Atamın son anları

Atamın son anları
19 iyun 2017
# 09:42

Kulis.az yazıçı Ayxan Ayvazın “Atalar günü” münasibəti ilə yazdığı kiçik xatirəni təqdim edir.

Biz onda Razində kirayədə qalırdıq. Həmin gün atam qardaşımla Şabanın filminə baxırdı. Keçdim otağıma, internetə girdim. Bir az keçməmiş atam qapımı açdı və soruşdu ki, nə işlə məşğulsan? Dedim ki, Rafiq Tağı ilə danışıram. Salam göndərdi, dedi, yat sabah dərsə gedəcəksən. Gec yatan idim, təzəcə yerimin içində yuxuya getmişdim ki, qapı açıldı və anam tələsə-tələsə dedi ki, dədənə nəsə olub.

Onlar yerdən döşək salıb yatırdılar. Ayvazı görəndə sancılandım elə bil, o isə mənə baxıb gülümsündü. Tualetə getmək istəyib, qalxanda başı yavaşca divara dəyib. Tez-tez başını göstərir, mızıldayırdı. Ayaqları tutulmuşdu. Anamla köməkləşib qaldırdıq, ayaqda dura bilmədi. Sonra termosu gətirib isti suyu ayağına tökdüm, heç nə hiss eləmədi. Qəfil böyrümdə anam hıçqırdı, insult keçirib dedi. Qışqırdım üstünə, dedim, axmaq-axmaq danışma. Düşünmüşdüm ki, yəqin içib, çünki anamın gətirdiyi ləyənə qaytardı. Sevindim əslində onun qaytarmağına.

Sonra bacım gəldi, gözlərini ovxalaya-ovxalaya. Onu yanına çağırdı və belə dedi: “Mən gedirəm, sağ ol”. Anam yenə ağladı, dümsüklədim ki, bacımı qorxutmasın, heç nə olmayıb. Birdən atam çay istədi, bacıma dedi ki, get gətir. Gecə saat dörd, ya beş olardı. Mənə baxıb güldü, bunları yazarsan dedi, gözüm doldu, tez üzümü başqa tərəfə çevirdim. Bu vaxt bacım əlində çay içəri girdi. Mən onun dirsəklənməsi üçün kömək etdim, anam stəkanı ağzına yaxınlaşdırdı. Bir-iki qurtum içib gözlərini açıb-bağladı. Gedib təcili yardıma zəng vurdum.

Atam nəsə danışmağa başladı. Əvvəl bir az başa düşülürdü. Təxminən belə: “Mən istədim durum ayağa...” Sonrakı sözlər yarımçıq, yeyilmiş, rabitəsiz oldu. Axır-axırda həkim gələndə ümumiyyətlə, nə dediyini anlaya bilmədik. Qardaşım da oyanmışdı onda. Köməkləşib aşağı düşürtdük, təcili yardım maşınına qoyanda əlimdən tutdu. Həkim dedi ki, insultdu, amma qorxma, ölməyib.

# 910 dəfə oxunub

Oxşar xəbərlər

Qarğıdalı satan Adəm necə məşhurlaşdı?

Qarğıdalı satan Adəm necə məşhurlaşdı?

15:00 18 mart 2024
Biz niyə manqurtlaşırıq?

Biz niyə manqurtlaşırıq?

14:00 18 mart 2024
Baba bəy Şakir tərkedilmişlərdəndir...

Baba bəy Şakir tərkedilmişlərdəndir...

17:00 27 yanvar 2024
Cəfərqulu xan Natəvanı niyə sevmirdi?

Cəfərqulu xan Natəvanı niyə sevmirdi?

12:00 27 yanvar 2024
Çox istərdim ki, bu roman qadağan edilsin!

Çox istərdim ki, bu roman qadağan edilsin!

16:11 26 yanvar 2024
Xalam torpağı balası kimi qucaqlayırdı...

Xalam torpağı balası kimi qucaqlayırdı...

12:00 23 yanvar 2024
#
#
# # #