Şərif Ağayarı niyə zəhərləyərdim?

Şərif Ağayarı niyə zəhərləyərdim?
22 iyun 2017
# 17:00

Adamların zayı çıxıb

Adamları yemək olmur

Əslində günü-gündən artan qətl xəbərlərinin sayından çox, motivləri düşündürücüdür. Əvvəllər qətlləri soyğunçuluq, qısqanclıq motivasiya edirdisə, indi çox sadədir: duzu stola qoymadığına görə, qapını gec açdığına, uşağı susdura bilmədiyinə və dünən qatilin dediyi kimi-eyninə düşdüyünə görə adamlar bir-birini öldürür. Çünki, qətllər gərginliyin çıxış anıdır, daha doğrusu, bunlar baş tutmuş qətllərdir. Yoxsa ki, gündəlik həyatımızda nə qədər baş tutmamış qətllər var. Əlimizin altında düymələr olsa neçəsinə sıxarıq tətiyi-səsi ilə zəhləmizi tökənlər, eqosu ilə qıcıqlandıranlar, metroda öpüşənlər, yerə tüpürənlər, qapını hər dəfə açıq qoyanlar, çəp baxanlar, qısa şortik geyənlər, başına çalma bağlayanlar, bağlamayanlar -lar, -lər ...

Bütün baş tutmamış qətllər uğursuz adamları bir də uğursuz qatillər edir.

Bu qətllər azad olmaq istəyidir. Qurtula bilməyən insanın çabalarıdır-özünü öldürən, başqasını öldürən insanın...

Bəlkə təhkimli olduğumu hiss etsəm təzə baş redaktorumuz Şərifə zəhər verərəm, Mirmehdi Ağaoğluna sarı dönmədən tapançanı sıxıb atəş açaram, Səbuhi Məmmədliyə insan sağlamlığına ziyan olan yaşıl çay verərəm, Ayxan Ayvaza eləcə gicgahından zərbə endirərəm-Trierin öz qısametrajında kinoteatrda yanında əyləşən kişini çəkiclə öldürməsi kimi...

Keçmişdə də belə idimi? Yoxsa həyat daha çevikləşib, informasiyalaşır dünya-ona görə bu qədər çox qətl eşidirik?

İnformasiya çoxluğu, sosiallaşma öz məzmununa görə insanın özünə olan hörmət hissini aşağı sala bilərmi? Bunu olsa –olsa bu günün teatr, kino qəhrəmanlarında görə bilərik. Tolstoyun katarsis keçirən qəhrəmanları keçmişdə qalıb. Bu günün qəhrəmanları həm də heçliyə azim olan, bu qısa arada həyatdan intiqam almaq istəyən, selfie çağının “kopiya” qəhrəmanıdır. Yəni orijinaldan uzaqdır – özü olmaq məsuliyyətindən və xoşbəxtliyindən məhrumdur; O, gerçəkliyin təklif etdiyi kopiyadır. Yəni müasir insanın özünə hörmət edən insan sələfi ilə bağları qopmaqdadır, o, özünə gerçəkliyin, sosial həyatın məhsulu kimi baxır. Kopiyanın münasibəti orijinal ola bilərmi?

Bu mənada digər hissləri kimi onun özünə hörmət hissi də orijinal deyil.

Özünə hörmət hissi olmayan başqasına, başqasının həyatına necə hörmət edə bilər? Bəlkə həyat bilgisi kitabında ibadət bilgilərindən, böyüyə hörmətdən əvvəl uşaqlara özünə hörmət hissi aşılamaq lazımdır? İnsanın heç bir şey etməzkən, necə deyərlər duran yerdə hörmətə layiq olduğunu. Onda nəinki insanın, istənilən canlıya, onun həyatına hörmət hissi uşağı bəlkə də bir ömür boyu tərk etməz. Və bəlkə onun sosial şərtlərin məngənəsindən qopmağa gücü yetər. Hansı şərtlərdir onlar? Yaşamaq şərtləri, yaşamaq üçün pul qazanmaq şərtləri, ətrafdakılarla ayaqlaşmaq şərtləri, “müsəlmançılıq” şərtləri, insanı azad olmağa qoymayan, əzən gerçəklik şərtləri...

Özün özünə hörmət edə biliriksə, uşaqlarımız da edəcək. Özümüz xoşbəxt ola biliriksə, onlar da olacaq. Özümüz azad ola biliriksə, onlar da olacaq. Ola bilmiriksə, hər dəfə qiyam edəcəyik - kriminal səhifələrdə, xəbər başlıqlarında, cinayət verilişlərində. Onlar da edəcək...

# 2405 dəfə oxunub

Oxşar xəbərlər

Qarğıdalı satan Adəm necə məşhurlaşdı?

Qarğıdalı satan Adəm necə məşhurlaşdı?

15:00 18 mart 2024
Biz niyə manqurtlaşırıq?

Biz niyə manqurtlaşırıq?

14:00 18 mart 2024
Baba bəy Şakir tərkedilmişlərdəndir...

Baba bəy Şakir tərkedilmişlərdəndir...

17:00 27 yanvar 2024
Cəfərqulu xan Natəvanı niyə sevmirdi?

Cəfərqulu xan Natəvanı niyə sevmirdi?

12:00 27 yanvar 2024
Çox istərdim ki, bu roman qadağan edilsin!

Çox istərdim ki, bu roman qadağan edilsin!

16:11 26 yanvar 2024
Xalam torpağı balası kimi qucaqlayırdı...

Xalam torpağı balası kimi qucaqlayırdı...

12:00 23 yanvar 2024
# # #