Hamını soyunub atdım, əynimdə bircə sən qaldın - ELNAZ EYVAZIN YENİ ŞEİRLƏRİ

Hamını soyunub atdım, əynimdə bircə sən qaldın - <span style="color:red;">ELNAZ EYVAZIN YENİ ŞEİRLƏRİ
14 avqust 2017
# 11:50

Kulis.az Elnaz Eyvazın yeni şeirlərini təqdim edir.

***

Məndən ayrılıb gedən dost,
yanımda yerin darıxır.
Bir az havalı kimiyəm,
bir az da şeirim darıxır.

Gülüşünə qulaqlarım,
yoluna gözüm üşüyür.
Əllərini barmaqlarım,

dərdini çiynim daşıyır.

"Səndən başqa kimim var ki?!"-
deyib durardın üzümə.
Gecə yuxuma bəlasan,
gün uzunu gündüzümə.

Sən nə fərqli itirirsən,
kəsdiyin duzu-çörəyi.
Öyrət, necə daşıyırsan,
belə unutqan ürəyi?!

Yaxını zəif görürəm,

“Müsbət” xəbərim bir budu.

Görən, anlayanın varmı?!

Yəqin, ürəyin doludu…

***

Necəsən deyəndə ki,
bir az yaddaşım incidir,
bir az
xəyallarım yorğun.
Yaşayıram daa oğrun-oğrun...
Bu gün də anamın azad,
mənim dustaq olduğum gündür axı,
eşitmiş olarsan.
Boş ver e...
həyatdı da,
bir gün 40,
bir gün 70 olarsan.
Heç nə dəyişməyib,
həmin koma, həmin dam,
mən də ki həmin Adam:
elə gördüyün Elnazam,
üstünə sağlıq,
bir balaca yalnızam...

***

Ömrümün
ikinci dünya müharibəsi başlayır,
qızım 41 yaşımdan qorxur,
elə bilir 40-ı keçdinsə,
ölümə gedirsən.
- Qırxdan sonra əlli gəlir,
sənsiz neynərəm, ana?! -
deyir yana-yana.
Bilmir axı neçə dəfə öldüyümü...
Mən qorxmuram,
əsl Qadın yaşımdan,

Zövq alıram

həyatla savaşımdan...
Qorxmuram kiminsə yalanından,
xəyanət məndən 41 addım o yandadır.
Yaşadıqca anladım ki,
ləyaqət qazanılmır,
varsa, qandadır.
Həyat döyüş meydanı deyil,
yoldur.
Harda bitdi, bitdi.
Orda "getdi" -
deyib səni də qatarlar
yüz illərin ölüsünə.
Sevdiyim adamlardan
bir dənə də dünya düzəltmək olar,
özlərini ürəyimdə öldürənlərdən
qəbiristanlıq.
Hərdən dayanıb bir anlıq
geriyə baxmaq istəyərsən,
gözlərin görməz uzağı.
Əlhavası sayarsan ömrünün
yazını, qışını.
Üşüdər səni yaşadığın qışların sazağı,
daha kövrəlməzsən həzin mahnılara,
ağlatmaz səni nakam eşq hekayətləri,
"hər şey keçib gedir" – deyərsən,
aldadarsan özünü,
yenə, yenə özünü...
Burdan o yanı
sevgilinin əlindən aldığın şərab kimi
içmək istərsən:
qurtum-qurtum,
udum-udum.
İndi yaşamağın yollarını axtarmıram,
düşünürəm:
yaşadıqlarımı necə unudum?!

***

Abort -
döyüş filminin
baxa bilmədiyin
qanlı səhnəsidir:
gözlərini yumursan,
açanda görürsən ki, öldürüblər.
Və heç vaxt görməyəcəksən onu,
Filmin sonu...

***

Darıxırsan vəhşicəsinə,
canın gözlərinin bulağına yığılır
iki damcı yaş kimi.
Yaşaya bilmirsən;
öz boynundan asılırsan
çəkindən ağır daş kimi.
Hər şey sıxır səni,
hamı yerini dar edir.
Adam

öncə ölür,
sonra intihar edir...

***

Darıxmağın leksik mənası:
bir cüt baxış,
bir tumar
və Sən...
Gələrsən,
bir çaydan çay
soyuyar qımışa-qımışa,
havadan-sudan danışarıq:
yay da yarı oldu,
daha nə qalıb qışa?!
Arada baxışlarımız
düyün düşər,
ha qaçırarıq,
bir-birinə ilişər...
Sonra hava qaralar
utana-utana,
Ay başlayar yazıq-yazıq
göy üzündə sürünməyə.
Hərə öz damının altına qaçar,
təkliyinə bürünməyə...

***

Elə gec gəldin ki,
xəyalımdakı Adam.
Əl boyda şəklini asmışdım
gözlərimin dərinliyindən.
Gec gəldin,
şəklin də küsdü səndən.
Bappalaca boyuma
ömür boyda xəyallar biçmişdim,
elə gözəl yaraşırdı ki bizə.
Gec gəldin;
əzablar çıxıb dizə,
ölürəm darıxmaqdan...
Bilsən, sən gəlincə
nələr çəkdim
atılan dırnağın olmayan bir axmaqdan...
Bir cüt mirvari dənəsi göz,
səni böyüdən ürək,
bir də bumbuz əllərimi saxlamışam sənə.
Yoxluğunda: gəlsənə, Adam, gəlsənə,-
deyirdim,
bu qədər göynətmirdi yoxluğun.
Necə deyim, gəlmisən, Adam,
gəlmisən.
Al, ovut əllərimi...

***

Bilirsənmi,
axır vaxtlar
yuxuya çətin gedirəm.
Sağ əlimlə sol əlimi tuturam,
ondan sonra yatıram...

***

Hamını soyunub atdım,
əynimdə bircə Sən qaldın.
Kimsə demədi, nədi bu?
Hamı dedi, nə gözəlsən,
bu libası hardan aldın?!

***

Əlindən uşaq kimi
tuta bildiyin adamdır
sənin Adamın.
Saflığına qıymaz...

***

Kimsə kimisə sevir,
kimsə kimdəsə aldanır.
Kimsə hamıdan çəkilib
bir Adamda daldalanır...

# 2369 dəfə oxunub

Oxşar xəbərlər

Avtobusdakı dayının ağ corabları - Ulucay Akif

Avtobusdakı dayının ağ corabları - Ulucay Akif

14:36 24 aprel 2024
"Bu, əsl yazıçılara xas spesifik ustalıqdır" - Hekayə müzakirəsi

"Bu, əsl yazıçılara xas spesifik ustalıqdır" - Hekayə müzakirəsi

12:00 24 aprel 2024
Necə yazmaq lazımdır?

Necə yazmaq lazımdır?

12:00 22 aprel 2024
Şəms Təbrizini kim öldürdü? - Bir qeybin anatomiyası

Şəms Təbrizini kim öldürdü? - Bir qeybin anatomiyası

12:00 19 aprel 2024
Adamın buna kitab deməyə dili gəlmir...

Adamın buna kitab deməyə dili gəlmir...

12:30 15 aprel 2024
Onlar üçün müqəddəs heç nə yoxdur...

Onlar üçün müqəddəs heç nə yoxdur...

17:00 10 aprel 2024
#
#
# # #