Onlar öz adlarının tarixçəsindən danışdılar - SORĞU

Onlar öz adlarının tarixçəsindən danışdılar - <span style="color:red;">SORĞU
23 may 2017
# 17:03

Adlarımızın tarixçəsi. Yəqin ki, hər kəsin adının maraqlı və özünəməxsus tarixçəsi var. Kulis.Az yazıçılarımızdan adlarının necə qoyulduğu haqda soruşub. Cavabları təqdim edirik.

Anar

Mənim adım “anmaq” felindəndir. Yəni xatırlayan. Xatırlayan Anar. Anası Nigar, atası Rəsul.

Əkrəm Əylisli

Bir müəllim vardı bizim kənddə. Bizə qohumluğu çatırdı. Böyük qardaşımın adını Cavid qoymuşdu. O vaxt Cavid sürgün olunmamışdı. Mənim də adımı Əkrəm qoydu. Bir türk şairinin adı imiş. Əylisdə ənənə belədir, ata-ana kəndin seçilən adamlarından, savadlı kəslərindən məsləhət eləyirdilər ki, uşağa nə ad qoyaq. Məni də eləcə soruşublar, müəllim də bu adı verib.

Səfər Alışarlı

Mən doğulanda müsəlman təqvimi ilə səfər ayı olduğu üçün adımı elə qoyublar. O vaxtlar bizim kəndlərdə adın estetikası haqqında düşünən olmazdı. Bizim kəndin yarısı Həsən, Hüseyn, Əli adı daşıyır. Çoxluqda o adamları bir-birindən seçmək üçün hərəsinə bir ləqəb yapışdırıblar. Mənə elə gəlir ki, bu hal təkcə bizim kənddə deyil, bütün ölkədə uzun müddət davam edib.

Xanəmir

Haqsızlığın qurbanı olan, heç nədən güdaza gedən, 44 yaşında dünyasını dəyişən babamın adını mənə nənəm Firəngiz qoyub. Kimsə məni adımla çağırsa, nədənsə elə zənn edərdim ki, başımda qulaqlı papaq var. Uzun müddət əli başımda gəzmişəm. Uşaq vaxtı adımdan xoşum gəlməsə də, orta məktəb illərində “Ulduz” jurnalında yayımlanan ilk şeirlərimin altında imzamı görəndən sonra adımdan əməlli-başlı xoşum gəldi. İki yerə bölərək ilk eksperimenti də adımda eləmişdim: Xanəmir yox, Xan Əmir.

Rəbiqə Nazimqızı

Nənəmin adıdır, əksər lüğətlərdə bu ada rast gəlinmir. Ərəb əsilli addır və daha çox tatarlar arasında işlənir. Tatar mənbələrində bu ad nəzakətli, mehriban, ünsiyyətcil kimi tərcümə olunur. Amma nənəm məşhur mətnşünas, ərəb-fars dillərini səlis bilən Əli Fəhmiylə bir yerdə - tibb institutunda oxuyub. O vaxtadək adının dəqiq mənasını bilməyib. Əli Fəhmi öyrənmişdi ki, rəbiq - ərəbcə dar ağacındakı edam ipidir, rəbiqə isə dar ağacından asılan deməkdir. Bir dəfə Vaqif Bayatlı məndən adımın mənasını soruşdu. Bu tarixçəni danışanda dedi ki, sən elə bizim mövzusan ki. Hər dəfə adım barədə soruşanda bunu xatırlayıram. Bir də məndə qəribə bir önyarğı var: təcrübə göstərir ki, ilk tələffüzdəcə adımı düz deyə bilməyən adamlarla münasibətlərim yaxşı alınmır.

Narıngül

Bu başdan deyim ki, adımı xoşlamıram. Ad seçmək imkanım olsaydı yəqin ki, bu adı seçməzdim. Amma bir özəlliyi var ki, o qədər də geniş yayılmayıb. Yəni addımbaşı rastlaşdığımız Sevinc, Günel, Günay kimi adların nisbətində yaxşı addır. Ən azından ədəbi mühitdə az rast gəlinir və məmnuniyyətlə adımdan təxəllüssüz istifadə edə bilirəm.

Adımın mənası zərif çiçəkdir. Bu adı mənə Oğuzda bir qonşumuz qoyub. İndi həmin qadın rəhmətə gedib. Uşaq vaxtlarımda ailəmizə çox yaxın olan bu qadından elə adımın səbəbinə heç xoşum gəlməzdi. Amma indi başqa cürdür, Allahdan rəhmət diləyirəm.

Bir də ki, deyirlər ki, hər kəs öz adına oxşayır...

Həyat Şəmi

Adımı anam qoyub. Atam anama "səadətim" deyəndə anam da mən doğulanda Həyat qoyub adımı. Yəni sən də mənim həyatımsan.

# 932 dəfə oxunub

Oxşar xəbərlər

Avtobusdakı dayının ağ corabları - Ulucay Akif

Avtobusdakı dayının ağ corabları - Ulucay Akif

14:36 24 aprel 2024
"Bu, əsl yazıçılara xas spesifik ustalıqdır" - Hekayə müzakirəsi

"Bu, əsl yazıçılara xas spesifik ustalıqdır" - Hekayə müzakirəsi

12:00 24 aprel 2024
Necə yazmaq lazımdır?

Necə yazmaq lazımdır?

12:00 22 aprel 2024
Şəms Təbrizini kim öldürdü? - Bir qeybin anatomiyası

Şəms Təbrizini kim öldürdü? - Bir qeybin anatomiyası

12:00 19 aprel 2024
Adamın buna kitab deməyə dili gəlmir...

Adamın buna kitab deməyə dili gəlmir...

12:30 15 aprel 2024
Onlar üçün müqəddəs heç nə yoxdur...

Onlar üçün müqəddəs heç nə yoxdur...

17:00 10 aprel 2024
# # #