Mən necə qatil oldum?

Mən necə qatil oldum?
6 oktyabr 2017
# 16:06

Kulis.Az gənc yazar Tural Cəfərlinin “Anbar siçovulu” essesini təqdim edir.

Həmişə arzu etdiklərimi göylərdə axtarmışam. Buludların arasında ümid verən Günəş şüalarını görmək məni izaholunmaz dərəcədə xoşbəxt edib. Hardasa daxili narahatlığımı kitablarda, şəkillərdə, bir də keçmişin qaranlıq səhifələrində aradan qaldırmışam. Bir də yağış yağanda qəlbimin dərinliyində yeni ümidlər baş qaldırıb hər zaman. Bu ümidlər məni hamıdan qabaq yaxalayıb. Halbuki mənim ümidlə bağlı heç vaxt problemim olmayıb...

Həyatımda ilk iş yerim anbar olub. Anbar məsuliyyətli işdi. Amma kənardan çox laqeyd və qayğısız görünür. Hərçənd toz-torpağın içində, havasız və nəm qoxan otaqlarda iş görmək elə də asan deyil. Mən öz işimi fəlsəfi aspektdən görməyə çalışmışdım. Dörd il fəlsəfə oxuyan, saatlarla kitabxanalarda elmi axtarışlar edən bir insan kimi səbrin gücünə inanırdım və bu inam məni öz güvənimi təmin edirdi. Anbarda işləməyə başladığım ilk gündən hesab və qeydiyyatla bağlı bir sıra çətinliklərim olurdu. İş yoldaşlarımın köməkliyi ilə bu çətinlikləri aradana qaldırmağa çalışırdım. Əvvəlcə özümü toparlayıb bu işin öhdəsindən gələcəyimi düşünürdüm. Sonralar bu düşüncə təcrübəyə keçməyə başladı. Ağır yüklər, kirlənmiş əşyalar və fəhlələrin giley-güzarı məni dəyişmişdi. Mən anbardar kimi həyata baxmağı, həyatın yük olduğunu, lakin bu yükün yerləşmə qaydalarını başa düşməyə çalışdım. Gözümün önündən nə qədər mal tədarük olunurdu, sonra yeniləri gəlirdi, onlar da bir yandan ixrac olunurdu. Beləliklə, gəlimli-gedimli dünya anbarda da eynən bir qrafik üzrə davam edirdi.

Spinozanın təbiətlə bağlı mühazirələrini oxuduqca, Kantın dərketmə ilə bağlı tezislərini düşündükcə, Şillerin sosial münasibətlərin çulğalanmağını yəqin etdikcə mən daha yaxşı işləməyə başlayırdım. İşimi həm sevir, həm də nifrət edirdim. Sevirdim ona görə ki, bu işdə maraqlı yerdəyişmələr görürdüm, nifrət edirdim ona görə ki, bu işdəki yerdəyişmələr tez-tez olurdu və mən hər gün bir adam azalırdım. İçimdəki adamları itirmək məni tək və kimsəsiz edirdi. İstər-istəməz darıxmağa başlayırdım. Hegelin fəlsəfi görüşləri məni heç cür özümə qaytara bilmirdi. Mən daha çox içimdəki boşluğun anbarı dolduracağından qorxurdum. Çünki mənlə bərabər bir qız da işləyirdi. Onun mənim içimdəki boşluğunu görməyini heç istəmirdim. Çünki daxilən dolu olmaq həm də adamı rahat edir. Fəhlələr öz üzərilərinə düşən yükdən əlavə məişət qayğılarını da daşımağa məcbur olurdular. Hiss olunurdu ki, qayğıları boylarından hündür, çəkilərindən ağır idi. Mənim isə əlimdən heç nə gəlmirdi. Hərdən xırda-para anbarda olan ləvazimatlardan onlara da verirdim. Sənədlərimizi düz edib, yoxlamadan yaxşı keçdik. Ümumi yoxlama isə o qədər də ürəkaçan olmadı. Düzdü, bunun mənim işimlə heç bir əlaqəsi yox idi....

Anbar nəm və havasız yer olduğu üçün orda çox qalmaq olmurdu. Havalandırma sistemini dəyişsələr də yenə də çöldəki havanın yerini vermirdi. Buna görə də çox vaxt həşərat və digər gəmiricilərə tez-tez rast gəlinirdi. Günlərin bir günü anbara xeyli sayda kağız gəlmişdi. Sayı hardasa iki mindən çox olardı. Yükü anbara yerləşdirdikdən sonra iş vaxtının bitməsi ilə əlaqədar evə getdik. Bir neçə gün anbar açılmadı. Aradan bir müddət keçmişdi. Anbara yeni yüklər gətirmişdilər. Qapını açıb qəribə bir mənzərə ilə rastlaşdıq. Kağızları zərgər dəqiqliyi ilə nəsə yemişdi. Demək olar ki bütün kağızlar deşik-deşik olmuşdu. Fəhlələrdən biri cəld yerindən qalxıb dedi:

“Bu siçovulun işidi. Bizim evdə də var. Yaman böyük olurlar. Dərman qoymaq lazımdı”.

Anbarın hər küncünə bir ovuc dərman səpdikdən sonra işıqları söndürüb evə getdik. Səhəri üfunət iyindən anbara girmək olmurdu. Dərmanın iyi deyildi bu. Nəsə qeyri-adi və başağrıdan qoxu idi. Kağızların yanına getdikdə iri bir siçovulun sağ tərəfi üstə öldüyünü gördüm. Üzündə bir kədər, bir sarsıntı var idi. Elə bir sarsıntı ki, onu sözlə ifadə eləmək çətin məsələdir. Bəlkə də bu anbar siçovulu da bütün insanlar kimi yaşamaq haqqından bir kağızı yediyi üçün mərhum olmuşdu. Siçovulu kağıza büküb harasa apardılar. Bir kağıza görə ölən siçovul kağıza bükülüb anbardan çıxarıldı. Bu hadisə mənə çörək üstündə tutulan bir məhbusun hər gün pulsuz çörəklə təmin olunmasını mənə xatırlatdı. Mən o gündən anbardan uzaqlaşdım, anbarda işləsəm də əvvəlki kimi işləyə bilmədim, özümü qatil hesab edirdim, həm də iş yerində qətl törətmiş cani kimi...

# 741 dəfə oxunub

Oxşar xəbərlər

Avtobusdakı dayının ağ corabları - Ulucay Akif

Avtobusdakı dayının ağ corabları - Ulucay Akif

14:36 24 aprel 2024
Necə yazmaq lazımdır?

Necə yazmaq lazımdır?

12:00 22 aprel 2024
Şəms Təbrizini kim öldürdü? - Bir qeybin anatomiyası

Şəms Təbrizini kim öldürdü? - Bir qeybin anatomiyası

12:00 19 aprel 2024
Adamın buna kitab deməyə dili gəlmir...

Adamın buna kitab deməyə dili gəlmir...

12:30 15 aprel 2024
Onlar üçün müqəddəs heç nə yoxdur...

Onlar üçün müqəddəs heç nə yoxdur...

17:00 10 aprel 2024
Bu mətnin niyə qələmə alındığını başa düşmədim

Bu mətnin niyə qələmə alındığını başa düşmədim

14:28 10 aprel 2024
# # #