Yüngül öpüş, ürkək tumar... – Elxan Zalın SEVGİ ŞEİRLƏRİ

Yüngül öpüş, ürkək tumar... – Elxan Zalın <span style="color:red;">SEVGİ ŞEİRLƏRİ
26 iyun 2017
# 14:00

Bu gün tanınmış şair-tərtcüməçi Elxan Zalın doğum günüdür. Kulis.az bu münasibətlə onu təbrike dir və sevgi şeirlərindən bir silsilə yayımlayır.

***

hər səni düşünəndə duyuram sonsuzluğu,

hər sənə toxunanda əbədiyyət görünür.

yakamoz sayrışdıran sevgi okeanının,

sahilində qumlara yazıram mən adını.

hər dəfə yatağından qalxıram günəşsayaq,

hər gün doğulmayan eşq öləziyən işıqdır.

sən eşqin səmasında gəzmə bir ayrı məna,

heç bir şey gərək geyil eşqə eşqdən savayı.

Sevilmək istəyi ac yaquardı

hava yumşaq olur yağışdan sonra,

söhbət qurtarsa da, qurtarmır cığır.

yanaşı iz qoyan ayaqlarımız,

yoğurur təzəcə yaz palçığını.

maral buynuzudur yerə taxılmış,

əncir ağacının bahar qoxusu.

son vaxtlar bağlardan didərgin düşüb,

lotu bıçağıyla, bandit qorxusu.

yığır qazancını könül bankına,

gizli gəzməmizin öpüş qumarı.

bir sonet çaldırır Şumansayağı,

toranlı bağların axşam tumarı.

hava yupyumuşaq, həyacanı bərk,

sevilmək istəyi ac yaquardı.

sənin ürkək-ürkək toxunmaların,

axşam sükutunu caynaqla yardı.

bu sevda qurtarmaz, bu gəzmə bitməz,

nə olar, qoy getsin sonuncu marşrut.

islaq yarpaqların aralarından,

bizə əl eləyir dostumuz bulud.

***

şüşədə kölgə var, qəlbimdə səs var,
bu otaq, bu yataq xəyaldı yoxsa?
üstümə yeriyir susqun divarlar,
hər şey yerindədir, sən isə yoxsan.

kədərim asılıb ayaqlarından,
kədərim naləli anadilimdir.
lianlı - söyüdlü eşq parklarında,
ölən xatirələr dilim-dilimdi.

o ölən anlarda sən yaşayırsan,
bir də yaz, bir də mən, bir də ikimiz.
ulduz gecələri nur daşıyırsa,
biz asan çəkirik hicran yükünü.

həsrət günlərinin gözləri yaşıl,
həyatın sonudur həsrətin sonu.
hər səni ananda, xoş müjdə quşu,
dərdin divarını dimdiklə yonur.

Axşam dərin, Umay uzaq

pəncərə ardında axşam,

sərin sularda sərinlik,

ürkək bulud ilxıları didik-didik.

sıralanıb göy üzünə acılardan bir alay.

Ay, Ay,

can soyudan Ay

sap sallayır qaranlığa,

bir anlığa mürgü vurarkən şəhər.

kəhər kişnərtisi qulaqlarda

və uzaqlarda bozqır kabusu karvan.

yollar gedir, dayanır an,

gizli səma qapıları açılırlar taybatay,

dilimdə dua var, duamda Umay.

necə məhrəmdir bu axşam,

şəfqət Ay sükutuna ilişik.

uyqu qaçışında buza, duyğu yerişində pişik.

həzin bir müəzzin ovqatı sokaklarda,

və uzaqlarda bozqır kabusu karvan.

mənim axşam dualarım girir gizli qapılardan.

eşit məni eşit Umay!

Ay, Ay,

can soyudan Ay

gizli qapılar üstündə fanar.

ulduz yanar acısında duların,

ulduz yanar səkkizqıraq.

axşam dərin, Umay uzaq.

Mart həsrəti

dilləndir, dilləndir susmuş fleytanı,
bəlkə söyüdlərin saçı darana
bu sonsuz gecənin nəmli haytası,
dönüb duyğuların dərd çidarına.

qurtardı quşların nəğmə saatı,
pişiklər yatışır mart həsrətində.
dəmir başmağını yırtan əsatir,
indi nəğmə qoşur səhərə tində.

rəng-rəng tüstülənir yol işıqları,
yaşmaqlı gecələr utancaq olub.
elə bil qaraçı alaçıqları,
yuxulu səhrada səhv salıb yolu.

getdi son avtobus, nəymiş təsəlli,
bu, nə yolçuluqdu, müsafiri yox.
biz saziş bağladıq dövlət məsəlli,
bəs niyə yanımda bir səfirin yox.

uçmağa həvəsli üzüntülər var,
gəl aç, könlümdəki qara qaytanı.
hərdənbir nəğməsiz qalsam, nə olar,
dillənir, dilləndir susmuş fleytanı.

Çiskinli müzik

qara manto, ağ urbaşqa,
bu şəhərin nağılları
bambaşqadır, bambaşqa.

daş və beton meşəsində,
yarıməxfi bir kabare,
şərqi deyir Zəki Müren.

üstümüzə damcı-damcı
axır müzik,
neftə bulaşmış şəhərdə,
ən duyğulu anıların
notlarını yazan bizik.

kokteylli söhbətlərə isti qatır
bir az qəhvə, bir az brendi,
duyğuların dans çağında
aralığa toran endi.

titrək bir an,
utancaqlıq sınırında
dayanmadan
yana qoydu qolçasını,
bir az açdı qılçasını.

yüngül öpüş, ürkək tumar,
çılpaqlandı xumar-xumar,
dodaqlar üstündə boya,
yavaş-yavaş döndü suya.

könülləri loğmalanmaq,
bundan şirin olurmu ya?
istəyirəm vaxt uzansın,
istəyirəm gəlməsin son,
bu qapını açma qarson,
açma qarson.

# 788 dəfə oxunub

Oxşar xəbərlər

Avtobusdakı dayının ağ corabları - Ulucay Akif

Avtobusdakı dayının ağ corabları - Ulucay Akif

14:36 24 aprel 2024
Necə yazmaq lazımdır?

Necə yazmaq lazımdır?

12:00 22 aprel 2024
Şəms Təbrizini kim öldürdü? - Bir qeybin anatomiyası

Şəms Təbrizini kim öldürdü? - Bir qeybin anatomiyası

12:00 19 aprel 2024
Adamın buna kitab deməyə dili gəlmir...

Adamın buna kitab deməyə dili gəlmir...

12:30 15 aprel 2024
Onlar üçün müqəddəs heç nə yoxdur...

Onlar üçün müqəddəs heç nə yoxdur...

17:00 10 aprel 2024
Bu mətnin niyə qələmə alındığını başa düşmədim

Bu mətnin niyə qələmə alındığını başa düşmədim

14:28 10 aprel 2024
#
#
# # #