Şərif Ağayarın arzularından sonrakı şəhəri

Gənc yazarları izləyirəm, təbii ki, istedadlıları. Özü də sevinirəm ki, çox istedadlı, təkcə istedadlı yox, həm də savadlı, geniş dünyagörüşünə malik güclü bir nəsil yetişməkdədir. Və əslində artıq yetişiblər də, ədəbiyyatda az-çox yerlərini tapıblar da, tutublar da.

 

Srağagün dostum Şərif Ağayar mənə yeni çıxmış kitabını göndərdi: «Arzulardan sonrakı şəhər». Şərif nə yazıbsa, demək olar ki, hamısını oxumuşam, həm bədii yaradıcılığı ilə yaxşı tanışam, həm də bir jurnalist kimi fəaliyyəti ilə. Bəzən onun köşə yazıları da kiçik hekayədi, ya bir essedi. Köşə yazılarında qəbul etmədiyim fikirlər də təbii ki, var. Yəni razılaşmadığım məqamlar var. Müəyyən fikirlərini haqsız sayıram, amma bu da Şərifin haqqıdır. Heç kimə demək olmaz ki, sən də mənim kimi fikirləşməlisən.

 

Mən tənqidçi deyiləm, çox istərdim ki, Şərifin bu yeni romanı haqqında ədəbi tənqidçilərimiz öz fikirlərini söyləsinlər. Vaqif Yusiflidən, Tehran Əlişanoğludan, Nizaməddin Şəmsizadədən, Cavanşir Yusiflidən, Əsəd Cahangirdən bir dost kimi xahiş edərdim ki, bu roman haqqında öz fikirlərini bildirsinlər və mən məmnuniyyətlə onların məqalələrini qəzetimizdə dərc edərəm, qonorarı da yerində. Müsbət və ya mənfi, dəxli yoxdu, çünki bu tənqidçilərin həm ədəbi zövqlərinə inanıram, həm də obyektivliklərinə.

 

Romanı bir nəfəsə oxudum. Yəni əlimdə nə qədər işim olsa da atdım bir kənara. Yəni mənim istəyimlə işlərim kənara atılmadı ey, roman o işləri kənara atdırdı. Roman o qədər axıcıdır ki, sabaha saxlamaq olmur.

 

Romanda iki süjet xətti var: biri firon dövrü ilə bağlıdır, biri də bu günümüz, yaşadığımız ağrı-acılar, müharibənin gətirdiyi faciələr. Və hər ikisi çox ustalıqla qələmə alınıb. Oxucu özünü hadisələrin içində hiss edir. Həm «Yaşıl vadi»yə gedib düşürsən, həmin dövrün ağrı-acısını yaşayırsan, İterü çayında sən də çimmək istəyirsən,sən də o çayla birlikdə uçmaq istəyirsən və istəyirsən o çay səni də çata bilməyəcəyin arzularına çatdırsın, ailənə, övladına qovuşdursun.

 

Image result for Arzulardan sonrakı şəhər

 

Və bu günlər, daha dəqiq desək, 90-cı illər. Müharibə, ölüm-itim, doğma yurdların həsrəti… Romanda Araz çayı yoxdu. Hərçənd ki, Qubadlı, Zəngilan camaatı bu çayı keçərək xilas ola bilmişdi erməni qətliamından, erməni soyqırımından. Araz elə Şərif Ağayarın təsvir etdiyi İterü çayıdı. O çay boyunca qaçır-qaçır və o çay gəlib tökülür dənizə və gəlib çıxır şəhər.

 

Şərif bu əsərində arzularından sonrakı şəhəri axtarır. O şəhərin arzusu ilə yaşayır. Şərif deyəndə əsərin qəhrəmanını nəzərdə tuturam. Və mənim fikrimcə, hər bir əsərin qəhrəmanı elə yazıçının özüdü. Şərif gedib o şəhərə çıxa bilmir, çünki o şəhər Şərifin doğulduğu şəhərdi. Yaşıl vadinin kənarındakı şəhərdi. Bütün nəslinin doğulduğu və torpağa tapşırıldığı şəhərdi. Şərifin Məkkəsi o şəhərdi. Məkkəyə getmək o qədər də çətin deyil, pulunu yığ və çıx get: istəyirsən təyyarəylə, istəyirsən avtobusla. Amma…

 

Amma Şərifin Yaşıl vadisinə getmək düz 24 ildi Şərifə də yasaqdı, elə hamımıza yasaqdı. Düşmən tapdağı altındadı, işğal altındadı. Şərifin arzuladığı arzulardan sonrakı şəhəri hamımız görmək eşqi ilə yaşayırıq. İnşallah, görərik də.

 

Romandakı hər bir obraz canlıdı. Hər bir obrazda Şərifin doğulduğu Yaşıl vadinin insanlarındakı kolorit var. Duzu da öz yerində. Şərifin köşə yazılarındakı duz burda da hiss olunur. Hiss olunur yox ey, daha dadlıdı.

 

Bəli, romanda iki süjet xətti var: firon dövrü və 90-cı illər, eləcə də bu günümüz. Mən fikirləşirdim ki, bunları necə birləşdirə biləcək, çox ustalıqla da birləşdirə bilib.

 

Mən dedim ki, tənqidçi deyiləm. Yəni romanı geniş təhlil etmək fikrindən uzağam. Sadəcə olaraq roman çox xoşuma gəldi, müəyyən fikirlərimi söylədim və oxucularımdan da xahiş edirəm ki, romanı tapıb oxusunlar. Roman «Qanun» nəşriyyatında çap olunub.

 

Tənqidi fikirlərim də var, amma inşallah, belə gözəl roman yazdığına görə fikirlərimi Şəriflə və onun özü kimi istedadlı dostlarıyla bir süfrə arxasında bölüşərəm.

 

Uğurlar Şərif Ağayar! Yeni əsərlərini gözləyirik! /adalet.az/

 

LENT

22 İyul 2018
21 İyul 2018
20 İyul 2018
19 İyul 2018
18 İyul 2018