Bakirə olmayan qadınla evlənmək

 

Günel Natiq

 

Bir tanışımız bakirə olmayan qadınla evlənirdi. Hamı təəccüb içindəydi:

 

- Doğrudan sən o qadınla evlənirsən? Onun həyatında səndən öncə kimsə olub axı!

 

Həmin cavan oğlan belə bir maraqlı cavab vermişdi:

 

- Onun məndən əvvəl kiminlə bərabər olması məni maraqlandırmır. Tutaq ki, mən bir mənzil alıram, mənim nə işimə, məndən əvvəl orda kim yaşayıb?

 

Əslində adam haqlıydı, qadının ailə qurandan sonra edəcəkləri daha çox önəmlidir, nəinki ailə qurana qədər etdikləri. Əslində bu məsələlər iki nəfər arasında həll edilib çözülməlidir, üçüncü adamın müdaxilə etməyə haqqı yoxdur. Təcrübə göstərir ki, ikinci dəfə ailə quran qadın artıq ailənin məsuliyyətini dərk edir, əvvəlki səhvlərini təkrarlamır və ideal ev qadını belə ola bilir.

 

Amma bizim kişilərin belə bir kompleksi var; onların evlənəcəyi qadın bakirə olmalıdır. Kişi bir neçə dəfə evlənib boşansa da, yenidən evlənmək üçün bakirə qadın axtarır. Hətta 50-60 yaşlı kişi də evlənməmiş qadınla ailə qurmaq istəyir.

 

Bu ya kişi eqoizmidir; bakirə olmayan qadına “ikinci əl mal” kimi baxır, ya da sadəcə natamamlıq kompleksidir, özünü kiminləsə müqayisə edilməkdən çəkinir.

 

Bütün hallarda kişilərin nəzərində boşanmış qadın ev xanımı olmağa layiq deyil, o olsa-olsa məşuqə olmağa yarıyar. Onlar özləri bunu mühafizəkar olmaları ilə izah edirlər.

 

Deməli, boşanmış qadını nikahdankənar münasibətlərə sürükləyən kişilərin “mühafizəkar” baxışlarıdır. Qəribə paradoksdur, deyilmi? 

 

Sosial şəbəkədə bir gənc qadının yazısını ürəkağrısıyla oxudum. O 25-26 yaşlarında dul qadındı, birinci nikahı uğursuz olub, ümid edirmiş ki, ikinci dəfə bəxti gətirəcək.

 

Çox keçmir ki, 35-40 yaşlarında bir kişiylə tanış olur. Kişi onu əmin edir ki, fikri ciddidir. Bir neçə dəfə telefonla danışdıqdan sonra görüşməyə qərar verirlər. İkinci-üçüncü görüşdən sonra qadın kişinin əsl niyyətini anlayır. Onun məqsədi sadəcə vaxt keçirmək imiş. Çünki düşünübmüş ki, qadın artıq bakirə deyil, bir dəfə ərdə olub, deməli, ondan ancaq istifadə etmək, vaxt keçirmək olar.

 

Sonra isə bu kişi yəqin ki, dost-tanış içində öz “hünərindən” ağızdolusu danışıb qadın namusunun dəyərindən dəm vuracaqdı. Bu janrda düşünən kişilərin qadın namusundan danışmağa haqları varmı, bilmirəm.

 

Boşanmış qadınlar cəmiyyətdə bir başqa status qazanır. Onların boşanmış olması xüsusilə vurğulanır, adətən qınaq dolu nəzərlərlə qarşılanır, hər addımı ağzıgöyçəklər tərəfindən yozulur və s.

 

“- Ağız filankəsi gördün, yenə şər qaralandan sonra evə gəldi!

 

- Kimi deyirsən, qanammadım!

 

- Az o çərdəymiş gəlini deyirəm də, kişisindən boşanan. Görən nə qələti varmış ki, kişi elə əvvəlcədən onu boşayıb.”

 

Çox vaxt ailədə təzyiq görən qadınlar susub oturmağa məhkum olurlar. Çünki bütün hallarda qadın günahkar hesab olunur. Əgər çox başıaşağı xanımdırsa, deyəcəklər, özünə baxmadığı üçün əri onu boşadı, hələ ardınca Tükəzbandan-Fatmadan bir ad da qoşacaqlar. Əgər çox baxımlı xanımdırsa, deyəcəklər, özünə çox bəzək-düzək verirdi, Allah bilir, gözü haralardaydı, belə arvadı boşayarlar da, ta yazıq kişi neynəsin!

 

Bir sözlə, ağzıgöyçəklərdən qurtuluş yoxdu, istənilən adamı öz bildikləri kimi asıb-kəsəcəklər.

 

Türkiyənin evlənmə proqramlarında əvvəllər yaşlı qadınları görəndə təəccüblənirdik. Sonra məlum oldu ki, Türkiyənin bəzi əyalətlərində qadının ərsiz yaşaması günah sayılır (Yəni evdə mütləq bir başıpapaqlı olmalıdır). Ona görə qadın lap 70 yaşında da dul qalsa mütləq özü kimi bir dul kişiylə evləndirilir.

 

Bizdə isə dul qadın ölənə qədər ərinə yas saxlamalı, qadınlığını unutmalıdır, bu, böyük şərəf hesab olunur.

 

“Bir üzü qız, bir üzü gəlin”. Ya da “saçının birini ağ hördü, birini qara”. Bədii əsərlərdə bu deyimlər böyük şövqlə işlədilir. Qələm sahibləri də cəfakeş Azərbaycan qadınına bu taleyi yazır; hansısa səbəbdən dul qalan qadın qadın olduğunu birdəfəlik unudub özünü uşaqlarına həsr edir.

 

“Bir üzü qız, bir üzü gəlin” olan qadın bədii əsərlərdə alqışlanır, fədakarlığı ön plana çəkilir. Dul qadın təbii ki, övladlarını böyütmək üçün min bir zülmə qatlanır, gecə-gündüz işləyir, əziyyət çəkir. Ona gələn elçilər geri qaytarılır (nəyə görəsə dul qadının daha sevməyə haqqı yoxdur), bu məqam bir daha qadını yazıçının və oxucunun gözlərində “ucaldır”.

 

Bir qadına bu qədər işgəncə verilməsinin səbəbini başa düşə bilmirəm. Əsrlərdən bəri daşlaşmış mental dəyərlərimiz belə bir “qanun” irəli sürür: Azərbaycan qadını ərindən sonra “bir saçını ağ, bir saçını qara hörməli”, qadınlığını içində dəfn etməli, kişi xislətinə sahib olmalı, övladlarının arxasında özü təkbaşına durmalıdır.

 

Nədənsə bu vaxt heç kimin ağlına gəlmir ki, bu zavallı qadın adətən pafosla vəsf edilən “zərif cinsin nümayəndəsi”dir.

 

Haqqında danışacağım qadın da beləcə kişi xarakterinə malik olmağa sadəcə məhkumdur. O, ərindən ayrılandan sonra (30 il əvvəl) yalqız bir həyat keçirib. Əslində ailə həyatı cəmi 5-6 il sürüb. Bu müddətdə övladı olmayıb. Amma qadın övlad, ailə istəyində olub, onun qayğısına qalacaq, ona özünü qadın kimi hiss etdirəcək həyat yoldaşı arzulayıb, amma qohum-qardaşın tənəsindən qorxaraq yenidən ailə qurmaq istəyindən vaz keçib. Yaxınlarının gözündən düşəcəyindən, əxlaqına xələl gələ biləcəyindən ehtiyat edib.

 

Qohum-qardaş da həyatın enişli-yoxuşlu yollarında onun büdrəyə-büdrəyə təkbaşına addımlamasını alqışlayıb, “mərd qadın”, “kişi kimi qadın” deyə “tərif ediblər”. Heç biri ağlına da gətirməyib ki, bu qadın təkbaşına nələr çəkir, içində hansı duyğular bəsləyir. Bəlkə də xəyallarında hər gün içində bir övlad doğulub, amma qohum-qardaşın qorxusundan tez-tələsik onu içinə gömüb.

 

İndi həmin qadın 60 yaşlarındadır. Həyat və ümidlər arxada qalıb. Hər gün işdən sonra onu evdə soyuq qaranlıq qarşılayır. O qaranlığa onu qara-güruhun kif qoxuyan düşüncələri, ağzıgöyçəklərin tənəli baxışları, iynəli atmacaları məhkum edib.

 

Qadın da içindəki və dışındakı qaranlığa beləcə tabe olub.

 

Bu da sizə həyat. “Bir saçını ağ, bir saçını qara hörmüş” qadının dramı.

LENT

23 Oktyabr 2017
22 Oktyabr 2017
21 Oktyabr 2017
20 Oktyabr 2017
19 Oktyabr 2017