“Belə təşkilat ləğv olunsa yaxşıdır” – Yazarlar AYB-dən danışdılar

Azərbaycan Yazıçılar Birliyinin adı ilə bağlı hallanan fikirlər son vaxtlar gündəmdən düşmür. Xəbər verdiyimiz kimi, Çingiz Abdullayevlə “26” kafesinin sahibi Ramin Məmmədov arasında bağlanan müqavilənin fotosu yayılıb. Müqavilə əsasında Çingiz Abdullayevə ayda 8 min manat ödənilirmiş.

 

Kulis.Az məsələ ilə bağlı bir neçə yazıçıdan münasibət öyrənib. Cavabları təqdim edirik.    

 

 

Vaqif Nəsib

 

Mənim bu məsələyə münasibətim çox pisdir. Mənasız Çingiz Abdullayevi ora katib qoyublar, indi də əlindən gələni eləyir. Bu kafe də onun əməlləridir. Özləri Şaumyana şeir yazmağına görə Səməd Vurğunu tənqid edir, burdan-bura qaniçənlərin adını daşıyan “26” kafesi açırlar. Biabırçılıqdır. Bunların hamısı Çingiz Abdullayevin işləridir. Əkrəm Əylisli onun haqqında yaxşı demişdi: “Bir vaxtlar Azərbaycanı “Ağdam” çaxırına görə tanıyırdılar, indi isə çaxırdan da pis nəsr yazan Çingiz Abdullayevə görə”. Yazıçılar Birliyi ləğv olunmuş kimidir. Vəzifədən yapışmış qocaların yeridir ora. Anar vəzifəpərəstliyindən hələ əl çəkən deyil, bir dəfə demişdim ki, onun barmaqları yox, caynaqları var. Yazıçılar Birliyi bir vaxtlar dövlət təşkilatı idi, böyük səlahiyyətləri var idi. İndi isə qeyri-dövlət təşkilatı olub, istədiklərini də eləyirlər. Yazıçılara mənzillərin paylanmağında da böyük biabırçılıq olmuşdu. Nəzərdə tutulub ki, yazıçılara ev verilsin, Anar isə katibələri də mənzil bölgüsünə daxil edib. Bir sözlə, biabırçılıqdır. Elə bu kafe məsələsi də onun kimi. Belə təşkilat ləğv olunsa yaxşıdır.

 

 

Rasim Qaraca

 

Bir yaradıcı qurum öz nizamnaməsi və ölkədəki qanunlar çərçivəsində öz əmlakını icarəyə verə bilər. Lakin bu hal yaradıcı qurumun üzvlərindən xəbərsiz olmamalıdır, qazanılan gəlir şəxsi cibişdana atılmamalı, qurumun üzvlərinin bundan xəbəri olmalıdır. Yazıçılar bu hadisəni mətbuatdan oxuyub şoka düşməməlidir. Bu bir, ikincisi də, Yazıçılar Birliyi bu cür məsələlərdə öz reputasiyasına uyğun addımlar atmalıdır, öz əmlakını daha uyğun fəaliyyət istiqaməti olan bir quruluşa icarəyə verməlidir mənim fikrimcə. Reputasiya deyəndə ki, bəlkə də “26-lar” elə onların reputasiyasına uyğun idi.

 

 

Nəriman Əbdülrəhmanlı

 

Fikrimcə, hər hansı təşkilat, elə yaradıcılıq təşkilatı da ehtiyacları üçün bu addımı ata bilər. Amma burda gərək təmiz niyyət olsun. Kitabxananı ləğv eləyib əyləncə, həm də şübhəli fəaliyyət yerinə çevirmək yolverilməzdir. Bu məsələdə yəqin ki, şübhəli maddi maraq da rol oynayıb. Hər halda AYB rəhbərliyi bu məsələni ört-basdır eləməyə çalışmamalı, məsuliyyət daşıyanlar cavab verməlidirlər.

 

 

Rəhim Əliyev

 

Məndən çox bu barədə yazan yoxdur. Əvvəl onlar bank açmışdılar, səs-küy düşdü, onları ordan güclə çıxartdılar. İndi də kafe söhbəti ortaya çıxıb. Çingiz Abdullayevlə Anar şərik imiş bu işdə. Ehtiyac ucbatından deyirlər. Yazığım gəlir onlara. Çingiz heç yazıçı deyil, ona heç nə deyə bilmərəm. Amma Anarın yenə ortada nəyisə var. O niyə belə eləsin? Yazıçılar Birliyinin bu cür mülkiyyət saxlamağı doğru deyil. Biabırçılıqdır.

 

 

Elçin Hüseynbəyli

 

Bu barədə Yazıçılar Birliyinin bəyanatı var. Orda hər şey yazılıb. Yazıçılar Birliyinin münasibəti mənim münasibətimdir.

 

 

Elxan Zal Qaraxanlı

 

O kafe 20-25 ildir icarədədir. Yazıçılar Birliyinin ehtiyaclarına sərf olunur. Məsələn, mənim “Ulu Çinar” jurnalına Anar müəllim dəfələrlə yardım göstərib. Kitabların çapına maliyyə ayrılıb. Yenə də maliyyə dəstəyi olur və mən bu cür kitabların çapına hər zaman qayğı göstərilməsinin tərəfdarıyam. Kafedən gələn pul xeyirli işlərə sərf olunur. Çingiz Abdullayev bizim maliyyə katibimizdir, bu işlərə o baxır. Gələn gəlirdən kasıb yazıçılara dəstək olunur. Məsələn, mənim yadımdadır ki, bizim istedadlı yazıçımız Kənan Hacıya anası rəhmətə gedəndə 500 manat yardım olundu. Mən bir dəfə Çingiz müəllimə art kafe açmağı təklif etdim. Düşünürdüm ki, oranın yeri genişdir, orda kitabxana açmaq, daha geniş tərkibli tədbirlər etmək olar. Natəvan klubundan daha böyük yerdir və şəhərin mərkəzindədir. Özü də bir məsələyə də toxunmaq istəyirəm. “26” adının üstündə çox dayanırlar. Halbuki Bakı meriyasında bütün adlar qeydiyyatdan keçir. “26” adı da təsdiq olunub. Təsdiq olunmayan bir şey fəaliyyət göstərə bilməz ki? Mən hazırda elə bu məsələ haqqında yazı yazıram. Fikirlərimi daha geniş şəkildə o yazıda ifadə edəcəm. 

 

 

 

LENT

21 Sentyabr 2017
20 Sentyabr 2017
19 Sentyabr 2017
18 Sentyabr 2017