Ağlama, sevgiyə uduzan qadın

 

Nigar Arif

 

Nə mənası

 

Oyadıb “yatmısan” deyən, məhəbbət,

Nə vaxtdan halıma yanan olmusan?

Ağlımdan keçəni ürəyim tutmur,

Guya ki sözümü qanan olmusan.

 

Özünü yalandan günahsız sayma,

Başıma nə gəlib, səndən gəlibdi.

Mənim tək fağırın yolunda axı,

De görüm, kim səni yoldaş bilibdi?

 

Susursan... nə oldu, sözün yoxdurmu?

İlləri illərə satıb gedənim.

Daha dönməyinin nə mənası var?

Ay mənim keçmişdə olub-bitənim…

 

Qələmlə söhbət

 

Balıncımın yaxasından dartdım, ağzı əyildi.

Yorğanımın günahı nə idi bilmədim,

Yerə yıxıldı.

Səni axtarmadığım yer qalmadı,

sonda əlimdə tapdığım qələm...

Çarpayımın altı, üstü,

Döşəmənin soyulmuş,

yazmayanda acığını çıxdığım stolun sıyrılmış üzü...

Divardakı rəsmlər də

Üzümə tərs-tərs baxır indi.

Dəli kimi dayanmışam bu dörd divar arasında,

Nağıllarda sehrli olub uça bilən o xalçamın üzərində.

Gözləyirəm, gəzləyirəm bəlkə ağlımı həmin o nağıllardan qaytarıb,

başıma gətirər deyə…

Eh qələm, qələm…

Görürsənmi nə gündəyəm?

Bəlkə elə bütün şeirlər də

Şairini bax belə axtarır,

Belə...

 

Uduzan qadın

 

Götür bu sevdanı başına fırla,

Yaralı qəlbinin sadağasıtək.

Ört könül qapını bərk-bərk, qıfılla,

Bu bitən eşqinin qadağasıtək.

Qır vüsal belini, sürü saçından,

Həsrətdən qaralmış üzünə tüpür.

As bütün ağrını dar ağacından,

Gözünün içindən kədəri süpür.

Yığ, topla yükünü kirpiklərindən,

Qurut ürəyində göz yaşlarını.

Ağlama, sevgiyə uduzan qadın,

O kordu, itirib baxışlarını.

 

Bir saat geri qalib

 

Bir saat geri qalib,

Bu dünyanın saatı.

Ya sevinci gecikib,

Ya qəm boğub həyatı.

Danışıb gülsə belə,

Lap qoca kişi kimi,

Axsayır gülüşü də,

Yorğun keçmişi kimi.

əl uzadıb dilənir,

Bir ovucluq diləklə.

Günləri pilləkəndə,

Əlbəyaxa küləklə.

Bir qarının gözündən,

Yıxılır gecələri.

Əlindəki süpürgə,

Oyadır küçələri.

Avtobusda sürücü,

Arzusunda piyada

Axtarır qismətini,

Bəlkə tapıb oyada.

Bir saat geri qalib,

Bu dünyanın saatı.

Gəlsənə, başdan quraq,

Bu çəkilməz həyatı.

 

Bəstəsi mən, sözü sən

 

Bir dənizə dönmüşəm,

Ləpəsi sətir-sətir.

Dalğaların altında,

Balıqlar yallı gedir.

Bir dənizə dönmüşəm,

Şeirimin sahilində

Kövrəlib sərt qayalar,

Günəş tutur əlindən.

Bir dənizə dönmüşəm

Göyün üzünə qaçır.

Gəmi boyda arzular,

Sinəmdə yelkən açır.

Bir dənizə dönmüşəm,

Dəniz bəbəklərində.

Çaxılıram daş-qaşa,

İncə biləklərində.

Bir dənizə dönmüşəm,

Saçları yosun-yosun.

Zaman dodaqlarında,

Dincəlir uzun-uzun.

Bir dənizə dönmüşəm,

Bu dənizin özü sən.

Oxuduğu nəğmənin,

Bəstəsi mən, sözü sən.

 

Ölümün də axırına çıxasan...

 

İldırım tək bircə anlıq çaxasan,

Belə ömrü yandırasan, yaxasan,

Xoşbəxtliyi arzulardan götürüb,

Bu dünyanın öz başına qaxasan!

Od olasan, lap durasan qəsdinə,

Günahları məst edəsən tüstünə,

Soğan kimi acı yalan üstünə,

Gerçəkləri şirin nar tək sıxasan!

Elə baxma, mənim də tərs yanım var,

Sənin boyda bir məzarlıq canım var,

Anam demiş, nə olsun ad-sanın var,

Dünya, gərək dünyamızı yıxasan?

 

 

LENT

18 Noyabr 2017
17 Noyabr 2017
16 Noyabr 2017
15 Noyabr 2017