Kərəm, sevmə əslini! – Fikrət Sadığın şeirləri

Kərəm, sevmə əslini! – <span style="color:red;">Fikrət Sadığın şeirləri
16 noyabr 2017
# 21:00

Bu gün mərhum Azərbaycan şairi Fikrət Sadığın anım günüdür. Kulis.az bu münasibətlə şairin bir neçə şeirini təqdim edir.

Gün çıx-gün bat

Harda olsam

dan söküləndə,

gün çıxanda,

Mən də yenidən

doğuluram,

dünyaya gəlirəm elə bil.

İllah da ki, gün

dağın dalından boylana,

dənizin dibindən çıxa.

***

Harda olsam

şər qarışanda,

gün batanda,

Mən də birdən –birə

yerə çökürəm,

ölürəm elə bil.

İllah da ki, gün

dağın dalında gizlənə,

dənizin dibində bata.

2011

Kərəm ol

Kərəm!

Eşitdim

gəlirsən.

Amma, bu kərə,

Kərəm ol bir daha.

Sevmə Əslini.

Gəncədə Əsli yoxdur ta!

Gəl, əvvəlcə Xocalını gör.

Tanı əclinin əslini.

Sonra özün bilərsən,

İstəsən, gələrsən.

2012

Tövbə qapısı

Dünyada, təki bir fərd

tövbə edən tapılsın.

Göyə baxsın, açıqdır

göyün tövbə qapısı.

***

Bu məbəd gecə-gündüz

heç vaxt qapanmır əsla.

Tövbə edən, yaxın gəl,

Səni gözləyir Allah.

2012

Şair Qabil

Hanı gülər üzün sənin,

Hanı dəmir sözün sənin.

Şit şairlər çoxalıbdı,

Hanı dadın, duzun sənin.

***

Dağlarda var izin –sənin.

Dərdi yenən dözüm –sənin.

Şeirin – günəş zərrələri,

Sönməz odun-közün sənin.

***

Görükməyən hüsn sənin.

Söz ver mənə, izn sənin.

O, “qızılgül satan” – sağdır,

Bu- çox sürən hüzn –sənin.

***

Şairə xas əzm – sənin.

Səndən uca özün-sənin.

Qəddar Vaxtın qarşısında

Qatdanmadı dizin sənin.

2012

Yenə də Sabir

Əlimi kəsirsən,

deyirsən – “tərpənmə!”

Dilimi kəsirsən

deyirsən – “sus, dinmə!”

Yanıram, üstümə

su da çiləmirsən,

deyirsən – “yan, sönmə!”

Donuram, üstümə

qartopu atırsan,

deyirsən – “isinmə!”

***

Zalım dünya, bunca

əzab olmaz, axı!

Hamı olsa haqqın

bədbəxt qalmaz, axı!

Sevincdən qışqırsam

məni də bir görən,

eşidən tapılar.

Bir günlük də olsa

açılar taybatay

o paslı qapılar.

2012

Sual-cavab

– Gəldim.

Dünyanı gördüm.

Qəlbimi sardı,

Odlu bir sual.

– Cavabına

O gördüyün dünyadan

Heç nə, tək bir

İçim su al!

2012

Xeyir və şər

Xeyirdə xalis xeyir,

Şərdə də tam xalis şər.

Bir bilən varmı görən,

Nə qədərdir, nə qədər?!

***

Xeyrin zərif saçağı

Qarışıb şərə seyrək.

Şərin zəif saçağı.

İlişib xeyrə tək –tək.

***

Nə qədər ki, dünyada

Xeyir də var, şər də var.

Deməli, dünya da var.

Dünyada bəşər də var.

2012

# 1181 dəfə oxunub

Oxşar xəbərlər

Avtobusdakı dayının ağ corabları - Ulucay Akif

Avtobusdakı dayının ağ corabları - Ulucay Akif

14:36 24 aprel 2024
"Bu, əsl yazıçılara xas spesifik ustalıqdır" - Hekayə müzakirəsi

"Bu, əsl yazıçılara xas spesifik ustalıqdır" - Hekayə müzakirəsi

12:00 24 aprel 2024
Necə yazmaq lazımdır?

Necə yazmaq lazımdır?

12:00 22 aprel 2024
Şəms Təbrizini kim öldürdü? - Bir qeybin anatomiyası

Şəms Təbrizini kim öldürdü? - Bir qeybin anatomiyası

12:00 19 aprel 2024
Adamın buna kitab deməyə dili gəlmir...

Adamın buna kitab deməyə dili gəlmir...

12:30 15 aprel 2024
Onlar üçün müqəddəs heç nə yoxdur...

Onlar üçün müqəddəs heç nə yoxdur...

17:00 10 aprel 2024
# # #