Azərbaycanlı gəncin toy dərdi

Hələ orta məktəb partası arxasında kitab oxuduğum dövrlərdə M.F. Axundovun “Sərgüzəşti mərdi-xəsis” (“Hacı Qara”) əsərinin qəhrəmanlarından olan Heydər bəyin faciəsi məni ağrıdırdı. Sevgilisi Sonaya qovuşmaq üçün tələb  olunan  başlıq parasını tapa bilməyən  Heydər bəy qaçaqmalçılığa, indiki dillə desək, quldurluğa, oğurluğa getməyə məcbur qalır.

 

1928-ci ildə Cəfər Cabbarlı həmin əsər əsasında ssenari yazır və  A.M.Şərifzadə “Hacı Qara” (“Sona”) adlı film çəkir. Düzdü, Cabbarlı ssenaridə xeyli dəyişiklik eləyir. O, ssenarini  əsasən Heydərlə Sonanın faciəsi üzərində qurur. Filmdəki Heydər quru bəy deyil, kəndlidir. Sovet ideologiyası bəyi kəndliyə çevirmişdi. Heydər Sonanın atası Bayraməli bəyin istədiyi başlığı verə bilmədiyindən Hacı Qara ilə birgə qaçaqmalçılığa gedir. Lakin Sonaya gözü düşən Əliyar bəy artıq başlıq parasını vermiş, toy çaldırmaqdadır. Heydər bəy Sonanı toydan qaçırmaq məcburiyyətində qalır. Onları izləyən atlılardan canlarını qurtarmaq  istəyən sevgililər uçurumun ağuşuna atılırlar. Cabbarlı Axundovun əsərini hind filminə çevirsə də, təəssüf ki, o hind filmi  bugünkü həyatımızın da reallığını əks etdirir.

 

Kənddə yaşayan uzaq qohumlarımızdan biri özünə toy pulu düzəltmək üçün oğurluğa gedəndə və tutulanda Heydər bəy yadıma düşmüşdü.

 

Özünə toy eləmək üçün Heydər bəy kimi özünü oda-közə vuran, bəzən qanunsuz işlərə gedən gənclərin sayı çoxdur. Onlardan neçəsi ilə kriminal verilişlərdə tanış olmuşuq.

 

Bu gün Azərbaycanda bütün həyatımız, məişətimiz, iqtisadiyyatımız, təhsilimiz az qala bu toy adətlərinin üstündə qurulub. Bu, əməlli-başlı gəncliyin faciəsidi.

 

Qızları lap kiçik yaşlarından qorxuduruq ki, ağır oturub batman gəlməsən, səni almayacaqlar. Soyuq daşın üstündə oturub xəstələnsən, ayaqyalın gəzsən, uşaq doğmayacaqsan. Oğlanlara deyirik ki, oxumasan, gələcəkdə ailəni nə cür saxlayacaqsan? Ailə saxlamaq üçün oxuyan insan ölkəsinin inkişafı üçün hansı xidmətləri göstərə bilər? Hansı uğurları qazana bilər? O, öz ailəsindən başqa kimi düşünər?

 

Şadlıq evləri, gözəllik salonlarına sahiblənən,  qızıl alveriylə məşğul olan,  xınayaxdı mərasimləri keçirən, gəlinlik paltarlarının, gəlin maşınlarının  kirayəsi ilə baş girləyən adamların cibləri dolsun deyə gənclik ya kredit götürmək arzusuyla bankların qapısı ağzında yatıb durur, ya da Heydər bəy kimi qaçaqmalçılığa başlayır.

 

Bu günlərdə nişan eləmək üçün pul axtaran yaxın qohumum   mənə dedi ki, özəl sektorda çalışdığından, banklar ona kredit vermir. Bəlkə ona zamin durum. Yazar olduğumu eşidiblər, bir-iki dəfə məni televiziyada-zadda görüblər, elə bilirlər fərli-başlı adamam. Bəri başdan desəm ki, məni bu ölkədə milçək yerinə qoayan yoxdu, qohumum elə biləcəkdi ki, yalan deyirəm, ona kömək eləmək istəmirəm. Adama qoşulub banka getdim. Özümü bank işçisinə təqdim elədim, soruşdum ki, yaradıcı adamlar zamin dura, ya kredit götürə bilərmi? Dedilər, haşa! Yaradıcı adam ümumiyyətlə, bu bankın qapısından ayağını qoya bilməz! Yaxın qohumum da öz gözləri gördü ki, ona kömək eləməkdə acizəm.

 

Bankdan çıxdığımızda çarəsiz-çarəsiz üzümə baxıb quzu kimi mələdi: “Bəs mən neyləyim? Bu qız da iki ayağını bir başmağa dirəyib ki, payıza qədər nişan elə” Mən də yarı gerçək-yarı zarafat dedim: “Məncə, sən Heydər bəy kimi qaçaqmalçılığa yollan!”

 

Qohumum lap məzlum-məzlum baxdı üzümə. Başa düşdüm ki, binəva qohumum Heydər bəyi heç tanımır.

 

LENT

22 Noyabr 2017
21 Noyabr 2017
20 Noyabr 2017
19 Noyabr 2017