz" cavabını verirlər. Ancaq onların heç biri bunu dedikdə özlərini farsdilli xalqın nümayəndəsi deyil, Azərbaycan türkü hesab edir. Deməli ki, məsələ heç də "Azəri" ifadəsinin işlənilməsində deyil, ona siyasi yanaşmalardadır. 

 

XIX yüzilin sonu XX yüzilin əvvəllərində millətləşmə prosesində ad arayışında epizodik şəkildə "azərbaycanlı" ("Kəşkül"dəki məqaləni yada salaq!) adı keçsə də, əsasən "türk" adı ətrafında getmiş, mətbuatda xalqın adı türk, dili türk dili kimi formalaşmışdır. Əsrin əvvəllərində xalqın adı kimi ən çox türk adı üzərində dayanılmış və türk dedikdə yalnız Azərbaycan türkləri nəzərdə tutulmuşdur. Azərbaycan Xalq Cümhuriyyəti yaranarkən rəsmi olaraq ölkənin adı Azərbaycan, dili isə türk dili olaraq təsbit edilmişdir. Cümhuriyyətin yaradılması ilə bu söz bizim, əslində etnik birliyimizi deyil, siyasi, coğrafi yolumuzu müəyyən etmişdir. 1937-ci ilə qədər bu cür davam etmişdir, yəni türk ədəbiyyatı, türk tarixi, türk dili dedikdə milli ədəbiyyatımız, tariximiz və dilimiz nəzərdə tutulmuşdur.  Lakin 30-cu illərdə mövcud rejimin siyasi basqısı nəticəsində etnik tərkibimiz azərbaycanlı, dilimiz isə Azərbaycan dili kimi getmiş, ədəbiyyatımız "Azərbaycan ədəbiyyatı" adlanmışdır. Necə deyərlər respublika "Azərbaycan", millət "azərbaycanlı", dil "Azərbaycan dili". Bəs "Azər(i)" sözü nə zaman yaranmışdır və nə üçün bu sözə biz bu qədər təpki göstəririk?  Bu ifadəni doğrudanmı Sovet rejimi bizə sırımışdır?!

 

Araşdırmalardan məlum olur ki, bu söz elə mətbuatda və elmi ədəbiyyatlarda "Azərbaycan" adının Cümhuriyyətə verilməsindən sonra işlənilməyə başlamışdır.  İstiqlal bəyannaməsində -"Azərbaycan İstiqlalını Mübəyyin Əqdnamə"nin 1-ci bəndində "Azərbaycan xəlqi" ifadəsi işlənmişdir. Cümhuriyyətə "Azərbaycan" adının qoyulması (Əmin Abidin yazdığına görə siyasi liderlər Cümhuriyyətə iki - "Oğuzstan" və "Azərbaycan" adını qoymaq istəmiş və "Azərbaycan" adı üzərində dayanmışlar) İranda narazılıqla qarşılanmış, hətta bu adın dəyişdirilməsini təklif etmişdilər. Bu ərəfədə İranda dərc edilən məqalələrə münasibət bildirən M.Ə.Rəsulzadə "Azərbaycan və İran" məqaləsində İranın "Azərbaycanın özündən deyil, ismindən uzun-uzadı bəhs etmələrini" tənqid edərək yazırdı: "Biz istərdik İran mətbuatı burasına diqqət etsin ki, Qafqasiyadakı azərbaycanlılar Azərbaycan kəlməsini coğrafi mənasından ziyadə qövmi bir mənada istemal ediyorlar. Dünyada yalnız bir Azərbaycan qitəsi degil,  bir də Azərbaycan cəmaəti vardır. Bu cəmaət kəndisinə məxsus bir ləhcə ilə qonuşur türk əqvamından bir millətdir ki, "İran" rəfiqimiz bunlara "ətraki-müsəlmani Qafqaz" diyor". M.Ə.Rəsulzadə İranlı müxbirlərə onu da xatırladır ki, "Azərbaycan Cümhuriyyəti Tehran qəzetələrinin düşündügü kibi bir takım "xəyalpərvər" cavanların uydurub "mülahizəsiz" qocalara qəbul etdirdikləri bir isim degildir". Azərbaycan Cümhuriyyəti müstəqil bir həyati-milliyyə ilə yaşamaq istəyən və milliyyətlərini dərk etmiş bulunan Azərbaycan türk millətinin təsis elədigi bir hökumətdir". Bir qədər sonra isə "Azərbaycan Cümhuriyyəti" məqaləsində bir daha bu problem üzərinə qayıdaraq yazır: "...bu ismin Azəri türklərlə məskun bütün yerlərə şamil bir isim olduğuna dəlil və sübutlar vardır". Azərbaycan türklərinin hal-hazırda yaşadıqları yerlərin min illərdir  qədim türk xalqı ilə məskun olduğu və hökumətlər qurduğuna diqqət çəkərək belə bir doğru qənaətə gəlir ki: "Bu, əsrimizdəki tərifati-elmiyyəsi ilə qismən millət olmağa namizəd və qismən də bir millət olmuş xəlqin məruf bir ismi vardır: - Azərbaycan türkü və yaxud Azəri türklər" ("İstiqlal" məsmuəsi, 1919, 28 may).

 

Göründüyü kimi, Cümhuriyyətin qurucularından biri M.Ə.Rəsulzadə istər ölkənin, istərsə də burada tarixən və bu gün yaşayan hakim xalqın adı, dili haqqında aydın qənaətlərə malikdir. Həm də "azəri türkləri" sözünü işlətməkdən çəkinmir. Cümhuriyyətin qurulmasından sonra Y.V.Çəmənzəminli "Azərbaycan ədəbiyyatına bir nəzər" (1921) əsərində "Azərbaycan" və "Azəri" sözlərindən sinonim kimi istifadə edir. Çəmənzəminli bu qənaətlərində Azərbaycanın tarixinə aid ərəb müəllifləri Təbəri və Yaqut Həməvidən istifadə etmişdir. Ə.Abid isə "Azərbaycan türklərinin ədəbiyyatı tarixi"ndə yazırdı: "Hökumətimizin Azərbaycan kəlməsi ilə yad edilməsi və özümüzə "Azərbaycanlı", yaxud "azəri" deyilməsi də bu növ mühakimə yürüdənlər üçün birər qüvvətli vasitə olmuşdur. Yenə eyni mühakimənin təsiri ilədir ki, Qafqas və Azərbaycanda oturan türklərə dediyimiz "azəri" kəlməsini məxləs olaraq qollanmış "qeyri-azərbaycanlıları" öz sahəmizə almaqla yanlışlıqlara düşməkdən kəndilərini qurtarmıyanlar da vardır" (3, 28).  Ə.Abid bununla Y.V.Çəmənzəminlinin XVI əsr şairi Azər Çələbinin bizim ədəbiyyatımıza daxil edilməsini nəzərdə tuturdu.

 

Image result for rəsulzadə

 

Ə.Abid Azəri adı ilə bağlı yazır: "Bu vaxta qədər yapılan tədqiqlər əsnasında birisi qədim dövrlərdən zamanımıza, o biri zamanımızdan əski əsrlərə doğru yürüyən iki hərəkət xətti hiss edilməkdədir. Yalnız Azərbaycan kəlməsi ətrafında dönüb dolanan hər iki xəttin gəlib dayandığı bir nəticə nöqtəsi var: qurduğumuz dövlətin həqiqi adı Azərbaycan və bu dövlətin hakim olduğu yerlərdə oturan türklər (Şimal-qərbi İranda yaşayan türklər kimi) "azəri"dir..." Buradan da aydın olduğu kimi, bu konseptin sovet rejimi tərəfindən irəli sürülməsi fikri düzgün deyil. Azərbaycan adının Cümhuriyyətə verilməsindən sonra "Azəri türkləri", "Azəri", "Azərbaycanlı"  ifadələri həm Sovet Azərbaycanında, həm də Türkiyədə işlədilmişdir. Azərbaycanda bu söz daha çox elmi mətnlərdə, ədəbiyyata aid istilahlarda işlədilmişdir.

       

Əmin Abid əsərlərində "Azərbaycan" adı ilə yanaşı "Azəri" sözünü də işlətmişdir. Tədqiqatçı 20-ci illərdə Türkiyədə yazdığı ədəbiyyat tarixini "Azərbaycan türklərinin ədəbiyyatı tarixi" (1923-1926), Türkiyədə İstanbul Universitetində yazdığı doktorluq işini isə "Azəri ədəbiyyatı" adlandırmışdı. Əsərinin bir bölümünü "Azərbaycan-Azəri-Oğuz təbirlərinin mənşəyi ilə intişarı haqqında ümumi bir tədqiq" təşkil edirdi. Məqalələrindən birini də "Azəri ədəbiyyatında türkcənin təkamülü" adlandırırdı. Professor Bəkir Çobanzadə milli ədəbiyyata dair araşdırmalarını "Azəri ədəbiyyatının yeni dövrü; nasionalizmdən internasionalizmə" (1930) adı altında dərc etdirir. Ancaq dilə aid tədqiqatlarını "Türk dili" adı ilə təqdim edir və bütün araşdırmalarında bu addan istifadə edirdi  (Bax: "Türk dili və ədəbiyyatının tədrisi üsulu"  (1926), "Türk qrameri", (1930), "Türk ədəbiyyatı (əski türk ədəbiyyatının xülasələri), (1929), "Türk ədəbiyyatı (xalq ədəbiyyatı xülasələri) (1929) və s.). Deməli ki, bu addan müəlliflər sinonim kimi istifadə etmiş və "Azəri" sözündə hələlik heç bir təhlükə görməmişlər.

 

Türkiyədə də Azəri sözü işlədilmişdir. Burada həm türklər, həm də Azərbaycandan olan mühacirlər bu sözdən geniş istifadə etmişlər. Araşdırmalar göstərir ki, "Azəri" sözü mühacirətdə ümumişlək lüğət tərkibimizə ötən yüzilliyin 20-ci illərində daxil olmuşdur. Bu gün Türkiyə türklərinin bizi "Azərilər" -deyə adlandırmasında da mühacirət faktorunun əsas rol oynadığını qətiyyətlə söyləmək olar. Belə ki, 20-ci ilin aprel işğalından sonra Türkiyədə və Avropada böyük mühacirət dalğası yaşandı. M.Ə.Rəsulzadənin Türkiyəyə gəlişi ilə mühacirlərin siyasi təşkilatlanması prosesi baş verdi. Bu yolda 1923-cü ildə nəşrə başlayan "Yeni Kafkasya" dərgisinin də böyük rolu oldu. Bu dərginin nəşri ilə bu söz ən ümumişlək ifadəyə çevrilir. Dərginin elə 1-ci sayındaca M.Garibin "Türklüyün böyük günlərindən" başlıqlı məqaləsində türklərin Bakının qurtuluşuna həsr edilmiş toplantısı ilə bağlı deyilirdi: "Hər millət kəndi müqəddəratını təyinə səlahiyyətdardı". Günün bu şüarından istifadəyə qalxan Azərilər fəci bir kitalə məruz qalmışlardı". Elə dərginin həmin sayında "Azəri" imzası ilə "Bolşeviklərin təlaşı" məqaləsi nəşr edilmişdir. Məqalədə M.Ə.Rəsulzadənin "Azərbaycan Cümhuriyyəti" kitabı haqqında Bakıda bolşevik mətbuatında çap olunan yazılara cavab verilir, Orcenikidze, Ruhulla Axundov və Dadaş Bünyadzadənin müəlliflə bağlı fikirəri təkzib edilirdi: "İştə Rəsulzadəni təkzibdə bulunarkən "Sovyet" natiqi qissədən hissə çıxararaq deyir ki: "İştə arkadaşlar, bu nöksanlarımızı islah edəlim, idarələrimizə yerli məmurlar alalım, iqtisadiyyatmızı yüksəldəlim, o zaman bizə milliyyətpərvərlərin holiğanca (xuliqanca-B.Ə.) propaqandaları qorxunc olamaz". "Azəri" imzasının ilk olaraq M.Ə.Rəsulzadəyə aid olduğunu nəzərə almış olsaq, deməliyik ki, "Azəri" gizli imzası ilə elə özü haqqında yazılanlara cavab verməli olmuşdur. Azərbaycan Cümhuriyyətinin qurucusu və "Azərbaycan" adının Cümhuriyyətə verilməsinin baş memarı M.Ə.Rəsulzadə bu addan istifadədə heç bir təhlükə görməmişdir.

 

İlk saydan başlayaraq M.Ə.Rəsulzadə "Azəri" imzası ilə bir çox məqalələr yazır. Dərginin 2-ci sayında isə Ə.Cavadın "Milli bayrağımıza" şeiri verilmiş, ətəkdə "Azerilerin milli şairi Ə.Cavad Bəyin Azərbaycan bayrağına xitab etdiyi bu şeirini "İstiqlal" məcmuəsindən iqtibas ediyoruz" qeydi getmişdir. Ə.Cavadın "Nədən yarandın?" şeiri də "Azəri ədəbiyyatı nümunələri" altında təqdim edilmişdir. Dərginin sonrakı saylarında "Azərbaycanlı Gültəkin" imzası görünməyə başlayır. Mühacirət mətbuatında "Azeri" ifadəsinin işlənilməsi yalnız "Yeni Kafkasiya" ilə məhdudlaşmamış, digər mətbuat orqanlarında da davam etmişdir. Professor Əhməd Cəfəroğlunun baş redaktoru olduğu "Azərbaycan yurd bilgisi" jurnalında onlarla məqalə bu ad altında yayımlanmışdır. Səlim Rəfiqin "Son dövr Azəri ədəbiyyatı" (1932, N1), "Azəri xalq ədəbiyyatında "Dəli Alı" dastanı" (1933, N23),  Ə.Cəfəroğlunun "Böyük Azəri alimi Mirzə Kazımbəy" (1932, N2), "XVI əsr Azəri saz şairlərindən Tufarqanlı Abbas" (1932, N3), "XIX əsr Azəri şairi Siraci" (1932, N4-5), "Azəri ləhcəsində bəzi monqol ünsürləri" (1932, N6-7), "Azəri ədəbiyyatında istiqlal mücadiləsi" (dörd məqalə), Hacı Mahmud Əfəndizadə İbrahimin "XIX əsr Azəri şairi Siraci" (1932, N6-7), M.Şakirin "Anadolua Azəri şairlərinə dair bir neçə qeyd" (1933, N17), Fevziyyə Abdullahın "Azəri şairi Həbibinin bir qəzəli" (1933, 28), Rəsulzadə M.Əlinin "Azəri türklərinin həyat və ədəbiyyatında nəşə" (1934, N 25; 26; 27, üç məqalə), Rieu Məhrurə Rəhminin "Britaniya muzeyindəki Azəri əsərləri" (1934, N26) və s. məqalələri dərc edilib. Özü də bu müəlliflərin demək olar ki, hamısı əslən Azərbaycan türkləri olmuşdur. Bu məqalələrin heç birində Azəri ədəbiyyatı dedikdə farsdilli Azərilər nəzərdə tutulmamışdır. Dövrün mühacirət mətbuatında işğal və istiqlal günləri ilə bağlı yazılan rəsmi məqalələrdə də "Azəri gəncliyi", "Azəri türkü" ifadələrinə geniş yer verilmişdir. Mühacirət mətbuatında Azərbaycan türklərinə aid "Azəri" sözünün işlədilməsinə aid yüzlərlə nümunəyə rast gəlmək olar.

 

Image result for ziya göyalp

 

Bu illərdə türk qəzetlərində də Azərbaycan türkləri haqqında "Azəri" ifadəsi geniş şəkildə işlənilmişdir. Yenə də "Yeni Kafkasiya"nın həmin sayında "Azeri mültecileri hakkında" xəbərində deyilir: "İstanbulda məskun bulunan Azeriler arasında icra eylediyimiz tahkikatdan anlaşıldığına göre Azerilere böyle bir teklif vaki olmamışdır".  Türkiyə alimləri də bu addan istifadə edirdilər. M.F.Köprülü "Azəri" sözünü fərqli bir mənada işlətməklə yanaşı, onun coğrafiyasını da, çox doğru olaraq genişləndirir. Tədqiqatçı əvvəldən axıra "Azəri" sözünü məhz bu coğrafiyanın ədəbi dili olaraq işlədir.

 

Aydındır ki, türkçülüyün nəzəri proqram müəllifi Ziya Göyalpın M.F.Köprülü üzərində böyük etkisi olmuşdur. M.F.Köprülünün əsərlərində də onun təsirini görmək mümkündür. Lakin Azərbaycan ədəbiyyatına dair tədqiqatlarında "Azəri" ifadəsindən geniş şəkildə istifadə etmişdir. Buna görə hər halda Köprülünü kəsrəviçi adlandırmaq heç kimin ağlına belə gəlmir və gəlməməlidir. Onun "Azəri ədəbiyyatına aid notlar: Həsənoğlu və Həbibi" məqaləsi Türkiyədə nəşr edilmişdir. 1933-cü ildə tələbələrinə oxuduğu mühazirəni də "Azəri ədəbiyyatı" adlandırmışdır (1933). Bu tədqiqatında görkəmli alim "Azəri ləhcəsinin təşəkkül edişi", "Azəri ədəbiyyatında təcəddüd dövrü" (1905-ci ilə qədər) yarımbaşlıqlarından da istifadə etmişdir. O, davamlı olaraq Azərbaycan ədəbiyyatına aid məqalələr yazdığında bəzən "Azəri" ifadəsini işlətmişdir. "Azəri ədəbiyyatına dair tədqiqlər" əsəri 1926-cı ildə Bakıda "Azərnəşr"də işıq üzü görmüşdür. Bu proses 20-ci illərin sonlarına qədər davam etmişdir. Yalnız Kəsrəviçiliyin meydana gəlməsindən sonra bu ifadəyə münasibət dəyişməyə başlamışdır. Əslində kəsrəviçiliyin ortaya atılmasından əsas məqsəd də bizim Azərbaycan və Azəri adından imtina etməyimiz olmuşdur.

 

İndi isə "Azəri" sözünün işlənilmə funksiyalarına nəzər salaq. Araşdırmalara görə, bu söz tamamilə bir-birindən ayrı olan iki mənanı ifadə edir;

 

1) Vaxtilə İranda yaşayan yerli ləhcənin adı (bunu ortaya atan Ə.Kəsrəvi olmuşdur ki, Azərbaycan alimlərinin apardığı araşdırmalar onun heç bir elmi fakta söykənmədiyini göstərməkdədir).

 

2) Azərbaycana mənsub, azərbaycanlı mənasında.

 

Elmi ədəbiyyatlarda mövcud olan bu mənalar Əhməd Kəsrəvinin dil konsepsiyasından sonra bizdə o qədər mənfi emosiya doğurmuşdur ki, ikinci - bu gün son dərəcə işlək olan mənaya da etiraz edirik. Yanlışlıqlar da elə buradan irəli gəlmişdir. Elmi ədəbiyyatlardakı yanlışlıqlar topluma da öz təsirini göstərmiş, cəmiyyət də buna öz təpkisini vermişdir. Buna rəğmən "Azəri" sözü Türkiyə və Azərbaycan cəmiyyətində işlənilməkdə davam edir.

       

"Azəri" sözü 20-ci illərə qədər ancaq elmi ədəbiyyatlarda işlənilmişdir, nə cəmiyyətdə, nə də mətbuatda bu sözün işlənilməsinə rast gəlirik. Elmi ədəbiyyatlarda bu sözə ilk dəfə Xətib Təbrizi ilə Əbülüla Məərri arasındakı dialoqda rast gəlinir. Bəziləri bu sözün "Azəri" deyil, "azərbi" olduğunu deyirlər. Köprülü "Azəri" əsərində bu fakta belə münasibət bildirir: "Nəsirəddin şah Qacar zamanında bir heyət tərəfindən təlif edilən "Namei Danişvəran" adlı əsərdə, əski mətinlərdən nəqlən, Xətib Təbrizi ilə Əbülüla Məərri arasındakı bir hekayədə keçən Azəri kəliməsi, şübhəsiz yanlış olaraq "Zəbani-türkan", yəni "Türkcə" (kursivlər müəllifindir - B.Ə.) deyə tərcümə edildiyi kibi; ingilis tədqiqatçısı G.le Strange də eyni xətadan qurtulmayaraq, Azəriyi "Azərbaycanın əski türk ləhcəsi sanmışdır".

 

Köprülünün yazdığına görə, bu yanlışlığın nəticəsi olaraq tədqiqatçılar arasında İran Azərbaycanı və Güney Qafqaz ərazisində yaşayan türklərin  ləhcələrinə Azəri adı verilməyə başlanmışdır. Mirzə Kazım bəyin 1839-cu ildə Kazanda nəşr edilən "Obşaya qrammatika Turetsko - tatarskoqo yazıka" adlı əsərində Quzey və Güney Azərbaycanında işlədilən dili Azəri adıyla adlandırarkən bugünkü Azərbaycan türkcəsini nəzərdə tutmuşdur. Ondan sonra gələn tədqiqatçılar F.Gieso, Karl Foy, H.Vamberi, Adolf Berje, Adolf  Dirr, V.Bartold və Jirkov da bundan sonra Azəri sözünü eyni mənada işlətmişlər. 

 

Problem ilk dəfə elmi ədəbiyyatda M.F.Köprülünün "Azəri" əsərində obyektiv şəkildə araşdırılmışdır. Maraqlıdır ki, M.F.Köprülü bu əsərini ötən əsrin 30-cu illərinin ortalarında yazmışdır. O zaman həm Azərbaycan mühacirləri öz mətbuatlarında bu addan sıx şəkildə istifadə edirdilər, həm də Türkiyə cəmiyyəti bizim haqqımızda "Azeri kardeşlərimiz" ifadəsini işlədirdi. Belə olduğu halda Köprülünün "Azəri" əsərini yazması və problemi elmi şəkildə həll etməyə çalışması xeyli düşündürücüdür. Görünür, Ə.Kəsrəvinin məlum fikirlərindən sonra görkəmli alim belə bir əsər yazmağı lazım bilmişdir. M.F.Köprülünün ilk "İslam Ensiklopediyası"nın II cildində (s.118-151) yer alan bu məqaləsində Kəsrəvinin adı çəkilirsə də, onun konsepsiyasına qarşı gedilmir. Tədqiqatçı ya bu araşdırmada Azərbaycan üçün təhlükəli bir şey görməmiş, ya da farsdilli azərilərin olub-olmaması haqqında hələ lazımi qədər faktları olmadığından ona cavab verməyi lazım bilməmişdir.

 

Image result for M.F.Köprülü

 

M.F.Köprülü, ümumiyyətlə, "Azərbaycana mənsub" mənasına gələn "Azəri" sözünün istilah, termin olaraq bir-birindən fərqli iki mənasına nəzər yetirir. Tədqiqatçının fikrincə, bu söz iki mənada işlənmişdir: A) Azərbaycanda keçmişdən bəri işlənilən yerli ləhcəyə aid edilir. Tədqiqatçı burada elə Ə.Kəsrəvinin istinad etdiyi mənbəyə müraciət edir: "X əsr ilə XIII əsr islam müəllifləri Məsudidən Yakuti Həmaviyə qədər Azəri adını verirlər ki, bu ləhcənin farsca ləhcələrindən biri olduğu mütləqdir. Yalnız Yaqubi IX əsrdə Azəri təbirini Azərbaycanda yaşayan İranlı xalqın adı olaraq qullanır (Kitabi Buldan, Leiden, s. 273). Sonrakı müəlliflərdə kəlimənin bu mənada qullanıldığını görmürük. Buna görə Azəri kəliməsinin ibtida (ilkin) etnik bir təbirkən, sonradan lisani bir istilah mahiyyəti aldığı təxmin oluna bilir". Köprülünün yazdığına görə, qədim islam müəllifləri Belazuri, Yaqubi, İbn Havaal, Məsudi və Müqəddəsi kimi müəllidlər “Azərbaycanın İranlı xalqının” (Köprülüdə belədir - B.Ə.) xüsusi bir ləhcəsi olduğunu qeyd edərək buna Azəri adını verirlər. Hətta Yaqubi bu ləhcəni həmin xalqdan başqa bir kimsənin anlamadığını bildirir. Maraqlıdır ki, Ə.Kəsrəvi də Köprülünün istinad etdiyi müəlliflərə müraciət etsə də, yanlış nəticələr çıxarır. Bu isə Ə.Kəsrəvinin araşdırmasının siyasi məqsədlər daşıdığını göstərməkdədir.

 

B) Güney və Quzey Azərbaycan (Arran və Şirvan sahələri). Tədqiqatçının fikrincə, bu mənada işlənərkən XI və XII əsrlər əsnasında tamamilə türkləşdikdən sonra Azəri təbiriylə buralarda yaşayan türklərin ləhcəsi ifadə edilmək istənmişdir. O yazır: "XIX əsr İran və Avropa müəlliflərindən bəziləri sözün əski məfhumunu bilmədikləri üçün Azəri (seçmə Köprülünündür-B.Ə.) təbirini sadəcə "Azərbaycanın əski türk ləhcəsi" mənasına aldılar... " M.F.Köprülü "Azəri" əsərində bu istilahı ona qədərki müəlliflərdən tamamilə fərqli bir mənada işlədir. Onun fikrincə, bu istilah yalnız bugünkü "İran Azərbaycanı və Güney Qafqasiya türklərinin danışdıqları Türk dili şöbəsinə və ya şöbələrinə deyil, daha geniş olaraq, ümumiyyətlə, İran, Kafkasiya, hətta Doğu Anadolu və İraq türkləri arasında uzun əsrlərdən bəri zəngin bir ədəbiyyat vücuda gətirən "ədəbi ləhcəyə" aid etmək lazım gəlir".

 

Göründüyü kimi, Azərbaycan Xalq Cümhuriyyətinin yaradılmasından cəmi bir neçə il sonra"Azəri" konsepsiyası ortaya atılmışdır. Görünən odur ki, Azərbaycan adına təpki göstərən o dövrkü İran ideoloqları bunun mümkün olmadığını gördükdə Azəri konseptini irəli sürmüş və bununla "Azəri" adına sahib çıxmağa çalışmışlar. Əhməd Kəsrəvinin (1890-1946) bu konsepsiyasına görə "tarixi qaynaqlar və orta çağlar Azərbaycan əhalisinin İrandilli Azərilər olduğu" iddia edilirdi. Ə.Kəsrəvi "Azəri, ya qədim Azərbayqanın dili" (1926) əsərində eynilə M.F.Köprülünün istinad etdiyi Məsudi, Yaqut Həməvinin fikirlərindən belə bir yanlış nəticə çıxarır ki, guya eramızın XIV yüzilində Arranda və Azərbaycanda türkcə danışan yox imiş. Onun yanlış "Azəri" konseptinin ikinci ən böyük yalanı, guya son 70 ildə buradakı Azərilərin türkləşdirilməsidir. Ə.Kəsrəvinin bu yanlış fikirlərinə cavab olaraq Ə.Tahirzadə, S.Onullahi, son illərdə isə N.Nəsibli elmi cavablar vermişlər. M.İbrahimov Cənubi Azərbaycanda fəaliyyət göstərərkən dil problemini qaldırmış və burada yazdığı üç məqaləsi ilə sanki Ə.Kəsrəviyə cavab vermişdi. Yazıçı dili xalqın milli varlığı, onu bütövləşdirən bir faktor kimi qəbul edərək 1945-ci ildə Təbrizdə yazdığı "Azərbaycan dili" məqaləsində dili bir xalqın mənəvi cəhətdən birləşməsində, öz həyat və mübarizəsini təşkil etməsində qüdrətli bir vasitə və silah hesab edirdi. Dil uğrunda mübarizəsini M.İbrahimov sonralar sovet Azərbaycanında da davam etdirmişdir. Bəzi məlumatlara görə, Ə.Kəsrəvi bu zərərli konseptinin doğru olmadığını sonralar qəbul etmiş və siyasi məqsədlə yazıldığını etiraf etmişdir. Ə.Kəsrəvinin mövcud konsepti artıq heç bir elmi arqumentə tab gətirmədiyi kimi, yalnız siyasi məqsəd daşıdığından əhəmiyyətini itirmişdir.

 

Beləliklə, Türkiyədə və Azərbaycanda "Azəri" sözü artıq bir əsrə yaxındır ki, işlənərək vətəndaşlıq hüququ almışdır və sadə vətəndaşlar bu ifadəni işlədir. Bu ifadənin sovet rejimi tərəfindən bizə qəbul etdirilməsinin isə heç bir elmi əsası yoxdur. Hətta faktlar göstərir ki, mövcud ideologiya bu adın işlənilməsinə qarşı çıxmışdır. Bu sözün işlənilmə xəttinə nəzər salmış olsaq, 30-cu illərin ortalarına qədər Azərbaycan arealında və Türkiyədə işlənildiyini görmək olar. Lakin sonra sanki hansısa əl bu sözün işlənilməsinə qarşı getmişdir. Yazıçı Sabir Azəri öz xatirələrində "Azəri" təxəllüsünü götürərkən çətinliklər və təpkilərlə qarşılaşdığını yazır. Sovet dövrünün 30-cu illərindən sonra "Azəri" sözünün mətbuatda, dərsliklərdə işlənilməməsi də bunu aydın göstərir. 1967-ci ildə görkəmli dilçi alim Ə.Dəmirçizadənin "Azəri ədəbi dilinin tarixi" kitabı istisna olunarsa, 30-cu illərdən sonra bu addan istifadə edilməmişdir. Bizə belə gəlir ki, bu da kəsrəviçiliyin və Moskvanın yeritdiyi siyasətin birgə nəticəsi olmuşdur. İndi belə bir vəziyyət yaranmışdır: ərəb müəlliflərinə yanlış olaraq istinadlar edən və bu istinadlardan yanlış nəticələr çıxaran Ə.Kəsrəvi və onun davamçıları Azəri dilini zorla farsdilli etməyə çalışır. Əsas məqsəd İranda yaşayan Azərbaycan türklərinin vaxtilə dilinin Azəri dili, Azəri dilinin isə İran dillərindən olması və onların yenidən öz dillərinə (köklərinə) qaytarmaqdan başqa bir şey deyildir. Bu konsepsiya ilə onlar Cənubi Azərbaycanda dilimizi sıxışdırıb aradan çıxarmaq və yaxud azərbaycanlıları guya yenidən öz qədim dillərinə - yəni fars dilinə qaytarmaq məqsədi güdürlər. Bu yanaşma sırf siyasi xarakter daşıyır. Biz isə, belə çıxır ki, bu konsepsiyanı həm qəbul edir və həm də ona qarşı çıxırıq. Halbuki bizim bütün alimlərin araşdırmalarında bu konsepsiyanın heç bir elmi əsası olmadığı sübuta yetirilir.

 

Beləliklə, Azəri sözünün son yüzillikdə inkişaf yoluna nəzər saldıqda maraqlı bir mənzərənin şahidi oluruq; Azərbaycan Cümhuriyyətinin yaranması ilə Azəri sözü nəinki leksikonumuza daxil olur, hətta elmi ədəbiyyatda vətəndaşlıq hüququ qazanır, bu adda bir çox məqalələr və kitablar yazılır. Azəri sözünün vətəndaşlıq hüququ qazandığını görən antiazərbaycan qüvvələri bu sözün keçmişdə hansısa farsdilli xalqı nəzərdə tutduğunu iddia etməklə bizi bu addan çəkindirməyə çalışır. Kəsrəviçiliyin bu konsepsiyası da buna görə ortaya atılmışdır. İndi qarşıya bir çox suallar çıxır: ölkə və dilin adında olan "Azər" sözünə "i" çəkilçisinin artırılması bizi hansı şəkildə vaxtilə mövcudluğu şübhə doğuran "azəri" xalqına və "azəri dilinə" bağlaya bilər?! Biz "azəri" sözünü işlətməliyikmi? Hər dəfə bu söz işlənərkən ona təpki göstərməkdənsə, bu məsələni köklü şəkildə həll etmək lazım gəlmirmi?! İndi belə çıxır ki, "Azəri" sözü ilə bağlı məqsədli şəkildə aparılan təbliğata görə biz bu sözdən imtina etməliyik?! Qəti əminliklə söyləmək olar ki, başda M.Ə.Rəsulzadə olmaqla Azərbaycan mühacirlərinin bu sözdən istifadə etmələrində, yaxud türklərin bu müraciətlərində yad amillər yoxdur və bundan rəncidə olmağa dəyməz. Prof. F.Cəlilovun "Azər xalqı" kitabı da sözün kökü ilə bağlı bütün qaranlıqları işıqlandırır. Düşünmək və araşdırmaq lazımdır ki, nədən "Azər(i)" sözü bizi bu qədər rəncidə edir? Düşünmək, ortaya bir konsepsiya qoymaq gərəkir; etimologiyası bizə məxsus olan "Azər"(i) sözündən nədən imtina etməliyik?! 

 

 

LENT

13 Dekabr 2017
12 Dekabr 2017
11 Dekabr 2017