Tanınmış yazıçı: “Bütün yazılarımı çamadana yığıb yandırdım” - SÖHBƏT

<span style="color:red;">Tanınmış yazıçı:  “Bütün yazılarımı çamadana yığıb yandırdım” - <span style="color:red;">SÖHBƏT
2 noyabr 2017
# 17:30

Kulis.az yazıçı Aslan Quliyevlə müsahibəni təqdim edir.

- Aslan bəy, sizin çap olunmaq tarixinizi çox adam bilmir. Mən bilən sovet dövrü heç çap olunmamısınız...

- İlk yazım ikinci sinifdə oxuyanda rayon qəzetində çap olunub. Bədii yazı deyildi. Kənd dükanında kitab satılmadığından kitab almaq üçün kilometrlərlə uzaqda olan rayon mərkəzinə necə çətinliklə getməyimizdən yazmışdım. Əsas nədən və necə yazmağım deyildi, əsas çap olunmağım idi. Kənddə yaşayan, xəyallar quran uşağı saxlamaqmı olardı? Gecə-gündüz yazır? poçtla redaksiyalara göndərirdim. “Azərbaycan pioneri”, “Azərbaycan gəncləri”, “Azərbaycan təbiəti” və s. jurnal və qəzetlərə. Heç biri də çap eləmirdi. 6-7-ci siniflərdə hekayələr yazırdım. 10-cu sinifdə isə on-on beş günə roman yaza bilirdim. Çox sürətlə yazırdım. Təbii, bunlar bişmiş, yetkin əsərlər deyildi. Onları oxuduğum yazıçıların təsiri ilə yazırdım. Kuperin, Dostoyevskinin, Paustovskinin. Bu yaşda yazan birinin gərək yol göstərəni olsun. Sənə kimsə qıraqdan təkan verməlidir. Yəni tənqid bu mənada yaxşıdır.

- Əlbəttə...

- Hə, üstündən zaman keçdi. Mən hələ də yazmağa davam edirdim. Bu aralar bir povestimi Yusif Səmədoğluna göndərdim, o da itirdi. Bir nüsxə idi povest, sonra ağıllandım, başladım iki nüsxədə yazmağa.

Yazmağına yazırdım, amma çap məsələsi həməndi. Çap eləmirdilər. Nə nəşriyyatda, nə redaksiyalarda. Müxtəlif bəhanələrlə. Hansısa bir jurnal doğrudan da çap eləmək istəyəndə isə, yenə də alınmırdı. Bir də görürdün jurnalda xəbər veriblər Aslan Quliyevin yaxında povesti çıxacaq. Yazı çıxıb eləmirdi, jurnal bağlanırdı. Mənim üçün bu jurnalın ömrü yalnız povestimi çap eləmək haqda xəbər verməyə bəs eləyirdi. Yazır, poçtla göndərir, üç-beş qəpik tapıb Bakıya gedirdim. Redaksiyalarda haqqımda nələr deyirdilər. Nəşriyyatlara, jurnallara yaxın qoymurdular, heç nə alınmırdı. Akif Hüseynov, Yusif Səmədoğlu, Mövlud Süleymanlı və daha kimlər-kimlər qarşımı kəsirdilər. Nəyə görə irad tuturdular? Mən Azərbaycan yazıçıları kimi yazmıram. Avropalıları təqlid edirəm. Sosializmin bünövrəsinə bomba qoyuram. Gördüm alınmır, günlərin birində təxminən 10-15 romanımı, yüzlərlə hekayəmi, povestlərimi iri bir çamadana yığdım və yandırdım. Qərara aldım ki, bir də yazmayacağam. Amma olmadı. Bu yazı, qələm yazısı yox, alın yazısı. Başladınmı, yolun sonuna qədər getməlisən.

- Maraqlıdır, onlar üçün sizin çap olunmağınız niyə problem olmuşdu?

- Bunun bir səbəbi vardı. Mən onlardan yaxşı yazırdım. Onda ədəbiyyat onu manapoliyaya almış adamlar üçün hər şey idi. Pul, çörək, şöhrət, əyləncə, kef. Burdan yeyir-içir, gəzir, bütün maddi sorunlarını həll eləyirdilər. Dağlardan gəlmiş, yuxarı dairələrdə heç kimi olmayan, ən pisi də, onlardan yaxşı yazmağa cürət eləyən birisini yaxın buraxardılarmı? Buraxmazdılar. Bu qədər sadə.

- Səbəbi təkcə buydumu?

- Yox. Həm də qorxurdular. Dedim axı, onlar kimi yazmırdım. “Sərxoş” adlı hekayəm vardı, orda hər şeydən bezən qəhrəman pillələri düşür, sonuncu pillədə oturub deyir: “Lənətə gələsən, belə həyat!” Bunu isə redaksiyalarda az qala belə başa düşürdülər: həyat filan boş söhbətdir, əslində mən sosializmi lənətləmişəm. İndi özlərini az qala dissident adlandıranlar əslində o dövrün ən qatı və qəddar senzorlarıydılar. Quş uçurtmur, gözlərindən heç nə yayınmırdı. Yeniliyi qəbul eləmirdilər. Mənim yazdıqlarımda cansız deyilən heç nə yox idi, hər kəs və hər şey danışırdı. Daş da, ağac da, it də. At da, ot da, quş da. Sən də gətir bu yazını qoy dissident senzorun qabağına. Adamın gözləri nəlbəki boyda olurdu.

- Aslan bəy, niyə yalnız sizin başınıza belə hadisələr gəlirdi? Başqa yazıçılar eyni situasiyayla niyə qarşılamırdılar?

- Kimin az-çox istedadı vardı, mənim başıma gələnlər onun da başına gəlirdi. Kölgədə qalmamaq üçün, bu xalqın yaddaşında yalnız yazıçı kimi özləri qalmaq istədiklərindən boz yazıçıları çap edirdilər, aşıb-daşan, istedadlı yazarların qabağını tez alırdılar. “Gənclik” jurnalından mənə yazmışdılar ki, romanını təzədən işlə, qısalt, çap edəcəyik. Gecəmi-gündüzümə qatdım. Beş günə o boyda romanı işləyib göndərdim. Ancaq çap etmədilər. Bilirsənmi niyə? “Haray” adlı o povestdə 53-cü ildə Ermənistandan köçürülən azərbaycanlılardan danışılırdı. Baxmayaraq ki, o illərdə Moskvada çap olunan “Novıy mir”, “Oqonyok”, “Drujba naradov” jurnallarında köçürülən, repressiyaya məruz qalan xalqlardan yazırdılar. Hətta Orta Asiya yazıçıları belə. Bircə bizimkilərin səs-sorağı yox idi, sanki bütün bu qırğınlar, köçürülmələr bizdən yan keçmişdi. Amma öz deməklərinə görə hətta Moskvadakılardan da cəsarətli yazan qorxmaz yazıçılarımız “Haray”ı çap eləməyə qorxdular. Yalnız rayon qəzetinin redaktoru Sahib Əliyev bütün hədələrə, rayon partiya komitəsinin bürosundakı müzakirələrə, xəbərdarlıqlara əhəmiyyət vermədən povesti qəzetdə hissə-hissə çap elədi.

- Belə hallar çoxmu olurdu?

- Çox. Vilayət Quliyev “Ədəbiyyat” qəzetində 30 müəllif haqqında yazmış, ancaq məni tənqid etmişdi. Yazmışdı ki, yazıçı XX əsrin sonunda sosializm dəyərlərini heçə sayaraq yumruq davasından, meşədəki ekzotik komadan yazır. Nə isə, onunla görüşdüm, niyə belə etdiyini soruşdum. Mənim kitabım 29 müəllifdən heç də geri qalmırdı, zəif deyildi. Əksinə, hamısından güclü idi. Vilayət Quliyev dedi ki, bilirəm, amma sən rahatsan, ona görə sənə ilişirəm. Dedi, sənə söz verirəm, ikinci kitabı gətir mənə, xoşum gəlsə, rəy yazım, verək çapa. Yazıları göndərdim, doğrudan da oxuyub rəy yazdı və kitabı “Yazıçı” nəşriyyatına təqdim elədim. Amma orda dedilər, Vilayət Quliyev çox təntənəli rəy yazıb, ona görə də Akif Hüseynova rəyi vermişik. Akif Hüseynov isə kitabı bütünlüklə qaralamış, səhifələri oxlarla, nidalarla doldurmuşdu. Mən qəhrəmanın güldüyünü və ya ağladığını yazmışdımsa, dərhal da oxlar səhifənin kənarına qədər uzanmışdı. “Hanı, göstər də”. Sonunda da üçdən tutmuş yeddiyə qədər nida. Adam, nəyi göstərim? Mən roman yazmışam, ya film çəkmişəm? Cəmil Əlibəyovun yanına girdim, dedi, özüm oxuyub sözümü deyəcəyəm. Oxudu, çox gözəl yazdığımı, mənə qarşı böyük haqsızlıq edildiyini dedi və söz verdi ki, kitabın mütləq çap olunacaq. Amma olmadı. Sonra Əkrəm Əylisli gəldi. Məni məktub yazıb nəşriyyata çağırmışdı. Getdim, görüşdük, dedi, çap olunmaq üçün pul yoxdur. Beləcə kitab çap olunmadı.

- Aslan müəllim, xeyli əsərinizi yandırdığızı söylədiniz. Sonra isə yenə yazdınız. Bu qədər şeylərdən sonra niyə küsmədiniz yazmağa? Ard-arda çap olunursunuz indi. Əvvəlki kimi çap məhdudiyyətiniz də yoxdur.

- Dedim axı, yazmaq özümdən asılı deyil. İstəyərdim ki, bir cümlə belə yazmayım, tənhalığa çəkilim, meşədə, su qırağında olam, gəzəm. Ancaq yazmaq istəyi rahat buraxmır. Mövzu başımda fırlanır, qoymur yatmağa, beynimi cırmaqlayır. Ona görə də yazıb rahatlayıram. Əslində yazmaq mənə nə verir ki? Məcburam yazmağa. Bu taleyi mən seçmədim. İstəməməklə deyil bu. Siqaret kimidir. Bir gün çəkmirsən, ancaq yenə də tərgitmək olmur.

- Xeyli romanlarınız, povestləriniz, hekayələriniz var. Amma ən çox bəyənilən “Rusiyadan gələn qardaş”dır...

- İri həcmli hekayədir. Nəsə onun bəxti gətirdi. Haqqında çox yazıldı. Yazıçılar Birliyinin qurultayında Əsəd Cahangir "Keçmiş döyüşçü və oğlan", "Küçədən gələnlər" əsərlərinin adını ən yaxşı nəsr əsərləri arasında çəkdi. Mən də fərəhlənib Anarın qəbuluna ümidlə girdim ki, bəlkə təqaüd məsələsi həll olunar. Amma dedilər, o məsələ qəlizdi, üstündən 5-6 il keçsə də heç bir xəbər olmadı. Son qurultayda iştirak etdim, tənqidi yazı yazdım, ondan sonra təqaüd məsələsi quyunun dibinə düşdü.

- Bayaqdan sizin yazı taleyinizdəki neqativlərdən danışdıq. İstəyirəm sizə olan yaxşılıqlardan danışaq.

- Rəhim Əliyevlə tanış olmaqda bəxtim gətirdi. Aşıb-daşan vaxtlarım idi, bütün günü yazırdım. Səhərdən yazı masasının qabağında otururdum, bir də görürdüm səhər açılır. Qələmlə yazırdım. Sonra makina aldım, makina işimi asanlaşdırırdı. Rəhim müəllim məni kəskin tənqid edirdi. Mən də inciyirdim, özümü söyürdüm, onun tənqidlərindən sonra bir-iki ay əlimə qələm götürmürdüm. Sonra fikirləşəndə düz dediyini anlayırdım. Rəhim müəllim bənzəri olmayan dahidir. Bəzi adamlar onu qəbul edə bilmirlər. Halbuki ondan çox şey öyrənmək olar. Mən Rəhim müəllimdən çox şey öyrənmişəm. İndi də öyrənirəm. Maraqlı həmsöhbətdir, hadisələrə, mövzulara fərqli, özəl baxışları var. Təsəvvür eləyirsənmi, son romanımı onun bircə cümləsindən: “Onlar qoyunları yeyir, geyir, ölürdülər” təsirlənib yazmışam. Bircə cümlənin enerjisi bütöv bir roman yazmağıma bəs eləyib.

- Aslan bəy, indi harda işləyirsiniz?

- Heç yerdə. İşsizəm.

# 1965 dəfə oxunub

Oxşar xəbərlər

Avtobusdakı dayının ağ corabları - Ulucay Akif

Avtobusdakı dayının ağ corabları - Ulucay Akif

14:36 24 aprel 2024
"Bu, əsl yazıçılara xas spesifik ustalıqdır" - Hekayə müzakirəsi

"Bu, əsl yazıçılara xas spesifik ustalıqdır" - Hekayə müzakirəsi

12:00 24 aprel 2024
Necə yazmaq lazımdır?

Necə yazmaq lazımdır?

12:00 22 aprel 2024
Şəms Təbrizini kim öldürdü? - Bir qeybin anatomiyası

Şəms Təbrizini kim öldürdü? - Bir qeybin anatomiyası

12:00 19 aprel 2024
Adamın buna kitab deməyə dili gəlmir...

Adamın buna kitab deməyə dili gəlmir...

12:30 15 aprel 2024
Onlar üçün müqəddəs heç nə yoxdur...

Onlar üçün müqəddəs heç nə yoxdur...

17:00 10 aprel 2024
# # #