Dostoyevski banaldır! – Nabokovdan rus nəsri haqqında AMANSIZ TƏNQİD

 

 

Bu günlərdə Qismətin tərcüməsində Vladimir Nabokovun “Rus ədəbiyyatından mühazirələr” kitabı çapdan çıxıb. Kulis.az kitabdan Nabokovun Qoqol, Dostoyevski, Tolstoy və başqa rus yazıçıları haqqında bəzi qalmaqallı fikirlərini təqdim edir.

 

 

 

Qoqol haqqında:

 

Image result for Николай Гогол

 

“...Tolstoy romançılıqda əxlaqi, mistik və pedaqoji ehtiraslarına təslim olanda, dühası çoxdan oturuşmuşdu; yazılarının ölümündən sonra çap edilən parçaları göstərir ki, Tolstoyun sənəti Anna Kareninanın dünyadan köçüb getməsindən sonra da inkişaf edirdi. Amma Qoqol çox az kitab yazmış bir adam idi və “Müfəttiş”, “Şinel” və “Ölü canlar”ın birinci hissəsi ilə qalxdığı zirvədən sonra, həyatının kitabını yazmaq üçün qurduğu planlar istedadının öləziməyə başladığı dönəmə düşdü.

 

Qoqolun vaizlik dönəmi “Ölü canlar”da bəzi düzəlişlər etməsiylə başlayır; bu düzəlişlər qəribə şəkildə gələcəkdəki böyük bir ülviyyətə işarə etməkdədir. Xaricdən dostlarına yazdığı məktublardakı cümlələrinə dini üslub çökmüşdü: “Eyvahlar olsun sözümə qulaq asmayanlara! Bircə dəfəlik də olsa hər şeyi buraxın, buraxın boş vaxtlarınızda içinizi tərpədən bütün həzzləri. Mənə itaət edin: Bir il, sadəcə bir il boyunca əyalətdəki mülkünüzün işləriylə əlləşin”.

 

Qoqolun sadəcə o qaraqabaq mülkədarların və naşükür məmurların təzədən əyalətdəki vəzifələrinə, torpaqlarına və toxumluqlarına qayıtmaları üçün yox, eyni zamanda ona öz müşahidələrini qısaca ötürməkləri üçün, böyük, həddindən artıq böyük bir həvəs içində olması maraqlıdır. İnsan şübhələnir ki, onun beynində, Pandora qutusuna bənzəyən o beynin arxasında, əyalət Rusiyasının əxlaqi və iqtisadi həyat şərtlərindən daha önəmli gördüyü bir şey var; elə bil ki, kitabı üçün “həqiqi”, vasitəsiz bir material əldə etməyə çalışır; çünki bir yazıçının düşə biləcəyi ən pis vəziyyətə düşmüşdü: faktları təsəvvür etmək qabiliyyətini itirmiş, faktların öz-özünə də var ola biləcəyi qənaətinə gəlmişdi.

 

... Özünüzdən nəsə qatmadan kiməsə telefon nömrənizi belə verə bilməzsiniz. Amma Qoqol insanlığı sevdiyini və buna görə də insanlığı tanımaq istədiyini söyləsə də, ona nəsə verənin şəxsiyyəti ilə çox da maraqlanmırdı. İstəyirdi ki, əlindəki faktlar tamamilə çılpaq olsun; eyni zamanda, sadəcə rəqəm silsilələri yox, bütünlüklə qısa müşahidələr silsiləsi istəyirdi. Bəzi anlayışlı dostları yazıçının istəklərinə könülsüzcə boyun əymiş, işə girişərək əyalətdə, kəndlərdə nələr baş verdiyini ona məktubla çatdırmışdılar. Amma yazıçıdan təşəkkür yerinə, xəyal qırıqlığı və bezginlik dolu bir inilti yüksəlmişdi; çünki məktubları yazanlar Qoqol deyildilər. Gördüklərini təsvir etmələrini istəmişdi, eləcə təsvir etmələrini. Onlar da eynən bu cür etmişdilər. Qoqol əlindəki materialla donub qalmışdı, çünki dostları yazıçı deyildi; yazıçı dostlarına da müraciət edə bilməzdi, çünki onda əlinə keçən faktlar çılpaq olmayacaqdı. Əslində bütün baş verənlər, “çılpaq fakt”, “gerçəkçilik” kimi terminlərin nə qədər axmaq şeylər olduğunu açıq şəkildə göstərməkdədir. Qoqol “realist”iymiş! Belə yazılmış dərs kitabları var...”

 

 

Turgenev haqqında:

 

Image result for Тургенев

 

Onun roman və povestlərinə min bir zəhmətlə yazdığı epiloqlar hədsiz dərəcədə süni görünür, müəllif oxucu marağını təmin etmək üçün, böyük çətinliklə bədii deyə biləcəyimiz tərzdə qəhrəmanlarının taleyini nəzərdən keçirir. O, böyük yazıçı olmasa da, çox ürəyə yatandır. O, heç vaxt “Madam Bovari” yüksəkliyinə qalxmamışdı və Turgenevlə Floberi eyni ədəbi istiqamətə aid etmək açıq-aşkar yanılmadır. Nə onun həmişə dəbdə olan ictimai ideyadan yazmağa hazır olmasını, nə də banal süjetlərini (həmişə çox primitiv) Floberin sərt yaradıcılığı ilə müqayisə etmək mümkün deyil. Turgenev, Qorki və Çexov xaricdə xüsusilə məşhurdurlar. Lakin onlar arasında heç bir təbii əlaqə yoxdur. Buna baxmayaraq, Turgenev nəsrindəki ən pis cəhətlərin Qorkinin kitablarında tam əksini tapdığını, ən yaxşılarının isə (rus mənzərəsi) Çexovda heyrətamiz şəkildə inkişaf etdiyini görmək mümkündür.

 

... O, kifayət qədər süni və hətta axsayan təhkiyəçidir; həqiqətən öz qəhrəmanlarının izi ilə getdiyi bir hekayəsində o, axsamağa başlayır, “İki mülkədar” hekayəsindəki personaj kimi. Onun istedadına görə təxəyyülü, yəni təsvir sənətində nail olduğu orijinallıqla müqayisə ediləsi təbii təhkiyəçilik qabiliyyəti çatmırdı. Yəqin bu əhəmiyyətli çatışmazlığın fərqində olaraq və ya sənətkara yıxıla biləcəyi yerdə büdrəməyə izn verməyən bədii özünüqoruma instikti ilə, hərəkətləri təsvir etməkdən qaçırdı, daha doğrusu, hərəkətləri təfərrüatlı təsvir etmirdi. Buna görə onun povest və hekayələri demək olar ki, bütövlükdə müxtəlif dekorasiyaların, möhtəşəm qısa bioqrafiyalarla və ya nəfis kənd mənzərələri ilə kəsilən gözəl, uzun söhbətlərin fonundakı dialoqlardan ibarətdir. Lakin o, yolundan dönüb qədim rus parklarından və bağlarından kənarda gözəllik axtaranda, çox şirin-çay görünürdü.

 

 

Dostoyevski haqqında:

 

Image result for Достоевски

 

Mən Dostoyevskidən danışanda bir qədər narahatlıq hiss edirəm. Adətən mühazirələrimdə ədəbiyyata özümə maraqlı olan yeganə bucaqdan, yəni dünya incəsənətinin nümunəsi və şəxsi istedadın təcəssümü kimi baxıram. Bu rakursdan Dostoyevski böyük yox, kifayət qədər adi, yumor işartıları olsa da, heyf ki, ədəbi banallıqlarının ərazisi geniş olan yazıçıdır. “Cinayət və cəza”da Raskolnikov naməlum səbəblərdən sələmçi qarını və onun bacısını öldürür. Ədalət amansız müstəntiq obrazında yavaş-yavaş ona yaxınlaşır və sonda elədiyi işi hər kəsin qarşısında etiraf etməyə məcbur edir, sonra isə nəcib fahişənin sevgisi onu mənəvi yüksəlişə çatdırır. Bu vəziyyət, kitabın yazıldığı 1866-cı ildə o qədər də bayağı görünmürdü, indi isə maariflənmiş oxucu nəcib fahişələrə məftun olmağa meylli deyil. Lakin mənim çətinliyim bundadır ki, hazırda müraciət etdiyim oxucuların hamısı ziyalı adamlar deyil. Hətta deyərdim ki, onların üçdə biri əsl ədəbiyyatı psevdo-ədəbiyyatdan ayırd etmir və onlar üçün Dostoyevski, tarixi amerikan romanları kimi müxtəlif cəfəngiyatlardan, adı “İndidən əbədiyyətədək” olan əsərlərdən, yaxud buna bənzər axmaq şeylərdən daha səmimi və bədii görünəcək. Buna baxmayaraq, mən kursumda həqiqətən böyük yazıçıların əsərlərini təfərrüat ilə təhlil etmək niyyətindəyəm – Dostoyevskinin tənqidi də məhz belə yüksək səviyyədə olmalıdır.

 

...Dostoyevskinin əsərlərində görünən emosional və qotik ünsürlər, melodramatik sentimentallığa keçən dini mərhəmətlə birləşir. “Sentimentallığı” “həssaslıqdan” ayırmaq lazımdır. Sentimental adam şəxsi həyatında həddən artıq qəddar ola bilər. İncə hissiyyatlı adam isə heç vaxt qəddar olmur. Proqressiv bir ideya üçün hönkürüb ağlamağa qadir olan sentimental Russo, öz övladlarını müxtəlif uşaq evlərinə və iş evlərinə paylaşdırmış, sonralar onların taleyində heç bir rol oynamamışdı. Sentimental qarımış qız tutuquşusuna ləziz yemlər verə və qardaşı qızını zəhərləyə bilər. Sentimental siyasətçi heç vaxt Analar gününü ötürməz və öz rəqibinin öhdəsindən amansızlıqla gələr. Stalin uşaqları sevirdi. Opera, xüsusilə “Traviata” Lenini hönkürtü ilə ağlamağa vadar edirdi. (...) Dostoyevski heç vaxt sentimental romanların və qərb detektivlərinin təsirindən qurtula bilmədi. Onun çox sevdiyi konflikt məhz sentimentalizmə aparır: qəhrəmanı alçaldığı vəziyyətə salıb ondan maksimum mərhəmət əldə etmək.

 

... Dostoyevskinin zövqsüzlüyü, daima pre-freyd kompleksli insanların ruhlarında eşələnməsi, çığnanmış insan ləyaqətini faciə ilə doyuzdurması – bütün bunlara heyran olmaq asan deyil. Onun qəhrəmanlarının “günahdan keçərək Məsihə çatması” və ya Bunin dediyi kimi, Dostoyevskinin “Məsihi yeri gəldi-gəlmədi hər yerə soxuşdurması” mənə ziddir.

 

Mən qırx beş il əvvəl ilk dəfə “Cinayət və cəza”nı oxuyanda on iki yaşım var idi və bunun qüdrətli, həyəcanverici kitab olduğunu düşünmüşdüm. On doqquz yaşım olanda, Rusiyadakı Vətəndaş müharibəsinin dəhşətli illərində onu yenidən oxudum və anladım ki, bu, uzunçu, dözülməz dərəcədə sentimental və pis yazılmış kitabdır. İyirmi səkkiz yaşında kitaba yenidən qayıtdım, çünki həmin vaxt Dostoyevskidən də bəhs etdiyim bir kitab yazırdım. Dördüncü dəfə isə onu Amerika universitetlərində mühazirələrə hazırlaşarkən oxudum. Və yalnız bu yaxınlarda bu əsərin məni narahat edən tərəfini tapdım...

 

 

Tolstoy haqqında:

 

Image result for Лев Толстой

 

Tolstoya çox adam izaholunmaz hisslərlə yanaşır. Ondakı sənətçini sevir, vaizliyindən yorulur; amma eyni zamanda, moizəçi Tolstoyu sənətçi Tolstoydan ayırmaq da son dərəcə çətindir – həmin qalın, tələsməyən səs, bir xəyal buludunu, ya da bir düşüncəni daşıyan həmin güclü çiyin. Bilirsiz insan neyləmək istəyir? İstəyir ki, (...) onu çəlləklər dolusu mürəkkəblə, dəstə-dəstə kağızla bir adada daşdan bir evə kilidləsin – kilidləsin ki, diqqətini Annanın ağ ənsəsində qıvrılan qara saçdan uzaqlaşdıran bütün etik, pedaqoji fikirlərdən daşınsın...

 

...Tolstoy zamanı obyektiv şəkildə çatdırmağa çalışarkən, əslində olduqca diqqətsiz davranır. Diqqətli oxucular “Hərb və sülh”də, ya çox sürətlə böyüyən, ya lazımından ləng böyüyən uşaqlar tapa bilərlər. (Eynən Qoqolun geyim-keçim məsələlərinə göstərdiyi həssaslığa rəğmən, “Ölü canlar”da Çiçikovun yayın ortasında ayı dərisinə bürünməsi kimi). Dərsimizin gedişində məlum olacaq ki, “Anna Karenina”da da zamanın buzlu yollarında qorxunc sapmalar var.

 

...kitabda müzakirə predmeti edilən, xüsusilə Levinin əkinçiliyinə dair kənd təsərrüfatı problemləri, rusca bilməyən oxucular üçün çox darıxdırıcıdı və heç birinizin bu mövzuyla dərindən maraqlanacağını zənn etmirəm. Sənətçi kimi Tolstoy bu problemlərə bu qədər çox səhifə ayırmaqla səhv edir; üstəlik, bunlar bir müddət sonra keçərsiz olmağa məhkum şeylərdisə, konkret tarixi dönəmlə bağlıdırsa, özü də ki, Tolstoyun bu məsələlərlə bağlı düşüncələrinin zamanla dəyişdiyini düşünsək... 1870-ci illərin kənd təsərrüfatı problemlərində Annanın, ya da Kitinin hisslərinin, ya da onların davranışlarını hazırlayan səbəblərin əbədiyyətə qədər davam edəcək cazibədarlığından əsər-əlamət yoxdur.

 

 

Çexov haqqında:

 

Image result for Чехов

 

Bir dəfə bir naşir mənə demişdi ki, hər bir yazıçının daxilində hardasa müəyyən rəqəm həkk olunub; bu rəqəm yazıb ondan o yana keçə bilməyəcəyi maksimum kitab səhifəsidir. Yadımdadır ki, mənim rəqəmim 385 idi. Çexov heç vaxt uzun roman yaza bilməzdi, o stayer yox, sprinter idi. O, sanki dühasının hər yerdən mənimsədiyi həyat naxışını uzun müddət fokusda saxlaya bilmirdi; onun canlı gözəlliyini yalnız hekayəyə kifayət edəcək qədər saxlaya bilərdi, lakin uzun və ətraflı təhkiyə üçün lazım olan detalları saxlaya bilməzdi. Onun dramatik bacarıqları – novellistin bacarıqlarıdır; pyeslərinin çatışmazlığı tamhəcmli romanlar yazacağı halda üzə çıxacaq çatışmazlıqlarla eyni idi. Çexovu nəyə görəsə “ Gi de Mopassan” adlandırılan ikinci dərəcəli fransız yazıçısı ilə müqayisə edirdilər; bədii cəhətdən belə müqayisə Çexova təhqir olsa da, onların bir ortaq cəhəti var idi: hər ikisinin nəfəsi qısa idi.

 

... Onun lüğəti yoxsul idi, söz birləşmələri demək olar ki, banal idi; gümüşü sinidə təqdim edilən şirəli feil, oranjereya sifəti, nanəli-qaymaqlı epitet – bütün bunlar ondan uzaq idi. O, Qoqol kimi söz virtuozu deyildi, onun İlham pərisi həmişə gündəlik paltar geyinirdi.

 

 

Qorki haqqında:

 

Image result for Максим Горкий

 

Öz qulağımla ən ağıllı adamların sentimental hekayəcik olan "İyirmi altı kişi və bir qız"i əsl şedevr adlandırdığını eşitmişəm. Bu iyirmi altı qaçaq növbəti çörəkxananın zirzəmisində işləyirlər; kobud, yöndəmsiz, murdarağız kişilər hər gün onlardan çörək almağa gələn gənc xanımı demək olar ki, dini zövqlə əhatə edirlər, sonra isə bir əsgər bu qadını başdan çıxaranda onu ələ salırlar. Oxucuya yenilik kimi gələn də bax budur. Lakin yaxından baxanda məlum olur ki, sən demə bu hekayə adi melodramın və ya ənənəvi səthi sentimental janrın ən pis variantlarından biridir. Onda nə canlı bir söz, nə bircə orijinal ifadə var, yalnız diqqəti cəlb edəcək dərəcədə qarışdırılmış hazır ştamplar, başdan ayağa az miqdarda hisli şərbət. Buradan qondarma sovet ədəbiyyatına doğru bircə addım var. 

LENT

23 Oktyabr 2017
22 Oktyabr 2017
21 Oktyabr 2017
20 Oktyabr 2017
19 Oktyabr 2017