Yazıçılarımızdan hansı Nobel ala bilər? - SORĞU

Yazıçılarımızdan hansı Nobel ala bilər? - <span style="color:red;">SORĞU
2 iyun 2017
# 17:00

"Azərbaycan ədəbiyyatından hansı əsərlərin Nobel mükafatına layiq görülməsini istərdini?" - sualı ilə yazarlarımıza, ədəbi tənqidçilərimizə müraciət etdik.

Yunus Oğuz

- Xarici ölkələrdə hansı müəlliflərimiz oxunursa, onlardan hər biri bu mükafata layiq ola bilər.

İradə Musayeva

- Bayaqdan fikirləşirəm... Amma mənim arzumla deyil, nobelçilərlə müqayisə edə-edə ad fikirləşən zaman adekvat ad tapmaq olmur. Mən görmürəm hələ ki elə imza...

Elçin Hüseynbəyli

- Bu suala cavab verməkdə çətinlik çəkirəm. Çünki Nobel almaq üçün gərək bəyəndiyimiz əsərlər dünyanın aparıcı dillərinə tərcümə olunsun və təbliğ edilsin. Hələ ki, belə bir perspektiv yoxdur. Amma Nobelə layiq əsərlərimiz var...

Zahid Sarıtorpaq

- Fikrimcə, Nobel mükafatı öz nüfuzunu artıq itirib. Son iki ildə bu mükafatın kimlərə verildiyi dediklərimə sübutdur. Sadəcə olaraq deqradasiya, aşınma gedən ümumdünya dəyərlərindən kənarda qalmayan bu nüfuzlu mükafat da daha çox siyasi maraqların toqquşduğu məkan görüntüsü yaradır. Bu mənada düşünmürəm ki, Azərbaycanın hansısa dəyərli bir yazıçısını bir caz ustasıyla, rok ustasıyla eyni müstəvidə arzulamağa ehtiyac olsun... Bu mükafatın ancaq maddi tərəfi önəmli ola bilər, özü isə artıq çürük qoz effekti verir...

Şərif Ağayar

- Mən heç vaxt hər hansı yazıçının Nobelə namizəd göstərilməsi barədə düşünməmişəm. Çünki reallığı bilirəm. Ancaq düşünürəm ki, bizdə dünya üçün maraqlı olacaq imzalar var. Məsələn, İsa Hüseynov, Əkrəm Əylisli, Mövlud Süleymanlı, Səfər Alışarlı, Saday Budaqlı və.s. Təbii ki, yüksək dəyər verdiyim müasir yazarlar da var. Sadəcə indi hamı prosesin içindədir deyə ad çəkmək istəmirəm.

Cavanşir Yusifli

- Hər hansı bir mükafat ədəbiyyatı qiymətləndirmənin yalnız mükafat ölçüsüdür. Yəni, dəyər ölçüsü deyil. Bu baxımdan şübhəsiz ki, çox dəqiq şeylər demək olmur. Bizdə adamlar var ki, hər gün mükafat alırlar. Bir mükafatbazlıq sindromu da yaranıb ki, insanın yaradıcılığının dəyərini yalnız onunla ölçürlər. Əslində isə dəyər yalnız özünü yaradıcılıqda mükəmməl şəkildə ifadə eləmək və heç zaman "meymunu", yəni, Nobel mükafatını yada salmamaqdadır. Mükafata qaldıqda isə müəllif özü, ya da təşkilat əsərləri təqdim edir. Amma fikrimcə, kim bu mükafatı ala bilər dedikdə ağlıma birinci o gəlir ki, insan gərək birinci növbədə özünü aldatmasın. Çox adamların adlarını çəkmək olar. Amma poeziyadan, cavan nəsildən istərdim ki, Səlim Babullaoğlunun adını çəkim. Ötüb keçmişlərdən çox böyük şairlərimiz var - Rəsul Rza, Əli Kərim, Vaqif Səmədoğlu. Nəsrdə isə elə bir imza hələ ki, görmürəm. Mükafatdan qabaq, xüsusən də Nobeldən öncə torpaqları düşünmək lazımdı.

Murad Köhnəqala

- Boynuma alıram ki, müasir Azərbaycan ədəbiyyatına o qədər də bələd deyiləm. Ancaq gənclik illərimdə Ənvər Məmmədxanlının unudulmaz qəhrəman Babəkin həyat və mübarizəsinə həsr etdiyi "Babək" romanını hər bir yüksək ədəbi mükafata layiq görərdim.

Kenan Hacı

- Bizim birinci hədəfimiz dünyaya çıxmaq olmalıdır. Biz də dünyanın bir hissəsiyik, amma özümüz yazıb özümüz də oxuyuruq. Yaxın qonşularımızın bizim ədəbiyyatımız haqqında təsəvvürləri yoxdur. Bu, təəssüf doğurur. Yaxın ölkələrdə belə Azərbaycan ədəbiyyatı ilə tanışlıq çox aşağı səviyyədədir. Rusiya, Türkiyə kimi ölkələrdə bizim yazıçılar tanınmır. Bu məsələlər həllini tapmalıdır. Ondan sonra Nobel haqqında danışmaq lazımdır.

Natiq Rəsulzadə

- Nobel mükafatına kimi gəldi təqdim eləmək olmaz. Bu yaxınlarda elan olunmuşdu. Az qala JEK - in müdiri də namizədliyini irəli sürsün. Elə deyil. Bütün dünyada olduğu kimi PEN klub Nobel mükafatına namizəd təklif edir, ya da həmin ölkədən Nobel mükafatı alan şəxs öz ölkəsindən kimisə namizəd kimi təqdim edə bilər. Biz də isə Nobel mükafatı laureatı yoxdu, amma PEN klub var. Klubun ixtiyarı çatır ki, namizəd təklif eləsin. Düşünürəm ki, nasirlər arasında yox, şairlər arasında çox layiqli namizədlər var.

Təbii ki, istedadlı nasirlərimiz var. Amma dünya ilə müqayisə etdikdə - Qabriel Qarsiya Markes səviyyəsinə çatan yoxdu. Mən özüm də başda olmaqla hələ o səviyyədə nasir Azərbaycan ədəbiyyatında yoxdu. Çox gözəl, zəngin poeziyamız var. Mən düşünürəm ki, həqiqətən də belə bir imkan olsaydı şairlərdən namizədlik təklif edə bilərik.

Konkret şair, şeir adı çəkə bilməyəcəm. Amma Azərbaycan yazıçıları yavaş - yavaş dünya ədəbiyyat arenasına çıxır. Düşünürəm ki, layiqli və səviyyəli yazıçılar şübhəsiz ki, var. Azərbaycan nəsri dünya nəsri ilə müqayisədə cavandı. Bizim çox qədim poeziyamız var. Ona görə də əgər bu mükafata kimi təqdim edə bilərik sualına, mən şairlərdən namizəd göstərərdim. Bizim nəsr Axundovdan başlayır. Ona görə dünya nəsri ilə müqayisədə biz çox cavanıq. Cavan nəsrin kötükləri də bir o qədər dərin olmur. Bütün Şərqdə olduğu kimi, Azərbaycan poeziyası kötükləri dərindi. /olaylar.az/

# 756 dəfə oxunub

Oxşar xəbərlər

Avtobusdakı dayının ağ corabları - Ulucay Akif

Avtobusdakı dayının ağ corabları - Ulucay Akif

14:36 24 aprel 2024
Necə yazmaq lazımdır?

Necə yazmaq lazımdır?

12:00 22 aprel 2024
Şəms Təbrizini kim öldürdü? - Bir qeybin anatomiyası

Şəms Təbrizini kim öldürdü? - Bir qeybin anatomiyası

12:00 19 aprel 2024
Adamın buna kitab deməyə dili gəlmir...

Adamın buna kitab deməyə dili gəlmir...

12:30 15 aprel 2024
Onlar üçün müqəddəs heç nə yoxdur...

Onlar üçün müqəddəs heç nə yoxdur...

17:00 10 aprel 2024
Bu mətnin niyə qələmə alındığını başa düşmədim

Bu mətnin niyə qələmə alındığını başa düşmədim

14:28 10 aprel 2024
#
#
# # #